Modern.az

Xanım deputat: “Mənə yaxınlaşıb “siz müsəlmansınız?” soruşdular” - MÜSAHİBƏ

Xanım deputat: “Mənə yaxınlaşıb “siz müsəlmansınız?” soruşdular” - MÜSAHİBƏ

15 Sentyabr 2016, 09:43

Milli Məclisin deputatı Ülviyyə Ağayeva Londonda  keçirilən Ümumdünya Sülh Federasiyasının  konfransda sülh səfiri seçilib.

Bu münasibətlə xanım deputat Modern.az-ın suallarını cavablandırıb.

 

-Bu yaxınlarda, İngiltərədən qayıtmısınız. Səfərinizin məqsədi nədən ibarət idi?

 

-Qeyd edim ki, 7-9 sentyabr tarixlərində İngiltərənin paytaxtı Londonda Ümumdünya Sülh Federasiyasının keçirdiyi Beynəlxalq Liderlik Konfransına mən də dəvət olunmuşdum. Bu konfransda  Avropa, Avrasiya, Yaxın Şərq və Şimali Afrikada  regionlararası qlobal problemlərin dialoq çərçivəsində aradan qaldırılması yolları ilə bağlı maraqlı müzakirələr oldu.

 “Ailə, sülh və davamlı inkişaf" mövzusunda keçirilən seminarda mən də məruzə ilə çıxış etdim.

 

- Azərbaycan-İngiltərə parlamentlərarası işçi qrupunun üzvü kimi  Londondakı konfrans zamanı toxunduğunuz məsələlər nə ilə bağlı idi?

 

-Çıxışım zamanı dini və irqi zəmində yaranan münaqişələr, terrorizm, aclıq, səfalət kimi bəşəriyyətə, cəmiyyətin inkişafına əngəl törədən problemlərə toxundum. Çox təəssüf ki, dünyanın bir çox yerində törədilən terror hadisələri zamanı günahsız insanlar qurbana çevrilir. Terror  insanlığa qarşı yönəlmiş cinayətdir və bütün dünya bunu qınamalıdır. Bütün insanlar  bəşəri dəyərlər və bəşəriyyətin inkişafı naminə birgə əməkdaşlığa can atmalıdır. Mənfi vərdişlərin cəmiyyətimizdə ayaq açıb yeriməməsi üçün ailə dəyərləri, bəşəri dəyərlər qorunmalıdır. Ümumilikdə bəşəri dəyərlər ailədən, təhsildən başlayır. Eyni zamanda, təəssüf ki, valideynlər arasında baş verən konfliktlər uşaqların sağlam gələcəyinə kölgə salır. Cəmiyyətimizdə təkcə valideynlər arasında deyil, valideyn-övlad münasibətləri arasında da mövcud boşluqlar var ki, bunlar aradan qaldırılmalıdır.

 

- Bəs cəmiyyətdəki mövcud problemlərin həllini nədə görürsünüz?

 

- Təbliğatda. Ən güclü silah, mən düşünürəm ki, təbliğatdır. Hər şey ailədən başlayır. Ailə hər bir insanın düşdüyü ilk cəmiyyətdir. Tərbiyə də ailədən başlayır. Tərbiyə hansı şəkildə olacaq  - bu, artıq həmin ailənin hansı dəyərlər üzərində qurulmasından asılıdır. Əgər ailə sağlam sütun üzərində qurulubsa, ailədaxili münasibətlərdə harmoniya varsa, deməli bu mühitdə dünyaya göz açan, böyüyüb başa çatan insan sağlam cəmiyyətin potensial namizədidir.

Sağlam düşüncəli vətəndaşdır. Gələcək şəxsiyyətdir. Valideynlər arasında münasibətlərin pis olması, uşaqların döyülərək, təhqir olunaraq şəxsiyyətinin alçaldılması kimi faktorlar olan yerdə hansı sağlam düşüncəli vətəndaşdan danışa bilərik?!

Ona görə də düşünürəm ki, bu cür halların qarşısını almaq üçün ən güclü silah təbliğatdır. Ailə dəyərlərinin, bəşəri dəyərlərin təbliğatı təhsil müəssisələrindən başlamalıdır. Xoşbəxt ailə modelinin, bəşəri dəyərlərə və eləcə də  stabil münasibətlərə söykənən cəmiyyətin inkişafı davamlı olur. Konfrans zamanı toxunduğum digər məsələ gənclər arasında narkomaniyanın yayılması ilə bağlı idi. Gənclər arasında pis vərdişlərin yaranması sağlam mühitin məhvi deməkdir.

Təbii ki, bütün dövlətlərdə bu kimi halların qarşısının alınması üçün tədbirlər görülür və mən çox böyük qürur hissi ilə Azərbaycanda gənclər üçün yaradılan şərait, bütün bölgələrimizdə yaradılan Olimpiya mərkəzlərindən, dövlət tərəfindən idmana və idmançılara verilən yüksək qiymət, göstərilən qayğı haqqında ürəkdolusu danışdım. Çünki bu siyasət gənclərin idmana marağının artması və pis vərdişlərə meyl etməməsinə xidmət edir. Bu məqam çox yüksək alqışlandı.

 

-Milli Məclisin Mədəniyyət komitəsinin üzvüsünüz. İnsanlar arasında bəşəri dəyərlər, mədəni əlaqələr necə qurulmalıdır?

 

-Dünyada sülhə nail olmaq üçün ilk növbədə hər bir millət bir-birinin dininə, mədəniyyətinə, tarixinə hörmətlə yanaşmalıdır. Bu, çox önəmlidir. Hətta Azərbaycanda olduğu kimi dövlət siyasətinin bir parçası olmalıdır.

Bütün millətlərin dəyərlərinə hörmət etmək baxımından Azərbaycan çox gözəl örnək ola bilər.

Azərbaycan çoxmillətli ölkədir. Əsrlər boyu müxtəlif  mədəniyyətlərin, sivilizasiyaların, dinlərin qovuşduğu bir məkan olmaqla yanaşı Avropa və Asiya arasında körpü olub.

Əsrlər boyu bütün dinlərin, mədəniyyətlərin, xalqların nümayəndələri qarşılıqlı hörmət, dostluq şəraitində yaşayıblar. Heç bir zaman Azərbaycanda dini və ya milli zəmində qarşıdurma yaxud anlaşılmazlıq olmayıb. Bu Azərbaycanın dövlət siyasətidir və bütün dövlətlər belə siyasət yürütsələr, bugün dünyada sülh və əmin-amanlıq bərqərar olar.

Mən öz çıxışımda onu da vurğuladım ki, Vatikan tarixində ilk dəfədir ki, bir müsəlman dövləti - Azərbaycan  Romada müqəddəs xristian abidələrini bərpa edib.

Bu bir daha Azərbaycanın tolerant bir ölkə olduğunu sübuta yetirir. Mənim bu çıxışım çox böyük əks-səda doğurdu. Konfrans bitəndən sonra mənə yaxınlaşıb “siz müsəlmansınız?" soruşanlar oldu. "Bəli, müsəlmanam" cavabını alanda təəccüblərini gizlətmirdilər. Bu konfransdan mən əli-boş qayıtmadım, sulh səfiri adını qazandım ki, bu da gələcəkdə məsuliyyətimi daha da artiracaq.

 

- Azərbaycanı beynəlxalq konfranslarda təmsil etmək sizdə hansı hissləri oyadır?

 

- Bir azərbaycanlı kimi Azərbaycanı beynəlxalq konfranslarda təmsil etmək məsuliyyətlidir. Məsuliyyətli olduğu kimi olduğu kimi, həm də çox qürurvericidir. Ölkə başçımızın uzaqgörən xarici siyasəti nəticəsində təmsil etdiyim bir o qədər də böyük olmayan dövlətin  Beynəlxalq aləmdəki böyük nüfuzu bir Azərbaycanlı kimi məni qürurlandırır.

 

Namidə Bingöl

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü