Modern.az

Deputat Kamilə Əliyeva: “Rüşvətxor məmurlar təkcə işdən çıxarılmamalıdırlar..."

Deputat Kamilə Əliyeva: “Rüşvətxor məmurlar təkcə işdən çıxarılmamalıdırlar..."

Müsahibə

7 Mart 2011, 16:17
YENİ AZƏRBAYCAN PARTİYASİNDAN (YAP) OLAN MİLLƏT VƏKİLİ HESAB EDİR Kİ, RÜŞVƏTXORLUĞA VƏ KORRUPSIYAYA QARŞI MÜBARIZƏNIN EFFEKTLI OLMASI ÜÇÜN DAHA SƏRT CƏZA TƏDBIRLƏRI NƏZƏRDƏ TUTULMALIDIR

- Kamilə xanım, parlamentin son iclaslarından birində çıxışınız zamanı korrupsiyaya qarşı mübarizə ilə bağlı kəskin çıxış etdiniz və bir sira nazirlikləri, dövlət komitəsi və idarələrini korrupsiyada suçladınız. Eyni zamanda, hakim partiya təmsilçisi olduğunuza görə, sizin bu çıxışınız geniş rezonansa səbəb oldu. Bu baxımdan bilmək istərdik ki, əlinizdə bu yöndə konkret faktlar varmı, yoxsa?..
- Əvvəla, mən deməmişəm ki, nazirlər şəxsən rüşvət alır, çünki o faktları sübut edə bilmərəm. Mən sadəcə, demişəm və bir daha təkrar edirəm ki, bəzi nazirliklərdə, dövlət komitələrində işçilərin, əməkdaşların rüşvət alması halları olur və həmin dövlət qurumlarının rəhbərləri o insanları yalnız işdən çıxarılma ilə cəzalandırırlar. Axı, hansı Cinayət Məcəlləsində qeyd olunur ki, rüşvət alan şəxsin cəzası işdən çıxarılma ilə yekunlaşır? Mən məlum çıxışım zamanı bunları demişəm, steneoqrammaya baxsalar, bir daha buna əmin ola bilərlər. Ancaq çox təəssüflər olsun ki, bəzi müxalifət qəzetləri mənim fikirlərimi kontekstdən çıxararaq təhrif ediblər. Bu isə məni həm təəccübləndirdi, həm də təəssüfləndirdi. Mən çox istəyirəm ki, həmin qəzetlər və yazarlar ucuz sensassiya naminə belə hallara yol verməsinlər. Onu da deyim ki, “Azadlıq” radiosunun əməkdaşı bu haqda bir daha məndən fikirlərimi öyrəndi və heç bir təhrifə yol vermədən də onu yayımladı...

- Sözlərinizdən belə başa düşmək olarmı ki, siz korrupsiya və rüşvət hallarına yol verən insanların işdən çıxarılma ilə kifayətlənilməsinin deyil, daha sərt şəkildə cəzalandırılmasının tərəfdarısınız...

- Tamamilə doğrudur. Mənim bir vətəndaş, bir millət vəkili kimi şəxsi fikrim belədir ki,ümumiyyətlə, Cinayət Məcəlləsində rüşvət alan şəxslərə qarşı daha ciddi tədbirlərin seçilməsi nəzərdə tutulmalıdır. Yəni, rüşvətxorluğa və korrupsiyaya qarşı mübarizənin effektli olması üçün daha sərt cəza tədbirləri nəzərdə tutulmalıdır, yəni, təkcə işdən azad olunma ilə kifayətlənilməməlidir. Eyni zamanda, onu təklif etdim və təkrar vurğulamaq istəyirəm ki, qoy həmin nazirlər, komitə sədrləri gəlsinlər, millət vəkilləri qarşısında hesabat versinlər ki, onlar rüşvətxorluğa və korrupsiyaya qarşı hansı mübarizə üsullarından istifadə edirlər və edəcəklər. Mən bu iki təklifdən ibarət fikirlərimi səsləndirmişəm və yenə də həmin fikirlərimin üstündə qalıram...

- Bildiyiniz kimi,  bir neçə gündən sonra parlamentdə hökumətin hesabatı olacaq. Bu zaman səsləndirdiyiniz məlum fikirləri birbaşa onların üzünə deyəcəksinizmi?

- Bilirsiniz,  mən heç vaxt deməmişəm və demirəm ki, şəxsən hansısa nazir yaxud komitə sədri rüşvət alıb. Bu, mənim fikrim deyil. Amma yenə onu deyirəm ki, həmin nazirlik və dövlət komitələrində, idarələrində bəzi əməkdaşlar tərəfindən rüşvət alma halları var. Bu mövqeyimin, fikirlərimin üstündə dayanıram və onu harada lazımdırsa, yenə də deməyə hazıram, o cümlədən hökumətin hesabatı zamanı.

-Amma bir məsələ də var ki, həmin nazirlər, komitə və idarə rəhbərləri öz əməkdaşlarının qanunsuz əməllərinə görə ən azı mənəvi məsuliyyət daşıyırlar və daşımalıdırlar...

- Əlbəttə, məsuliyyət daşımalıdırlar, başqa cür də ola bilməz. Elə mənim   məlum  fikirləri səsləndirməkdə  məqsədim o idi ki, həmin rəhbər şəxlər özləri də mənəvi məsuliyyət daşıyırlar və onlar qanunsuz əməllərə yol verən işçilərini  yalnız işdən  azad etməklə öz işlərini başa çatmış saymamalıdırlar, onlar daha ciddi tədbirlərin görülməsinə baş vurmalıdırlar. Yəni, digər əməkdaşlara, işçilərə də dərs olsun.

-Yeri gəlmişkən, belə fikirlər də səslənir ki, korrupsiyaya qarşı son günlər aparılan mübarizə tədbirləri kampaniya xarakterlidir, çox çəkməyəcək?

-Mən belə fikirləşmirəm və bu yöndə səslənən fikirləri tam əsassız hesab edirəm. Bu, kampaniya deyil. Cənab prezident tərəfindən başladılan və həyata keçirilən korrupsiyaya qarşı mübarizə tədbirləri  bundan sonra da davam etdiriləcək. Onu da deyim ki, Azərbaycanda rüşvətxorluğa, korrupsiyaya qarşı mübarizə indi başlamayıb, bu, hələ mərhum dövlət başçımız Heydər Əliyevin ilk dəfə-1969-cu ildə hakimiyyət başına gəldiyi dövrdən başlayıb, indi də ölkə prezidenti tərəfindən davam etdirilir.

-Son olaraq, məlum fikirlərinizdən sonra sizə qarşı partiyanız və ya digərləri tərəfindən hansısa təzyiqlər olmadı ki?

-Tam səmimi şəkildə deyirəm ki, yox. Axı, burada təzyiqə səbəb olacaq nə var ki? Sadəcə, mənim fikirlərim bəzi müxalifət qəzetləri tərəfindən təhrif olunaraq  verilib. Mən öz dediklərimə cavabdehəm və yalnız öz fikirlərimə məsuliyyət daşıyıram. Buna görə  mənə qarşı da hansısa təzyiqdən söhbət belə gedə bilməz. 

Kamil HƏMZƏOĞLU      

Twitter
Sizə yeni tvit var
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı