Modern.az

Azərbaycanın nazlı komandası - Futbolçu qızların məşqindən REPORTAJ

Azərbaycanın nazlı komandası - Futbolçu qızların məşqindən REPORTAJ

28 Aprel 2017, 14:58

Etiraf etmək lazımdır ki, Azərbaycan qadınlarının özünü cəmiyyətdə sübut edə bilməsi daha fərqlidir… Bir yerə toplanmaq - başlanğıc, bir yerdə olmaq - inkişaf, bir yerdə işləmək - uğurdur… Azərbaycan milli komandasının futbolçu qızları da hər üç mərhələnin öhdəsindən layiqincə gəliblər.

Xalqın əzbərlənmiş qəliblərini qırmaq heç də asan deyil. Elə götürək “qız hara, futbol hara” ifadəsini… Millimizin qızları bu çətinliyi aşıb, uğur yolunda sürətlə addımlayırlar. Biz də Modern.az saytı olaraq  ölkəmizi təmsil edən qızlarla həmsöhbət olub, onların nailiyyətlərindən, futbol sevgilərindən, komandaya yaradılan şəraitdən danışdıq.


U-19 Azərbaycan milli komandasının futbolçu qızları ilə Mərdəkanda yerləşən “Dalğa Arena”da görüşdük. Söhbət etməzdən əvvəl komandanın məşq prosesini izlədik. Qızların həvəslə oynamağı nəzərimizdən yayınmadı. Hər gün bir saat yarım, bəlkə də daha çox məşq edən futbolçu xanımları həkimlər nəzarətdə saxlayırlar.
Millimizin həkimləri Aliyə Seyidova və Nailə Kazımovanın sözlərinə görə, qızlar ildə bir dəfə müayinədən keçirlər. Məşq və oyun zamanı zədə alanlar olsa da, həkimlərin bacarığı sayəsində qısa müddətdə sağlamlıqlarını bərpa edə bilirlər. Lakin oğlanlara nisbətən xanım futbolçuların  sayının az olması həkimlərdən zədələrlə bağlı daha kəsərli tədbirlər görməyi tələb edir.


Məşqdən sonra yorğun, amma bir o qədər də şən və enerji dolu qızlar futbola maraqlarından, çətinliklərdən, həmçinin, uğurlardan danışdılar.

“Ən böyük problem sevgilinin olmamağıdır”



1998-ci il təvəllüdlü Roza Quliyevanın futbola marağı uşaqlıqdan yaranıb. Gələcək kariyerasını futbol üzərində qurmaq istəyən xanımın ən böyük arzusu xarici klublarda oynamaqdır. Hazırda isə o, Azərbaycan U-19  və A milli komandalarında, o cümlədən  “Fidan” komandasında oynayır. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının ikinci kurs tələbəsidir:

“Uşaq vaxtı məhlədə oğlanlarla futbol oynayırdım. Əslində futbola gəlməyimin əsas səbəbi valideynlərimdir. Bu mövzuda heç bir problemim olmayıb. Həyatda övladın ən böyük dəstəyi valideynlərdir. Əgər arxanda durmurlarsa, heç nəyə nail ola bilmirsən. Əsas problem valideynlərdən uzaq qalmaqdır. Demək olar ki, şəxsi həyatımıza vaxt ayıra bilmirik. Futbolçu qızların ən böyük problemi sevgilinin olmamağıdır”.

“Sevgimiz də, ailəmiz də futbol olub”


Roza Quliyeva düşünür ki, qızların futbol oynamağı onların gələcək ailə həyatına mane ola bilər, lakin çıxış yolu var:

“Futbolu davam etdirmək istəyirəm. Lakin cəmiyyətin münasibəti məlum məsələdir. Bu idman sahəsini sevsəm də, yəqin ki, heç bir oğlan mənimlə razı olmaz. Amma nə vaxtsa ailə həyatı qurası olsam, futbolla bağlı başqa işlə məşğul olacağam. Hələlik isə ölkəmizi layiqincə təmsil etmək ən böyük istəyimdir. Biz hər oyundan qabaq ölkəmizi yada salırıq. Azərbaycanı ürəyimizdə daşıyaraq oynayırıq”.

“Yatsam yuxuma da girməzdi”

Milli komandanın istedadlı oyunçularından Kristina Bakarandze futbolçu olmağa qərar verəndə anası razı olmayıb. Lakin futbolçunun uğurları valideyni fikrindən döndərib. O, komandaya gələndə Azərbaycan dilini bilmədiyinə görə ünsiyyət qurarkən çətinlik çəkib. Kristina Gürcüstanda ali təhsil alır:



“Azərbaycan U-19  və A milli komandalarında oynayıram. Mənim atam, dayım, babam futbolçu olub. Həmişə onlara, oğlanlara baxıb mən də futbol oynamaq istəmişəm. Anam futbolçu olmağımı istəmirdi. Amma uğurlarımı görəndən sonra dəstək olmağa başladı. Komandaya gələndə ailəm üçün çox darıxırdım və dil problemim var idi. Lakin qızlar sayəsində mühitə tez uyğunlaşa bildim. Belarusun futbol komandasının məşqçisi mənimlə görüşmək üçün Bakıya gəlmişdi. Yatsam yuxuma da girməzdi. Mən xaricə gedib karyeramı orda davam elətdirmək istəyirəm”.

Kristina futboldan əlavə rəqs etməyi, xüsusilə gürcü və Azərbaycan rəqslərini sevir. Bu məşğuliyyət oyunlardan qabaq onun üçün ən böyük motivasiyadır.

“Kamran Ağayev idealımdır”

Millimizin qapıçısı Nigar Abdulova digər qızlardan fərqli olaraq, futbolla maraqlanmayıb. Həvəsi olmasa da,  ailəsinin təkidi ilə futbola gəlib. Buna baxmayraq, ailəsində etiraz edənlər də olub. Ən sevdiyi Azərbaycan komandası isə  “Qəbələ” klubudur:



“U-19 milli komandanın qapıçısıyam və “Fidan” klubunda oynayıram. Uşaq vaxtı anam məni futbola qoyub. Öncə həvəsim yox idi, lakin sonradan bu idman növünü sevməyə başladım. “Qız hara, futbol hara” deyənlər az  olmayıb. Ancaq əhəmiyyət verməmişəm,bütün fikrimi futbola cəmləmişəm. Yaxşı qapıçı olmaq, hansısa bir ölkədən dəvət almaq ən böyük arzumdur. İndiyə kimi Belarus, Moldova, Almaniya, Belçika və digər ölkələrdə olmuşam. Xarici ölkələrin futbolunu izləsəm də, mənim üçün Azərbaycanın çempionatı daha maraqlıdır. Kamran Ağayev idealımdır. Bir dəfə uşaq vaxtı onunla görüşmüşəm”.


Nigar oyuna çıxmazdan qabaq komandanı, ölkəni düşünür. Öz vətənində çempion olmaq əsas arzularından biridir.

“Ailə quranda heç birimiz futbolla məşğul olmayacağıq”


Manya Mollayeva Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının birinci kurs tələbəsidir. Azərbaycan U-19  və A milli komandalarında müdafiəçidir. O deyir ki, futbolçu olmağa qərar verəndə bibiləri buna qarşı çıxıb. Lakin indi hər kəs ona dəstək olur:


“Digərləri kimi məhlədə oğlanlarla futbol oynayırdım. Maraq da elə burdan yarandı. Valideynlərim dəfələrlə futbola getməyimin qarşısını alıb. Amma təslim olmadığımı görəndə icazə verdilər. Meydançada danışmamaq mənim üçün problem yaradır. Müdafiəçi olaraq yerində danışmalıyam. Ailə quranda heç birimiz futbolla məşğul olmayacağıq. Bəlkə məşqçi kimi kariyerama davam edə bilərəm”.

Manya “Real” (Madrid) komandasının azərkeşidir.

“Turnirə gedəndə valideynlərimə xəbər vermədim”

Türkiyədə yaşayan Firəngiz Teymurova 5-ci sinifdən futbolla məşğul olmağa başlayıb. Hazırda Türkiyə komandalarının birinə dəvət alsa da, yaşı imkan vermədiyi üçün getmək mümkün olmayıb:


“Hamı kimi məndə də məhlədə oğlanlarla futbol oynayaraq maraq yaranıb. Anam çox əsəbiləşirdi, hətta icazə vermirdi. 5-ci sinifdə turnirə gedəndə valideynlərimə xəbər vermədim. Evə gec gəlirdim. Hazırlığı, məktəbi bəhanə edirdim. Daha sonra yarımfinalda atama dedim, bilirdim ki, o əsəbiləşməyəcək. Yarımfinal oyununda komanda mənim sayəmdə finala çıxdı. Finalda anama da deməyə məcbur olduq. Daha sonra “Qarabağ” komandasından oynamağa dəvət etdilər. Ordakı oyunlarda turun ulduzu seçildim. Artıq 18 yaşım olacaq və öz ayaqlarımın üstündə durmalıyam. Valideynlərim ən böyük dəstəkçimdir. Cəmiyyətin qadın futbolçularla bağlı fikirlərinə inad, futbolda uğurlar qazanırıq”.


“Azərbaycan qadınlarının futbolunu ciddiyə alan yoxdur”

Firəngiz deyir ki, zədələnsə də, futbolu tərk etməyəcək. Məşqçi kimi fəaliyyətini davam etdirmək istəyir. Onun fikrincə, millinin ən böyük uğuru Bakı-Yunanıstan çempionatı olub. Futbolçu qarabağlı olduğuna görə “Qarabağ” komandasının azarkeşidir. Eyni zamanda, “Real” (Madrid) və Kriştiano Ronaldunu dəstəkləyir:


“Azərbaycan qadınlarının futbolunu ciddiyə alan yoxdur. Bu, böyük problemdir. Valideynlərim oyunlara baxmağa gəlsə də, özümü narahat hiss edirəm. Qorxuram ki, səhv edərəm. Bu gün futbolla məşğul olmaq istəyən çox qız var. Hətta onların valideynləri də müraciət edir. Biz də məşqçiyə yönləndiririk”.

“Birini tərifləyib, o birini tərifləməyəndə küsürlər”

Millimizin futbolçu qızları məşq prosesindən yenicə çıxdıqları üçün onları çox yormayıb, baş məşqçi  ilə söhbətləşməyə qərar verdik. Komandanın baş məşqçisi Vüqar Əsgərlidir. O, artıq üç ildir ki, məşqçi kimi fəaliyyət göstərir. 2016-cı ildə U-19 milli komandası ilə yolları birləşib. Söhbət zamanı bəlli oldu ki, məşqçinin qızlarla işləyərkən ən böyük çətinliyi nazlarını çəkməkdir. Axı onlar xanımdırlar...



“Oğlanlarla sərt danışa, hətta acılıya bilərsən. Amma qızlar belə deyil. Birini tərifləyib, o birini tərifləməyəndə küsürlər. Balansı qorumaq lazımdır. Onu da qeyd etməliyəm ki, qadın futbolunun ən böyük problemi valideynlərdir. Övladlarına futbolla məşğul olmağa icazə vermirlər. Halbuki,  burada qızlar təkcə futbolla məşğul olmur, onlar üçün hər cür şərait yaradılıb. Eyni zamanda biz qızları ispan, alman, ingilis dilləri öyrənməyə də yönləndiririk. Əslində qızların valideynləri ilə problemlər yaşamırıq. Amma elə valideynlər var ki, qızları futboldan uzaqlaşdırırlar. Avropaya nisbətən bizdə futbolla maraqlanan qızlar demək olar ki, azdır. Halbuki, seçim nə qədər çox olsa, komanda formalaşdırmaq asanlaşar. Qızların əksəriyyəti  klublara deyil, milli komandaya gəlmək istəyirlər. Klublarda nə qədər çox futbolçu olsa, bir o qədər yaxşıdır. Buna baxmayaraq,  komandamıza rayondan gələn qızlar da var. Onları AFFA-nın Akademiyasında yerləşdiririk”.


Məşqçidən öyrəndiyimizə görə, U-19 komandası axırıncı dəfə Rusiyanın Soçi şəhərində olub. Mayın 15-də isə Qazaxıstanda UEFA-nın inkişaf turnirində iştirak edəcəklər. Həmin turnirdə qrupdakı rəqibimiz Qazaxıstan, Ukrayna və Gürcüstan olacaq.
Vüqar Əsgərli deyir ki, ən böyük məqsəd həmin oyunda çempion olmaqdır. Həmçinin sentyabrda baş tutacaq Avropa Çempionatının seçmə mərhələsi üçün komanda formalaşdırmaq və qələbə ilə geri dönmək millimizin əsas hədəflərindən biridir.


Baş məşqçi deyir ki, tərif ən böyük silahdır. Qızları oyundan qabaq motivasiya etmək üçün bu,  uğurlu seçimdir. Onun fikrincə, komandanın nailiyyəti oyunçuları xarici klublara göndərməkdir:


“Komanda olaraq daha çox turnirlərdə işirak edirik. Bizim üçün ən yaxşı nəticə futbolçu qızlara xarici klublardan dəvət gəlməsidir. Belarus, Rumıniya, Rusiya kimi ölkələr qızlarımızla maraqlanır. Azərbaycan milli komandası olduğumuz üçün qalibiyyətlə geri dönməliyik. Çünki bizdən qələbə gözləyən insanlar var”.

V.Əsgərli futbolun qızların gələcək ailə həyatı üçün problem yaratmadığını düşünür. Məşqçi Azərbaycanın istedadlı futbolçusu Əminə Heydərovanı bizə nümunə göstərdi. Əminə Heydərova ailə həyatı qurub və hazırda məşqçi kimi fəaliyyətini davam etdirir.


Semuyel Qoldvinin belə bir sözü var: ”Öz işinə həqiqətən məftun olan adamın bu həyatda qorxacağı bir şey yoxdur”...
Onlar futbolu sevir, onlar çətin yolda addımlayır. Futbolçu qızlarımızın ölkəmizi layiqincə təmsil etmək ümidi ilə...

Yolunuz açıq, uğurlarınız bol olsun!



Günay RƏSULQIZI
Foto: Tərlan YUSİF

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır