Modern.az

Azərbaycanda 10 min ədəd pirat CD, DVD, audio və videokaset aşkar edilib

Azərbaycanda 10 min ədəd pirat CD, DVD, audio və videokaset aşkar edilib

Təhsil

6 Yanvar 2011, 18:46

Ötən ildə Müəllif Hüquqları Agentliyində folklor üzrə rəqəmli elektron kitabxananın yaradılması və zənginləşdirilməsi işi davam etdirilib. Burada yalnız 300-dən çox musiqili folklor nümunəsi və memarlıq əsərlərinə dair 600-dən çox nümunə toplanıb və hal-hazırda bu iş davam etdirilir. Modern.az xəbər verir ki, bu məlumatı Müəllif Hüquqları Agentliyi ötən ilin yekunlarına dair hesabatında açıqlayıb.
Agentlikdə kompyuter proqramları da daxil olmaqla 8 minə yaxın ədəbi, bədii, elmi və s. növ əsər qeydiyyatdan keçirilib. Yalnız 2010-cu ildə qeydiyyatdan keçirilmiş əsərlərin və əlaqəli hüquqların obyektlərinin sayı 600-dən çox olub. Qeydiyyatdan keçirilmiş əsərlər, müəlliflər və hüquq sahibləri haqqında “Əsər” və “Müəllif” informasiya-axtarış sistemlərindən ibarət “Qeydiyyat” elektron məlumat bazası yaradılıb və bu sistem “online” tətbiqinə əsaslanan işlər üzrə həyata keçirilir.
Milli Elmlər Akademiyası, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu və ali məktəblərin tədqiqatçı alimləri ilə əlaqələr genişləndirilmişdir. Bunun nəticəsində yalnız ötən il Elmin İnkişafı Fondu tərəfindən 200-dən çox layihə qeydiyyatdan keçirilib. Müəllif qonorarının yığımı və bölüşdürülməsi işi müəlliflərin və əlaqəli hüquqların sahiblərinin əmlak hüquqlarını kollektiv əsada idarə edən təşkilatlar tərəfindən həyata keçirilir. Bununla belə hesabat dövründə yalnız Agentliyin hesabına 96526 manat müəllif qonorarı köçürülüb.

Müəllif Hüquqları Agentliyinin müvafiq dövlət orqanları ilə birgə apardığı işlər nəticəsində ölkəmizdə piratçılığın səviyyəsi 2005-ci illə müqayisədə kitab nəşri sahəsində 61%-dən 40%-ə, audio-video məhsul bazarında 90%-dən 70%-ə, proqram təminatında 96%-dən 88%-ə düşüb.
Monitorinqlər zamanı səlahiyyətli orqanlar tərəfindən 10 (on) min nüsxəyə yaxın pirat CD, DVD, audio və videokaset aşkar edilərək qanunvericiliklə müəyyən edilmiş qaydada satış şəbəkələrindən çıxarılıb.
Nazirlər Kabinetinin nəzdində “Piratçılığa qarşı mübarizə, müəlliflik hüququ və digər əqli mülkiyyət hüquqlarının qorunması üzrə Komissiya”nın yaradılması barədə Agentliyin təklifləri Hökumət tərəfindən bəyənilib. Komissiya piratçılıqla mübarizə üzrə digər mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, bələdiyyələrin və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün hüquqi şəxslərin fəaliyyətini əlaqələndirəcək.
Məhkəmə və hüquq-mühafizə orqanlarının müraciətləri əsasında pirat məhsullar, o cümlədən qeyri-qanuni proqram təminatı barədə Agentlik tərəfindən müəllif-hüquq qanunvericiliyi baxımından 2010-cu ildə 12 ekspert rəyi hazırlanıb. Agentliyin nümayəndələri 6 məhkəmə işi üzrə üçüncü şəxs və ya ekspert qismində məhkəmə proseslərində iştirak ediblər. Müəlliflərə, hüquq sahiblərinə, ictimai birliklərə və müəllif-hüquq məsələləri ilə maraqlanan vəkillərə kömək məqsədilə Agentlikdə ictimai əsaslarla “Hüquq məsləhətxanası” yaradılıb. Agentliyin “Qaynar xətt”inə ötən il 700-dən çox müraciət daxil olub. Bu müraciətlərin hər biri üzrə müvafiq tədbirlər görülüb.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü