Modern.az

“Düşünürəm ki, Nobel almalıyam” - MÜSAHİBƏ

“Düşünürəm ki, Nobel almalıyam” - MÜSAHİBƏ

Ədəbi̇yyat

28 Fevral 2017, 16:12

Heç kim uğur nərdivanına əlləri cibində qalxmayıb.Demək ki, istənilən sahədə uğur qazanmaq üçün müəyyən yoxuşu qalxmaq lazımdır. Bəs, o yolda büdrəmədən "mənzilbaşı"na çatmaq üçün hansı "yol ehtiyatı"mız olmalıdır?

Bugünkü müsahibimiz, Azərbaycanın ilk şəxsi inkişaf saytı olan innovasiya.com platformasının qurucusu, Baku Development Club beynəlxalq təlim mərkəzinin həmtəsisçisi, Azercell-Barama mərkəzində layihə rəhbəri və "Extreme" MMC-də media və event sahəsi üzrə baş menecer Fərid Məhərrəmli bu mövzuda öz bilgilərini bizimlə bölüşəcək.

- Fərid bəy, səhv etmirəmsə, Qazaxda doğulmusunuz. Rayonda təhsil imkanları şəhərdəki kimi geniş olmur. Məktəb illəriniz haqda nə deyə bilərsiniz?

- Belə deyim də, Bakıya ən uzaq rayonda doğulmuşam. 18 yaşıma qədər heç vaxt Bakıya gəlməmişəm. Heç vaxt böyük xəyallarım da olmayıb. Çünki kənd yerlərində təhsil həddindən çox zəif olur. Universitetə daxil olmaqla həyatım dəyişdi. Əslində, universitetə girmək kimi bir xəyalım da yox idi. Beşinci sinifdə oxuyarkən bəlkə bilərsiniz, kənd yerlərində neft sobaları olur və növbə ilə sinifdə hər gün birimiz o sobanı yandırardıq. Bir gün sobanı yandırmaq mənim növbəm idi və yandıranda soba partladı, bütün üst-başım neftə bulaşdı, sinfi iy-tüstü bürüdü və müəllim dərs keçə bilmədi. Çox pis oldum, çünki insanlar qarşısında zəif görünməyi heç vaxt sevməmişəm. Həmin vaxt müəllim - dil-ədəbiyyat müəllimim, hansı ki, çox sevdiyim və mənə görə çox böyük bir insandır - gəldi əlini çiynimə qoydu və dedi ki, bu sənin günahın deyil. Dedim, necə yəni mənim günahım deyil? Dedi ki, hər kəs bir yerdə doğulur, bunu seçmək şansımız yoxdur, amma həyatını dəyişmək sənin öz əlindədir. Bakıdakı ən yaxşı universitetlərdən birinə ödənişsiz qəbul olunsan, bu sənin həyatını dəyişəcək.
O gün o söz mənə çox təsir etdi və mən sonradan universitetə qəbul olundum. Bəlkə də universitet oxumasaydım, indi kənddə ailəli, uşaqları, ferması, “vilisi” olan bir adam idim nəinki, təhsil sektorunda inkişaf etmiş biri. Amma onu da deyim ki, universitet mənə daha böyük motivasiya oldu və mən dayanmadım. Beynəlxalq layihələrə, QHT-yə qoşuldum və dolu-dolu bir tələbəlik yaşadım. Düzdür, gözlədiyim tələbəlik bu deyildi, universitetə gələndə başa düşdüm ki, bura Harvard, bura Oksford deyil və başladım özüm-özümü inkişaf elətdirməyə. Mənə görə insanin ən böyük tərbiyəsi özünü yetişdirməkdir.


- Ali məktəbə neçə balla qəbul olunmusunuz?


- 450 balla İqtisad Universitetinə qəbul olundum.İqtisad həmişə sevdiyim universitet olub. Universitetə qəbul olunmaq hekayəm də fərqli olub. Hazirliq müddətində 290-300 balı keçməyən bir insan qəbulda 450 bal yığanda həm valideynlərim, həm də müəllimlərim şok olmuşdu. İnsanlara sürpriz etməyi sevirəm. Onlara zəifsən deyib, güclü tərəflərini göstərməyi sevirəm.


- Qəbulda toplanmış yüksək bal "peşəkar kadr" termininin göstəricisi ola bilər ?


- Yaxşı bal sizin yaxşı hazırlaşdığınızın göstəricisidir. Amma bu, heç də həmişə sizin yaxşı karyera quracağınızın göstəricisi ola bilməz. Düzdür, bunun təsirləri var, amma bu gün karyerasını qurmuş onlarla universitet məzunu olmayan və ya universitetə aşağı balla daxil olmuş uğurlu insanlar var. Bu bir az fərqli yanaşmadır. Düzdür, siz akademik olmaq istəyirsinizsə, tutaq ki, fizika sahəsində sizin yığacağınız bal əhəmiyyət daşıyır. Amma siz biznesmen olacaqsınızsa, burda biliklə bərabər şəxsi təcrübə, bacarıq deyilən amillər daha vacibdir. Çox təəssüf olsun ki, bu gün Azərbaycanda ali məktəb imtahanları abituriyentlərin bilik və bacarıqları, intellekt səviyyələrindən daha çox əzbərləmə və göz yaddaşının göstəricisidir.


- İxtisas seçimində sərbəst olmusunuz, yoxsa valideynləriniz tövsiyə ediblər?


- Ümumiyyətlə, sərbəst insanam. Bu qədər irəliləməyimin səbəbi sərbəst olmağımdır. Bir söz var, mən o sözü uşaq vaxtı eşitmişdim, deyirlər: başqalarının doğruları ilə yaşamaqdansa, özümün səhvlərimlə ölməyi üstün tutaram.
Yəni mən hər zaman öz səhvlərimlə hesablaşmağı üstün tutmuşam. Hər zaman özüm vermişəm qərarlarımı. Valideynlərim sağ olsunlar, həmişə qərarlarıma hörmətlə yanaşıblar. Bir də mən valudeynlərimi inandira bilmişəm. Bəzən deyirlər, ailədə valideynlər imkan vermirlər övladlar sərbəst olsun. Mənə elə gəlir ki, problemin bir tərəfi də övladlardadır. Övladlar özlərini inandira bilmirlər ki, şəxsiyyətdirlər. Siz əgər öz valideyninizi inandıra bilsəniz ki, həqiqətən də şəxsiyyətsiniz, valideynləriniz sizə sərbəstlik verəcək. Bəlkə də mən şanslıyam bu barədə, çünki valideynlərin çox loyal insanlardır və mənim də onlara özümü şəxsiyyət kimi göstərmək iddiam olub. Nəticədə qarşılıqlı anlaşmışıq. İxtisasımı da, universitetimi də özüm seçmişəm. Ümumiyyətlə, həyatımda özümlə bağlı olan hər bir şeyi özüm seçmişəm.

-.Oxuduğunuz ali məktəbin təhsil səviyyəsi sizi qane edirdi?

- Məni çox şey qane eləmir. Həyatda qane olacağım şeylər yoxdur. Düşünürəm ki, insan qane olsa, o biraz sadəlövh, təcrübəsiz və araşdırmasız olacaq. Səmimi deyirəm, universitet məni qane etməyib. Əgər qane etsəydi, gənc yaşımda bizneslə maraqlanmazdım, fərqli layihələrə qoşulmazdım, fərqli QHT-lərdə çalışmazdım. Mənim tələbəlik illərim layihələrdə, QHT-lərdə, biznes mərkəzlərində keçib. Ona görə də deməzdim ki, qane edib, xeyr, qane etməyib.


- Tələbə olduğunuz dövrlərdə nə kimi çətinlikləriniz olub, istər maddi, istərsə də mənəvi?


- Maddi cəhətdən mən gəlirlərini və xərclərini tənzimləyə bilən insanam. Belə desək, əsl ekonomist tipim var. Bir az ailədən, bir az da qohumlardan dəstək almışam və nəticədə maddi sıxıntılarım heç vaxt olmayıb. Mənəvi sıxıntıya gəldikdə isə qrup yoldaşlarım və universitet ortamı məni hər zaman çox sıxıb. Nəyə görə sıxıb? Çünki sabahını düşünməyən, bu gününü yaşayan insanlarla bir ortamda olmuşam çox təəssüf ki. Ən böyük məqsədləri ali məktəbi bitirdikdən sonra əsgərlikdən gəlib, aya beş yüz manat maaşa bankda işə düzəlib ailə-uşaq sahibi olmağı düşünən insanlardan ibarət olub ətrafım. Mənə görə insan böyük iddiaların sahibi olmalıdır. Bu səbəbdən o ortam məni sıxıb və həmişə də onlardan uzaqlaşmışam. Dörd illik tələbəlik həyatımda yalnız bir insanla salam-sağolum var, qalan heç biri ilə əlaqəm yoxdur. Mən faydalı insanların tərəfindəyəm, ağıllı insanların tərəfindəyəm. Məğlub olmuş və batmış insanlarla bir ortamı bölüşməyi zamanıma və şəxsiyyətimə hörmətsizlik kimi sayıram.


- Maddiyyat uğur qazanmağa necə təsir edir?


- Maddiyyat uğur qazanmağa hər iki mənada təsir edir. Siz şanslı insansınız ki, sizin atanız milyonçudur və siz biznesmen ola bilərsiniz və yaxud da olmaya bilərsiniz. Amma heç də şərt deyil maddiyyatın olması. Mənim biznesə ilk addımım innovasiya.com saytından başlayır. Əslində bir saytı yığmaq üçün 5 min manatdan çox pul lazımdır normalda. Amma mən o saytı sırf, qazandığım insanlarla və çevrəylə qurmuşdum. Mənə görə uğurlu insanlar iki tip olur-pulu olan və imkanı olanlar. Pulu olan insan o deməkdir ki, sizin pulunuz var, amma bu bir riskdir. Sabah sizin pulunuz oğurlana bilər, bata bilər, yana bilər və s. İmkanı olan insan odur ki, onun ətrafı var, əlaqələri var. Mən pul qazanmaqdan daha çox ətraf qazanmağın tərəfdarıyam. İlk qurduğumuz layihədə də elə olmuşdu. Bir dostum saytı qurdu, digər dostum loqo yığdı, başqa dostum mətn yazdı və nəticədə biz artıq 2 ildir fəaliyyət göstərən layihəni qurduq. Və o vaxta görə biz Azərbaycanın ilk şəxsi inkişaf saytını qurmuşduq.


- Müvəffəq olmaq üçün mütləq hədəf təyin etmək lazımdır. İlk hədəfə aldığınız və uğurla həyata keçirdiyiniz məqsədiniz hansı olub?


- Mən hədəfləri iki hissəyə bölürəm - qısa və uzunmüddətli hədəflərim var. Hər il başlayanda öz qarşıma 3 hədəf qoyuram və çalışıram ki, ilin sonuna kimi bunları reallaşdırım.
Hədəflərin içində ən uğurlu olanı innovasiya.com saytı idi, ilk qurduğumuz, sonra böyük bir treninq mərkəzi açdıq komandamızla birlikdə. Son zamanlarınsa, ən uğurlu olanı mən hələ universiteti bitirərkən bir şirkət və ya agentlik sahibi olmağı düşünürdüm və nəticədə buna nail ola bildim. Hal-hazırda "Azercell-Barama"nın rəsmi tərəfdaşıyam, bu ofisdə otururuq gördüyünüz kimi. Sayı 5-dən çox saytımız var və hal-hazırda bütün ölkəni əhatə eləyə biləcək idarəetmə layihəsi olan myevent.az layihəmiz var. Dəyəri 50 minin üzərində olan bir layihədir, onu işləyirik.



-  Şans və şanssızlıq, uğurda bu iki terminə yer var?


- Var, var. Həyatda heç  vaxt şansım olmayıb və nə qazanmışamsa, eşələnərək, cırmaqlayaraq qazanmışam. Amma şanslı insanlara da xüsusi bir simpatiyam və qıcığım var. Qıcıqlanıram ki, mənim əziyyətlə gəldiyim bu boyda yolu o, asan bir şansla gəlib. Amma bir şeyi unutmuram ki, şansla əldə edilən uğurlar dəyərli olmur. İnsanın əzab çəkdiyi şeylər onun üçün daha dəyərli olur. Ona görə də deyirəm ki, yaxşı ki, şanssız insanam. Hər kəs şanslı olmağa çalışır, amma mən tam əksinə sevinirəm ki, şanssızam.


- Bryus Li deyirdi ki, "Şərtlər cəhənnəm olsun, mən imkanlar yaradıram". Amma bəzən şərtlər çox amansız olur, yeni imkanlar yaratmaq üçün şərtlərə necə qalib gəlmək olar?


- Mənim həyat sloqanım var - mübarizə davam edir, nəticə nə olursa, olsun. Eynən, şərtlər nə olursa, olsun mübarizə davam edir. Şərtlər nə olursa olsun, insan imkanlar yaradır. Sadəcə insan plastilin kimi olmalıdır, qarşısında gördüyü ortama uyğunlaşmalıdır. Mənim özümdə bəyəndiyim ən gözəl cəhətim odur ki, heç vaxt depressiyaya düşmürəm, düşə bilmirəm. Nəticə olaraq da həmişə o şərtlərə uyğunlaşıram. Qarşımdakı insanlarla da elə danışıram. Heç vaxt sərt və əyilməyən bir tipim yoxdur və belə olmaq məni o şərtlərdən xilas edir. Şərtlər onların həll edilməsi üçündür və düşünürəm ki, bütün şərtlər daxilində imkanlar yaratmaq mümkündür. Düzdür bəzən şərtlər amansız olur, razıyam.


- Karyera yolunda motivasiya hansı əhəmiyyətə malikdir?


- Motivasiya bilirsiniz nəyə bənzəyir? Siz yol gedirsiniz, maşınınızın benzini azdır  və sürətinizi artırmaq üçün mütləq və mütləq şəkildə maşına benzin vurmalısınız. Motivasiya mənə görə bir benzindir və ona mütləq ehtiyac var. Amma önəmli olan odur ki, siz nədən motivasiya alırsınız. Çox təəssüf ki, indiki gənclərin motivadiyası ötəri olur. El arasında desək, bu gün qaza gəlirlər, sabah o motivasiya düşür aşağı. Motivasiya biraz çətinlik görən kimi dəyərini itirməməlidir, insanın hər zaman özünü inandıracağı və ümidləndirəcəyi bir motivasiyası olmalıdır. Yolun sonunda böyük bir ödül var deməsi belə, insan üçün böyük bir motivasiyadır.

-Mövzusundan asılı olmayaraq, təlimlərdə iştirakçılara ən çox nəyi tövsiyyə edirsiz?


- Ümumiyyətlə təlimçilik fəaliyyətim çox erkən başladı. Hardasa 2013-dən. İnsanların dediyinə görə yaxşı danışma qabiliyyətim və insanlarla ünsiyyət qurma bacarığım var. Bunu mən auditoriyalara daşıdım. İnsanlara hər zaman deyəcəyim bir söz var: bütün imkanları, bütün vəziyyətləri, bütün şərtləri siz özünüz dəyişirsiniz. Bunan inanın ki, hər şey sizin əlinizdədir və sizdən başqa heç nə yoxdur. İnsan özü bir həyatdır çünki. Hər kəs özünü yaşamalıdır. Düzdür, Bakı yeganə şəhərdir ki, burda hamı özündən başqa hər kəsi yaşayır. Düşünün ki, siz bir daşsınız və burda bir abidə yaratmalısınız. O abidənin nə qədər əzəmətli olması sizdən asılıdır. İnsan özünü yonmağı bacarmalıdır, insanı özünü formaya sala bilməlidir. İnsanlara hər zaman deyəcəyim və təklif edəcəyim budur.



- Bu gün təlimə və əlavə informasiya mübadiləsinə bölgədəki vətəndaşların daha çox ehtiyacı var. Bölgələrdə təlim keçmək kimi planlarınız varmı?


- İki il bundan əvvələ baxsaq, daha çox bölgələrə gedirdim. Gəncə, Şəmkir, Lənkəran, Biləsuvar, Cəlilabad və başqa bölgələrdə olmuşam. Amma hal-hazırda xüsusi olaraq yalnız Suraxanı rayonunda məktəblərlə işləyirəm. Səmimi deyim ki, işlırim çoxalıb və zamanım qısalıb deyə, gedə bilmirəm. Amma dəvət olunanda, təklif gəldikdə və insanlara maraqlı olduqda bacardıqca gedib onlara məlumat ötürürəm. Amma deyim ki, imkanlar və işlər çoxaldıqca zaman daralır. Bu səbbdən təlim sektorundan biraz kənarlaşmışam.


- Gələk bioqrafiyanıza - Nobel sülh mükafatına namizəd müəllim. Bu yəqin ki, ən böyük hədəfinizdir?


- Əslində ən böyük məqsədim Nobel deyil, ən böyük məqsədim təhsildən məhrum edilmiş insanlara töhfə verməkdir. Sadəcə bu töhfəni ölçmək üçün düşünürəm ki, Nobel almalıyam. Əgər həqiqətən də bəşəriyyət üçün böyük bir təhsil işi görsəm, o zaman mənə Nobel verəcəklər. Amma təbii ki, versələr də, verməsələr də mən təhsilin inkişafı üçün əlimdən gələni etməkdə dayanmayacam. Sadəcə Nobel bu işin nəticəsidir. Düşünürəm ki, insan həyatı bitki kimi olmamalıdır. Doğuluruq, yaşayırıq, yeyirik-içirik, törəyirik və ölürük. Bu mənə görə bitki həyatıdır və insanın mütləq məqsədləri olmalıdır. Nobel mükafatı almaqda da məqsəd var, amma onunçu  hələ uzun illər var. O bugünün hədəfi deyil. O onilliyin, iyirmi illiyin hədəfidir. Ümid edirəm ki, ala bilərəm, amma ala bilməsəm də üzülməyəcəyəm.


- Günümüzün aktual problemi - işsizlik və mümkün bütün vakansiyalarda mükəmməl dil biliklərinin tələb edilməsi. Buna münadibətiniz?


- Bir dəfə universitetdə demişdim ki, ölkədə işsizlik yoxdur, onda bir müəllimim dedi ki, get özün iş yarat da. O söz mənə təsir elədi və mən iş yaratmağa başladım. İngilis dilim çox da mükəmməl deyil, rus dilim çox zəifdi və bu da təbii ki, bizdə ən çox tələb edilən dillərdir. Amma mənim yanaşma tərzim fərqlidir. İlk növbədə insan öz psixologiyasina fikir verməlidir ki, o işçi olmağı sevir, yoxsa işlətməyi. Məsələn, mən müdür tapşıtığı alıb standart tapşırıq yerinə yetirə bilmirəm, ona görə də öz işimi qurdum. Qaldı ki, dil bilgilərinə bu çox absurd bir şeydir. Təbii ki, ixtisas var ki, orda dil lazımdır, amma Azərbaycanda bu gün bu bir xəstəliyə çevrilib. Peşəkar bir marketolog üçün dil bəlkə də heç lazım deyil, amma beynəlxalq əlaqələr üçün dil çox önəmli faktordur. Amma bu gün Azərbaycanda bu lazımsız bir istəkdir və bu tələblərlə razılaşmıram.


- Ali məktəbi necə bitirmək lazımdır ki, şirkətin vakansiyada qeyd etdiyi - "müvafiq sahə üzrə 3 il iş təcrübəsi" tələbinin qarşısında təcrübəsiz məzunun iddiası qələbə çalsın?


- Bu da vakansiyada tələb olunan ikinci lazımsız bir tələbdir ki, 18 yaşlı adamdan bəzən beş illik təcrübə tələb edirlər. Amma mən çirkətləri inandiran çoxlu insanlar görmüşəm. Şirkətə gedib deyirsiniz ki, siz 3 illik təcrübə istəyirsiniz, amma baxın mənim bu biliyim var, bu bacarığım var, bu araşdırmalarım var. Heç də illah da vacib deyil sizin təcrübənizin olması. Sizin innovativ olmağınız,trendi tutmağınız, gündəmi araşdırmağınız çox önəmlidir. Bir də bir şeyi heç vaxt unutmaq lazım deyil ki,sizin iyirmi ilə qazandığınız təcrübəni bir ilə də qazanmaq mümkündür. Təcrübənin uzun olması onun faydalı olması demək deyil. Bu SSRİ-dən bizə qalmış pis bir xatirədir təəssüf ki.

-İrəli getməyən hər şey geri çəkilməyə məhkumdur. Gələcək planlarınız nələrdir?


- Hazırda Myevent layihəsi edirik. Layihənin məqsədi online eventdir. Azərbaycan üçün nəzərdə tutulub. Layihə Azərbaycanda uğurlu olduqdan sonra Gürcüstan, Montenegro, Moldova kimi ölkələrə yayımlamağı düşünürəm. Əsas məqsədim böyük bir qlobala çıxaracaq şirkətin olmasıdır. Dijital sahədə yaxşı bir investor olmağı düşünürəm. Amma hazırda əsas məqsədim bu layihəni uğurla həyata keçirməkdir. Bunun eçün magistr təhsilimi də ertələmişəm. Bir şeyi istəyirsinizsə, mütləq başqa şeylərdən vaz keçməlisiniz. Layihə çox ağırdır, yuxu rejimindən vaz keçmişəm, əyləncədən vaz keçmişəm. Bu gün valideynlərimlə bir şəhərdə yaşasaq belə, bəzən bir həftə görüşə bilmirəm işlərin çoxluğundan. Hələ ki bu layihənin uğurla başa çatdırılmasına fokuslanmışam. Amma təbii ki, Azərbaycanı dünyada tanıdacaq bir Start.up başında gəlmək ən böyük məqsədlərimdən biridir.


- Sonda, dahilərlə bir sırada durmağı hədəfə almış böyük ürəkli insan gənclərə stimul verəcək nə sözlər deyə bilər?


- Deyəcəyim sözlər, yaşayın, yaradın, dayanmayın, başqalarına çox da inanmayın kimi sözlər ola bilərdi. Amma mənim deyəcəyim sözlər başqadır - hər şey sizdən ibarətdir, bu qədər. Mənə görə dünya mənim ətrafımda fırlanır. Bir dostumun sözü var, heç zaman unutmuram. Deyir, Yer kürəsi fəxr eləsin ki, sən onun üzərində yeriyirsən. İnsan özünü şəxsiyyət etməlidir. Özünə dəyər qatmalıdır. Qoy Yer kürəsi fəxr eləsin ki, siz onun üzərində gəzirsiz, qoy biznesiniz fəxr eləsin ki, siz onun sahibisiniz, qoy Azərbaycan fəxr eləsin ki, siz onun vətəndaşısınız. Siz fəxr etməyin, sizinlə fəxr etsinlər. Mənim yanaşma tərzim budur. Və ən əsası, kənarda olan dırdırlar, səs-küylər və bu kimi şeyləri mute düyməsini basaraq səssizə almaq lazımdır uzun müddətə. Deyəcəklərim bu qədər.


Dünya Muradova

 

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü