Modern.az

Çernobıl faciəsi bu gün də davam edir - Faciənin 31-ci ili

Çernobıl faciəsi bu gün də davam edir - Faciənin 31-ci ili

26 Aprel 2017, 17:51

Modern.az saytı bu yazıda1986-cı il 26 aprel tarixində baş vermiş və bütün dünyanın narahatlığına səbəb olan  dəhşətli Çernobıl faciəsindən bəhs edir...

Bəşəriyyət tarixində ən böyük qəzalardan hesab edilən Çernobıl faciəsindən 31 il ötür. 1986-cı ilin bu günündə Ukraynanın paytaxtı Kiyev şəhəri yaxınlığındakı Çernobıl Atom Elektrik Stansiyasında güclü nüvə partlayışı baş verdi. Hadisə zamanı 7000-ə yaxın insan öldü, 25000 insan güclü radiasiya nəticəsində ömürlük şikəst oldu, on minlərlə insan isə sonsuz qaldı. Bu faciədən sonra Çernobılda doğulan uşaların 90 %-də əlillik yaranır. Hadisədən neçə illər keçsə də, radiasiyanın fəsadları hələ də Avropanı, yaxın coğrafiyanı dolanmaqdadır. 

Faciənin ilk dəqiqələrdə yalnız 40-a yaxın adam  öldü ki, onların da çoxu yanğınsöndürənlər idi.  Amma sonradan zəhərli bulud Asiya və Avropanı sarıdı. 

Qəza zamanı yaranan və yüksək radiasiyaya sahib olan  tullantılar üstündən 31 il keçməsinə baxmayaraq, bu gün də öz fəsadlarını göstərməkdədir.  

31 il həddindən artıq böyük rəqəmdir.  El dilində desək, bir igidin ömrüdü. Amma bu qədər zaman məsafəsi də  Çernobılın fəsadlarını tam aradan qaldırmayıb. Çünki 1986-cı ildə baş verən qəza həqiqətən də çox böyük faciə idi. Belə desək, Çernobıl təhlükəsi bu gün  də davam edir. Çünki qəza nəticəsində ətrafa səpələnən tullantılarda elə izotoplar olub ki, onların parçalanma periodu çox yüksəkdir. Həmin izotoplar hələ də o ərazilərdə qalıb. Məsələn, bir yarımparçalanma periodu keçən izotoplar, müəyyən vaxtdan sonra  ikinci yarımparçalanma periodunu da  keçə bilər. Həmin izotoplar külli miqdarda olduqları üçün nə qədər zəifləsələr də, hələ də təhlükəlilik dərəcəsini saxlayırlar.

Uzun illərdən sonra  ikinci yarımparçalanma halı müşahidə oluna bilər. Odur ki, Çernobıl faciəsindən sonrakı radiasiya problemi hələ uzun illər davam edəcək. Ora o qədər radioaktiv tullantılar atılıb ki, onları təmizləmək belə mümkün deyil. Faciədən sonra xeyli ərazini qapalı zona elan etdilər. Ora heç kim buraxılmırdı və yaşayış üçün əlverişsiz idi. Bu gün üstündın 31 il keçməsinə baxmayaraq ora heç kəs buraxılmır. Bu ərazilərdə həyatın bərpası üçün hələ illər lazımdır.

31 il əvvələ səyahət...

Faciənin keçmiş, hazırki və gələcək fəsadları haqqında danışdıq. Yəqin, hamınızda belə bir sual yarandı ki, yaxşı, bəs, bu faciənin özü necə yarandı? Bilənlər onsuz da bilir. Azərbaycanın da bir çox övladları hərbi xidmətdən birbaşa həmin ərazilərə aparıldılar və bu gün də onun acı nəticələrini öz orqanizmləri hesabına yaşamaqdadırlar. (sayları 4826) Həm də axı  biz də 1986-cı ildə  “ailə”nin üzvü olmuşuq. Odur ki, Çernobıl faciəsi bir növ, bizim də problemimiz sayıldığından o haqda müəyyən qədər bilgiliyik. Amma yenə də olsun, vaxtınız və həvəsiniz varsa, gəlin, 31  il bundan əvvələ səyahət edək:

 

25 aprel 1986-cı il... Fəlakətin baş verdiyi gecə növbədə olan Yuri Korneyev və Boris Stolyarçuk gecə onları hansı “sürpriz”i gözlədiyini yəqin ki, xəyallarına gətirə bilməzdilər. Onlardan biri stansiyadakı su nasoslarına, o biri isə həmin nasoslar vasitəsilə reaktora suyu aparan borulara nəzarət edirdi.

Çernobılda isə 4 nüvə reaktoru olub. Həmin gecə Yuri və Borisin rəhbərləri onlara fövqəladə şəraitdə ehtiyat generatorların işlənmə mexanizmini yoxlamaq üçün eksperiment etməyi tapşırmışdı. Amma bu çox təhlükəli bir eksperiment idi. Belə ki, nasoslarda qovulan su yüksək temperaturda buxara çevrilərək reaktora daxil olurdu. Nüvə reaktoru da onu enerjiyə çevirirdi. Ən böyük təhlükə də elə bu nüvə reaktoru-başqa cür isə nüvə enerjisi bloku adlanan qurğu  idi. 

Gecə saat  00:05... Gənc mütəxəssislər artıq işə başlayıblar. 20 dəqiqədən sonra isə maneə ilə üzləşdilər. Çıxış yolu kimi işə iki əlavə nasos da qoşdular. Həmin nasoslar borulara suyu çox böyük sürətlə vurmağa başladı. Sürətlə vurulan su mövcud temperaturda buxara çevrilə bilmirdi. Əməkdaşlar özlüyündə guya çıxış yolunu tapdılar: onlar temperaturu həddindən çox artırmaqla buxarı qismən də olsa təmin etdilər. Əvvəlcə elə düşündürlər ki, artıq hər şey qaydasındadır. Lakin faciə elə bununla başlayacaqdı. Bir neçə saatdan sonra reaktorlara nəzarət edən Leonid  temperaturun ən pik nöqtəyə çatdığını gördü. Reaktorlarla əlaqəli olan xəbərdarlıq siqnalları da yanmağa  başladı. Leonid cəld reaktoru dayandırmaq üçün lazım olan düyməni basdı. Lakin artıq iş-işdən keçmişdi. Reaktorun idarəsi sıradan çıxmışdı. Cəmi bir neçə dəqiqədən sonra gecə saat 01:24-də yüksək temperator çox təhlükəli olan 4-cü nüvə reaktorunu partlatdı. Reaktor partlayan an 8 tonluq ağır tavanı da özü ilə göyə sovurmuşdu. Partlayan qurğu sıravi bir qurğu deyildi-bu çox təhlükəli olan radiasiya bazası idi. Odur ki, ətrafa külli miqdarda radiasiya tullantıları səpələndi. Hansı ki, o tullantılar insan orqanizminin ən böyük düşməni sayılırdı.(Elə biz də yuxarıda təmin tullantılrın yarada biləcəyi gələcək fəsadlardan bəhs etdik). Amma bu hələ son deyildi. Bir müddətdən sonra hadisə yerinə gələn yanğınsöndürənlər   sanki yanan adi yaşayış binasıymış kimi davrandılar. Yanğını suyun altında qoydular. Və əsas dəhşət də elə bunda idi. Sonradan həmin yanğınsöndürən briqadasına rəhbərlik edən Peter Xlem bunun vicdan əzabını çox çəkəcəkdi. Çünki şüalanmanın dərəcəsi həmin sudan sonra daha da artdı. Artıq zəhərli radiasiya buludu sürətlə hər yerə yayıldı. Yanğınsöndürənlər yediklərini qaytararaq, başları gicəllənərək yerə yıxılır və ölürdülər. Yanğın söndü. Lakin fəlakət də bundan sonra başladı. Bu yanğını su ilə söndürmək aktiv zəhərli radiasiyaya qapı açmaq demək idi. Necə ki, həmin hadisədən sonra sərhəd tanımayan radiasiya Avropaya tərəf getməyə başladı.

1800 vertalyot radiasiya əleyhinə  5 min ton kimyəvi maddəni 4 nömərli reaktora buraxdı. 

Lakin onların öldürmək istədiyi radiasiya yüksək doza ilə artıq Avropaya keçmişdi. Bunun ilk fərqinə varan dövlət isə İsveç oldu. İsveçdəki atom elektrik stansiyasının mütəxəssislərindən biri səhər işə gələrkən hər zamankı kimi radiaktiv dozanı ölçən aparatda yoxlanışdan keçdi. Amma nəticəni görər-gərməz heyrətləndi. O, yüksək dozada radiasiyaya yoluxmuşdu. Daha sonra stansiyadakı bütün əməkdaşlar yoxlanışdan keçdi. Hamısı da eyni nəticə ilə qarşılaşdılar. Həmən ciddi addımlar atıldı və yüksək radiasiya buludunun haradan gəldiyi məlum oldu. İsveç daxil olmaqla bir neçə Avropa ölkəsi SSRİ-dən həmən cavab istədilər. Məcbur qalan SSRİ həqiqəti istəməsə də deməli oldu. Artıq bütün Avropa tək SSRİ-nin deyil, onların da problemi olan radiasiyadan danışırdı. 

Nə yaxşı ki…

“Çernobıl qəzasının 10 və 20 illiyində mən iştirak etmişəm. Hər on ildən bir  bu hadisə ilə bağlı böyük elmi seminarlar təşkil olunur.  Çernobıl Araşdırmalar Mərkəzi var, rəhbəri ilə yaxın dostam. Onlar bu işlərlə məşğul olur. Hadisənin 10 illiyində, yəni, 1996-cı ildə biz alimlər gözləyirdik ki, orada ağ qan xərçəngi sürətlə inkişaf edəcək. Amma nə yaxşı ki, bu belə olmadı. Radiasiyanın tibbi istiqaməti üzrə ixtisaslaşan alimlər heyrətə gəlirdilər ki, necə oldu ki, ağ qan xərçəngi ekstremal sürətlə yayılmadı. Onlar əslində Çernobıldan sonrakı on il üçün bunu nəzərdə tutumuşdular. On ildən sonra - 2006-cı ildə bir yenidən bir araya gəldik. Onda da eyni hal müşahidə olundu. Bu onu göstərir ki, insan orqanizmi ətraf mühitə ən tez adaptasiya olunan orqanizmdir. Ancaq bütün canlılar içərisində insan radiasiyadan ən tez təlaf olan canlıdır. Məsələn, bizim ölməyimizin üçün lazım olan radiasiya dərəcəsi siçanların stimullaşdırılması üçün istifadə edilir. Bizim orqanizmimiz radiasiyaya çox həssasdır. Buna baxmayaraq, həmin onilliklərdən sonra həmin xəstəliklərin artdığını görmədik. 

Çernolbl dəhşətli faciə olmaqla bərabər, həm də bir çox vacib sınaqlar üçün paliqon rolunu oynadı. Orada radiasiya, onun kimyəvi və bioloji xüsusiyyətləri ilə bağlı vacib sınaqlar aparıldı”.

Bu sözlər radiasiya problemləri və nüvə fizikası üzrə dünya çapında mütəxəssis olan akademik Adil Qəribova məxsusdur. Akademik bir müddət əvvəl bu sətirlərin müəllifinə müsahibə verərkən səsləndirdiyi fikirlərlə dünyanın əslində, böyük bir bəladan xilas olduğunu demək istəyirdi. Hansı bəla ki, o da Çernobıldan törəyə bilərdi.

Bu haqda çox danışılmır. Amma Çernobıl əlillərinin bu qədər çox olmasına səbəb olan faktlardan biri də sudur. Çünki partlayan reaktorun radiasiyalı tullantıları su anbarına axan çaya “yoluxdu” ki, bu da hər bir evə radiasiyanın “qonaq getməsi” demək idi. Bunun qarşısını almaq üçün xeyli səy göstərildi. Elə ÇErnolbıl veteranlarının bəziləri bu missiya zamanı xəsarət aldı. Amma su da öz işini müəyyən qədər görmüşdü.

Bu gün isə təkcə Azərbaycanda  4 min 826 Çernobıl əlili var….


Elmin Nuri

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır