Modern.az

Azərbaycan-İran münasibətlərində media faktoru

Azərbaycan-İran münasibətlərində media faktoru

11 Aprel 2011, 17:57

Bir neçə gün öncə İran İslam Respublikası Prezidentinin müşaviri, İranın İRNA İnformasiya Agentliyinin direktoru Əli Əkbər Cavanfekri Azərbaycan Mətbuat Şurasının qonağı oldu. Görüşdə Azərbaycan və İran arasındakı münasibətlərin tarixi köklərinə nəzər salındı, hər iki dövlət arasında əlaqələrin möhkəmləndirilməsində medianın yeri və rolundan söhbət açıldı. Vaxtilə Azərbaycan və İran jurnalistlərinin dostluq qrupunun təşkilinə, hər iki ölkənin media təmsilçilərinin qarşılıqlı səfərlərinin reallaşdırılması faktlarına diqqət çəkildi. KİV-lər arasında əlaqələrin genişləndirilməsi yolları ətrafında fikir mübadilələri aparılarkən bildirildi ki, jurnalistlərin qarşılıqlı səfərlərinin, region ölkələrini əhatə edəcək forumların, konfransların təşkili, Azərbaycan, fars, türk dillərində xəbərlər bülleteninin buraxılması mövcud istiqamətdəki fəaliyyətin tərkib hissəsi ola bilər. Mətbuat Şurası görüşlə əlaqədar məlumat yaydığından məsələlərə yenidən qayıtmaq istəməzdim. Onu deməliyəm ki, cənab Cavanfekri ölkəmizin aparıcı media orqanlarında da görüşlər keçirdi və onlarla bağlı informasiyaların motivi də Şuranın press-relizindən fərqlənmirdi -  dostluq, qardaşlıq, iki tərəfli əməkdaşlıq, tarixi ənənələr və sair bu kimi gözəl ifadələr.

Görüşlərdə ölkələr arasındakı əlaqələrin ancaq müsbət tərəflərinə toxunuldu. Əslində bəlkə belə də olmalı idi. Cənab Cavanfekrinin söylədiyi kimi, qonşu kimi bir yerdə yaşamağa məhkumuq. Deyərdim ki, dil tapmağa da. Tapırıqmı və bu işdə media nə dərəcədə rol oynayır, ümumiyyətlə hansısa rol oynayırmı, görüşlərdə məsələ barədə səthi danışıldı. Söhbət bu səmtə yuvarlanmadığından və bütün səviyyələrdə aparılan diskussiyaların mövzusu kimi oxşar xarakter daşıdığından ənənənin pozulmasını istəmədik. Əslində cənab müşavirin rəhbərlik etdiyi nümayəndə heyəti də belə bir halın yaşanmasına yol verəcək deyil. Amma bir çox mətləblər var ki, məhz onlar mənim bu yazını qələmə almağıma səbəb oldu.

Qonşu kimi yaşamağa məhkum ölkələr arasında mövcud olan və rəsmi ehtiyatlılıq nümayişi ilə keçinən diskonfortun aradan qaldırılmasında siyasətçilərdən çox, ictimaiyyət nümayəndələrinin rolunu əsas sayıram. Həm də o səbəbdən ki, zaman-zaman daha çox məhz ictimai zəmində baş qaldıran narazılıqlara siyasi don geydirmək cəhdlərinin şahidi olmuşuq və Azərbaycan-İran əlaqələri də mövcud baxımdan xali deyil. Fikrimə Azərbaycan mediasındakı mövcud anti-İran ab-havasının səbəblərindən söz açmaqla aydınlıq gətirmək istərdim. Mətbuatımızın ümumən bu ovqata köklənməsi müşahidə edilmir, məsələ üzərində xüsusi dayanan iki-üç qəzet var. Elektron kütləvi informasiya vasitələrindən isə haradasa bir telekanalını və bir-iki internet xəbər portalını fərqləndirmək mümkündür. Ümumən mediamızın mövzuya müraciət göstəricisi əksər hallarda İran televiziyasının azərbaycandilli «Səhər» proqramının fəaliyyətindən asılı olur. Məlum olduğu kimi, bütövlükdə anti-azərbaycan ovqatı üzərində köklənən bu telekanalda ərazi bütövlüyümüzün şübhə altına alınmasından tutmuş ictimai-siyasi xadimlərimizə qarşı təhqiramiz ifadələrin səslənməsinədək demək olar, hər şey yer alıb və təəssüf ki, İranın ali rəhbərliyində təmsil olunan şəxslər zaman-zaman məsələyə gerçək şəkildə aydınlıq gətirməyiblər. Yalnız müstəqil telekanalın yeritdiyi kursa müdaxilənin yolverilməzliyini vurğulamaqla kifayətləniblər.

Amma bir məsələ önəmlidir. «Səhər» proqramının anti-azərbaycan təbliğatına nəzər salan təkcə bizlər deyilik. Məsələyə xaricdən də diqqət yetirilir. Bu günlərdə nüfuzlu «Blomberq» (Bloomberg) nəşrində «Səhər» haqqında bildirilirdi ki, proqram Azərbaycanı kütləvi aksiyaların bürüdüyünə dair xəbərlər yayır, rəsmi Bakının yeritdiyi xarici və daxili siyasət kursunu tənqid edir, eyni zamanda Qərb kampaniyalarının ölkənin sərvətini guya taladığını vurğulayır. Bütün bunlar İranın Azərbaycandakı sabitliyi pozmaq cəhdi kimi təqdim olunur. Bununla Tehranın əsl məqsədinin ölkədəki Qərb sərmayesini qorxutmaq olduğu fikri önə çəkilir. Hər halda İran hakimiyyət dairələri məsələnin bu cür qələmə verilə bilmə ehtimalını götür-qoy etməmiş deyillər və onlar «Səhər» proqramının “müstəqil” fəaliyyət kursuna müdaxilənin yolverilməzliyini bildirməklə əslində dolayısıyla mövcud status-kvoya razılıqlarını ifadə edirlər. «Blomberq»in ehtimalının doğruluğuna inansaq, lazımi mesajın lazımi ünvana çatmasından və dünya ictimaiyyətində “qeyri-sabit Azərbaycan” fikrinin formalaşmasından məmnundurlar. Halbuki belə olmamalıydı. Ən azından Azərbaycanla İran arasında 2002-ci il müqaviləsi var. Həmin sənədin şərtlərində ölkələrin bir-birilərinin daxili işlərinə müdaxiləsinin yolverilməzliyi göstərilib və bunun əksini iddia edən məsələlərin gündəmə gəlməməsi baxımdan Tehran hansısa tədbirlər görə bilərdi.

İstər Azərbaycan, istərsə də İran tərəfi özünə aid olunduğu ehtimal edilən məqamlarla bağlı bu cür diplomatik tərzdə münasibət sərgiləyə bilər. Amma mövcud halın səmimilikdən uzaqlığı gün kimi aydındır. Əlbəttə, sözüm onda deyil ki, İran hakimiyyəti Azərbaycan əleyhinə təbliğat aparan «Səhər»in fəaliyyətini dayandırmalıdır və ya hansısa inzibati tədbirlər görməlidir. Sadəcə Azərbaycanda İranı təbliğ edən KİV-lər olduğu, deyərdim ki, buna yol verildiyi kimi, İranda da Azərbaycanı təbliğ edən media orqanlarının formalaşmasına rəsmi Tehran hansısa şəkildə dəstəyini göstərə bilər. Təəssüf ki, dostluğa, Azərbaycan və İran xalqlarının yaxınlığına yönələn çağırışlar rəsmi səviyyədə səslənən bir-iki bəyanatdan o yana getmir. Halbuki bu xalqlar tarixən formalaşmış eyni düşüncəni, məişəti, mədəniyyəti, ənənələri və dini bölüşməkdədirlər. Onların bir-biriləri ilə dil tapmaları heç zaman çətinlik törətməyib. Belədə hər iki tərəfdə saxta millətçilərin necə və nə üçün baş qaldırmalarına təəccüblənməyə bilmirsən. Neçə vaxtdan bəri İran və Azərbaycan cəmiyyətində belə hallara qarşı müqavimət sindromunun formalaşmaması da maraqlı və düşündürücüdür.

Tarixə nəzər salsaq, orta əsrlərdə o zamankı və hazırkı dünyanın əhəmiyyətli coğrafi bölgələrini əlində cəmləşdirmiş Azərbaycan Səfəvilər dövləti olub (bu dövləti farsların dövləti kimi təqdim etmək cəhdləri də var). İndiki bir çox müstəqil dövlətlər kimi, İran İslam Respublikası da Səfəvilərin tarixi torpaqları üzərindədir. Amma ərazicə daha böyük Osmanlılar da olub ki, Avropanın təxminən üçdə ikiyə qədəri bir zamanlar bu dövlətin tərkibində yer alıb. Qeyd etdiyim kimi, mövcud amil mədəniyyət və ənənələrin çulğalaşmasında vacib rol oynayıb. Amma bu o demək deyil ki, Türkiyədə köhnə qitəyə qarşı ərazi iddialarının irəli sürülməsi baş verəcəksə, məsələ məntiqi sayılmalıdır. Eləcə də Azərbaycandan İrana yönəlik bu kimi halları siyasi avanturadan başqa bir şey saymaq olmaz.

Lakin ölkəmiz ikinci dəfə müstəqilliyini qazandıqdan sonra İrandan dövlət müstəqilliyimizə təhdidlərin, qısqanc yanaşma nidalarının ucalması faktdır. Ölkəmizin hava və dəniz sərhədlərinin pozulması kimi hallar da yaxın keçmişimizdədir. Təəssüf ki, «Səhər»in timsalında zühur edən İran media demokratizmi(mi?) eyni demokratikliyi müstəqil qonşu dövlətin ərazi bütövlüyünə yönələn qəsdləri pisləyərək nümayiş etdirmədi və etdirmir də. Əksinə işğalçı Ermənistana dəstək verməkdə davam edir. Cənab Cavanfekri səviyyəli şəxslərlə söhbətlərimizdə bunu daha bildirmirik. Çünki xeyri yoxdur.

Belə deyək - İran kimi güclü, tarixi ənənələrə söykənən dövlətçiliyə malik ölkədə ipə-sapa yatmayan, dövlətin və mütərəqqi ictimaiyyətin, görünür, bacarmadığı (inandınızmı?) elə ünsürlər var ki, fəaliyyəti Azərbaycan cəmiyyətində birbaşa nifaq salmağa yönəlib. Onlarin son günlər ölkəmizdə baş verən siyasi proseslərə, o cümlədən küçə aksiyalarına da qoşulmaq cəhdləri barədə məlumatlar yayılmaqdadır. Bu baxımdan Azərbaycandakı İslam Partiyasının fəaliyyəti xüsusi diqqət çəkməkdədir. «Blomberq» təşkilatın aksiyaları barədə söz açır, qurumun sədri vəzifəsini yerinə yetirən Elçin Manafovun radikal baxışlarından danışır. Nüfuzlu araşdırma qrupu olan «Stratfor» isə İranın Azərbaycandakı səfirinin martın 18-də Nardaranda İslam Partiyasının keçmiş rəhbəri hacı Əlikram Əliyevin cənazə törəninə qatılmasına siyasi rəng verir, İranın Azərbaycanın daxili işlərinə qarışmaq niyyətinin müvəffəqiyyət qazanmayacağını detallı şəkildə aydınlaşdırır.

Təbii ki, bu xatırlatmalar təsadüfi deyil. Çünki İslam Partiyanın rəhbər şəxsləri dəfələrlə İrana simpatiyalarını açıq şəkildə bildirərək etirazlarının hakimiyyətə qarşı çıxmaq olduğunu bəyan ediblər. Bu meyl Qərbin İranı gözdən-könüldən uzaq qoyaraq başının ərəb dünyasına qarışdığı, Tunis, Misir və Liviyada yaşananları Azərbaycanda da təkrarlamaq istəklərinin baş qaldırıldığı zaman kəsiyində daha çox hiss olunmaqdadır. Dünyada gərgin mərhələ yaşanır və zənnimcə, bu mərhələnin necə keçilməsi  gələcək inkişafı hazırkı mürəkkəb dövrü necə başa vura bilmələrindən çox asılı olacaq. Belə vəziyyətdə nə üçün Türkiyənin və Rusiyanın deyil, məhz İranın adı Azərbaycanla bağlı mənfi proseslərdə hallanır? Məsələyə aydınlıq gətirmək çətin, çətin olduğu qədər də asandır.

Təxminən beş il öncə dünyada «karikatura qalmaqalı» deyilən böhran yaşanmışdı. Söhbət Həzrəti Məhəmmədə Danimarkanın «Yulands posten» qəzetində verilən karikaturanın islam ölkələrində doğurduğu ajiotajdan gedir. Həmin vaxt ABŞ-ın, o cümlədən Qərbin İrana qarşı total təzyiqlər göstərdiyi, prezident Mahmud Əhmədinecatın isə bunu açıq təhdidlərlə cavablandırdığı mərhələ olsa da, qeyd etdiyim olay hamını məşğul etmişdi. İş o yerə çatmışdı ki, məsələni pisləmək heç, ona qarşı adekvat münasibət sərgiləmək siyasi məram kimi dəyərləndirilirdi. Təbii ki, Azərbaycan cəmiyyəti həmin vaxt öz peyğəmbərinə qarşı hörmətsizliyi pislədi. Amma İranın Azərbaycandakı Səfirliyi bəyanat yayaraq cəmiyyətimizdə «Yeni xəbər» adlı qəzetin mövcudluğunu bizə tanıtdırdı və nəşrin səhifəsində İsa Peyğəmbərə qarşı hörmətsizliyə yol verdiyinə etirazını bildirdi. Bunun həqiqətən də etiraz və ya nə isə başqa bir şey olduğunu söyləmək çətindir. Amma fakt ondadır ki, hadisə Almaniya, Rusiya və Avropanın nüfuzlu KİV-lərinin aparıcı mövzularından birinə çevrildi. Azərbaycanın adının dünya ictimaiyyətinə nalayiq hərəkətə qarşı eyni nalayiqliklə cavab verən məmləkət kimi yansımasına gətirdi. Bu, eyni zamanda Qərbin qorxduğu İslam fundamentalizminin ölkəmizdə də mövcudluğuna dair rəy formalaşdırmağa yönələn gedişə oxşadı. İran mediası hazırda oxşar mövzulara baş vurmurmu?

Yazını qələmə almağımın səbəbini yuxarıda qeyd etdim. Media ilə bağlı məsələlərə toxunmaq istədim, amma mövzunun genişliyi müəyyən qədər siyasətə də varmağıma yol açdı. Hər halda düşünürəm ki, İran və Azərbaycan mediaları arasındakı əlaqələrin dərinləşdirilməsi ilk növbədə yuxarıda göstərdiyim və ortada mövcud olan, məncə, müəyyən mənada səmimiyyətdən uzaq təsir bağışlayan mühitin sıradan çıxması, bu prosesə dəstək göstərilməsi baxımından əhəmiyyətlidir. Bizləri qarşıda gözləyən yolun çətinliklərini aradan qaldırmaq üçün soyuqluğumuzu görməyi, dəyərləndirməyi, özümüzdə səmimiliyi aşılamağı, əməli fəaliyyətə keçməyi zəruri sayıram. Azərbaycan mediası olaraq biz buna hazırırıq.

İran və Azərbaycan mediasına dərin hörmətlə,
Əflatun Amaşov,
Azərbaycan Mətbuat Şurasının sədri
10 aprel 2011-ci il

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü