Modern.az

Baş Prokurorluq Bəxtiyar Hacıyev barəsində məlumat yayıb

Baş Prokurorluq Bəxtiyar Hacıyev barəsində məlumat yayıb

Təhsil

27 Yanvar 2011, 19:43

Baş Prokurorluğun mətbuat xidməti  keçmiş deputatlığa namizəd Bəxtiyar Hacıyev barədə məlumat yayıb.
Modern.az-ın məlumatına görə, qurumun açıqlamasında bildirilib ki, Azərbaycan  Konstitusiyası vətəni müdafiə etməyi, qanunla müəyyən olunmuş qaydada hərbi xidmət keçməyi hər bir vətəndaşın borcu və əsas vəzifələrindən biri kimi təsbit edib. Lakin bəzi hallarda vətəndaşlar tərəfindən həmin konstitusion vəzifələrin yerinə yetirilməsindən qəsdən imtina olunması hallarına yol verilir.

“Belə ki, 1982-ci ildə anadan olmuş, Gəncə şəhər sakini Hacıyev Bəxtiyar İlyas oğlu 02 yanvar 2004-cü il tarixdə Gəncə şəhəri Nizami rayon hərbi komissarlığında həkim komissiyasından keçərək hərbi xidmətə yararlı hesab edilmişdir.
Həqiqi hərbi xidmətə çağırışla bağlı Bəxtiyar Hacıyevə ilk dəfə Ağdaş özəl türk litseyində təhsil alması, 2000-2004-cü illərdə Bakı Dövlət Universitetində,  2004-2006-cı illərdə isə Xəzər Universitetində təhsilini davam etdirməsi ilə əlaqədar hərbi komissarlıq tərəfindən möhlət hüququ verilmişdir.
O, 30 iyun 2006-cı il tarixdə möhlət hüququnun bitməsinə baxmayaraq həmin tarixdən qeydiyyatda olduğu Gəncə şəhəri Nizami rayon hərbi komissarlığına gəlməmişdir.
Bəxtiyar Hacıyev 10 iyul 2010-cu il tarixdə Gəncə şəhəri Nizami rayon hərbi komissarlığında təkrar olaraq tibbi komissiyadan keçərək hərbi xidmətə yararlı hesab edilmiş və onun adı 08 sentyabr 2010-cu il tarixdə 2010-cu ilin oktyabr çağırışına çağırılmalı olan çağırışçıların siyahısına əlavə olunaraq həqiqi hərbi xidmət keçmək  üçün müvafiq hərbi hissəyə təyin edilmişdir. Lakin o, çağırışın aparıldığı vaxtda komissarlığa gəlməmişdir”-deyə Baş Prokurorluğun açıqlamasında qeyd olunub..

Bildirilib ki, Bəxtiyar Hacıyev Azərbaycan-Gürcüstan sərhədində saxlanılaraq 19 noyabr 2010-cu il tarixdə Nizami rayon hərbi komissarlığına gətirilib və həqiqi hərbi xidmətə çağırılması ilə əlaqədar həkim komissiyasından keçməsi təklif olunub. Lakin o, həkim komissiyasından keçməkdən, çağırış vərəqəsinə və iltizama imza atmaqdan imtina edib.

“27 dekabr 2010-cu il tarixdə Gəncə şəhəri Nizami rayon hərbi komissarlığı tərəfindən Bəxtiyar Hacıyevin hərbi xidmətdən boyun qaçırması ilə əlaqədar toplanmış materiallar  Gəncə şəhər prokurorluğuna göndərilmişdir.
Araşdırmalarla əlaqədar Bəxtiyar Hacıyev 28, 30 dekabr 2010-cu il, 01 yanvar 2011-ci il tarixlərdə məktublar yazılmaqla poçt, 06 yanvar 2011-ci ildə isə telefon vasitəsilə çağırılmasına baxmayaraq prokurorluğa gəlməkdən imtina etmişdir”.

Baş Prokurorluq bəyan edib ki, 24 yanvar 2011-ci il tarixdə Bəxtiyar Hacıyev Azərbaycan-Gürcüstan sərhədində saxlanılaraq Gəncə şəhəri Nizami rayon hərbi komissarlığına gətirilib, lakin hərbi xidmətə getməkdən yenidən imtina edib.
“Həmin tarixdə hərbi xidmət keçməkdən boyun qaçırdığına görə Bəxtiyar Hacıyevin barəsində Gəncə şəhər prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 321.1-ci (hərbi xidmət keçməkdən boyun qaçırma)  maddəsi ilə cinayət işi başlanılıb istintaq aparılır”.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü