Modern.az

Evlənmə  proqramlarının ulduzları”

Evlənmə  proqramlarının “ulduzları”

Aktual

30 Sentyabr 2016, 14:13

Hidayət Elvüsal


Bir həmkarım Türkiyə telekanallarında «mutlu evlilik» axtarın azərbaycanlı xanımlardan bəzilərin utancverici hərəkətlərindən söz açmışdı. «İmportnu ər» axtarışı əlbəttə, yeni bir şey deyil. Amma bu, get-gedə çox çirkin şəkil almaqdadır.

Əlbəttə, evlənmək, ailə qurmaq hamının haqqıdır. Kimsə xoşbəxtliyini ürəyi istədiyi yerdə araya bilər. Heç kəs belə bir addımın qınamaq haqqına malik deyil. Amma hər şeyin bir ölçü-biçisi, əxlaqı, mədəniyyəti var. Elə buna görə də  həmin mövzuda yazmağımı xahiş edənlərin sözlərini yerə salmadım.

 Bir «İstanbul xəstəliyi» də var. Yalnız buralarda  deyil, Türkiyənin özündən də sindrom qarşısı alınmaz dərəcədə yayğındır. İstanbul, sentimental türk filmlərində, mahnılarında, arzularda mifik bir şəhərə dönmüşdür, gözəldir, möhtəşəmdir, camiləri, çarşıları, qaynar həyatı, macəraları göz qamaşdırır. Və İstanbul gözəl olduğu qədər də amansızdır. Bunu bilənlər bilir.

Və orada, o gözəl şəhərin evlənmə proqramlarında «bizimkilər…» də var. Özünü «Naz» kimi təqdim edən bir gənc xanımın xeyli «staj» və təcrübəyə malik olması ilk baxışda hiss olunur. Dediyinə görə Bakıda ailəli olub. Bir qızı da var. Sonra boşanıb, İstanbula üz tutub. Neçə illərdir (!) ki, oradadır. Və həm də neçə illərdir(!) ki, evlənmə proqramlarının «ulduz»una çevrilib. Ayrı-ayrı «bəy namizədləri» ilə xeyli «aşk» yaşayıb. Əl-ələ tutub, proqramda və bayır çəkilişlərdə qucaqlaşıb, başını bir çox erkəyin çiyninə qoyub. Sonu? Heç nə! Tələbi? – «maddi durumu iyi, yaşıma yakışan…» ər axtarır.

Kərəm adlı biri ilə uzun müddət «sınaq aşkı» yaşayıb. Alınmayıb. Biz son baxdığımızda Baha adlı  bir rəqs təlimçisi ilə (müəllim yox, təlimçisi) növbəti sevgi sərxoşluğunda idi. Hind rəqsləri oynayır. Hər kəsi əyləndirirdilər. Birdən…

Bakıdan ikinci  bir «ovçu» proqramda peyda oldu. Adı Esmira. Görüb-götürmüş xanıma bənzəyirdi. Sən demə bu xanım həmin bu Bahayla görüşübmüş. Oturub çay-zad da içiblər. İki həmyerli xanım bir türk erkəyinin üstündə söz savaşına çıxdılar. Nazın əlinə yeni bir bəhanə düşdü. «Maddi durumu o qədər də iyi olmayan» Bahadan uzaqlaşdı və… Zühal Topalın proqramında görünmədi. Hərə bir cür yozdu – qovulub, ya özü gedib. Bilinmədi. Amma Topal xanım Bahanun yeni «talibi» olan hicablı xanımı tərifləyib belə dedi:

- Baha, bu, sənə layiq qızdır. Gözü orda-burda olmayan (?), gəzib-tozlanmayan, para aramayan bir qızdır.

Əlbəttə, muqayisə Naz xanımla aparılırdı. Heç  də gizlətməyək Nazı orada – o proqramda məhz belə tanıyırdılar. Qeyd edək ki, Bahanun yeni «talibi» Karslı idi.  Yəni  azərbaycanlıların sıx yaşadığı bir əyalətdi. Görünüşü də bənzəyirdi. Yəni Bahaya üçüncü dəfə «aşk kəməndi» atan da elə bizimkilərə bənzəyirdi. Allah xoşbəxt eləsin!

Bəs, Esmira? Elə orada biri onu tanımaq istədi. İstədi və peşiman oldu. Sonra  Esmira Bahaya döndü və məhz onu istədiyini bildirdi. Hər iki türk erkəyi ondan imtina etdi. Amma bir dili vardı ki… Hamıya cavab verirdi. Nə isə!

Naz Seda Sayanın proqramında peylda oldu. Dəyişən gözlərinin rəngiydi. İndi mavi görünürdü. Və elə burada bir sual meydana çıxır – bu xanım İstanbulda nə işlə məşğuldur? Geyim-keçimi böyük imkanlardan xəbər verir. Deyəsən maşını da var. 20-21 yaşlarında Bakıda boşanıb İstanbula gəlmiş bu gənc xanım bunları hansı yolla əldə edib? Zühal Topal nəyə işarə edirdi? Buradakı valideynlər onun haqqında nə düşünürlər? Əlbəttə, bütün bunları bilmək mümkün deyil.

Əsra Erolun proqramında bir «başıaşağımız» var. Dinib danışmır. Adını bilmədiyimdən ona elə «Mürgülü Meyxanım» deyirəm. Biz proqrama baxanda Əsraya dedi ki, hamı məni Mono Lizaya oxşadır. Alllah, Allah! Əsra da güldü. Və yəqin bütün Türkiyə güldü. Biz isə xəcalət çəkdik.

Sən demə nə vaxtsa Əsra bunu ələ salırmış: «Mono Lizaya bənzəyirsən». «Mürgülü Meyxanım» da buna inanıb. Bütün bunlar azmış kimi Mono Lizanın başının yerinə bu Meyxanımın başını montaj edib studiyada asıblar. Fəlakət! Canlı və cansız satira üzbəüz. Mürgülü Meyxanım – «Cakondanın təbəssümü». Biayabırçılıq!

Bu da  belə. Amma daha bir hadisə danışdılar lap xəcalət çəkdik. Sən demə xalq artisti Rəfael Dadaşovun həyat yoldaşı Sədaqət Dadaşova da ötən mövsümdə Zühal Topalın «Evlənmə» proqramına gəlibmiş. Deyilənə görə xanım hələ də gözəlliyini qoruyub saxlayır. Amma bir neçə dadsız sözləri narahatlıq yaradıb. Bəlkə də bu yolla keçmiş həyat yoldaşından intiqam almaq fikrinə düşübmüş. Amma həyatında başqa xalq artistləri da var axı. Əmisi və keçmiş qayınatası mərhum Məlik Dadaşov, bacısı - xalq artisti Brilyant Dadaşova.

Bir neçə proqramdan sonra Sədaqət xanım görünməyib. Düşünürük ki, məhz Brilyant xanım bu xoşagəlməz addımın qarşısını alıb. Düz eləyib! Evlənmə proqramları isə davam edir. Orada hələ çoxlarını görəcəksiniz.

P.S. Daha sonra Naz xanım yenidən Zühal Topalın proqramına qayıtdı. Üzr istədi. Bir gün sonra isə yenidən Bahaya yalvardı. Ona daha bir şans verməsini istədi. Sonra nə oldu bilmirik. Sadəcə olaraq bu çirkinlikdən xəcalət çəkdik.

Sonda bir daha təkrar edirik. Fikrimiz  qardaş dövlətdə xoşbəxtlik axtaranları qınamaq deyil. Sadəcə olaraq unutmaq olmaz ki, hər bir kəs, hər bir fərd həm də vətəndaşı olduğu ölkəni təmsil edir. Bizim narazılığımız bax bu cəhətdəndir. Heç kəs unutmamalıdır ki, Azərbaycan  xanımları ən sədaqətli, ən dəyanətli, ən etibarlı qadınlardır. Və heç kəsin ixtiyarı yoxdur ki, xoşagəlməz hərəkətləriylə o müqəddəsliyə ləkə gətirsin.

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü