Modern.az

Rauf Arifoğlu: “Xədicə İsmayılı biz yox, dostları istintaqa satıb” - QALMAQAL

Rauf Arifoğlu: “Xədicə İsmayılı biz yox, dostları istintaqa satıb” - QALMAQAL

Media

4 İyul 2016, 16:56

Araşdırmaçı jurnalist Xədicə İsmayıl Əvəz Zeynallının “Qaynar Qazan” rubrikasına müsahibəsində “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğluna və qəzetə bəzi qarşı ittihamlar irəli sürüb.

 

“Əvvəllər Rauf Arifoğlu həmkarımız olub deyə, ondan umacaqlarımız çox idi. İndi həmkar saymıram və mən yalan danışan adamla özümü həmkar hesab edə bilmərəm. Onun qəzeti olduqca ciddi yalanlar yazdı. Mənim haqqımda da olub o yalanlar. Siyasi proseslər haqqında da yalanları olub. Bu proses həmin qəzetdə 2009-cu ildə başlamışdı.

 

“Yeni Müsavat” qəzetini oxuyurdum və oxuduqlarımdan çaşırdım. Nə bilim, “Azadlıq” radiosu haqqında belə qəribə-qəribə şeylər yazırdılar. Mənim özüm haqqında qəribə şeylər yazırdılar.

 

Sonralar, artıq mən o qəzeti oxumadığım vaxtlarda ora hansısa şəkildə sızan istintaq materiallarını dərc etmişdilər.

 

Orada gördüyüm və azadlığa çıxandan sonra da yoxladığım “Yeni Müsavat” qəzetində “istintaq materialları” adı altında çap olunan materiallar əslində, mənim gördüyüm istintaq materialları deyildi.

 

 

Və mən bilmirəm onların dərc etdikləri “istintaq materialları” ora necə yol almışdı, çünki mənim vəkillərimə belə o materiallar verilməmişdi.

 

Mənim vəkillərimə “istintaq materialları”nın surətləri verilmədi. Mənim özümə də verilmədi. Bu məsələ ilə bağlı çox etirazımızı bildirdik. Yəni “istintaq materialları”nın “kopyaları” bizə verilməmişdi.

 

Amma “Yeni Müsavat” qəzeti də “istintaq materialları” adı altında nəyisə çap elədi və oradakı ifadələr mənim cinayət işində oxuduğum ifadələrdən fərqlidir”-deyə Xədicə İsmayıl bildirib.

 

 

“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu Modern.az saytına açıqlamasında Xədicə İsmayılın səsləndirdiyi ittihamlara cavab verib.

 

Baş redaktor deyib ki, Xədicə İsmayılın onu unutmamasına çox sevinir.

 

Rauf Arifoğlu deyib ki, Əvəz Zeynallı müsahibənin tirajını onun üstündə qurmaq istəyib və buna görə hər ikinsinə təşəkkür edir:

 

Mən çox sevinirəm ki, Xədicə xanım məni unutmayıb. Çünki həbsə getməzdən öncə də onun gündəminin əsas mövzularından biri Rauf Arifoğlu idi. İndi həbsdən çıxıb, şükürlər olsun.

Yenə də onun gündəmindəki məsələ mənəm.

 

Müsahibəyə də fikir verdim. Əvəz bəy də müsahibəsinin tirajını mənim adımın üzərində qurmağa çalışıb.

 

“Ardı var”ı “Yeni Müsavatla” Rauf Arufoğlunun mövzusu ilə növbəti dəfəyə keçirib.

Ona görə də hər ikisinə təşəkkür edirəm.

 

İlin-günün bu vaxtında, dünya və Azərbaycanın xəbər məkanında gündəmin bu qədər sıx olduğu bir məqamda adımın bu dərəcədə zikr edilməsi mən tərəfdən onlara münasibətdə xüsusi təşəkkürə layiq görülür”.

Baş redaktor deyib ki, Xədicə İsmayılın şəxsi həyatına aid materiallar yazılarda ixtisar olunub və verilməyib:

 

“Xədicə xanımın dediklərinə əslində baş qoşmaya da bilərik. Çünki bu ilk deyil. Dəfələrlə haqqımızda bu cür iddialar irəli sürüb. Bu iddiaların hamısı yalandır. Müsahibənin videosuna baxdım və qulaq asdım. 

 

Xədicə xanımın yazıdakı sözləri videoda mənim haqqımda dedikləri ilə bir başqa səslənir.

Xədicə xanın deyir ki, biz onun istintaq işi ilə bağlı yalanlar yazmışıq. Düzdür, biz onun şəxsi həyatına aid olan məqamları yazılarda verməmişik və ixtisar etmişik”.

 

Rauf Arifoğlu Xədicə İsmayılın öz yaxın çevrəsi və dostlar tərəfindən istintaqa satıldığını bildirib:

 

“Bizim Xədicə xanım haqqında yazdıqlarımızın hamısı istintaq materialları əsasında yazılıb.

Bizim Xədicə xanım haqqında yazılarımız onun özünün ən yaxın dostlarının və çevrəsindəki birinci dərəcəli şəxslərin, onu istintaqa satanların ifadələri əsasında yazılıb.

 

Bunu onun özü də bilir ki, ən yaxın çevrəsi, dostları onu istintaqa satıb.

Onun evində yemək yeyib, onunla şəxsi münasibəti olan insanların, onu satan adamların istintaq ifadələri əsasında Xədicə xanım haqqında məlumatlar yazmışıq”.

 

Baş redaktor əlavə edib ki, Xədicə İsmayıl haqqında olan istintaq materialları vəkillər vasitəsilə onlara çatıb:

 

“Bu istintaq materialları bizə ölkənin ən tanınmış vəkilləri vasitəsilə daxil olub. Biz o zaman yazıları verərkən istintaq materiallarını “screenshot” edib qəzetdə çap etmişdik.

 

Yəni Xədicə xanımın dediyi kimi, bizdə onun haqqında gedən yazılar yalan və uydurma yox,  istintaq materialları əsasında yazılıb.

 

Buna görə əslində biz qürur duymalıyıq. Çünki dünyanın istənilən ölkəsində media qurumları istintaq materialları əsasında çox ciddi məlumatlar və yazılar çap edirlər.

 

Biz də bu funksiyanı icra etmişik. Ona görə də , Xədicə xanımın fikirlərinə çox da fikir vermək lazım deyil. Çünki əsas olan odur ki, o hələ də məni unutmayıb.

 

Həbsdən əvvəl də haqqımda çox danışırdı. İndi də danışıb, çox sağ olsun”.

 

 

 

Ağa AKİFOĞLU

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü