Modern.az

“Azərbaycan mediasında “gülənçilər”lə bağlı araşdırmalar aparılmalıdır”

“Azərbaycan mediasında “gülənçilər”lə bağlı araşdırmalar aparılmalıdır”

Media

25 Avqust 2016, 14:08

“Azərbaycan dövləti radikal dini cərəyanlara - istər vəhhabiliyə, istər radikal şiəliyə, istərsə də Fətullahçı Terror Təşkilatına (FETÖ) qarşı ciddi mübarizə aparır. Artıq onlara ciddi zərbələr vurulub”.

 

APA-nın xəbərinə görə, bunu Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin əməkdaşı Bəhruz Həsənov Mətbuat Şurasında “Azərbaycan mediası dini radikalizmə qarşı” mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib. O bildirib ki, FETÖ-nün Azərbaycandakı ruporu olan “Zaman” qəzeti və Fətullah Güləndən müsahibə alan telekanal haqda müvafiq tədbir görülüb: “Bu xətt davam edəcək. Azərbaycan dövlətində heç bir dini radikal cərəyana yer yoxdur”.

 

B. Həsənov qeyd edib ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra dünyaya inteqrasiya yolunu tutub: “Azərbaycan dövləti radikal dini cərəyanların qarşısını alacaq. Bu sahədə medianın üzərinə böyük yük düşür. Media informasiya ötürücüsü olmamalı, analitik yazılarla çıxış etməlidir. Azərbaycan mediası yarandığı gündən əhalini maarifləndirmək yolunu tutub, dini qaragüruha qarşı mübarizə aparıb. Hər bir məsələdə dövlət və medianın mövqeyi üst-üstə düşməyə bilər. Amma ümummilli məsələlərdə ortaq mövqe nümayiş olunmalıdır. Günümüz üçün aktual olan məsələ FETÖ-dür. Azərbaycan dövləti istənilən dini, etnik terror təşkilatına qarşı mübarizə aparır. Konstitusiyamızda açıq göstərilib ki, din dövlətdən ayrıdır. Bunlara qarşı hüquq-mühafizə orqanları tərəfindən tədbirlər görülür. Hələ 2009-cu ildə “Dialoq Avrasiya”nın tədbiri zamanı Prezident Administrasiyasının İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov onlara ciddi irad tutaraq bildirmişdi ki, dialoqu bir şəxsə bağlamaq yanlışdır, Azərbaycan dövlətinin tərəf-müqabili Türkiyə dövlətidir, hər hansı bir dini sekta deyil. O qeyd etmişdi ki, tədbirdə iki dahi şəxsiyyətin -  Heydər Əliyev və Mustafa Kamal Atatürkün portretləri asılmalıdır, hər hansı biri dini liderin yox. Əli müəllim o vaxt dövlətin tam rəsmi mövqeyini ortaya qoymuşdu. Terror təşkilatı ilə əlaqəsi olanlar, günahları sübut olunarsa, qanun qarşısında cavab verəcəklər”.  


Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov tədbirdə çıxışı zamanı deyib ki, Azərbaycan mediasında “Hizmət hərəkatı” və “gülənçilər”lə bağlı araşdırmalar aparılmalıdır.

“Yerdə qalan məsələlər hüquq-mühafizə orqanlarının işidir. MTN hadisələrində olduğu kimi bəzi mətbuat orqanlarında kimin kimdən xoşu gəlmirsə, onu gülənçi, nurçu kimi damğalayır. Bu, narahatedici haldır”.

 

O qeyd edib ki, Türkiyə ilə Azərbaycan arasında çoxtərəfli münasibətlər mövcuddur: “Əgər Türkiyədə dövlət çevrilişi baş tutsaydı, Azərbaycanda nələr baş verə bilərdi? Bu bizi çox düşündürür. Hələ “Əkinçi” qəzeti öz dəyərlərini müəyyənləşdirərkən, dünyəviliyə böyük önəm verdi. Azərbaycan mediası mahiyyətcə millidir. Azərbaycanda mediasında dini ayrı- seçkiliklə bağlı yazılara çox nadir hallarda rast gəlinir. Azərbaycan jurnalistləri bu gün öz sələflərinin yolu ilə gedirlər. Lakin buna baxmayaraq, çox təəssüf ki, bəzi hallarda dini məsələlərlə bağlı ayrı-seçkiliklərə yol verilir. Buna yol vermək olmaz”.


Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü