Modern.az

Çevik Polis Alayında əməliyyat müşavirəsi: cinayət və inzibati xətalar ARTIB

Çevik Polis Alayında əməliyyat müşavirəsi: cinayət və inzibati xətalar ARTIB

Aktual

21 Yanvar 2017, 16:13

Yanvarın 21-də Əlahiddə Çevik Polis Alayında 2016-cı il ərzində görülmüş işlərin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş əməliyyat müşavirəsi keçirilib.



Modern.az xəbər verir ki, tədbirdə daxili işlər naziri, general-polkovnik  Ramil Usubov çıxış edərək, ölkədə kriminogen durumun nəzarətdə saxlanıldığını, görülən işlərdə Əlahiddə Çevik Polis Alayının şəxsi heyətinin də böyük əməyi olduğunu diqqətə çatdırıb.

Əlahiddə Çevik Polis Alayının komandiri, polis general-mayoru Zaur Abdullayev məruzə ilə çıxış edib. O deyib ki, Alayın patrul bölüklərinin xidmət apardığı paytaxtın küçə və prospektlərində hesabat dövründə kriminogen durum bütövlükdə nəzarətdə saxlanılıb, cinayətlərin və digər hüquqpozmaların aşkarlanması və vaxtında qarşısının alınması üçün kompleks tədbirlər müəyyən edilərək həyata keçirilib.


Bakı şəhər Baş Polis İdarəsi ilə razılaşdırılmış vahid dislokasiya planına uyğun olaraq post və marşrutlarda 28.292 nəfər, o cümlədən müxtəlif cinayətlər törətmiş 804, inzibati xətalara yol vermiş 27.488 şəxs saxlanılaraq barələrində qanunauyğun tədbirlər görülüb. Hüquqazidd əməllərə yol verdiyinə görə saxlanılanlardan 268-i xuliqanlıq, 211-i oğurluq, 25-i soyğunçuluq, 65-i dələduzluq, 96-sı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı, 28-i digər cinayət törədənlər, 111-i isə  axtarışda olanlardır. Eyni zamanda, məişət səs-küyünə yol verən 1.240, qanunla müəyyən edilməmiş yerlərdə küçə ticarəti ilə məşğul olan 4.506, digər inzibati xətalara görə 15.217 nəfər müəyyən edilərək aidiyyəti polis orqanlarına təhvil verilib. 2015-ci illə müqayisədə aşkarlanan cinayətlərin və inzibati xətaların sayı 890 fakt və ya 3.2 faiz çox olub. 


Müşavirəyə yekun vuran Ramil Usubov Alay rəhbərliyindən əməkdaşların xidməti, döyüş və mənəvi-psixoloji hazırlığın yüksəldilməsi işinin ən vacib vəzifələrdən biri olaraq həyata keçirilməsini, xidmətqabağı təlimatlandırmalarda əməkdaşların zahiri görünüşünə, geyim formasını daşıma qaydalarına riayət etmələrinə diqqət yetirilməsini, eyni zamanda, əməkdaşların qanunla müəyyənləşdirilmiş vəzifə, funksiya və hüquqlarını dərindən öyrənilməsini tələb edib.

Kütləvi tədbirlər zamanı təhlükəsizliyin təmin edilməsində Alayın böyük təcrübəsi olduğunu xatırladan nazir cari ildə Bakı şəhərində “IV İslam Həmrəyliyi Oyunları” və “2017 Formula-1 Azərbaycan Qran Pri”si kimi beynəlxalq əhəmiyyətli idman yarışlarının keçiriləcəyini, bu və digər kütləvi, mədəni tədbirlər dövründə qarşıya qoyulan vəzifələrin yüksək səviyyədə yerinə yetirilməsinin vacibliyini diqqətə çatdırıb, bu qurumun xidməti fəaliyyətinin respublikanın bütün ərazisini əhatə etməsi baxımından post-patrul naryadlarının daim ayıq-sayıq olmasının, cinayət və hadisələrin dinamikasının mütəmadi izlənilməsinin, peşəkarlığın artırılması məqsədilə müvafiq təlim-məşqlərin keçirilməsinin zəruriliyini bildirib.

 

Qeyd olunub ki, polisin qanunla müəyyən edilmiş vəzifələrindən biri də həyatı və sağlamlığı üçün təhlükəli vəziyyətə düşmüş şəxsə kömək göstərməkdir. Bu məsələdə yaxşı nümunələrin sayının çox olduğuna, insanlara həssas münasibətin və qayğının həmişə minnətdarlıqla qarşılandığına, bunun polisin nüfuzunu daha da yüksəltdiyinə diqqəti çəkən cənab Ramil Usubov vətəndaşlarla ünsiyyətdə etik normalara, qanunçuluğa, insan hüquq və azadlıqlarına ciddi riayət edilməsinin, şəxsi heyətin döyüş hazırlığının artırılmasının, sosial-məişət problemlərinin, əməkdaşların qarşılaşdıqları çətinliklərin həllinə önəm verilməsinin əhəmiyyətindən danışıb. Xidməti vəzifələrin uğurla yerinə yetirilməsi üçün ölkə rəhbərliyi tərəfindən hər cür şəraitin yaradıldığı, şəxsi heyətin hərtərəfli dövlət qayğısı ilə əhatə olunduğu da vurğulanıb.


Daxili işlər naziri Prezident İlham Əliyevi əmin edib ki, Əlahiddə Çevik Polis Alayının əməkdaşları ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmini, cinayətlərin və digər hüquqpozmaların qarşısının alınması üzrə vəzifələri, qarşıya qoyulan bütün tapşırıqları bundan sonra da əzmlə yerinə yetirəcək, göstərilən etimadı sədaqətli xidməti ilə doğruldacaqlar.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü