Prezident İlham Əliyev “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı haqqında sərəncam imzalayıb. Modern.az xəbər verir ki, sərəncamda bildirilib:
- Azərbaycan Respublikasında gənclər siyasəti gənclərin vətənpərvərlik, azərbaycançılıq, dövlətçilik prinsipləri əsasında Azərbaycan xalqının tarixi-mədəni irsinə, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunması, cəmiyyətin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında gənclərin fəal iştirakının təmin edilməsi, onların intellektual və yaradıcılıq potensialının ümummilli məsələlərin həllinə yönəldilməsi istiqamətində aparılır.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 3-cü bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasında gənclər siyasətini daha da inkişaf etdirmək, gənclərin menecment sahəsində fəal iştirakına şərait yaratmaq, gənc mütəxəssislərin işlə təminatı və digər sosial-iqtisadi problemlərinin həllini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı layihəsinin hazırlanması üçün müvafiq dövlət orqanlarının nümayəndələrindən ibarət işçi qrupunun yaradılmasını 10 gün müddətində təmin etsin.
2. Bu Sərəncamın 1-ci hissəsində qeyd olunan işçi qrupu “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı layihəsinin iki ay müddətində hazırlanıb Azərbaycan Respublikasının Prezidentinə təqdim olunmasını təmin etsin.