Modern.az

Heykəl... Baş əymək... əl öpmək...

Heykəl... Baş  əymək... əl öpmək...

Ölkə

20 May 2013, 23:32

Mən Bakı şəhərində doğulmuşam. 10 yaşında isə atam, anam və mən Leninqrada gəzməyə getmişdik. Heykəllər şəhəridir desəm, yanılmaram. Heykəllərin də hamısı inqilab ruhludur. Çünki yarandığı gündən Rusiya imperiyasının paytaxtı olub.  Müharibələr, işğallar burdan idarə olunub. İkibaşlı qartal gerb də burdan dünyaya boylanıb. Ona görə də heykəlləri imperatorlardan, Leninlərdən ibarətdir. İnqilabçılar da bu şəhərdən çıxıb. Hətta indi də Rusiya elitasında təmsil olunanlar bu şəhərin təmsilçiləridir.

Bakıya qayıtdıq. Şəhəri gəzəndə uşaq gözüm heykəllərdəydi. Sanki müqayisə edirdim. Azadlıq meydanında əli fatehlərin qından çıxan qılıncı kimi yuxarı qalxmış Lenin. Hər bayramda, nümayişdə bu qılıncın altından keçərək “Ura! Ura!” qışqırırdıq. Bir az yuxarıda usə Sergey Mironoviç Kirov əlini yuxarı qaldıraraq sanki xəbərdarlıq edirdi: “Ölməmişəm a... istənilən vaxt  gəlib Sizə divan tutaram”. Bir az şəhərin içərilərinə doğru addımlayanda 26  Bakı Komissarlarının məzar abidəsi. O da qəribə heykəltaraşlıq həllini tapmışdı: iki əlini irəli uzatmış inqilabçı və əlin içində əbədi məşəl. Gecə-gündüz yanan qazımız. Bir az o yanda isə Şaumyan rayonu, Şaumyanın abidəsi, Şaumyan xəstəxanası, Şaumyan küçəsi. Əzizbəyov, Fialetovun heykəlləri. 20 Yanvar dairəsində 11-ci Qızıl Ordunun heykəli.

Zaman keçdi. 20 Yanvar hadisələri oldu. Bu heykəllər hamısı götürüldü. Kirovu Əbədi Məşəl kompleksi, Kirov parkını Şəhidlər xiyabanı, Şaumyan rayonunu Xocalı abidəsi, Lenini Azadlıq bayrağı, 11-ci Qızıl Ordunu 20 Yanvar faciəsinin qurbanlarına ucaldılmış abidələr  əvəz etdi. Bir faciənin simvollarını digər faciələrin simvolları əvəzlədi. Təqsirkarlar axtardıq. Səbəbkarlar Şaumyan, Lenin, Kirov, Mikoyanlara Qorbaçovları, Yazovları, Vəzirovları, erməniləri də əlavə etdik. İlin 12 ayı qaboy çalıb, ağı oxuduq. Amma bu faciələrin birçə səbəbkarı vardı. Nə 19-cu əsrin axırı, 20-ci əsrin əvvəllərində, nə Sovet vaxtı, nə də müstəqillik dövründə ona nə heykəl ucaltdıq, nə əlin öpdük, nə də baş əydik.  Əksinə...

Balaca idim. Bir yana gedəndə neft mədənlərinin arasından keçirdik. Neft şıxaran “kaçalka”lar öz çarxı ətrafında dövr etdikcə sanki baş əyirdi, başını qaldırıb bir də təzim edirdi. Anam da uşaqlığımdan istifadə edərək “görmürsən sənə salam verir? Sən də salam ver”. Mən də uşaq ağlımla, başımı endirib qaldırırdım. “Salam, salam” deyirdim. Bu buruqlar yorulmurdu, usanmırdı. Gecə-gündüz təzim, təzim edirdilər. Sanki müdirinin ayağının altını qazaraq onu vəzifədən endirməyə tamarzı yaltaqlar kimi. Onun faciələrinə yol açan təxribatçı kimi. Neftə, neftçiyə bir dənə də heykəl yoxdur. Ucaltmayıblar, ucaltmayacaqlar da. Baxmayaraq ki, biz bu neftin çörəyini yeyirik. Neftin iyinə bura gələn inqilabçılara, onların törətdikləri faciələrin şərəfinə heykəllər ucaldırıq, amma neft və  neftçi yaddan çıxır. Neftin çörəyini  yeyirik də, qusuruq da. Hamı bura neftin iyinə gəlir. Təzim etməyə. Görəndə ki, biz ona barmaqarası baxırıq. Təzim etmirik, heykəl ucaltmırıq, baş əymirik, əlindən öpmürük... acıqlarına gəlir. Diz çökdürürlər. Neftdən qazandığımızı - varımızı, dövlətimizi  əlimizdən alırlar.  Lazım olsa, qanımıza da boyayırlar.

Neft buruqları isə bizə təzim eləməkdə davam edir. Artıq bir çoxu işləmir də. Bəzilərini söküblər. Yerində baobab, kaktus, 300 illik çürük zeytunlar, palmalar da əkiblər. Gözümüzün önündən dənizə uzaqlaşdırıblar. Amma dəxli yoxdur. Bakının əsas yerlərinə gedən bütün yollar Neftçilər prospektində və Dövlət Neft Şirkətində kəsişir. Bakıdan bölgələrə, qonşu dövlətlərə  uzanan yollar da mənbəyini burdan götürür. 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı