Modern.az

Referendumdan sonra bələdiyyələrin taleyi necə olacaq?

Referendumdan sonra bələdiyyələrin taleyi necə olacaq?

Parlament

5 Sentyabr 2016, 09:02

Sentyabrın 26-da  Konstitusiyaya dəyişiklik edilməsi üçün ümumxalq səsverməsi (referendum) keçiriləcək.

 

Referendumla bağlı  təşviqat kampaniyasına artıq  start verilib.

Referenduma “hə” deyilərsə, bələdiyyələrin işində də dəyişiklik olacağı gözlənilir.

 

Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Tahir Rzayev Modern.az-a açıqlamasında bələdiyyələrlə bağlı Konstitusiyaya ediləcək dəyişiklikdən danışıb.

 

O bildirib ki, Konstitusiyanın böyük bir bölməsi yerli idarəetmə orqanlarına həsr olunur.

 

“Konstitusiyanın 142 və 146-cı maddələri bilavasitə bələdiyyələrin fəaliyyətinin tənzimlənməsinə, onların işinin təkmilləşməsinə xidmət edən maddələrdir.

 

Bu, Azərbaycan Konstitusiyasında öz təsdiqini tapıb. Çox yaxşı haldır ki, yeni Konstitusiya dəyişikliklərində 146-cı maddəyə əlavə maddənin ayrılması nəzərdə tutulur ki, bu da bələdiyyələrin məsuliyyətinin artırılması ilə əlaqədardır. Sözsüz ki, bələdiyyələr yarandıqları son 16 ildə müəyyən inkişaf yolu keçiblər.

Fəaliyyətlərində də müəyyən nöqsanlar var. Lakin bu gün ölkədə istər xalqın, istərsə də dövlətin tələbi, təklifi budur ki, yerli özünüidarəetmə orqanları inkişaf eləsinlər. Bunun inkişaf etdirilməsi üçün kadrların, bələdiyyə üzvlərinin məsuliyyəti artırılmalıdır. Bunlar seçkili orqan olaraq xalqı təmsil edirlər. Əhəmiyyətli sosial məsələlərin həllinə çalışırlar. Ona görə də iqtisadiyyatın, sosial həyatın inkişafı ilə əlaqədar bələdiyyələr də öz sözlərini deməlidirlər. Bir çox bələdiyyələr müəyyən qaydada bunu həyata keçirə biliblər”.

 

Deputat bəzi bələdiyyələrin  işində irəliləyişin hiss olunmadığını nəzərə çatdıraraq deyib ki, qanuna ediləcək dəyişiklik irəliyə doğru addımdır.

 

“Keçən dövr var ki, bələdiyylərin işində müsbət irəliləyişlər hiss olunmamaqdadır. Bu da ondan irəli gəlir ki, müəyyən bələdiyyələr öz fəaliyyətlərinə lazımi qiymət vermirlər. Müəyyən bələdiyyə qulluqçuları, üzvləri əhali ilə sıx təmasda olmurlar. Onların təklifləri, arzuları, istəkləri ilə vaxtaşırı maraqlanmır. Ancaq müəyyən qaydada maliyyə məsələlərini yaxşılaşdırmaq üçün addımlar atırlar.

 

Ona görə referendum aktında nəzərdə tutulur ki, bələdiyyələrin məsuliyyəti artırılmalıdır. Bəzi adamlar deyir ki, dövlətin bələdiyyələrə diqqəti yoxdur. Fikir verin! Əgər Konstitusiyaya dəyişikliklərdə bələdiyyələrin inkişafı ilə əlaqədar yeni bir maddə salınıbsa, dəyişiklik olursa, deməli, dövlətin də, xalqın da buna diqqəti var. Bu,  həm də xalqın tələbidir. Bu, irəliyə doğru atılmış bir addımdır”.

 

Namidə BİNGÖL

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü