Modern.az

“AŞPA-da anti-Azərbaycan qüvvələrin əlaqələndirilmiş fəaliyyətinin şahid oluruq”

“AŞPA-da anti-Azərbaycan qüvvələrin əlaqələndirilmiş fəaliyyətinin şahid oluruq”

24 Yanvar 2017, 20:16

“Avropa Şurasının sessiyasının 24 yanvar tarixli axşam iclasında Ukrayna nümayəndə heyətinin rəhbəri Volodimir Arievin hazırladığı “Avropada jurnalistlərə və media azadlığına qarşı hücumlar” adlı məruzə müzakirə ediləcək”. Modern.az saytı xəbər verir ki, bunu APA- Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Elxan Süleymanov deyib.

O bildirib ki, yanvarın 23-də 5 nəfər AŞPA üzvü tərəfindən bu məruzəyə 3 düzəliş təklif edilib: “Bu düzəlişləri təklif edən Sosialistlər qrupunun üzvləri İv Kruxten və Boris Sileviks, Birləşmiş Avropa Solçular qrupunun üzvü Nikolay Villumsen, EPP qrupunun üzvü Pyetr Omtziqt və Liberallar qrupunun üzvü Kerstin Lundqrendir. Bu deputatlar AŞPA-da Azərbaycana qarşı qərəzli mövqeyi ilə seçilib, daim Azərbaycanın maraqlarına və beynəlxalq imicinə zərər vuracaq fəaliyyətləri ilə fərqlənib və praktiki olaraq, AŞPA karyeralarını Azərbaycana qarşı qərəzli kampaniyaların təşkili və keçirilməsi, ermənipərəst mövqelərin sərgilənməsi üzərində qurublar”.

 

E. Süleymanov qeyd edib ki, Omtziqt əvvəllər əsasən Azərbaycan, Türkiyə və Albaniyanın nüfuzuna xələl gətirilməsi üçün gizli vasitə kimi nəzərdə tutulan “Şəriət Qanununun Avropa İnsan Hüquqları Konvensiyası ilə uyğunluğu: Konvensiyaya tərəf dövlətlər Qahirə Bəyannaməsini imzalaya bilərmi?” adlı qətnamə layihəsi (Qahirə Bəyannaməsinə dair qətnamə layihəsi) hazırlayıb və özü bu mövzu üzrə məruzəçi olmağa, İ. Krüxten isə “Avropada QHT-lərin fəaliyyətinə qeyri-müvafiq məhdudiyyətlərin qarşısını necə almalı?” məruzəsinə məruzəçi təyin olmağa çalışıb. Lakin AŞPA Hüquq Məsələləri Komitəsinin üzvləri bu mövzular üzrə digər deputatları məruzəçi seçiblər.

 

“Gözlənildiyi kimi, yuxarıda adları qeyd edilən deputatlar bu dəfə də Azərbaycana qarşı qərəzli və həqiqəti əks etdirməyən təkliflər irəli sürüblər. Ola bilsin ki, bu müzakirələr zamanı həmin düzəlişlər qəbul edilsin. Buna nail olmaq üçün bütün anti-Azərbaycan və ermənipərəst qüvvələr səfərbər edilib. Eyni zamanda qeyd edilməlidir ki, məruzəçi Volodimir Ariev irəli sürülən düzəlişlərdə göstərilən məsələləri araşdırmayıb. Odur ki, düzəliş irəli sürən deputatlar bu məqamdan istifadə edərək düzəlişlərin məruzənin mətninə əlavə olunmasına çalışacaqlar. Təklif müəllifləri başa düşürlər ki, AŞPA Hüquq Məsələləri Komitəsində digər məruzələr üzrə məruzəçilər hazırladıqları sənəddə daha obyektiv və fərqli müddəalar göstərə bilərlər. Anti-Azərbaycan qüvvələr hesab edirlər ki, bu gün onların irəli sürdüyü təkliflər qəbul ediləcəyi təqdirdə, onlar AŞPA Hüquq Məsələləri Komitəsində digər məruzələrə qarşı təsir imkanları əldə etmiş olurlar. Belə ki, AŞPA Hüquq Məsələləri Komitəsində digər məruzəçilər məruzələrində daha obyektiv və fərqli mövqe nümayiş etdirəcəkləri təqdirdə Azərbaycanın düşmənləri onlara Assambleyanın qəbul edilmiş sənədlərində başqa müddəaların yer aldığını xatırlatmaq və Assambleyanın qərarlarına hörmət nümayiş etdirməyi tələb etmək imkanı əldə edəcəklərini düşünürlər. Beləliklə, biz bir daha AŞPA-da anti-Azərbaycan və ermənipərəst qüvvələrin fəaliyyətlərini əlaqələndirilmiş şəkildə davam etdirdiklərinə şahid oluruq”.

 

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...