Modern.az

Mətbuat Şurası şikayətlərə baxdı

Mətbuat Şurası şikayətlərə baxdı

Aktual

28 Fevral 2017, 16:12

Bu gün Azərbaycan Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyası iclasını keçirib. MŞ sədrinin müavini, Jurnalistlərin Həmkarlar İttifaqının (JUHİ) rəhbəri Müşfiq Ələsgərlinin başçılıq etdiyi komissiyanın üzvləri 5 müraciətə baxaraq müvafiq rəylər qəbul ediblər.

 Bu haqda Modern.az-a Mətbuat Şurasından bildirilib.

Öncə Bakı Biznes Universitetinin «xalqxeber.az» saytı barədə şikayəti araşdırılıb. Komissiya tərəfləri dinləyərək rəyə gəlib ki, narazılıq doğuran yazılarda etik prinsiplərin bir sıra tələbləri pozulub. Saytın baş redaktoru Peyman Sadıqov iradlarla razılaşaraq həmin materialların kütləvi informasiya vasitəsindən götürüldüyünü deyib. O həmçinin komissiyanın təkzib verilməsi barədə tövsiyəsinə də əməl edəcəyini bildirib.

 

Bakı şəhər sakini Natavan Məmmədovanın «Zəfər qalası» qəzetində onun haqqında gedən yazıda şərəf və ləyaqətinin təhqirinə yönələn fikir və ifadələrin, həqiqəti əks etdirməyən məlumatların yer alması barədə şikayətinin müzakirəsində qənaətə gəlinib ki, bütün bunlar ilk növbədə balans prinsipinin tələblərinin gözlənilməməsindən, qarşı tərəfin mövqeyinə aydınlıq gətirilməməsindən qaynaqlanıb. Ona görə də bu mətbu orqana qarşı tərəfdən üzr istənilməsi, təkzib verilməsi tövsiyə olunub.

 

«Altes Qrup» MMC-nin və «Avromed» QTSC-nin bir sıra saytlarla bağlı müraciətləri araşdırılarkən iki məqama diqqət yetirilib. Qeyd edilib ki, hər iki qurumun şikayətinə səbəb məlumatlarda balans prinsipinin tələbləri açıq-aşkar pozulub. Lakin muraciətlərdə  həmin materialları yayımlayan ən azı 10-15 saytın adı çəkilib ki, bu da konkret olaraq cavabdehliyin kimin üzərinə düşdüyünün müəyyənləşdirməsinə çətinliklər yaradıb.  Komissiya Mətbuat Şurasına müraciət etmək istəyən hər bir şəxsə və quruma həmin amili  nəzərə almalarını tövsiyə edib.

 

«Legion» İnformasiya Agentliyinin müraciətinə baxılarkən bildirilib ki, məsələ eyni zamanda hüquqi müstəvidə araşdırılmaqdadır. MŞ-nin «Mətbuat Şurasına şikayətlərin verilməsi və onlara baxılma qaydaları»nda isə göstərilir ki, məsələyə məhkəmədə baxılıbsa  və yaxud həmin iş üzrə hüquq-mühafizə orqanları tərəfindən təhqiqat aparılırsa Mətbuat Şurası şikayəti müzakirəyə çıxartmır. 

 

Modern.az

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü