Modern.az

“Hökumət kəskin devalvasiyaya getməyəcək"

“Hökumət kəskin devalvasiyaya getməyəcək"

Aktual

27 Sentyabr 2016, 12:38

Maliyyə naziri Samir Şərifov və Mərkəzi Bankın sədri Elman Rüstəmov manatın durumu ilə bağlı qısa olsa da, maraqlı açıqlamalar verib.

 

Modern.az xəbər verir ki, iqtisadçı Samir Əliyev həmin açıqlamalardan aşağıdakı nəticələrə gəldiyini deyib:

1. Manat üzən məzənnəyə nəzəri olaraq keçib, məzənnə sərt şəkildə idarə olunur;

2. Manatın mövcud məzənnəsi real deyil, bazarın öhdəsinə buraxılarsa, daha da aşağı düşər;

3. Hökumət imkan daxilində kəskin devalvasiyaya getməyəcək, ancaq yumşaq devalvasiya davam etdiriləcək;

4. Manatın məzənnəsi tədiyyə balansının vəziyyətinə uyğun tənzimlənəcək ;


5. Mərkəzi Bankın pul kütləsini artırmaq niyyəti yoxdur. Hətta bu, baş versə belə digər alətlər vasitəsilə (məsələn, depozit hərracı) bazara yol tapmasına imkan verməyəcək;


6. Dövlət büdcəsinin xərcləri getdikcə kiçilməkdə davam edəcək;


7. İdxal müxtəlif üsullarla məhdudlaşdırılacaq;


8. Əhaliyə kreditlər üzrə güzəştlər olmayacaq.

 

S.Əliyev eyni zamanda açıqlamada yeni fikirlərin olmadığını vurğulayıb:

 

“Burda yeni fikirlər yoxdur, ekspertlər həmişə bu fikirləri səsləndirib. Maliyyə kapitanlarının fikirlərində isə ehtiyatlılıq kifayət qədər sezilirdi. Xüsusən də manatın məzənnəsinə münasibətdə. Ancaq Mərkəzi Bankın rəhbərinin “məzənnə ilə bağlı hər hansı proqnoz vermək çətindir” fikrinə rəğmən maliyyə nazirinin manatın möhkəmlənəcəyi ilə bağlı ümidləndirici fikri diqqətdən kənarda qala bilməzdi. Əslində maliyyə naziri də bunun ancaq bir sıra şərtlər daxilində mümkünlüyü qeyd edib.

 

O şərtlər isə hazırda yoxdur. Ona görə də eyforiyaya qapılıb manatın bahalaşacağını gözləməyə dəyməz. Çünki manatın bahalaşmasını şərtləndirən amil yoxdur. Yeganə şərt olan neftin bahalaşması hələ ki real görünmür. Bütün şərtlər manatın ucuzlaşacağını diqtə edir”.

 

Mərkəzi Bankın sədri Elman Rüstəmov manatın məzənnəsinin sabitliyini təmin etməyə davam edəcəyini bildirib. 

 

Onun sözlərinə görə, 9 ay ərzində manatın məzənnəsi ilin əvvəli ilə müqayisədə 5% korreksiyaya uğrayıb. Mərkəzi Bank sədri manatın məzənnəsinin dayanıqlılığının biznes mühitini yaxşılaşdıracağını, investisiya qoyuluşunu ucuzlaşdıracağını da vurğulayıb.

 

Maliyyə naziri Samir Şərifov isə “manat ədalətli məzənnəsini axtarır” deyib.

 

Gülşən RAUFQIZI

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü