27 may 2017, Şənbə
Ana Səhifə - ƏDƏBİYYAT - Sən saydığını say...
Sən saydığını say...
03.12.2016, 16:18

Azad Müzəffərli

 

Hekayə

Qismətinə tənhalıq düşmüşdü. Yeganə həmdəmi şərab idi. Gecəqonduda bir otaqlı mənzildə yaşayırdı. Baxımsızlıqdan mənzili yarıtmaz haldaydı.  Evlənməsə də, “ailəvi” idi. Mənzilində məskunlaşan siçovullar, qarışqalar və hörümcəklərlə doğmalaşmışdı. Onlardan özünü qətiyyən ayırmırdı. İnsafən, bu mənzilin daimi “qonaqlar”ı da özlərini lap “adam balası” kimi aparırdılar. Cahangirə qarşı da həssasdılar. Bir-birlərinə münasibətdə də beləydilər. Qarışqa “qatarı” öz bəlli marşrutundan kənara çıxmazdı.Ötən illər uzunu  siçovullar evdə o yan, bu yana gərdiş edəndə  bircəcik də olsun qarışqanı tapdalamamışdı. Onlar hörümcəklərin də toruna qətiyyən ziyan yetirməzdi. Qarışqa və hörümcəklər də bir-birlərinə qıymazdı. Bura əsl əmin-amanlıq adasıydı. Kimsə kimsənin xatirinə dəyməzdi, əksinə,  ev yiyəsindən “ibrət götürməyə çalışardılar”. Bu evdə təmizlik işləri aparmaq siçovul, qarışqa və hörümcəklərin payına düşmüşdü. Ətrafda bir qırıntı da tapmazdın. Sil-süpürdə mahirdilər. Hörümcəklər də ağcaqanad və milçəklərin qənimiydi. Cahangir üç gün, üç gecə evə dönməsəydi, acından köpsələr də, bircəciyi belə yeməyə, ehtiyat azuqəyə yaxın düşməzdi. Cahangir hələ indiyə qədər  “otaq qonşularının” onun yatağına daraşdıqlarının da şahidi olmamışdı. Bu mənzildəki “qarşılıqlı etimad” həsəd doğururdu.

 

Təqribən on ildən çox idi ki, həmin evə sahibindən başqa bəni-insan ayağı dəyməmişdi.  Bu mənzildəkilərin hər biri onu özünkülərdən bilirdi. O, içkiyə qurşanandan sonra tədricən bütün qohum-əqrabadan, dost-tanışdan məhrum olmuşdu. Hamı ondan yan qaçırdı. Ən yaxşı halda qəpik-quruşla yardımçı olurdular. Arada bir ona böyük məbləğdə pul verənlər də tapılırdı. Bu ianələr hesabına günlərini yola verirdi. Əslində, indi yaşadığı mənzilin yan-yörəsindəki məhəllə də ona miras qalmışdı. Pulsuzluqdan bircə otağı saxlayıb, həyətlə birlikdə mənzilin qalan hissəsini dəyər-dəyməzinə satmışdı. O pulları da spirtli içkilərə sərf edib tökmüşdü tuluğuna. Xeyli müddət şərab sarıdan korluq çəkməmişdi. İndi də şəraba tamarzı qalmasa da, hər halda, “gündəlik xərc”ini çıxarınca zillətə qatlaşmalı olurdu. Düzdü, ötən müddətdə bir dəfə də olsun əl açıb kimsədən qəpik də diləməmişdi. Sadəcə, bütün tanıyanların ürəyi yandığından səxavətlərini bacardıqca ondan əsirgəməzdilər. Onun tutduğu yola haqq qazandırmasalar da.  

 

Hədər yerə deməyiblər ki, həyatın yazılmamış qanunları var. Bir zamanlar ali təhsilini yenicə başa vuran, şümal-şivərək qamətli Cahangir də əksəriyyət kimi böyük arzular sorağındaydı. Mühəndisdi, vəzifə pilləkənlərində irəliləyib, özünə cəmiyyətdə sayılıb-seçilən yer tutmaq, var-dövlət, yükünü layiqincə çəkə biləcəyi ailə sahibi olmaq  istəyirdi. Başı buna nə təhər qarışdısa, vaxtında evlənməyi yaddan çıxardı. O həyata tam hazır olmadan evlənmək haqqında düşünmədiyindən  xeyli gecikmişdi, yaşı qırxı haqlamaqdaydı. Artıq hər şeyi vardı, vəzifəsi də, kifayət qədər pul-parası da. Di gəl, ona yar ola biləcək qız seçimində acizdi. Özü yaşdakılara güvənə bilmirdi, dünənlərindən baş açmaqda acizdi, sinni 18-i təzə keçənlərsə ona çox körpə görünürdü. Bir neçə il də bu suallar labirintində var-gəl edə-edə özünün xəbəri olmadan alışdı şəraba. İstər-istəməz belə alınırdı. Bişirəni-düşürəni olmadığından çöldə yeməli olurdu. Vəzifəli, pullu kişilərində ki, tanış-bilişi, dostları saya gəlməz. Beləcə sarıldı şəraba. Arzu, istəklərinin puç olduğunu duyunca, onun üçün həyat mənasızlaşdıqca, başladı şərabın küpünə girməyə. Ömrün payızında bir xəzan tökümü başladı ki, gəl görəsən. Tezliklə vəzifəsini də, pul-parasını da, dost-aşnasını da birdəfəlik itirdi. Bu boyda gen dünyada qaldı, təkcənə. Heç, elə bil , həmin Cahangir deyildi. Çöllü-biyabanda oyuncaqları, bər-bəzəyi yağmalanan tənha Yeni İl “yolkası”na bənzəyirdi.

Yenə də “yanğı”sını söndürüb evə dönürdü. Səntirləyə-səntirləyə mənzilinə yetişdi. Qapını bir təhər aralayıb çarpayısına yön aldı. Yerinə çöküb, xumarlanan baxışları ilə “ailə üzvləri”ni salamlamağı unutmadı. Həmişəki kimi minnətdarlıq və intizar dolu nəzərlər ona zillənmişdi. Əlindəki kolbasa və çörəyi şəstlə ona yan alan siçovula uzatdı. Bu sovqatı bir göz qırpımında qamarlayan siçovul tezcə küncə çəkildi. Xəncər kimi iti dişləri ilə  qarışqaların payını ayırıb, çörəyin və kolbasanın qalanını ailəsinə apardı. Onun yuvasına yol mənzilin küncündəki böyük oyuqdan keçirdi. Bu erkək siçovulun ixtiyarı olmadan ailəsindən kimsənin ağzı nəydi bu mənzilə ayaq basaydı. O özü duyanda ki, Cahangirin ürəyindən “ailə”ni bütövlükdə görmək istəyi keçir, tezcə xanımı, balaları, nəvə,nəticə və kötücələrini başına yığar, nəsillikcə müntəzir olardılar. Qarışqaların öz hallalıca qismətlərinə necə yiyə durmaları səhnəsinə də, elə bil, ilk dəfəydi tamaşa edirdi. Hörümcəklər də özlərinə görə iri domba gözlərini ondan çəkmirdilər, sanki,ona canıyananlıqlarını qabarıq nümayiş etdirməyə çalışırdılar. Kişilikdən deyildi, özündə bir təhər güc taparaq dikəldi. Milçəköldürəni əlinə aldı. Bir neçə milçək və ağcaqanad “ovlayıb” hörümcəklərin də yanında borclu qalmadı. Zədələməsin deyə, ehmallıca şikarı hörümcəklərin toruna qoydu. Küncdəki su qabını doldurmağı da unutmadı. Azca keçmiş hər kəsən öz tuluğunun hayındaydı. Cahangir ağrı-acıdan öd kisəsinə, qara ciyərinə tumar çəkir, siçovul, qarışqa və hörümcəklər isə şam yeməyinin ləzzətini çıxarmağa çalışırdılar.

 

İllərdi birgə yaşadıqlarından Cahangir mənzilinin digər “sakin”lərinin hər tövrünə bələddi. Nisbətən ayıq olanda onların bu mənzilə necə “qeydiyyata düşdüklərini” də lap yaxşı xatırlayırdı. Evə əl gəzdirmədiyindən ilkin olaraq hörümcəklər ona “qonaq gəldilər”. Tezliklə mənzilin dörd bir küncünü tor basdı. Yazağzı qarışqalar bir-bir buraya ayaq açdılar. Qısa zamanda marşrutlarını bəlirlədilər. Düzdü, arada bir bu marşrutların dəyişdiyi vaxt da olurdu. Evdə zibil topaları dağa dönən günlərin birində siçovul cütlüyünün mənzilin küncündə necə oyuq açdığını da kefliykən böyük həzzlə əvvəldən-axıra qədər, bircə epizodu belə ötürmədən seyr etmişdi. Məhz siçovulların hesabına tezliklə zibil qalağı “əridi”. Qarışqaların bunun öhdəsindən tam gəlməyə gücləri yetmirdi.

 

Yaxşı bilirdi ki, erkək siçovullara ailəcanlıqda çatmaq çətindi. Özünkülərdən onun bir sözünü iki eləməyə də kimsənin cürəti belə çatmaz. İnsan gözünə bənzər gözlərini siçovullar heç qırpmırlar, yaman sərtdilər. Uzun illərin təcrübəsindən bələddi ki, siçovullar dikbaş, kinli, olduqca hiyləgər və əhlikefdirlər. Düşüncəli və ehtiyatlı davranan, iybilmə qabiliyyəti çox yüksək olan bu canlılar( təəssüf, o bizik ki, heyvanları “nə” sualına layiq bilərək cansız sayırıq) xüsusilə axşam saat 7-dən sonra yaman iştaha gəlirlər, bu hal təxminən 3 saat çəkir. Düzdü, bir oturuma yumurtanın sarısı boyda yeməyin öhdəsindən ancaq gəlirlər. Bir dəfə marağını saxlaya bilməyib, siçovulun dişlərini də saymışdı. Başını işlətməkdə insana bənzətdiyindən, ona elə gəlmişdi ki, siçovulların da dişlərinin sayı 32 olmalıdır. Ötən illərdə doğmalaşdıqlarından oturarkən erkək siçovul hərdən qucağına sıçrayaraq  ona qısılardı. Bu bədheybət məxluq əməlli-başlı hündürə tullana bilirdi, inanılası olmasa da, bəlkə, bir metrə qədər. Çəkinə-çəkinə siçovulun ağzını aralamışdı, dişlərinin sayı insankından iki dəfə azdı, düz 16 dənə. Siçovulun yuxarı və aşağı damağının hər birindəki iki kəsici dişdən eymənmişdi də.  Qalan dişlər yeməyi doğramaq üçündü. Əvvəllər onlara bolluca kolbasa verərdi, hətta, imkan düşəndə ətə də qonaq edərdi. Gördü ki, yox, belə olan halda siçovullar təqribən birə-üç artırlar. Cahangir özünə birtərəhər yiyə dura bildiyindən sonralar siçovullar da əsasən yavan çörəklə qənaətlənməli oldular. Təbii ki, onlar daha əvvəlki kimi çoxalmırdılar.

 

Qarışqalarınsa zəhmətkeşlikdə tayı-bərabəri yoxdu. Qanadlıları dişi və erkəkləridir, qanadsızlarsa işçi qarışqalardır. Gecə-gündüz bilməzlər nədir, elə hey, hərəkətdədirlər, qışa azuqə toplamaq üçün yoruldum demək onlarlıq deyil. Cahangir hərdən fikirləşirdi ki, orta məktəblərdə əmək dərslərinin keçilməsini qarışqalara həvalə etmək mümkün olsaydı, şəksiz, Yer üzündə bir nəfər də olsun, müftəxor insana rast gəlməzdin. Hamı çörəyini alın təri ilə çıxarardı.

Cahangir hörümçəklərin necə şüurlu ov etdiklərinin də seyrinə dalmaqdan bəzən saatlarla  özünü saxlaya bilməmişdi. Onların araya-ərsəyə gətirdikləri tor həsəd aparılandı. İnsanlar ipək toxumağın sirrini təsadüfən hörümcəklərdən əxz etməyiblər ki?!. Tordan azacıq məsafədəki kiçicik dəlmə-deşikdə marığa yatan hörümcəklər xəbərverici tel vasitəsilə şikarın onların toruna düşüb-düşmədiyini anındaca və zərgərdəqiqliyi ilə ayırd edə bilirlər. Onlar xəbərverici telin hər tərpənişinə reaksiya verməzlər. Həmin telin rəqslənməsinin dərəcəsindən əzbər bilirlər ki, “hərif”i yaxlayıblar, ya yox. Cahangirin hörümcəklərə hörməti tükənməzdi, mənzilindəki yaramaz həşaratların öhdəsindən onlar gəlməsəydi, vəziyyət tamam dözülməz olardı.     

 

İllər bir-birini əvəzləsə də, həmin “ailə”dən kimsə bu ocaqdan ayrılmağı ağlının ucundan belə keçirmirdi.  Cahangirin gedəcəyi başqa bir ünvanı da yoxdu.  Ümdə arzuları çoxdan puç olmuşdu. Gücü yalnız hərdənbir dumanlı  xatirələrə yetirdi. O da uzun çəkməzdi. Çıxış yolu tapmadığından yüganə həmdəminə - şəraba ürəyini boşaltmalı olurdu. Evin digər sakinlərininsə cəmi-cümlətanı bircə dərdi vardı; təki, tuluqları dolu olsun. Bu sarıdan şikayətçi deyildilər. Ən əsası, başlarını soxmağa damları vardı. Bir qarın ac, bir qarın tox çoxlarının həsəd aparacağı sabit güzaran sürürdülər.

 

Yeni İl axşamıydı. Adətən, bayram günlərində Cahangir elə bir çətinliyə düşməzdi. Belə vaxtlarda insanlar daha ürəyiyuxa və səxavətli olurlar. Bu dəfə isə Cahangirin ovqatı əsl bayramlıqdı. Qucağı dolu idi. “Yükünü” güclə çəkirdi. Sazaq ülgüc kimi iliyinə işlədiyindən taqətdən düşürdü. Bircə özünü tezcə mənzilinə çatdırmağın hayındaydı. Vaxtilə rəhbər kimi çalışdığı müəssisəyə indi başçılıq edən kəslə bir qədər əvvəl təsadüfən rastlaşmışdı. Daha doğrusu, o şəxs yanında keçərkən onu tanıyıb xidməti maşınını saxlatdırmışdı. Qısa hal-əhvaldan sonra əlini cibinə salıb sürücünün qulağına nəsə pıçıldamışdı. Sürücü əlidolu qayıdana qədər ona əlavə yalvar-yaxar iki dənə yüzlük də bağışlamışdı.

 

Yeməklərin qoxusundan halbahal olurdu. “Nənəmin təndiri” mağazasından alınan balıq və toyuq ləvəngilərinin, dolub-daşan torbadakı  başqa bişmişlərin ətri bir-birinə qarışmışdı. Digər torbada isə xeyli içki vardı. O xeyirxah insan maşının baqajındakı Yeni İl sovqatlarından ona say-seçmə şampan şərabı, konyak, araq, çaxır və digər içkilər pay qoymuşdu. Qucağındakılar ona xoş günlərini xatırlatmışdı. Kürəyini, sifətini soyuq qılınc kimi kəssə də, hədiyyələrinə dayaq verdiyi sinəsində elə bil tonqal çatmışdın. Şərabların “hərarəti” isə onun lap cızzağını çıxarırdı. Gödəni üsyan qaldırmışdı, ağzından tüpürcək seli zincirlənirdi. Çoxdandı belə dadlı yeyəcəklərin həsrətindəydi. Evə az qalmışdı. Bacardıqca toparlanıb addımlarını nisbətən yeyinlətdi.

 

Son tini burulmaqdaykən soyuqdan və aclıqdan qıvrılan kimsəninsə zarıltısını eşitdi. Oturacağa qısılaraq cır-cındıra bələnən kəs taleyin amansız imtahanına birtəhər duruş gətirməyə çalışırdı. Üz-gözündən kimsəsiz, evsiz-eşiksiz olduğu bəlliydi. Aclıq güc gəlsə də, Cahangir onunla eyni durumda olan həmin zavallıdan yan ötə bilməzdi. Bu, onluq deyildi, körpəlikdən beləydi. Öz döğmaca mənzilini siçovullar, qarışqalar və hörümcəklərlə bölüşən kəsdən başqa hərəkət gözləmək olardımı?!. Bir də ki, uzun illərdən bəri ilk dəfəydi kiməsə yardım əlini uzatmaq fürsəti ona nəsib olmuşdu. Onunla təxminən həmyaş olan kişini yerindən tərpətməyə çalışdı, evinə dəvət elədi. Çaşqın halda gözlərini ona dikən şəxsin yerindən tərpənmək fikri yoxdu.  Cahangir nə qədər israr eləsə də, bir faydası olmadı. Yenə də dil tökdü, qarşısındakı kişini insafa, mürvətə gətirməyə çalışdı. Xeyri olmadı ki, olmadı. Əsəbləri dözmədi, əlindəkiləri yerə qoyub onu dartışdırmağa, ayağa qaldırmağa səy göstərdi. Ağlı kəsə-kəsə bəni-insanın diri-diri donmasına yol verə bilməzdi. Həmin dəmdə gözü torbadakı spirtli içkilərin qapaqlarına sataşan kəsə o andaca təpər gəldi, bayaqkı tərsliyindən əsər-əlamət qalmadı, quzuya döndü. Hövlnak mıx kimi yerindən dik atıldı, günahı bağışlanmaz əsir tək düşdü Cahangirin qənşərinə. Bir az sonra “xilaskarı”nın yükünə də yardım əlini uzatdı. Cahangir ha çalışsa da, taytıya-taytıya irəliləyən bu tösbərək kəslə heç cür ayaqlaşa bilmirdi. Köməkləşə-köməkləşə yetişdilər Cahangirin mənzilinə. Şaxtadan qurtulmaq üçün yel kimi soxuldular otağa.

Yad kəsin gəlişi ilə mənzildə bir çaxnaşma başladı ki, gəl görəsən. Siçovul o andaca oyuğuna dürtüldü. Qarışqalar bir göz qırpımında görünməz oldular. Hörümcəklər də sivişib dəlmə-deşiklərə doluşdular. Cahangir bu olaydan baş aça bilmədi. Düşündü ki, keçib gedər, yəqin qonaqdan hürkdülər. Əslində, doğrudanda da, qonağın qırımı özgəydi. Cır-cındırını soyunub, qulaqlı papağını başından çıxarandan sonra mənzilin ortasında qərar tutan bu əcaib məxluqdan, az qala, Cahangirin özü diksinəydi. Onun alacalanmış gözlərində həyat rəmzindən əsər-əlamət qalmamışdı. Şaxtadan, aclıqdan dodaqları cadar-cadar idi. Əllərində çat-çat dərin yaralar vardı. Zökəmə tutulmuşdu, pencəyinin qollarından da bu bəlliydi. Qulaqlarını da axırıncı dəfə, yəqinki, uşaq ikən təmizləmişdilər. Uzun illərdi sərgərdan həyat sürən Cahangir həmin kəslə müqayisədə toya gedəsiydi.

 

Aclığa dözümü qalmayan ev yiyəsi tezcənə Yeni İl hədiyyələrindən sadiq dostlarının payını artıqlaması ilə ayırdı. Bu sovqatları həmişəki yerinə qoydu. Di gəl, mənzilin digər “sakinlər”indən səs-səmir yoxdu. Cahangir fikirləşdi ki, yəqin, hər şey tezliklə qaydasına düşər, dostları qonağa isinişərlər. Qərib kəsinsə fikri yeməklərdən çox spirtli içkilərdəydi. Bir göz qırpımında yeyəcəkləri stolun üstünə düzən Cahangir tələm-tələsik şampandan adama yüz-yüz süzdü. Gecə saat 12-ni gözləməyə onlarda hal yoxdu. Yeməyə əl uzatmamış şərabı başlarına çəkdilər. Məclis qızışdı, nə qızışdı. Azca keçmiş donları açıldı. Qonağın rəngi-rufu bir qədər özünə gəldi. Bəylərə, xanlara layiq şərabların tamı onlara bir qədər yad təsir bağışlasa da, başqa əlacları yoxdu deyə nəfəslərini belə dərmədən  bir-bir badələri içəri ötürürdülər. Cürəbəcür içkilər canlarına yağ kimi yayılırdı. Ləziz yeməkləri də gözlərinə təpirdilər. Beləcə gecədən keçənə qədər fasiləsiz döşəndilər süfrədəki Allahın verdiklərinə. Siçovul, qarışqa və hörümcəklərdənsə səs çıxmadı ki, çıxmadı. Baxmayaraq ki, iki günə yaxındı ac-yalavac səbirsizliklə Cahangirin yolunu gözləmişdilər. Onun arabir küçədə gecələməyi vardı. Mənzilinin yolunu tapmayanda elə olduğu yerdəcə birtərəhər lövbər salıb qalardı.

Gecənin bir aləmində qonaq tikəsinin bir parası ağzında, bir parası da əlindəcə yuxuya getdi. Müvazinətini güclə tarazlayan Cahangir onu sürüyüb öz yatağına saldı. O, Yeni İlin ləzzətini hələ tam çıxarmamışdı. Özünə yüz də süzüb, stulu bir az da masaya yaxınlaşdırdı. İllər onu sınağa çəksə də, hələ də canı suluydu. Cavanlıqda əməlli-başlı idmanla məşğul olmuşdu. Cahangirin kefi kökdü, uzun illərdən bəri o da kimsəyə ilk dəfə yardımçı ola bilmişdi. Gözlərinin yaşını tuta bilmədi. Sanki, məstlikdən bir az ayıldı. O isə bunu qətiyyən arzulamırdı. Yenə güc verdi şəraba. Azca keçmiş başını stola dayayıb dərin mürgüyə daldı. Hər ikisi qış yuxusuna getmişdi.Lül dəm olduğundan bir də növbəti gün axşamçağı özünə gəldi. Zoqquldayan başını qolları arasına aldı. Masanın üstündəki yarımçıq qalan yeməklərin və çörəyin üzərinə səliqəylə olmasa da, hər halda, dəsmal salınmışdı. Ağlına ilk gələn bu oldu ki, yəqin, bu, qonağının işidi. Yatağına sarı nəzər saldı. Yox, qonağı necə uzatmışdısa, elə, o cür də cansız vəziyyətdəydi. Onda tərpəniş yoxdu. Fəhmiylə anladı ki, bu süfrə məsələsi yüz faiz siçovulun işidir.  İndiyəcən bir neçə dəfə barmağını dişləyərək onun belə “xoş məramı”nın canlı şahidi olmuşdu.

 

Özünü məcbur eləyib ayağa qalxmağa cəhd göstərdi. Buna çətinliklə nail oldu. Üstünü örtmək üçün qonağa yaxınlaşanda onu elə ilk baxışdaca dəhşət bürüdü, gözləri kəlləsinə çıxdı. Kefliliyindən əsər-əlamət qalmadı. Qarşısındakı tifilin dodaqları parça-parça idi, dördbir tərəfə laxta-laxta qan səpələnmişdi. Allahın yazıq bəndəsinin qulaqlarının yumşaq hissəsi də yerində yoxdu. Anladı, bu siçovulların əməlidi. Ay aman, bu yetimin qulaq seyvanlarından, ağız boşluğundan, burun pərələrindən qarışqa seli  qaynayırdı. Həmin səfil-sərgərdan kəsə hörümcəklər də aman verməmişdilər. Əllərindəki çatlaq yaralarındakı qana daraşmışdılar. Qonaq yamangünlükdü.

 

Cahangirin dünən axşamüstü bu mənzilin “sakinlər”inə ayırdığı paya isə əl dəyilməmişdi. Deyəsən, onu ehtiyata saxlamışdılar. Ya da ki, belə çim yağ daman nəhəng  tikəni qoyub, kim, o adicə təamlara tamah salardı!?.  Qanrılıb geriyə baxanda siçovul topası diqqətini çəkdi. Kürəyini divara dirəyib təşəxxüslə xaşal qarnını qaşıyan erkək siçovul ona saymazyana nəzər saldı. Gözlərindən qığılcım saçılırdı. Külfəti də ətrafında səvələnmişdi. Hələ də zəkası iti işlədiyindən fəhmi ilə tutdu; bu mənzilin “sakinləri” artıq insan qanına susamışdılar. Yəqinki, bundan sonra həmin tamlı nəsnəyə yerikləyəcəkdilər də. Onu veclərinə alacaq halda deyildilər. Ötən müddətdə qonağı yağlı tikə bilib, necə lazımdır, yararlanmışdılar.

 

Bu məqamda Cahangir köhnə dostlarının qoparağını götürərək qırıb-çatmağa, onları evlə birlikdə külə döndərməyə hazırdı. Di gəl, yerindən bircə addım belə ata bilmədi. Kin-küdurəti soyumasa da, onlara heç cür qıymadı. Ağrıdan ilan kimi qıvrılan qonağın yerindən qalxmağa cəhd göstərdiyini sezdi. Amma, nə faydası, bu mənasızdı. O, tamam heysizdi.

 

Cahangirin gücü yalnız qapını aralayaraq haray-həşir salıb, qonşuları təcili yardım çağırmağa səsləməyə yetdi. Özü isə dabanına tüpürərək, ildırım sürətilə birdəfəlik uzaqlara yol aldı.  Son pənahını - dədə-baba ocağının nişanəsi olan birotaqlı mənzilini də nadürüstlərin ixtiyarına buraxmaqdan başqa çarə tapmadı. Onun sorağı bir daha oralardan gəlmədi.      


Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
27.05.2017, 13:52

Şamaxıda qədim kütləvi məzarlıq aşkar edildi – FOTOLAR

27.05.2017, 13:27

Əli Kərimlinin müavini Bakı İstintaq Təcridxanasına köçürülüb

27.05.2017, 13:25

Əfqanıstanda terror: 18 ölü

27.05.2017, 13:09

Mayın 28-29-na olan hava PROQNOZU: Bakıda külək əsəcək

27.05.2017, 13:05

Parlamentin növbədənkənar iclası olacaq

27.05.2017, 13:01

İslamiadada birinci yeri tutan futbolçularımız arasında 150 min manat necə bölünəcək- AÇIQLAMA

27.05.2017, 12:51

Deputatlar Oqtay Əsədovun rəhbərliyi ilə Latviyaya gedir

27.05.2017, 12:44

Azərbaycanlı vloqqer: "Stimulum həyat yoldaşımdır” - MÜSAHİBƏ

27.05.2017, 12:28

Tillerson çoxillik ənənəni POZDU - Ramazanla bağlı tədbir təklifini rədd etdi 

27.05.2017, 12:05

Elmar Məmmədyarov ABŞ-da dini icma liderləri ilə GÖRÜŞDÜ        

27.05.2017, 11:57

İlham Əliyev: “Zbiqnev Bjezinski Azərbaycanın dostu idi”

27.05.2017, 11:34

İmsaqda tox saxlayan qidalar – qaya duzu ilə hazırlanmış ayran...

27.05.2017, 11:22

Cümhuriyyət liderlərinin işğaldan sonrakı taleyi – Tarixçi DANIŞIR

27.05.2017, 11:07

İlham Əliyev Misir prezidentinə başsağlığı verdi

27.05.2017, 10:58

Aygün Kazımovaya DTX-da iş verildi 

27.05.2017, 10:46

AZAL-ın dövlət büdcəsinə ödədiyi vəsait AZALIB

27.05.2017, 10:32

Generallar bulvardakı yürüşdə - FOTOLAR

27.05.2017, 10:26

Azərbaycanın beynəlxalq kredit reytinqi sabit saxlanıldı

27.05.2017, 10:20

Cinayət Məcəlləsinin 124 maddəsi dəyişdirilir – cərimələr ARTIRILIR

27.05.2017, 10:16

Trampın addımı Rusiya ilə İrana Azərbaycanda “yaşıl işıq” yandıra bilər

27.05.2017, 10:09

Ermənistan cəbhəboyu təxribat törətdi – mövqelərimizə mərmilər atıldı  

27.05.2017, 10:07

Kubada 28 May qeyd olundu - FOTOLAR

27.05.2017, 10:00

Autizmli uşaqlar üçün xeyriyyə aksiyası keçirilib

27.05.2017, 09:58

Yüksək bal toplayan abituriyentlər Qərb Universitetində

27.05.2017, 09:47

Ucqar kəndin gənc müəllimi:  “Hər gün 8 km tozlu-palçıqlı yolu dərsə piyada gedirəm” - LAYİHƏ

27.05.2017, 09:41

Azərbaycanda məhkumlar niyə ölür? – Mədət Quliyev AÇIQLADI

27.05.2017, 09:36

Bjezinski öldü

27.05.2017, 09:32

İslam Oyunlarında heç bir təxribat qeydə alınmayıb – RƏSMİ

27.05.2017, 09:21

“Casuslarla bağlı məlumat Müdafiə Nazirliyinə verildi, əməliyyat prezidentin tapşırığı ilə həyata keçirildi”

27.05.2017, 00:47

"Dağlıq Qarabağ münaqişəsi bizim ümumi qayğımızdır" - Rusiyalı nazir müavini

27.05.2017, 00:36

İşdən çıxarılan general Gürcüstana qaçıb

27.05.2017, 00:22

İmtahandan kəsilən qız intihara cəhd etdi

27.05.2017, 00:09

Bu gündən Ramazan ayı başlayır

26.05.2017, 23:52

Sağlamlıq üçün real təhlükə yaradan QİDA MƏHSULLARI

26.05.2017, 23:49

Stalinin erməni “xilaskarı” - MARAQLI

ARXİV