Modern.az

Ali məktəblərdə yay imtahanları başlayıb - Hansı təhsil ocağından şikayət var...

Ali məktəblərdə yay imtahanları başlayıb - Hansı təhsil ocağından şikayət var...

Təhsil

31 May 2017, 15:04

Daha bir tədris ili sona çatır. Artıq bir neçə universitetdə yay sessiyasının imtahanları başlayıb.

 Modern.az saytı universitetlərdə keçirilən imtahanların gedişi, ümumi hazırlıq prosesini öyrənmək üçün bir neçə ali təhsil ocağı ilə əlaqə saxlayıb.

Bakı Dövlət Universitetinin mətbuat xidmətinin rəhbəri  Pərvanə İbrahimova:

“BDU rektorunun imzaladığı əmrə əsasən? iyunun 5-dən 30-na qədər davam edəcək sessiyada imtahanlar bir qayda olaraq yazılı formada aparılacaq, zərurət yarandığı hallarda rektorluğun qərarı əsasında bəzi fənlər üzrə imtahanlar şifahi-dialoq və ya test formasında keçiriləcək. İmtahanların şəffaf və obyektiv keçirilməsi məqsədilə fakültə dekanları, kafedra müdirləri qarşısında konkret vəzifələr qoyulub.

Sessiyanın gedişi zamanı imtahanların nəticəsindən yarana biləcək narazılıqların mövcud qaydada araşdırılması və həll edilməsi məqsədi ilə qərargah və onun nəzdində universitet üzrə «qaynar xətt» yaradılıb, universitetin əsas binasında və tədris korpuslarında şikayət, təklif və məlumatlar üçün xüsusi qutular asılıb. İmtahanların nəticələri barədə şikayətlərə baxmaq və aşkar edilmiş çatışmazlıqları operativ şəkildə aradan qaldırmaq məqsədilə qərargahın nəzdində təbiət və humanitar fakültələr üzrə apellyasiya komissiyaları təşkil edilib”.

Azərbaycan Texniki Universiteti mətbuat xidmətinin rəhbəri Nicat Abdullayev:

“Azərbaycan Texniki Universitetində (AzTU) tələbələrin biliyini qiymətləndirmək üçün artıq imtahan sessiyası başlayıb. 28 aprel tarixindən bakalavr pilləsində əyani təhsil alan IV kurs tələbələrinin imtahanları başlayıb. Onların imtahan sessiyası 2 iyun tarixinə kimi davam edəcək. I-III kursda olan bakalavrların və I kursda olan magistrların imtahanları isə 2-7 iyun tarixində reallaşacaq. 

Qiyabi təhsil alan bakalavrlar üçün imtahan sessiyası may-iyun aylarını əhatə edir. Beləki, V kurs tələbələri 19-26 may, I-IV kurs tələbələri və II kursda təhsil alan magistrlər isə 23-30 iyun tarixlərində imtahan verəcəklər.

Deyə bilərəm ki, universitetimizdə imtahan sessiyası ilə bağlı bütün hazırlıqlar başa çatıb və dediyim kimi, bəzi kurslar üzrə artıq imtahan sessiyası başlayıb.

Nəzərinizə çatdırmaq istərdim ki, AzTU-da imtahan yazılı və test üsulu ilə keçirilir. Universitet hər iki üsulun tələbələr üçün üstünlüklərini nəzərə alaraq mərkəzləşdirilmiş, şəfaf imtahan keçirilməsini təmin edir. Şəfaflığın gücləndirilməsi və obyektivliyin təmin olunması üçün imtahan sessiyaları zamanı “Açıq qapı” günlərinin sayı artırılıb. Bundan əlavə, mediaturlar və Universitet İctimai Şurasının nəzarəti də təşkil olunur”.


Azərbaycan Dövlət Pedaqoji Universitetinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri  Mənsur İbrahimov:


“Azərbaycan Dövlət Pedaqoji Universitetində 2016-2017-ci il tədris ilinin yay semestr imtahan ssessiyası  iyunun 5-i başlayır və iyunun 30-u bitir. İmtahan ssesiyasının keçirilməsi üçün universitetdə rektorun əmrinə uyğun olaraq imtahan qərargahı, Apellyasiya komissiyası  yaradılıb. Apellyasiya komissiyası həm fakültələr, həm də universitet üzrə yaradılıb. Universitetimizdə bu yaz semestr ssessiyasında bir yenilik tətbiq olunub. Universitetin bütün fakültələrinin əməkdaşlarından ibarət böyük  imtahan qrupu yaradılıb. Həmin qrup imtahan ssesiyasının təşkili və keçirilməsini təmin edəcək.  İmtahanların şəffaflığını təmin etmək üçün universitet rəhbərliyi tərəfindən bütün tədbirlər həyata keçirilir. Nəticə olaraq Azərbaycan Dövlət Pedaqoji Universitet yay semestr imtahanlarının keçirilməsinə tam hazırdır”.

Bakı Avrasiya Universitetinin mətbuat şöbəsinin rəhbəri Şəfayət Əliyev:

“Bakı Avrasiya Universitetində yay imtahanları iyunun 1-dən başlayır və növbəti ayın 5-nə kimi davam edəcək. İmtahanlar bir qayda olaraq şifahi və yazılı formada aparılacaq.Tələbələrin qiymətləndirilməsi, dil fənlərindən şifahi bilikləri də yoxlanılacaq”.

Qərb Universitetinin İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Vüsal Məmmədov:

Qərb Universitetində imtahanlar 30 may tarixində başlayır və 30 iyun tarixində sona çatır. İmtahanların təşkili ilə bağlı Qərb Universiteti bir sıra dəyişikliklər edib. Belə ki, artıq universitetdə təhsil alan tələbələr bundan sonra imtahan modelini özü müəyyən edə biləcək. Dəyişikliyə əsasən, tələbələr semestr boyu keçdikləri fənlər üzrə, müvafiq kursun formatına uyğun olaraq təklif olunan imtahan modellərindən birini seçərək imtahan vermək şansı əldə edəcəklər.

 Mövcud imtahan formaları ilə yanaşı (test üsulu, şifahi imtahan, baxış imtahanı, açıq suallar), yeni imtahan modellərinə “Açıq kitab”, “Təqdimat”, “Keys həlli” kimi beynəlxalq akademik səviyyədə tətbiq olunan üsullar daxildir. Bu üsullar tələbələrə yalnız nəzəri deyil, praktik biliklərin də mənimsəməyə imkan verir. Əlavə edək ki, bir müddət öncə edilmiş dəyişikliyə əsasən tələbələrin biliklərinin qiymətləndirilməsində Qərb Universiteti daha bir yeniliyə imza atmışdı. Belə ki, hər hansı bir fənn üzrə imtahandan müvəffəq nəticə göstərməmiş tələbələr üçün tamamilə ödənişsiz əsaslarla intensiv kurslar və konsultasiya saatları təşkil olunur”.

Günay RƏSULQIZI

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü