Modern.az

Satışdakı zəlilərlə bağlı ŞOK FAKTLAR - steril deyil, təkrar istifadə edilir

Satışdakı zəlilərlə bağlı ŞOK FAKTLAR - steril deyil, təkrar istifadə edilir

İqtisadiyyat

23 Dekabr 2016, 11:43

Son vaxtlar tibbin, həkimlərin aciz qaldığı xəstəlikləri nədənsə kiçik qara qurda-zəliyə həvalə edirik. Bəziləri türkəçarə kimi bu üsuldan istifadə etsə də, həkimlərin böyük əksəriyyəti zəli ilə müalicəni məsləhət görür.

Mütəxəssislərin fikrincə, zəli ilə müalicə göz qidalanmasını yaxşılaşdırır, mirvari suyu xəstəliyinin qarşısını alır. Zəlinin tüpürcəyində olan başqa bir ferment varikoz zamanı damarların açılmasında əvəzsiz rol oynayır.

Zəli ilə müalicə, eyni zamanda beyin qan dövranını yaxşılaşdırır, hafizəni və diqqəti artırır. Bu balaca qurd həm də, osteoxondroz, zob, faringitin müalicəsində əvəzsizdir.

Demək olar ki, paytaxt Bakının bütün apteklərində içərisində maye olan bankada satılan zəliləri tapmaq mümkündür. Qiyməti isə 1, 2, 3 manat arasında dəyişir. Bəs bu zəlilər sterildirmi? Xəstəliklərin müalicəsində hansı şəraitdə yetişdirilən zəlilərdən istifadə etməliyik?

 

Sertifikatlı zəlilərdən istifadə edin!

 

Modern.az-ın bu qəbildən olan suallarını biologiya üzrə elmlər doktoru Mahir Hüseynov cavablandırıb.

O bildirib ki, dünyada zəlinin 500-ə yaxın, Azərbaycanda isə 17 növü var:

 

“İnsan orqanizminin müalicəsində isə yalnız tibbi zəlidən istifadə edilir. Zəlilər orqanizmdəki bakteriyaları məhv edir. Mikroorqanizmlər, qurdların hamısı zəlinin mədə-bağırsağında yerləşir. Onların insana keçmə təhlükəsi yoxdur. Çünki  zəli,  insan qanını sovuranda həmin mikroorqanizmlər xortuma çıxa bilmir.

Məsləhət görülür ki, Rusiya, Ukrayna və digər xarici ölkələrin fabriklərində yetişdirilən steril zəlilərdən istifadə olunsun. Həmin zəliləri qanla qidalandırılar. Tam steril şəkildə, üzərilərinə sertifikat vurulmaqla satışa çıxarılır”.

 

“Azərbaycanda steril zəli yoxdur”

 

M.Hüseynov deyib ki, Azərbaycanda zəli fabrikləri yoxdur:

“Biz institutda süni şəkildə zəlilərin artırılmasına başlamışıq. Eksperiment kimi işlər davam etdirilir. Azərbaycandakı apteklərdə satılan zəlilər steril deyil. Çünki bizdə fabrik yoxdur. Apteklərdə satılan zəlilər isə təbiətdən, ordan-burdan tutularaq satılır.

Amma steril olmayan zəlilərin insan orqanizminə hansısa zərər vurması barədə məndə məlumat yoxdur. Hazırda Azərbaycan apteklərində satılan zəlilərin çoxu təkrar istifadə edilənlərdir. Əslində insan qanını sovuran zəli məhv edilməlidir. Amma bizdə onu təkrar olaraq başqa bir insanın müalicəsində istifadə edirlər. Zəli öz-özünə ölmür. Ola bilir ki, çox qan sovurduqdan sonra onu qussun. Amma öz-özünə ölmür. Həmin zəlinin təkrar istifadəsi üçün 3-4 ay gözlənilməlidir ki, onun mədə-bağırsağındakı qan tamamilə xaric olsun. Zəli yenidən acmalıdır ki, yalnız həmin müddətdən sonra zəlidən təkrar istifadə eləmək mümkün olsun.

Zəlidən daha çox oftalmologiyada, hipertaniyada (yüksək təzyiq) geniş istifadə edilir. Ümumiyyətlə, zəli bir çox xəstəliklərin müalicəsində effektiv nəticə verir. Ən əsası zəli qanı sovurduğu zaman tüpürcəyini buraxır ki, onun tərkibində olan heparin maddəsi qanın laxtalanmasının qarşısını alır. Çünki onun tüpürcəyinin tərkibində 150-ə yaxın bioloji aktiv fermentlər var”.

Bizdə zəlilər barama vermir...

Elmlər doktoru hələlik Azərbaycanda zəli yetişdirilməsinin effektiv nəticə vermədiyini açıqlayıb:

 

“Masallı rayonun Mollaba kəndindən 700 zəli aldıq. Onun 500-nü bankalarda saxlayırıq. 200-nü isə Mingəçevirdə hovuza buraxmışıq. Onların təbii şəkildə artımını gözləyirik. İstilər düşəndə yeni zəlilər əmələ gələcəksə, deməli nəticə olacaq. Zəlinin belində kəməri olur. Elə bil ki, onu ortadan sıxır. Onu torfa buraxdıqdan sonra kiçik zəlilər əmələ gəlir. Mingəçevirdəki zəlilərin artacağına ümid edirik.

Amma təəssüf ki, Zoologiya İnstitutunda apardığımız eksperimentlər nəticəsizdir. Zəlilərin barama qoymasını gözləyirik. Bundan sonra daha kiçik zəlilər əmələ gəlməlidir. Amma biz barama ala bilməmişik. Tam olaraq nəyi düz etdiyimizi bilmirik. Türkiyəli mütəxəssis Nail bəy instituta gələrkən bizə bir neçə məsləhət verdi. O baxdı və dedi ki, su  təmiz olmalıdır. Amma bizdə su xlorludur. İşıq birbaşa düşməməlidir. Zəliləri qaranlıq otağa qoyduq. Hələlik deyilənləri etsək də, nəticə almaq üçün nə isə çatışmır”.

 

Gülşən RAUFQIZI

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı