Modern.az

Cahangir Hacıyevin müavini onun üzünə durdu - Məhkəmədən REPORTAJ

Cahangir Hacıyevin müavini onun üzünə durdu - Məhkəmədən REPORTAJ

2 Sentyabr 2016, 14:51

Bu gün "Beynəlxalq Bank işi”nə görə təqsirləndirilənlərin məhkəmə prosesi davam etdirilib. 

 

Modern.az saytı Musavat.com-a istinadən xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən məhkəmə prosesində şahid kimi Cahangir Hacıyevin sürücüsü, keçmiş müavini və digərləri ifadə verib.

 

Məhkəmədə ilk ifadə verən şahid Hüseynova Kəmilə olub.

 

O, təqsirləndirilənlərdən Bakı Fındıq Emalı Zavodunun direktoru olmuş Azad Cavadovu tanıdığını və həyat yoldaşının uşaqlıq dostu olduğunu bildirib. 

 

"2011-ci ildə yoldaşım dedi ki, get banka sənədlərə qol çək. Nəyə qol çəkdiyimi bilmirəm. Mən ifadə verməyə çağırılanda nəyə qol çəkdiyimi bildim" - deyə o, bildirib.

 

Prokuror bildirib ki, K.Hüseynovanın adına 757 min 500 manat kredit götürülüb. Heç bir məbləğ də ödənilməyib. Prokuror həmin kredit üzrə 666 min manat faiz gəldiyini açıqlayıb. 

 

K.Hüseynovanın yoldaşı İbrahim Hüseynov da şahid qismində ifadə verib. 

 

O, Ukraynada yaşadığını və Azərbaycana gələndə Azad Cavadovla görüşdüyünü deyib: "Bakıya məzuniyyətə gələndə Azad Cavadov sənədlərə qol çəkməyimi istədi. Kömək lazım idi. Mən də yoldaşımdan xahiş etdim".

 

Cahangir Hacıyevin sürücüsü, adına milyonlarla kredit götürülən Aydın Mehdiyev də ifadə verib.

 

O, deyib ki, 1997-ci ildən 2008-ci ilə qədər Cahangir Hacıyevin sürücüsü işləyib: “Mənə "Mərkəz" filialının rəhbəri Anar Sultanov zəng etdi ki, gəl sənədlərə qol çək. Mən də Cahangir müəllimdən soruşdum. Cahangir müəllim dedi ki, layihələrlə bağlıdır, imzala. Mən də onun dediyini etdim”. 

 

Prokurorun suallarını cavablandıran şahid deyib ki, istintaq vaxtı məlum olub ki, onun adına 11 milyon 928 min dollar kredit götürülüb.

 

Sürücü həmin pulların hara xərcləndiyini bilmədiyini söyləyib.

 

Prokuror qeyd edib ki, 2009-cu ilin yanvar ayından 2013-cü ilə kimi onun adına üç ədəd plastik kart götürülüb. Həmin kartlarda 18 milyon avro, 32 milyon dollar, 10 milyon manat pul olub.

 

Şahid həmin kartlardan xəbərinin olmadığını, indiyə kimi bir dəfə sənədlərə qol çəkdiyini deyib.

  

F.Mehdiyev bildirib ki, onun adına götürülən kreditlərin 80 fazi ödənilib.

 

C.Hacıyev çıxış edərək bildirib ki, kredilər sürücüsünə onun göstərişi ilə verilib və kreditlər layihələrə xərclənib. C.Hacıyev əlavə edib ki, bütün ödəmələr və kreditlərin sərf olunduğu yerlər Vergilər Nazirliyin açdığı cinayət işində var və həmin cinayət işinə xitam verilib. Sabiq bankir həmin qərarın məhkəməyə təqdim olunmasını istəyib.

 

Növbəti şahid isə hazırda “Beynəlxalq Bank”da idarə heyəti sədrinin müaşviri vəzifəsində çalışan Emil Mustafayev olub.

 

O, 1994-ci ildən bankda müxtəlif vəzifələrdə çalışıb. Cahangir Hacıyevin rəhbərliyi dönəmində isə onun müavini olub.

 

Müavin ittihamda yer alan 157 kredit və VİP kreditlərlə bağlı bildirib ki, həmin kreditlər C.Hacıyevin göstərişi ilə verilib. O, bildirib ki, kreditlərin verilməsi qanunsuz olub və bununla bağlı Cahangir Hacıyev işdən çıxarıldıqdan sonra Daxili İşlər Nazirliyinə rəsmi müraciət edib.

 

Vəkillərin suallarını cavablandıran E.Mustafayev niyə C.Hacıyev həbs ediləndən sonra DİN-ə müraciət etməsini belə izah edib: “Rəhbərlik belə göstəriş verirdi”. 

 

Vəkil: “Rəhbərliyin göstərişi önəmli idi, yoxsa qanun?”

 

E.Mustafayev: “Qanun önəmli idi. Ancaq rəhbərliyin göstərişinə əməl etmək məcburiyyətində idik. Bu cür göstərişlərə əməl etmədiyinə görə filial müdirlərindən biri Cəlil Daşdəmirov işdən çıxarılıb”.

 

E.Mustafayev onu da əlavə edib ki, VİP kreditlər C.Hacıyevin özünə, ailə üzvlərinə və yaxınlarına verilib: “Bu cür kreditlər əslində İdarə Heyətində təmsil olunan şəxslərə və ya yaxınlarına verilərkən bankın müşahidə şurasının yekdil qərarı ilə olmalı idi. Ancaq bu barədə həmin qərarlar olmayıb. Digər iri həcmli kreditlər də təminatla verilməli olsa da, Cahangir Hacıyevin göstərişi ilə təminatsız verilib. Həmin kreditlərin məqsədi barədə bizə məlumat verilməyib. Göstərişə əsasən yalnız rəsmiləşdirilib və filiallar üzrə göndərilib”. 

 

Prokuror deyib ki, ayrılan kreditlərin Dubay, Albaniya və digər ölkələrdə olan layihələrə xərclənməsi ilə bağlı ifadələr var. E.Rüstəmov cavabında deyib ki, həmin şirkətlərin Beynəxlaq Bankda girov təminatlı kreditləri olub. 

 

Prokuror: "Əgər həmin şirkətlərə kredit ayrılıbsa, niyə fiziki şəxslərin adına plastik kartlar açılaraq şirkətlərə həmin kartlardan köçürülüb?"

 

C.Hacıyev: "Həmin şirkətlərə 200 milyon dollarlıq vəsait ayrılmışdı. Kartlar vasitəsi ilə göndərilən pullar isə səhmlərin və lazımi avadanlıqların nəğd şəkildə alınmasına sərf edilib". 

 

Prokuror: "Bunu nə ilə sübut edə bilərsiniz?"

 

C.Hacıyev: "Vergilər Nazirliyinin apardığı yoxlamalarla..."

 

Prokuror: "Əgər həmin layihələr gəlirli idisə, niyə borclar bağlanmırdı?"

 

C.Hacıyev: "Həmin kreditlərin bir hissəsi bağlanırdı".

 

Prokuror: "Bağlanırdı. Amma başqa kreditlərin hesabına bağlanırdı".

 

C.Hacıyev: "Sizin hesabınıza bağlanmayacaqdı ki..."

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü