Modern.az

Cəbiş müəllim, Mustafa müəllim və mənim atam

Cəbiş müəllim, Mustafa müəllim və mənim atam

8 Aprel 2011, 17:08

«Bizim Cəbiş müəllim», «Həm ziyarət, həm ticarət» filmləri və mənim atam…  Bu filmlərə baxanda gözümün  önünə atam  gəlir. Cəbiş müəllimin öz sənətinə olan vurğunluğu, fərqli dünyanın adamı olan  arvadına göstərdiyi tərsəməssəb  tərsliyi … boğazından müəllim maaşından savayı başqa  qazanc  keçməyən Mustafa müəllimin sadəlövhlüyü və bunların ortasında… mənim  atam.  Cəbiş müəllim, Mustafa müəllim və mənim atam…

Yox,  Cəbiş müəllimin yumşaqlığından, Mustafa müəllimin həyalı utancaqlığından mənim atamda əsər-əlamət tapa bilməzsən. Kişi həmişə ötkəm, sözünü kəsəsinə deyən,  hər işin axırınadək gedən qorxusuz bir adamdır. Hələ deyərdim, bir az da davakardır… 

Bir-biriylə oxşar və fərqli cəhətləri olan bu üç insan tipini birləşdirən bir ana xətt var - halallıq, sənətinə olan ali hörmət və sədaqət…

Mən  müəllim çörəyi ilə böyümüşəm.  Atam öz müəllim  maaşı ilə  dörd uşağını müəyyən yaşa qədər çatdırıb. Kənddəki qohumlardan gələn pay-pürüşü nəzərə almasaq, evə real qazancı yalnız atam gətirirdi.  Aydın məsələdir ki, bu da sovet  müəlliminin maaşı idi. Bu maaşa yemək də, əyin-baş da ödənilirdi, evə lazım olan avadanlıq da alınırdı. Hətta  aramızda musiqi, idmanla məşğul olanımız da var idi. Pianino istəyənə pianino, tar istəyənə tar, kimano istəyənə kimano ala bilmişdilər. Üstəlik, müəllim uşağı olmağın hörməti də öz yerində.

İllər keçdi, 4 uşaq böyüdü və evdən 4 tərəfə yol ayrıldı. Hərə öz yolunu seçdi.

O vaxtdan bu vaxta çox şey dəyişdi - quruluş da, hakimiyyətlər də,  münasibətlər də, elə biz də…

Dəyişməyən tək bir şeydir - atam yenə də 40 il bundan əvvəlki məktəbdə müəllim işləyir. Mənim yaşımdan da artıq iş təcrübəsi olan atamın müəllim  maaşından, şükür ki, daha heç birimiz asılı deyilik, özü də lap çoxdan…

İndi mən də  müəllim maaşı alıram. Özü də atamın aldığı sıravi müəllim maaşı yox, hələ bir pillə də yuxarı.  Maaşımın qədərini deyərdim, amma demirəm -  hər dəfə bu rəqəmi xatırlayanda özümə və tələbələrimə olan münasibətim  azalan xətlə  bir az da dəyişir. 

Bir onu deyə bilərəm ki, sıravi müəllim maaşı ilə dörd uşağı məktəbə yola salan atanın müəllim qızının universitet maaşı

1-ci sinfə gedən 6 yaşlı qızının  tələblərini ödəmir. Onun əyləncələrini, əlavə  məşğələlərini hesaba qatmıram. Müəllim maaşım  1-ci sinif uşağına lazım olan dərs ləvazimatlarının,  hər  gün çantasına qoyduğu yeməyin üst-üstə  aylıq  xərcinə çatmır. Hərdən özüm də çaşıb qalıram. Atamın  maaşı  yuxarı-aşağı siniflərdə oxuyan 4 məktəbliyə necə bəs eləyirmiş?  

Hər  həftənin  bir günü atama baş çəkirəm. Hər dəfə də kitabla, yazıyla, dəftər-qələmlə görürəm onu. Həyatı boyu içki, siqaret kimi heç bir zərərli vərdişi olmadığındanmı, yoxsa içindəki enerji və ya son dərəcə nikbinliyi hesabınamı, bilmirəm,  amma hər nədəndirsə, yaşı yetmişi ötən atamın səhhətindən bu gün də heç bir şikayəti yoxdur. Kişi kişi kimi sözünün üstündə durub - mən özümü tanıyandan onun dərman atdığını, iynə vurdurduğunu görməmişəm. Şükür ki, indi də belədir.

Həftədə bir dəfə olan görüşlərimdə hal-əhvalla bağlı suallardan başqa ondan ciddi məsələlər barədə nəsə soruşmağa o qədər də meyilli deyiləm. Ondakı 40 illik peşə xəstəliyi olan əhatəli danışmaq,  məndəki vaxt qıtlığı və yorğunluq  buna imkan vermir. Amma bu dəfə soruşdum. Yuxarıda özümün cavab tapmadığım  sualları ona verdim. Ömründə  heç nədən şikayət eləməyən, nikbinliyinə görə həmişə qibtə elədiyim atam  bu dəfə də özünü o yerə qoymadı. Ordan-burdan, dünyadan, zəmanədən, qiymətlərdən, bahalıqdan, elmdən-texnikadan, təzə dərs vəsaitlərdən, proqramlardan… və sairə və ilaxıra çox danışdı. Axırda da dedi ki, bəs o vaxt məni bu sənətdə saxlayan başlıca amil müəllim adına olan böyük hörmət, ehtiram olub.  O vaxt müəllimin özü ağırlığında hörməti var idi - bu isə maaşdan da vacib idi. Məlum oldu ki, atam indi hər şeydən çox onun xiffətini çəkir.  Kişinin sözlərinə görə, ona görədir mənəviyyat adamı olan müəllimlər bu maddiyyat dünyasında özlərinə heç cür yer tapa bilmirlər. Daha soruşmadım ki, axı hamıya bəlli olan səbəblərdən özü bədbinliyə qapılan müəllim tələbəsinə  nikbin olmağı necə öyrədə bilər?

Bu söhbət hardan yadıma düşdü - deyim sizə. Dünən oxuyuram ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin qəzeti müəllimlərin  psixoloji durumunu öyrənmək üçün testlər keçirib. Nəticədə bəlli olub ki, hətta ən yüksək bal toplayanlar arasında belə bəzən bədbinliyə qapılanlar var. 

Kişini sındırmamaq üçün demədiyim sözləri bu dəfə heç cür içimdə saxlaya bilmərəm. Təqaüdü və uşaqlarının köməyi olmasa, bir dəst kostyuma çatmayan müəllim maaşını guya özünə dərd eləmədiyini mənə göstərən atamı qoyuram bir tərəfə. Bu cür həyat şərtlərinə, bu cür güzərana, bu cür hörmətə və ya hörmətsizliyə məruz qalan müəllimlər bununla belə, həm də nikbin olmalıdırlarsa, onda, bağışlayın, cənablar, burda iki tərəfdən birinin, doğrudan da, çox ciddi psixoloji problemi var...

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü