Modern.az

İsa İsmayılzadənin oğlu “Atalar və oğullar” layihəsində: “Həmişə sağalmaq üçün getdiyi kəndə ölmək üçün yollandı”

İsa İsmayılzadənin oğlu “Atalar və oğullar” layihəsində: “Həmişə sağalmaq üçün getdiyi kəndə ölmək üçün yollandı”

Mədəni̇yyət

22 Fevral 2017, 16:25

“Vəzifəli şəxsin şeirini çap etmədiyi üçün atamı baş redaktor keçirmədilər”

 

Modern.az saytının “Atalar və oğullar” layihəsində tanınmış ziyalılar - elm, mədəniyyət, incəsənət, idman, ədəbiyyat xadimləri, eləcə də, ictimai, siyasi simalar onları böyüdüb, boya-başa çatdıran atalarının həyat hekayətini danışırlar. Bir növ, atalarının keçdiyi ömür yolunu xarakterizə edirlər. Təkcə yazının deyil, həm də fotoların diliylə...


Layihəmizin növbəti qonağımərhum şair, çağdaş Azərbaycan poeziyasının ən orijinal qələm sahiblərindən olan şair, tərcüməçi, publisist İsa İsmayılzadənin oğlu Araz İsmayılzadə atası haqqında xatirələrini danışıb, ürək sözlərini sizinlə bölüşəcək:


Sizi Araz İsmayılzadə və onun atalı söhbətləri ilə baş-başa buraxırıq:

 

Atamın ilk “universiteti”

 

-Xəyalən də olsa, uşaqlıq illərimə qayıdıram... Və orada atamın elmə, təhsilə qarşı nə qədər istəkli,  tələbkar simasını görürəm... Özüm dərslərimi yaxşı oxumuşam, orta məktəbi gümüş medalla bitirmişəm. Amma nə qədər yaxşı oxusam da, bu atamın tələblərindən aşağı idi. Onun təhsilin vacibliyinə verdiyi önəm qədər olmazdı. Tez-tez müqayisələr aparardı: öz dövründəki təhsil şərtləri ilə bizim dövrümüzü müqayisə edərdi. Hansı ağır şərtlərlə, hansı çətin vəziyyətlərdə məktəbə getdiklərini, kitab oxuduqlarını bizə danışardı. Bəzən, 3-4 nəfərin lampa işığında kitab oxuduğunu deyərdi; onların kəndində sonradan elektrik olub, əvvəllər lampa işığında dərslərini hazırlarmışlar. Bunlardan bizə danışar, indi oxumağın necə asan olduğunu deyərdi. Ona görə deyərdi  ki, biz də oxuyaq, lap yaxşı oxuyaq.

Atamın atası- babam Mustafa kişi kənd təsərrüfatının mahir bilicilərindən olub. Üstəlik, saflığı, halallığı ilə fərqləndiyi üçün müharibə zamanı onu heç cəbhəyə də aparmayıblar, burada- arxa cəbhədə daha çox fayda verəcəyini düşünüblər. Belə də olub. Amma atam danışarmış ki, bu, həm də onların dərslərə hazırlaşmasına da mane olub. Çünki kənd yeri idi və məcburi səbəbdən babamın ailəsindəki bütün uşaqlar çöldə, çəməndə, örüşlərdə işləyiblər. Amma dərslərini də unutmayıblar, elə oradaca hazırlayıblar. Amma heç biri kitaba atam qədər bağlanmayıb. Babam isə bunu görəndə çox acıqlanarmış. Köhnə kişilərə xas olan əda ilə bir-iki yaxşı söz deyərək, kitabları atamın üstünə atarmış... Bax, belə şəraitdə oxuduğunu tez-tez deyərdi atam... Amma oxudu. Məktəbi gümüş medalla bitirdi: cəmi bircə “4”ü vardı...


Tale elə gətirdi ki, mən də məktəbi gümüş medalla bitirdim. Bəzən, bu iki medalı yan-yana qoyub, özü-özlüyündə müqayisə edib, gülərdi. Yəqin düşünürmüş ki, o dövrdə alınan gümüş hara, indiki gümüş hara...

Atamın ruh cizgiləri

-İndi oturub sizinlə danışdığım otaqda uşaqlığımızın bütün xatirələri dolaşır... Aralarında atalı xatirələr daha çoxdur. Bura həm də onun bir növ, iş, yazı-pozu  otağı idi. Kövrək insan olub, uşaqları çox sevib. Onunla bağlı xatirələrdən bu kövrəkliyi görmək olar:
Uşaq idim, qış ayında mənə kurtka alınmalıydı.  O vaxtı kurtkanı elə alardılar ki, onu bir neçə il sonra da geymək olsun, odur ki, bir az gen-bol olanını  seçərdilər. Məni “Moskva” univermağına –bir tanışının yanına  kurtka almağa apardı. Aralarında birini çox bəyəndim-əynimə kip otururdu. Amma dediyim kimi, elə alınmalı idi ki, kurtkanı uzun müddət geymək olsun. Onu isə geyinə bilməyəcəkdim, beləcə, almadıq, amma gözüm onda qaldı. Sən demə, atam da onu hiss edirmiş, işə gedəndən sonra anama zəng vurub bunu danışmışdı və pis olduğunu demişdi. Bir də gördük axşam evə gələndə həmin gözüm arxasınca qalan kurtkanı da alıb gətirib. Onda elə bil mənə dünyanı bağışladılar. Bu hadisəni heç vaxt unuda bilmirəm. Həmişə də deyərdi ki, uşağı sevindirməkdən gözəl nə var, görəsən?! Uşaq könlünü almaqdan, ona sevgi verməkdən həzz alardı.

 


Təkcə uşaqlar yox ki...

 

-Atamın xeyirxahlığı onun kövrəkliyindən yaranırdı, bəlkə də...Pirşağıda bağımız var, atam yay-qış demədən, hər bazar ora gedərdi. Anam da onun üçün yemək qoyardı, özü də bir yox, bir neçə adamlıq. Çünki orada bəs demədən fiziki iş görər, yer bellər, ağac əkərdi... Amma atam hər dəfə evə gələn kimi tələsik anama deyərdi ki, mənə yemək çək. Anam qayıdardı ki, axı sənin üçün xeyli yemək qoymuşduq, onu yeyən adam ac ola bilməz. Onda atam da cavabında deyərdi ki,  imkan verdilər ki, o gəldi, bu getdi, yeməkdən də yedilər. Biz də elə bilərdik ki, atamın yanına kimlərsə qonaq gəlib və o da yeməyini onlarla bölüşüb. Sən demə, atam yarızarafata itləri deyirmiş. Bağlarda kimsəsiz itlər atamı görən kimi onun yanına gəlirmiş, o da yeməyini onlara verib, özü yarıac qalarmış....

Qoca qadın...

-Bir dəfə yerdən nə qədərsə pul tapmışdı. Evə gətirib anama vermişdi ki, bunu ayrı qoy, öz pulumuza qatma. Anam da o cür etmişdi. Atam pul tapdığı yerdə bir gün qoca qarının nəsə axtardığını görür. Qarıdan nə axtardığını xəbər alır. Onda qoca arvad deyir ki, bir neçə gün bundan əvvəl burada filan qədər pulu düşüb, onu tum sataraq, yığıbmış.
Onda atam qarını orada saxlayaraq,  tez evə qaçır. Həmin pulu anamdan alıb, onu itirmiş yiyəsinə qaytarır...

 

Həə, bir də “Özbək əhvalatı”  var...

-Bir soyuq, qarlı  fevral günündə  atam görür ki, gənc qadınla kişi yolun kənarında dayanıb gedən-gələn maşınlara əl edir. Qadının da qucağında uşaq var. Nabələd olmaları həmən hiss olunur - kişi qeyri-ixtiyari maşınların qabağına qaçırmış. Fikir verib görür ki, gənc ailə yolun maşın dayanmayan hissəsinə gedib. Atam tez o istiqamətə sürüb onları maşınına əyləşdirir. Bakıya qonaq gələn gənc özbək ailəsi imiş, onlarla bərabər bir neçə mehmanxanaya getsə də, heç birində yer qalmayıb. Bilməyib nə etsin, axırda özbəkləri evə gətirib...

 

O hadisəni indi də xatırlayıram: həyətdə idim, bir də gördüm atam maşını saxlayıb məni çağırdı, dedi, qonaqlara kömək elə. Gördüm, özbəklərdi. Qəti təəccüblənmədim. Çünki atamın başqa ölkələrdən tərcüməçi, yazıçı qonaqları bizə çox gəlirdi. Elə bildim, bunlar da o qonaqlardandı. Nə isə, evə qalxdıq. Qonaqlar rahatlandılar. O gün də atamın televiziyada verilişi yayımlanacaqdı. Bir xasiyyəti də var idi ki, iştirak etdiyi proqramlara çox diqqətlə baxardı. Heç gözlərini çəkməzdi. Həmin axşam da iştirak etdiyi verilişə diqqətlə baxırdı. Özbək qonaq buna xeyli təəccübləndi. Veriliş bitən kimi dedi ki, sizin çox qəribə ölkəniz var. Birinci dəfədir, görürəm ki, taksi sürücüsü barədə belə təmtəraqlı televiziya proqramı hazırlayıblar. Sən demə, o, bayaqdan elə bilibmiş ki, atam taksi sürücüsüdür. Mehmanxanada yer olmadığı üçün onu öz evinə gətirib, təşəkkür edəndə də deyib ki, bu necə yaxşı sürücüdür. Atam bunu eşidəndə gülümsədi və həqiqəti sonra danışdı. Həmin vaxt özbək qonağın necə utandığını indi də xatırlayıram.


Ədəbi ömür əbədi sevgi

-Atam ən çətin vaxtlarda belə, ədəbiyyatdan ayrılmadı. Bu sevgi ona imkan vermədi. Baxmayaraq ki, ta gəncliyindən ədəbiyyat aləmində ona qarşı haqsızlıq edilmişdi.

Atamın anası oxumaq-yazmaq bilməzdi. Amma bir dəfə elə hadisə yaşanmışdı ki, atam onun hərfləri tanımadığına sevinmişdi. O zaman özü deyirdi ki, ömrümdə ilk dəfə anasının oxuya bilməməsinə sevinib.


Deməli, atam və anası bulvarda gedirmişlər, köşklərin birində asılan qəzetdə atam onu tənqid edən yazı görür. Yaman pərt olur, nənəm bunu anlayır, soruşur ki, nə olub, orada nə yazırlar? Atam həqiqəti deməyib, söyləyir ki, bir tanış adam rəhmətə gedib, o xəbəri oxudum, pis oldum.

Amma özü bacardığı qədər gənc qələm sahiblərinə yardımçı olmağa çalışıb. Olub da...

 

Hərflər arasındakı ömür  

-“Azərbaycan” jurnalın demək olar, bütün ağırlığı onun çiynində idi. Baş redaktoru əvəzləyirdi. Evə xeyli yazı qovluqları gətirər, onları oxuyub, saf-çürük edərdi. Təəccüb edirdim ki, bu qədər də oxumaq olar?! Ədəbi zövqü çox yüksək səviyyədə idi; elə adamı olardı ki, yazmaqda tənbəl idilər, amma atam onları təhrik edərdi ki, yaz, yaxşı qələmin var. O zaman dərhal həmin adama hörmətim birə-beş artardı. Çünki atamın zövqünə bələd idim. Bilirdim ki, nə dərəcədə yüksək bədii dəyərləndirmə qabiliyyəti, redaktorluq məharəti var. Bilirdim ki, hər adama bu sözü deyəsi deyil. Ona görə də onun yazmağa təhrik etdiyi adamların güclü qələm sahibi olduğunu bilirdim.

Əksinə də olurdu... Görürdün ki, tanınmış qələm sahibinin əsərini jurnala buraxmayıb. Çünki o, ada yox, əsərə dəyər verirdi. Bəzən, buna görə o adamlarla atam arasında inciklik də yaranırdı.  Məsələn, ədəbiyyat aləmində nasir kimi yüksək nüfuzu olan bir nəfər  atama jurnalda çap etmək üçün şeir vermişdi. O adam nasir idi, lakin şeir  nümunəsi təqdim etmişdi ki, onu da atam bəyənməmişdi. Demişdi ki, siz elə nasir olaraq, nəsr əsərləri yazsanız daha yaxşı olar. Atamın bu qətiyyəti sonradan onun ziyanına işləmişdi. Çünki baş redaktorun əvəzləyicisi kimi üç ay işləmişdi, dördüncü ay isə artıq jurnala baş redaktor kimi keçməli imiş. Amma həmin insanın şeirini verməməsi buna mane oldu.  Heç kəs onun qarşısını kəsmirdi. Həmin şeiri asanlıqla jurnala verə bilərdi. Amma onun üçün əsas olan bədii göstərici idi.

 

Futbol həvəskarları

 

-Atam güclü futbol həvəskarı idi. Onun bu xüsusiyyəti bizə də keçib. O vaxtı “Neftçi”nin Tofiq Bəhramov adın Stadionundakı bütün oyunlarını izləyirdim. Amma vaxt-vədə yetişdi, mənim universitet imtahanlarıma az zaman qaldı. Kimya-biologiya təmayüllü məktəbdə iki il oxumuşdum. İki ildə yığdıqlarımı bir gündə tətbiq etməli idim. Həmin ərəfədə də atam mənə elə bir söz demişdi ki, ondan sonra bütün günü kitabların içində qalası oldum. Atam o vaxtı mənə demişdi ki, əgər çox yaşamağımı istəyirsənsə, universitetə qəbul olunmalısan. O, elə-belə söz deməzdi. İmtahandan kəsiləndən sonrakı psixoloji durumu, onda yaradacaq gərginliyi- hər şeyi hesablamışdı. Onun bu sözünə görə  başımı kitablardan ayırmadım. Deyirdim, nə olursa olsun, mütləq universitetə qəbul olunmalıyam.

İmtahandan bir gün əvvəl idi. Bütün zehnimi, diqqətimi son dəfə kitablara verirdim. Birdən atam gəlib dedi ki, “bu gün yaxşı futbol var, “Neftçi” oynayır, iki bilet almışam, gedək baxaq”. Təəccübləndim, imtahana cəmi bircə gün qalıb, atam da futbola dəvət edir. Getdik və bu mənə psixoloji cəhətdən çox kömək etdi. Çünki o, çox dərin adam idi. Hansı hərəkəti nə zaman etməli olduğunu yaxşı bilirdi....

 

Amansız xəstəlik

-Atam cəmi 18 günün içində dünyasını dəyişdi. Onda pis xəstəlik aşkarlandı - beyin şişi. O, uzunömürlü nəslin nümayəndəsi idi, hər gün idman edirdi, özünü qoruyurdu. Yalnız Qarabağ boyda bir faciə onu 18 günün içində dünyadan apara bilərdi.

Özünə, sağlamlığına kifayət qədər diqqət edən adam idi. Ayrıca stəkanı vardı ki, hara getsə, ondan istifadə edərdi. Hər gün səhər saatlarında idmanla məşğul olardı. Amma Qarabağ hadisələri atma fiziki və mənəvi baxımdan böyük zərbə vurdu. Adicə televizoru belə, izləyə bilmirdik. Deyərdi ki, millət nə haydadır, bunlar nə hayda... Bütün yaşananları, Qarabağ dərdini ürəyindən çıxara bilmirdi. Deyirdim ki, ürəyin axırda dözməyəcək. Və bir gün də məlum oldu ki, atamın beynində xərçəng şişi var və o inanılmaz dərəcədə, kəsilib götürülməyəcək qədər böyüyüb.
Həmin gün hamımız şok olduq. Elə həkimlərin özləri də... Təəccüb edirdilər ki, bu boyda şiş ağrısız, təsirsiz necə böyüyə bilib?!

Bir yaxın həkim kompüter vasitəsilə  bunu dəqiqləşdirdi. Şişi mən də görürdüm, amma inanmaq istəmirdim. Həm də bu mənə hələlik çatmırdı. Amma sonradan həmin həkim tanışımızın gizlicə ağladığını görəndə mənə hər şey məlum oldu.

İndi də xatırlayıram... Şənbə günü idi. Birinci gün yenə də başqa həkimlərin baxışı olmalı idi. Həmin gün evə gəldik. Anam, bacı-qardaşım və yaxın qohumlarımıza heç nə demədik. Atamın sağalmaz xəstəliyini ilk mən bildim və  birinci günə qədər nə çəkdim, bunu bir Allah bilir... Anam yaxşı nəsə olmadığını anlayırdı, amma yenə də heç nəyi demədim...


Vətənə xərclənən ürək

-Onun kimi vətənpərvər insan görmədim. Atam uzun illər idi ki, siqareti tərgitmişdi. Amma Qarabağ hadisələrindən sonra yenidən çəkməyə başladı. Qarabağ hadisələri-itirilən torpaqlar, məcburi köçkünlərin uğradığı faciə ona pis təsir etmişdi. Uzun müddət şeir yazmadı. O hadisələrdən sonra bizə televizorda konsertə baxmağa icazə vermirdi. Ancaq evdə olmayanda nəyəsə baxardıq, evə gəldisə, şən proqramları izləməyimiz mümkün deyildi. Dostları ilə söhbətdə hər zaman deyirdi ki, şeir yazmaq həvəsi içində ölüb.
Ömrünün son illərində demək olar, heç şeir yazmadı. Təəccüb edirdim, çünki “Yaradıcılıq evləri”nə 25 günlük ezamiyyətə gedəndə az qala, bir kitablıq şeirlə qayıdırdı. Amma Qarabağ hadisələri başlayandan 6 il ərzində demək olar, bir şeir də yazmadı. O hadisələrdən sonra toylara özü getməzdi, pul yollayardı. Nadir hallarda gedəndə də əsəbiləşərdi. İnsanların heç nə olmamış kimi şadyanalıq etməsini, çalıb-oynamasını qəbul edə bilmirdi.

Ömrünün son illərində bir kostyum tikdirmişdi. Onu bircə dəfə də əyninə geymədi. Nə qədər desək də, olmadı. Deyirdi, hansı günümə geyinim, torpaqlarımızmı qayıdıb?

 

Sonuncu gün...

-Bir müddət xəstəxanada qalsa da, sonradan evə buraxdılar. Artıq son günlər idi. Heç əməliyyata da lüzum görmədilər. Mənlə əmim oğlu həkimlə danışmışdıq. O zaman həkim bizə bildirmişdi ki, əməliyyatın heç bir faydası olmayacaq... Beləcə, son günlərini yaşayırdı atam...

Şeirlərində də, gündəliyində də hər zaman Gürcüstandakı kəndimizdə dəfn olunmaq arzusunu dilə gətirmişdi. Son günlərində Gürcüstana getdik. Kəndimizə az  qalmışdı. Sonuncu təpəni keçəndə şiddətli yağış yağdı. Atam hər zaman sağalmaq üçün getdiyi kəndə bu dəfə ölmək üçün yollanırdı. Bədiiyyat adamı deyiləm, amma o zaman mənə elə gəldi ki, bu yağışlar məhz atam üçün Göylərin tökdüyü göz yaşıdır...

 



E.Nazimoğlu

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir