Modern.az

“Azərbaycanlı jurnalistin Lavrova verdiyi sual ola bilsin ki, uğurlu deyildi”

“Azərbaycanlı jurnalistin Lavrova verdiyi sual ola bilsin ki, uğurlu deyildi”

Media

23 Yanvar 2017, 11:58

Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov "Lider" telekanalının Moskva müxbirinin işdən azad olunmasına münasibət bildirib. Modern.az xəbər verir ki, sədr bununla bağlı Facebook-da qeydlər edib.

O bildirib ki, Azərbaycan-Rusiya münasibətlərinin hazırkı mərhələsində Azərbaycan jurnalistinin - «Lider TV»nin müxbiri Anar Həsənovun Rusiyanın xarici işlər naziri Sergey Lavrova ünvanladığı sual ola bilsin ki, uğurlu deyildi:

 

“Söhbət Dağlıq Qarabağ münaqişəsindən gedirsə, zənnimcə daha vacib məqamlara diqqət yetirmək lazım idi. Məsələn, 2016-cı ilin «Aprel müharibə»sindən sonra Lavrovun şəxsində Rusiya yeni sülh planı irəli sürmüşdü. Nizamlama prosesindəki son və deyərdim ki, daha real mərhələ məhz bu plan idi. Ancaq biz gördük ki, plan icra olunmadı. Ermənistan məsələyə əhəmiyyət vermədi. Rusiya isə sözünün üstündə durmadı. Lavrovdan bunun səbəbini soruşmaq olardı. Nəzərə alaq ki, Rusiyanın yüksək vəzifə tutan nümayəndəsinə birbaşa sual vermək şansı hər zaman ələ düşmür. Şansdan maksimum yararlanılmalı idi.

İkincisi, jurnalistin işdən çıxarılması «Lider TV» rəhbərliyinin müstəsna səlahiyyətində olan məsələdir. Əlbəttə, o, istedadlıdırsa, səmərəli fəaliyyəti ilə seçilirsə, proensialından digər vəzifələrdə də istifadə etmək olardı”.

 

Ə.Amaşov bəzilərinin jurnalistin peşəsinə uyğun olmayan istiqamətə yönəlməsi iddialarına da münasibət bildirib:

“Üçüncüsü, bəzi adamlar bildirirlər ki, Anar Həsənov jurnalist peşəsinə uyğun olmayan dəst-xətt seçirmiş. Müxtəlif təmənnalı işlər görürmüş. Mən bu yanaşmanı məqbul saymıram. Əgər belə işləri olubsa, ona qarşı tədbir vaxtında həyata keçirilməliydi. O adamlar da gərək həmin vaxt dilə gələydilər, fikirlərini bildirəydilər. Hər bir halda işçisini işdə saxlayıb, yaxud uzaqlaşdırmaq bir daha deyim «Lider» TV rəhbərliyinin səlahiyyətində olan məsələdir".

 

Gülşən RAUFQIZI

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı