Modern.az

"Xankəndi" BDU-da tədbir keçirib

"Xankəndi" BDU-da tədbir keçirib

Aktual

9 Noyabr 2016, 11:40

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə milli vətənpərvərlik hisslərinin yüksəldilməsi istiqamətində Bakı Dövlət Universitetində “Xankəndi” məcburi köçkünlərə dəstək İctimai Birliyinin sayca 3-cü layihəsi olan “Xankəndi şəhərinin şəhid və məcburi köçkün ailələrinin yaşam mücadiləsi” adlı videoçarxın təqdimat mərasimi keçirilib.

Tədbirdə BDU-nun professor müəllim heyəti,  tələbələr, millət vəkilləri Fəzail Ibrahimli, Jalə Əliyeva, Fazil Mustafa, Flora Qasimova, QHT və KIV nümayəndələri, məcburi köçkün və şəhid ailələri iştirak edib.

Videoçarxda respublikanın müxtəlif şəhər və rayonlarında məskunlaşan Xankəndi şəhərindən olan azərbaycanlı məcburi köçkün və şəhid ailələrinin yaşam tərzi, öz doğma yurdlarından didərgin düşdükləri, deportasiyaya məruz qaldıqları gündən qarşılaşdıqları çətinliklər, yenidən yaşayış şəraiti qurmaq üçün üzləşdikləri problemlər öz əksini tapıb.

Tədbirdə çıxış edənlər bu səpkidə olan layihələrin davamlı olmasının vacibliyini vurğulayıblar, Qarabağ mövzusu ilə bağlı geniş fikir mübadiləsi aparıblar.  "Xankəndi" məcburi köçkünlərə dəstək Içrimai Birliyinin sədri Xarirə Vəliyeva bildirib ki, videoçarxın çəkilməsində əsas məqsəd gəncliyimizə milli vətənpərvərlik hisslərinin aşılanması, unudulmaq üzrə olan Xankəndi həqiqətlərinin daha geniş formada təbliğidir. Bu məqsədlə videoçarx ölkəmizin digər ali təhsil ocaqlarında da nümayiş olunacaq. Daha sonra o, videoçarxın ərsəyə gəlməsində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına, tədbirin keçirilməsinə şərait yaratdıqlarına görə isə Bakı Dövlət Universitetinin rəhbərliyinə minnətdarlığını bildirib.

Qeyd edək ki, filmin məsləhətçisi millət vəkili Flora Qasımova, ssenari müəllifi və rejissoru Etibar Məmmədov, filmin direktoru Büllur Cavadqızı, redaktoru Xatirə Vəliyevadır.

Ilham Cəmiloğlu

 

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü