Modern.az

ABŞ prezidentlərinin imtiyazları...  

ABŞ prezidentlərinin imtiyazları...   

Dünya

2 May 2017, 21:11

Digər dövlətlərdə olduğu kimi Amerika Birləşmiş Ştatlarında da ölkənin baş kürsüsünə sahib olan yeni prezident xüsusi imtiyazlara malik olur. ABŞ-ın 45-ci prezidenti Donald Tramp elə ilk gündən öz prezidentlik maaşından imtina etsə də,  ona verilən imtiyazları sözsüz ki, geri çevirməyəcək.


Modern.az saytı ABŞ prezidentlərinin imtiyazları barədə yazını təqdim edir...


Amerika prezidentinin ixtiyarında olan xüsusi hazırlanmış  “Boeing 747-200B” ən yüksək təhlükəsizlik tələblərinə cavab verir. Təyyarədə yerləşdirilmiş xüsusi məntəqə vasitəsi ilə prezident istənilən vaxt istənilən yerlə rabitə əlaqəsinə girə bilir. Təyyarə hətta uçuş zamanı yanacaqla təmin oluna bilir ki, bu da uçuşun vaxt baxımından məhdudiyyətsizliyini təmin edir. Həmçinin təyyarə prezidentin menyusuna uyğun kifayət qədər ərzaqla təmin olunur ki, bu ərzaq məhsulları ilə eyni vaxtda yüzlərlə adamın qida tələbatını ödəmək mümkündür. Təyyarə olduqca komfortlu və rahatdır. Salonda prezidentin rahatlığı üçün iş, yemək, istirahət, görüş və s. otaqlar mövcuddur.

Prezidentin ixtiyarında olan helikopter də məxsusi olaraq Amerikanın birinci şəxsi üçün hazırlanıb. Bu helikopterin əsas missiyası prezident avtomobildə hərəkət edərkən onu daima müşayət etmək, fövqəladə hal baş verərsə prezidentin təhlükəsizliyini təmin etməkdən ibarətdir. Dörd nəfərlik yeri olan bu helikopterin texniki göstəricilərinə görə onun bir mühərriki sıradan çıxarsa ikinci mühərrik ilə uçuşunu davam etdirə bilər. Həmçinin helikopterə paketlərə qarşı müdafiə üçün xüsusi qurğular da quraşdırılıb.


Prezidentlərin imtiyazları sırasında təbii ki, əsas yerlərdən birini də onların xidməti avtomobilləri tutur. Amerika prezidenti zirehli “Cadillac prezidential” avtomobilində gəzir. Bu avtomobil məxsusi olaraq Amerika prezidenti üçün hazırlanıb. Onun hazırlanmasına 1.1 milyon dollar sərf olunub. Avtomobilin bəzi texniki xarakteristikaları məxfi saxlanılır. Amerikalılar bu avtomobili “Möcüzə” adlandırırlar. Bu il prezident avtomobilinin yenilənməyi gözlənilir ki, bu da Amerika büdcəsinə 1.5 milyon dollara başa gələcək.

Amerikada prezident seçilən şəxs “Ağ Ev”də yaşamaq imtiyazını qazanır. Yəni, Vaşinqton şəhəri, Pensilvaniya-avenyu 1600 ünvanda yerləşən “Ağ Ev” Amerikada seçilmiş prezidentlərin rəsmi iqamətgahı sayılır. 1792-ci ildə inşa edilən iqamətgahın ümumi sahəsi 5100 kvadrat metrdir. İqamətgah 132 otaqdan, o cümlədən 16 yataq otağından, 35 sanitar qovşaqdan, üç mətbəxdən, üç liftdən və yeraltı bunkerdən ibarətdir.

Prezidentlərin imtiyazlarından biri də xüsusi xidmət personalına malik olmalarıdır. Xidmət personalına 100 nəfər daxildir ki, onlar da “Ağ Ev”də yaşayırlar. Personala aşpazlar, xidmətçilər, bağbanlar və s. daxildir.


Amerika prezidentlərinin təhlükəsizliyini xüsusi mühafizə dəstələri təmin edir. Xüsusi hazırlıq keçmiş mühafizəçilər öz həyatlarının bahasına olsa da belə təhlükəsizlik məsələlərini olduqca mükəmməl şəkildə icra edirlər.

Amerika prezidentlərinin maraqlı imtiyazlarından biri də şəxsi kinoteatrlarının olmasıdır. Hazırda “Aq Ev”də 42 yerlik kinoteatr Donald Trampın ixtiyarındadır. Kinoteatrın yaradılması Franklin Ruzveltin prezidentliyi dövrünə təsadüf edir.

Amerikada rəsmi və ya qeyri-rəsmi səfərdə olan digər ölkə prezidentləri və nümayəndə heyətləri üçün nəzərdə tutulan “Bler-xaus” da Amerika prezidentinin sərəncamındadır. 120 otaqdan ibarət olan bu tikili yüksək çinli qonaqların zövqünü oxşayır.

Bunlar Amerika prezidentlərinin normal fəaliyyəti üçün onlara verilən imtiyazların bir hissəsidir. Ən başlıca imtiyaz isə ABŞ prezidentlərinin dünya üzərindəki siyasi imtiyazlarıdır.


İlham Cəmiloğlu

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü