Modern.az

“Toy olsun”u “Onun yarısı”nın aqibəti gözləyir..?

“Toy olsun”u “Onun yarısı”nın aqibəti gözləyir..?

7 Yanvar 2011, 12:39

Aparıcı Elgiz “hələlik belə problem yoxdur” deyir...

ATV telekanalında yayımlanan “Onun yarısı” verlişinin qəfildən bağlanması cəmiyyətdə birmənalı qarşılanmadı. Qadın-kişi tanışlığına, onların evlənmələrinə vasitəçilik edən bu verilişi milli mentalitetimizə zidd hesab edənlərlə yanaşı, onu bəyənən tamaşaçı auditoriyası da var.
Qeyd edək ki, son günlərədək efir məkanında iki belə veriliş vardı ki, orada elçilik edilir, qız istənilir, toy edilirdi. ANS-in “Toy olsun”, ATV-də “Onun yarısı”...
ATV artıq öz verilişini bağlayıb. Bunun müvəqqəti olduğu da deyilir, birdəfəlik qapadıldığı da...

Bunun ardınca ANS-in eyni amplualı “Toy olsun” verilişinin də bağlanacağı barədə məlumatlar dolaşır.

Bu verilişin aparıcısı Elgiz Əkbər isə Modern.az-a bildirib ki, hələlik onlarda belə problem yoxdur: “Amma nə vaxtsa bizim veriliş də bağlanacaq, yoxsa  yox, bunu mən deyə bilmərəm. Bunu zaman göstərəcək”.

Tanınmış aparıcı qeyd edib ki, “əgər tamaşaçılar ekran qarşısında oturub evlilik verlişlərinə maraqla baxırlarsa, dəyərli vaxtlarını buna sərf edirlərsə, belə verilişlər niyə də bağlanmalıdır..?”.
“Biz çalışırıq evdə qalan qızlara, yaşı ötmüş insanlara evlənməkdə yardım edək. Onların maddi və mənəvi probemlərini imkanımız daxilində həll edək  Mən hesab edirəm ki, bu həm də humanitar bir verilişdir”-deyə E.Əkbər bildirib.

Aparıcı “Onun yarısı” verlişinin bağlanmasına münasibət bildirərkən bunları deyib: “Bu haqda heç nə deyə bilmərəm. Bu, onların öz işləridir. Biz isə yolumuzu davam etdiririk. Şükürlər olsun ki, sponsorlarımızla da problemimiz yoxdur”.

Qeyd edək ki, Elgiz Əkbər bir müddət öncə Modern.az-a müsahibəsində demişdi ki, Azərbaycan teleməkanında bu tip verilişin ideyası onlara məxsusdur və eyni ssenarini ATV-dəki həmkarları onlardan oğurlayıblar.
“Məsələn, bir çox elementləri – qız toyu, bəy hamamı, xınayaxdı – bunların hamısını biz fikirləşmişik, bizim ideyamız olub. Başqa telekanallar isə bunu bizdən olduğu kimi götürüb özlərində tətbiq ediblər. Hər halda bu düzgün deyil ki, kiminsə ideyasını, fikirlərini oğurlayasan. Hər hansı proyekti fikirləşəndə, gərək öz fikir və ideyalarını ora əlavə edəsən, öz beyninin məhsulu olsun”-deyə aparıcı saytımıza müsahibəsində qeyd etmişdi...

Anar

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü