Modern.az

Aktiv deputat köməkçiləri özlərinin iş prinsiplərindən danışırlar...

Aktiv deputat köməkçiləri özlərinin iş prinsiplərindən danışırlar...

8 Aprel 2011, 11:54

Modern.az saytının parlement jurnalistləri arasında keçirdiyi “Hansı deputat köməkçilərini tanıyırsınız” sorğunun nəticələrinə əsasən, Azay Quliyevin köməkçisi Şahin Nəbiyev, Qənirə Paşayevanın köməkçisi Elnur Qəhrəmanov və Fuad Muradovun köməkçisi Heydər Atayev ən çox adları çəkiən deputat köməkşiləri olublar. Bəs onların iş prinsipləri necədir ki, parlament jurnlasistləri daha çox bu köməkçiləri tanıyırlar? Bunu köməkçilərin özlərindən soruşduq.

“Əgər millət vəkili aktivdirsə, onun köməkçisinin işləməməyə haqqı yoxdur”

Millət vəkili Azay Quliyevin köməkçisi Şahin Nəbiyev bildirib ki, Modern.az saytının parlament jurnalistləri arasında keçirdiyi sorğuda onun ən fəal deputat köməkçilərindən biri kimi tanınması, əslində, bir sıra səbəblərlə bağlıdır. Onun sözlərinə görə, başlıca səbəblərdən biri deputat köməkçisi olaraq parlamentin iclaslarında iştirak etməsi və mütəmadi şəkildə jurnalistlərlə təmasda olmasıdır. Bununla yanaşı, Ş.Nəbiyev qeyd edib ki, jurnalistlərin tanımadığı kifayət qədər deputat köməkçisi var ki, onlar öz regionlarında yetərincə fəaldırlar.
“Biz jurnalistlərlə tez-tez parlamentdə görüşürük. Mən hesab edirəm ki, sorğuda iştirak edən jurnalistlər tərəfindən fəal deputat köməkçi kimi göstərilən insanlar QHT sektoru ilə sırf bağlı olanlardır. Çünki onlarım təmsil etdikləri deputatlar da QHT sektorunda tanınmış simalardır.”

Ş.Nəbiyev qeyd edib ki, o, deputat köməkçisi kimi mütəmadi olaraq jurnalistlərlə təmasda olur və bir çox tədbirlərdə təmsil etdiyi deputatla birlikdə iştirak edir. Bu onun həm seçicilər, həm də  media və ictimai qurumların təmsilçiləri arasında tanınmasını şərtləndirir.

“Bizim işimiz daha çox parlamentlə bağlı olduğu üçün ayrı-ayrı media qurumlarının parlament müxbirləri ilə tez-tez görüşürük və onlarla daim ünsiyyətdə oluruq”.


Ş.Nəbiyev bildirib ki, deputat köməkçisi olaraq onun əsas işi seçicilərlə əlaqələrin qurulması və onların problemləri təmsil etdiyi millət vəkilinə çatdırılmasıdır. “Bizim işimiz seçicilərin arzu və təkliflərini, eləcə də onların bəzi problemlərini deputata vaxtında çatdırmaqdan və nəticəni izləməkdən ibarətdir. Çünki bəzi hallarda deputat özü hər bir seçici ilə təmas qura bilmir, biz isə dairə ərazisində seçicilərlə hər zaman əlaqədə və ünsiyyətdəyik. Bu baxımdan biz var gücümüzlə çalışırıq ki, yerlərdə olan problemlər öz həllini tapsın”.

Müsahibimiz qeyd edib ki, Azərbaycanda deputat köməkçisi institutu yaranandan sonra parlamentə gələn seçicilərin və daxil olan şikayətlərin sayı da xeyli azalıb. Ş.Nəbiyev hesab edir ki, köməkçinin tanınması deputat  fəallığı ilə sıx bağlı olan bir məsələdir.

“Əgər deputat aktivdirsə, köməkçinin işləməməyə haqqı yoxdur. Bizim deputatımız necə fəaldırsa, biz də öz işimizlə mütləq ona uyğunlaşmalıyıq”- deyə qeyd edib.

Həmsöhbətimiz digər deputat köməkçiləri ilə USAİD-in “Parlament” proqramı çərçivəsində təşkil etdiyi treninqlərdə görüşdüyünü deyib: “Köməkçilərin mütəmadi olaraq bir-birləri ilə əlaqə saxlamaması fəaliyyətimizdəki əsas boşluqlardan biri kimi xarakterizə edilə bilər. Bəzi deputat köməkçilərlə heç tanış deyilik. Amma köməkçilər üçün keçilən təlimlər fəaliyyətin qurulmasına böyük yardım edir ”.

“Azərbaycanda deputat köməkçisi bir institut olaraq yeni yaransa da, artıq özünü sübut etməyə doğru irəliləyir. Bir zamanlar çoxları köməkçiləri texniki işçi kimi qələmə verməyə çalışırdılar. Lakin zaman keçdikcə  biz özümüzü sübut etmək üçün əlimizdən gələni etdik, çünki bizim hər bir uğurumuz  həm deputatın, həm də parlamentin bizə göstərdiyi etimadı təsdiqidir”- deyə Ş.Nəbiyev əlavə edib.

“Bizim fəal depuat köməkçisi kimi tanınmağımız birbaşa deputatın aktiv fəaliyyəti ilə bağlıdır”

Millət vəkili Qənirə Paşayevanın köməkçisi Elnur Qəhrəmanov jurnalistlər tərəfindən fəal deputat köməkçisi kimi göstərilməsinin səbəbini belə izah edib: “Bilirsiniz ki, Qənirə Paşayeva ən fəal millət vəkillərindəndir. Bizim də fəal olmağımız təbiidir. Biz öz fəaliyyətimizi Qənirə xanımın fəaliyyətinə uyğunlaşdırmalıyıq. Bu baxımdan bizim fəaliyyətimiz də daim fəal olmalıdır. Bunun əsas səbəbi budur”

Jurnalistlərlə daim əlaqədə olduğunu deyən E.Qəhrəmanov bildirib ki, o, deputat köməkçisi olaraq mətbuatla sız əlaqələrə malikdir. “Biz keçirilən tədbirlərlə bağlı jurnalistlərə press-relizlər göndəririk. Onlarla telefon vasitəsi ilə ünsiyyətdə oluruq”.

“Mən deputat köməkçisi kimi daha çox seçicilərlə deputat arasında əlaqənin qurulması, görüşlərin təyin edilməsi, seçici probleminin deputata çatdırılması və s. məsələlərlə məşğul oluram. Qeyd edim ki, seçicilərin problemlərinin həlli istiqamətində imkanlarımız daxilində səylər göstəririk. Bu barədə mütəmadi olaraq millət vəkilinə məlumat verməyə çalışırıq”-deyə E.Qəhrəmanlı qeyd edib.


E.Qəhrəmanov digər köməkçilərlə əlaqədə olduğunu vurğulayıb. O, qeyd edib ki, köməkçilər dahah çox konfrans və treninqlərdə görüşürlər. “Sözün açığı yaxın münasibət qurmaq üçün geniş imkanlar olmur. Amma bir neçə deputat köməkçiləri var ki, bizim onlarla yaxın münasibətlərimiz var. Biz çalışırıq bu görüşlər zamanı daha çox seçicilərlə işin aparılması məsələsi, dairələrdə olan problemlər və mövcud problemlərin həlli metodları ilə bağlı fikir mübadiləsi aparaq”.

“Vətəndaşların problemlərini həll etmək üçüm daim çalışırıq”

Millət vəkili Fuad Muradovun köməkçisi Heydər Atayev Modern.az saytının parlament jurnalistləri arasında keçirdiyi sorğunun təqdir layiq hal olduğunu qeyd edib. Onun sözlərinə görə, bir çox jurnalistin onu fəal deputat köməkçisi olaraq təqdim etməsi heç də təsadüfi deyil.

H.Atayev bildirib ki, digər deputat köməkçiləri ilə müqayisədə onun iş strategiyası fərqlidir: “Biz  köməkçilər seçicilərlə deputat arasında bir növ körpü rolunu oynayırıq. Qeyd edim ki, biz hər hansı seçicinin deputatı daha asan tapması, onunla əlaqə qura bilməsi üçün xüsusi strateji fəaliyyət planı hazırlamışdıq. Biz Fuad müəllimlə bu məsələni müzakirə etdikdən sonra onu parlamentə təqdim etdik. Bu plana əsasən, seçici deputatla görüşmək üçün müraciət edir və təqdim olunan anketi doldurur. O, hansı səbəblə görüşmək istədiyini və problemini bu anketdə qeyd edir. Mən də həftədə bir neçə dəfə gedib həmin ərizələri götürürəm, sonra dərhal müraciətlərə baxmağa başlayırıq. Belə formadan ancaq biz istifadə edirik”.

Deputat köməkçisi seçicilərin problemlərindən hali olmaq üçün mütəmadi olaraq yerlərdə yaradılan məhəllə komitələrinin sədrləri və eləcə də sakinlərlə təmasda olduğunu söyləyib.

“Biz adətən həftədə 4-5 dəfə məhəllə komitələrinin sədrləri, ərazinin ağsaqqalları ilə əlaqə saxlayırıq. Onların təkliflərini, istəklərini yerində dinlədikdən sonra bu haqda Fuad müəllimə məlumat verirəm. Bundan sonra Fuad müəllim əraziyə gedir, vətəndaşların problemlərinin həlli istiqamətində tədbirlər görür. Əlbəttə, jurnalistlər  bunların şahidi olurlar. Qeyd edim ki, biz mütəmadi olaraq dairəmizdə yaşayan imkansız ailələrin, əlillərin, kimsəsizlərin siyahısını tərtib edirik, onlarla görüşüb, əlimizdən dələn köməkliyi göstəririk”-deyə H.Atayev əlavə edib.


H.Atayevin sözlərinə görə, onlar “Facebook” sosial şəbəkəsi vasitəsiylə də seçicilərin müraciətlərinə baxırlar. “Bizim saytımız da fəaliyyət göstərir. Hansı ki, biz ərazidə olarkən işdə olan vətəndaşlarla əlaqə qurmaq üçün internet resurslarından istifadə edirik. Onlar məhz bu vasitə ilə bizimlə də əlaqə yarada bilərlər”.

Anar RÜSTƏMOV

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü