Modern.az

XXI yüz ilin sonuna türklüyün şahlanma əsri deyəcəklər

XXI yüz ilin sonuna türklüyün şahlanma əsri deyəcəklər

Ədəbi̇yyat

5 İyun 2017, 14:26

II “Böyük Çöl” humanitar forumundan  yadimda qalanlar...

Beynəlxalq Türk Akademiyası yarandığı gündən sözün əsil mənasında akademik bir fəaliyyət göstərməkdədir. Ötən il Akademiyanın tarixində ilk dəfə olaraq “Böyük Çöl”  I  Humanitar forumu keçirildi.  Dünyanın müxtəlif ölkələrindən gəlmiş türkoloqlar, filoloqlar, tarixçilər, iqtisadiyyatçı və ictimai xadimlər Qədim Türk mədəniyyətinin  bərpası,  yaşaması üçün maraqlı müzakirələr apardılar. Astana şəhərində keçirilən birinci forumda  Bozkır, Çöl, Səhra mədəniyyətindən, qədim türklərin  dövlətçilik və ədəbiyyat tarixindən danışdılar.  Sakların ilk əlifbasından, Orhon-Yenisey yazılarından  söz açdılar. Və belə qərara gəldilər ki, elmi müzakirələri davam etdirməklə, Akademiyanın təsisatı ilə birlikdə yeni kitablar yazılsın, yeni mənbələr araşdırılsın.  Ötən bir ildən sonra, yenə də may ayının sonlarında  mavi səma altında gənc bir qız kimi gözəlləşən, nazlı-nazlı nazlanan mavi libaslı Astana şəhərində Beynəlxalq Türk Akademiyasının II Böyük Çöl Forumu öz işinə başladı.  Forumun qonaqları  Amerikadan , Böyük Britaniyadan, Monqolistandan, Rusiyadan, Azərbaycandan,Tatarıstan,  Türkiyədən, Özbəkistan, Qırğızıstan, Başqırdıstandan... gəlmişdilər. 300 nəfərdən artıq qonağı TWESCO çox böyük sevgi ilə qarşılayırdı.

“Böyük Çöl” II Humanitar Forumu öz işinə   Türkologiya Muzeyinin açılışı ilə başladı.  Həmin gün həm də Türk yazısı günü idi.  Türk dünyasının elm, mədəniyyət və arxeologiya tarixinə həsr olunmuş muzeydə həm də   görkəmli türkoloqların  əl yazmaları, gündəlikləri, şəxsi əşyaları nümayiş olunurdu.  Məşhur alim türkoloqlar - Osman Fikri Sərtqaya, Abjan Kurışcanov, Əmir Nəcib, Rəbiqa Sızdıkova da öz şəxsi kitablarını və əşyalarını Türk Akademiyasının prezidenti, professor Darhan Kıdıralıya təqdim etdilər.

Türk Akademiyasının Beynəlxalq  status almasının 5 illiyinə  həsr olunmuş görüşdə Qazaxıstanın,  Türkiyə Cümhuriyyətinin  prezidentinin  baş müşavirləri Ehsan Şener və Seyit Sərtcelik , Türkiyə Tarix Cameəsinin prezidenti Turan Rəfik, Türk Şurasının baş katibi  Ömər Kocaman, Türk Şurası Ağsaqqlalarının üzvü Adil Ahmetov və Monqolustan EA-nın vitse prezidenti Gelekpil Çuluunbaatar və digər tanınmış türkoloqlar, diplomatlar iştirak  edirdilər. Onlar  “Altayçılıq və türkologiyanın problemləri” mövzusunda dəyirmi masada yeni cərəyanlardan və bu sahələrin inkişafından bəhs edən məsələləri müzakirə etdilər.

BMT-nin, Türk Şurasının, TürkSOY, TürkPA, İSESKO, UNESKO, ECO kimi nüfuzlu beynəlxalq təşkilatların nümayəndələrinin də qatıldığı II Humanitar “Böyük Çöl” forumunda Darhan Kıdırlaı qonaqları salamladıqdan sonra, tədbirin ali qonağı ,Qazaxıstan Respublikasının Dövlət katibi Gülşara Abdıkalikova ölkə prezidenti Nursultan Nazarbayevin təbrik məktubunu oxudu. O qeyd etdi ki, Forumun əsas məqsədi Nursultan Nazarbayevin “Gələcəyə baxış: ictimai təfəkkürdə modernləşmə” adlı məqaləsinin vacib şərtlərinə uyğun olaraq, bu gün  türk dünyasının elm və bilik ocaqları birgə elmi-tədqiqat layihələri irəli sürməli, dünya elminə yeni olduğu qədər də  qədim dəyərlərimizi çatdırmaq üçün Türk dünyasının hər yerində ümumi tariximizi yaşatmaq üçün ekspedisiyalara başlamaq lazımdır.  Xanım  Gülşara Abdıkalikova əlavə etdi ki, Nursultan Nazarbayev də adı çəkilən məqaləsində  qədim ziyarətgahlarımızı, tarixi məkanları unutmamağı, onları qoruyub saxlamağı tövsiyə edir.

Yeri gəlmişkən qeyd etmək istəyirəm ki, Beynəlxalq Türk Akademiyası Darhan Kıdırlaının rəhbərliyi ilə artıq üçüncü ildir ki, qədim türklərin yaşadıqları məkanlarda araşdırma və arxeoloji qazıntı işlərinin aparılmasına başlanıb. Ötən ilin avqust ayında  Monqolustanda aşkar edilmiş Gö Türklərin Kaqanat qurduğu məkana -- Ötükənə türk dünyasının tanınmış arxeoloqları, alimləri və jurnalistlərindən ibarət bir qrup səyahət edərək, orada gördükləri təəssüratları dünya çapına çıxarmışdılar. Monqolustanın dövlət arxivi, Dövlət Muzeyi ilə də Həmin görüşlərin nəticəsi olaraq, Beynəlxalq Türk Akademiyası(TWESCO) arasında  görülən işlərə köməklik etmək və şərait yaratmaq üçün saziş imzalandı. II “Böyük Çöl” Humanitar Forumunda isə Monqolustan Elmlər Akademiyasının vitse prezidenti Gelekpil Çuluunbaatar ilə də  yeni bir memorandum imzalandı.  Tanınmış alim Gelekpil Çuluunbaatar Monqolustan EA-nın Beynəlxalq Türk Akademiyasına dinləyici kimi üzv olması barədə müraciətini də yüksək tribunadan bildirərək, Akademiyanını prezidenti D.Kıdıralını Monqolustan EA-nın fəxri doktoru elan etdi. Gelekpil Çuluunbaatar dedi ki, Darhan Kıdıralı dünyada 5-ci adamdır ki, belə yüksək mükafata layiq görülür.

Həmin gün TWESCO ilə  həm də Azərbaycan Respublikası Mədəniyyət və Turizm  Nazirliyi yanında Kulturoloji Təhqiqatlar Mərkəzi  ilə də əməkdaşlıq barədə  memorandum imzalandı. Memorandumun ən mühüm bəndlərindən biri də türk dünyasına aid olan  qədim və tarixi  abidələrin birgə qorunub saxlanması, araşdırılması idi.

Macarıstandan, Almaniyadan,  Rusiyadan,  Hindistandan, Amerikadan foruma  dəvətli olan  alimlər  Səhra və Böyükl Çöl sivilizasiyasının dəyərlərindən, Qızıl Orda xanlığının dəqiq mənbələrində əks olunmuş həqiqətlərindən,  Osmanlıları və səfəvilərin  dünya elminə verdiyi tövhələrdən danışdılar.  Qazaxıstanın  Avrasiya məkanındakı  tarix və müasirlik müstəvisindəki missiyasından bəhs edən natiqlər, Türk –Müsəlman və Skandinaviya ölkələrindəki orta yol üzərindəki idarəetmə, balanslaşdırılmış siyasət və ədalət prinsiplərini irəli çəkməklə, əslində dünyaya bir çağırış etmiş oldular.  

Türkiyə   Tarix İcmasının prezidenti, professor  Turan Rəfik Türk dövlətlərinin  rəhbərlərini  tük  fəlsəsfəsinə daha yaxın olmağı tösiyə etdi. Dedi ki, bu fəlsəfə  xalqları bu gün düşdükləri depressiyadan çıxarmağa malikdir.  Çox qədim və ortaq bir ədəbiyyatımız, mədəniyyətimizdən  bəhs olunan bu forumda bir daha  Dədə Qorqud, Manas,  Baburnamə, Yunus Əmrə ,Yusif  Balasaqunlı, İsmayıl Qaspralı, Mustafa Çokay irsindən və fəlsəfəsindən danışdı. “ Bu birliyin içərisində  bir hun imeratorluğu, sistematikliyi ilə  özünə yer etmiş  Göy Türklərin tarixi, Səlcuq və Osmanlı tarixi vardır. Çünki bu yaşadığımız yüzillik çox mühüm yüzillikdir. Biz bütün tariximizi, mili dəyərlərimizi gənclərə ötürməliyik.  Türükdilli və türk dövlətlərinin bü gün əsas vəzifəsi  öz müstəqilliyini saxlamaqdır”- deyə fikrini tamamladı.

Beynəlxalq Türk  Akademiysının   Qızıl Medalına layiq görülən  Tatarıstan Respublikası EA-nın akademiki Mirfatih Zəkiyev    belə mühüm bir forumun Türk dünyasının Mavi bayrağlı dövlətində keçirilməsinin millətlərarası münasibətlərin istiləşməsində, çox böyük problemləri həll edə bilməsində  böyük rolu olduğunu bildirdi.  Beynəlxalq Türk Akademiyası kimi elm məbədini türk dünyasının tanınmış və əvəzsiz şəxsiyyəti Nursultan Nazarbayevin Türkçülük sahəsində yeritdiyi incə siyasəti yüksək dəyərləndirdi. Belə bir elm ocağının  türk dünyasının aydınları ilə  keçirdiyi forumun böyül mətləbləri həll etməyə qadir olduğunu dedi.

Amerikanın Miçiqan Ştatının Universitetinin  professoru,  Qədim Buxara  hakiminin --Usman Xocayeviin oğlu , türkoloq   Timur Kocaoğlu   Türk elminə verdiyi tövhələrə görə TWESCO tərəfindən gümüş medalla  mükafatlandırdı. Türk və Ural-Altay xalqlarından tutmuş, Şərqdən Böyük Şimal Okeanı sahillərindəki Mancuriya, Qərbdən macar və Polşa, dünyanın  hər yerində var olan  səhra mədəniyyətinin daşıyıcıları alimləri  bir araya gətirən ,  Böyük Çöl forumunun əhəmiyyətindın danışarkən qeyd etdi ki, Böyük Çöl Forumunun platformalarında  alimlər  Sibir, Monqolustan, Şərqi və Qərbi Türküstan, Şimali Əfqanıstan, Şimali Azərbaycan, Anadolu, Qafqaz, İdil-Ural (Volqa çayı əraziləri), Krım, Ukrayna, Macarıstan səhrlarında yaşayan, tarixləşən çöl mədəniyyətinə işıq tuturlar.  Bu mədəniyytlərin içərisində 4 min il bundan əvvəl atı əhilləşdirib səhralarda qovan, onu özünə yoldaş edən insanlar yeni bir mədəniyyət—Atlı Səhra(Atlı Çöl) mədəniyyəti yaratdılar. İnsanları sürü halından millət, dövlət halına gətirən mədəniyyət və onların sahib olduqları dəyərlərdir. Dəyərləri ilə bağlı olmayan toplumlar sürüləşirlər. Hazırda türklər geniş bir coğrafiyaya səpələnmiş, dağınıq haldadırlar. Onları birləşdirən isə ortaq dəyərlər və mədəniyyətdir.. Bu baxımdan forumun bizim keçmiş dəyərlərimizlə birlikdə, gələcək fəaliyyətimizə dəyər qatacağı düşüncəsindəyəm. – dedi xan oğlu Timur Kocaoğlu və fikrini “ Beynəlxalq Türk Akademiyası dörd dövlət (Türlkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan)  rəhbəri tərəfindən qurulmuş çox önəmli bir təşkilatdır. Ümid edirik ki, bütün türk dünyasınınelmi mərkəzi ola biləcək bu təşkilata tezliklə a Özbəkistan, Türkmənistan da üzv olaraq qoşulacaqlar.”—deyə tamamladı.

Türkiyənin Yedditəpə Universitetinin professoru , tarix elmləri doktoru Əhmət Taşağıl bir Göy türk Omperatorluğunun aşiqidir.  Yazdığı bütün əsərlərində Türk dünyasının qədim əlifbasının açarlarını tapmış, dünyaya  daş kitabələrdəki türk yazılarının sirtrini anlatmışdır.   Türk xalqları arasında tez-tez belə görüşlərin keçirilməsinin əhəmiyyətini vurğulıayaraq bildirdi ki, bu formatda forum estafet kimi bütün üzv olan və olmayan türk ölkələrində keçirilməlidir: “Belə görüşlərdə bir-birimizi i tanıma fürsətimiz olur.  Gərəkdir ki, bu həyəcanı başqa türk ellərində də yaşansın. Hətta   tarix, dil, antropologiya sahəsində də ayrı-ayrı formatlarda  belə forumlar və müzakirələr keçirilərsə, dünyadakı bir çox mübahisəli suallara aydınlıq gətirilə bilər.

Azərbaycan Respublikası Elmlər Akademiyasının Folklor İnstitutunun direktoru Muxtar  İmanov  isə forum çərçivəsində həm də  Akademiyanın nəzdində kitabxana və muzeyin açılmasını yüksək dəyərləndirərək bildirdi ki, bu gün Türkologiya Muzeyini açmaqla həm türkologiya elminin inkişafında xidmətləri olan nüfuzlu alimlərimizi yad etmiş olduq, həm də həmin tövsiyələrin həyata keçirilməsi istiqamətində daha bir addım atdıq. Burada böyük Çöldə yaşayan qardaş xalqların mədəniyyətini, tarixini əks etdirən əşyaları nümayiş etdirməkdən böyük şərəf duyuruq. Hazırda Muzeydə Türk dünyasından elm adamları və türkoloqların bağışladığı 300-dən artıq tarixi əsər və əşyalar yer alır, amma qarşıdakı dövrdə burdakı nadir eksponatların sayını daha da genişləndirmək üçün birgə  çalışacağıq.Çünki bu abidələr, o eksponatlar bizim qədim mədəniyyətimizin daşıyıcılarıdırlar.   

Özbəkistan  EA-nın  Tarix İnstitutunun professoru Dilaram Alimova  Beynəlxalq Türk Akademiyasının keçirdiyi foruma qatılmasını  böyük hadisə hesab etdiyini bildirdi.  Elm mərkəzlərinin  inteqrasiyası və birləşməsi üçün  belə təşkilatların yaranmasından  bütün tədris ocaqlarının faydalanmasınin əhəmiyyətindən danışdı.  19-cu əsr  tarixini araşdıran  elmlər doktoru hələ iki əsr bundan əvvəl kommunikasiya və texnologiyaların olmadığı bir vaxtda  Cədidizm hərəkatının yaranmasını, bu hərəkatın bütün türk ölkələrində, Avropa dövlətlərində  yayılması nəticəsində  türk qövmünün varlığınln qorunması mücadilələrindən bəhs etdi. O həm də bildirdi ki, Azərbaycan hər zaman  aydınların, cədidlərin  nümunə götürdüyü, öyrəndiyi bir məkan oldu. Azərbaycanda nəşr olunan dərgilərin dünyaya yayılması nəticəsində, ən azı türkdilli xalqlar bir-birindən xəbər tutur, və müstəqilliyin ilk işartılarını yandırırdılar.  Türk cədidlərinin  nəşr etdiyi “Ayna”, “Molla Nəsrədin”, “Sadoyi Türkistan” qəzet və drəgilərinin səsi-sədası  dünyaya yayılan bir xoş xəbər idi.  Müasir dövrdə xoş məramlı belə görüşmələrin isə Türk dünyasının  elmi mərkəzlərinin birləşmələrində böyük fayda ola biləcəyini qeyd etdi.

Macarıstanda “Madyar Turan” fondunun  pəhbəri  antropoloq , tarixçi Andras Biro genetik kodlarımızı öyrənən bir alimdir.  Bütün türk xalqlarının bir-birinə qohum olduğunu söyləyən Andras Büronun fikrincə böyük türk dünyasında xalqlar ayrı-ayrı olsalar da, mədəniyyətlər müxtəlif olsalar da, birlikdə onlar çox rəngarəng görünürlər.  300 il ərzində Rus imperyiasının sıxıntılarına, ayrılıqlarına  baxmayaraq türklər öz mədəniyyətlərini, tarixlərini, kimliklərini unutmadılar, çoxdan azaldılar, azdan çoxaldılar, lakin itmədilər. Harada oldularsa bitdilər, yaşadılar. Türükün ayrılığının  təməlində isə Tanrıçılıqdan dönüb başqa dinlərə meyl etmələri oldu.Türk xaqanları Tanrıçılıq inancını daşıyanda birlikləri daha güclü, daha yenilməz idi. Dünyanın  davalardan qurtulub, həmrəyliyə gəlməsinin çıxış yolunu  Türkçülüyün əzəlində görən alim, onu da qeyd etdi ki, türk dünyasının  elm adamları həyatın bütün sahələrini əhatə edən forumlara qatılıb, platformalarda çıxışlar, müzakirələr edib, iqtisadi birliyə nail olmalıdırlar.  Hər bir güclü dövlətin təməlində onun iqtisadi gücü dayanır.—deyən,  Andras Biro belə hesab edir ki,  türklərin böyük  iqtisadi bazarı yaranması çox mütləq olan bir  şərtdir. O həmçinin arzu edir ki, Türkmən qazı Xəzər dənizini adlamaqla Azərbaycana, Türkiyəyə, sonra Macarstana keçməlidir.  Belə enerji təhlükəsizliyi layihələrində mütləq alternativ variabtlar yaradılmalıdır. Bu alternativ enerji dəhlizləri üçün Türk birlikləri mütləq öz layihələrini irəli sürüb, onun nə qədər effektli olmasını sübut  etmək üçün çalışmalıdırlar.  “Dünyaya çıxmağın birinci yolu enerji dəhlizindən keçir”-  deyən Andras Biro həm də bütün türk dünyası rəhbərlərinin müqəddəs ziyarətgahlarımız olan torpaqlara baş çəkmələrinin nə qədər önəmli olmasından danışdı. O qeyd etdi ki, Atillanın keçdiyi torpaqlardan, Kutluk Xaqanın  var olduğu Ötükəndən  keçərlərsə, o yerləri ziyarət edərlərsə , Türk dövlətlərinin rəhbərlərinin təni  təzələnəcək və yeni bir qüvvə və enerji ilə xeyirli işlər görməyə çalışacaqlar.

Türk dünyasının tanınmış dilçi alimi, İstanbul Universitetinin professoru Osman Fikri Sərtkaya  dəmir qapılı, dəmir divarlı Sovet rejiminin  türkçülüyə vurduğu zərbənin nə qədər ağır olduğunu, türk aydınlarına necə faciələr yaşatdığını xatırladı. Dedi ki, “...kitabını oxumazdıq, halından xəbər tuta bilməzdik. Lakin universitetdə oxuduğumuz zaman öyrəndik ki,  divarların o biri üzündə şor türkləri var, krım tatarları var,  tatar qövmləri , yakutlar var,  çuvaşlar, altaylar dolaşan Sibirimiz  var.Qazaxlar, özbəklər, qırğızlar elə bizim dildə danışarlar. Öyrəndik, öyrəndikcə də görmək həvəsimiz çoxaldı.  İndi  dövr başqa, zaman ayrıdır. Nə yaxşı ki, artıq bir-birimizdən hər anda xəbər tuta bilirk, dərdlərimizə şərik olur, xeyirlərimizi paylaşırıq. Beynəlxalq Türk Akademiyası da belə bir xeyirıli işin önündədir. Bir ocaq yaradıb, bir qapı açıb. Hamı o ocağın işığına yığılır, gəlir. Görüşlərimizdən dünyaya sülh, sevinc, xoş niyyət səpələyirik.  Ən əsası odur ki, Qazax elinin irəlini görməyi bacaran  ELBAŞI  Nursultan Nazarbayev belə mühüm  bir təşkilata gənc bir elm adamını rəhbər təyin edib.  Dərhan bəy Kıdıralının zəhməti sayəsində türk dünyasının tanınmış şəxsiyyətlərinin 100-ə yaxın kitabı çap olundu. Dünyada o kitablar qalacaq. O kitablar işıqdır, nurdur, əməkdir, amaldır.  Türk dünyası 5 qitədə özünü bu günə qədər yaşadan bir dünyadır.  Bu dünya mənsublarının ildə bir dəfə Astanada belə toplanması, öz arzu və istəklərini məsləkdaşları ilə paylaşmaları Tanrı məqamında ən gözəl  görüşdür. Astana bu gün  dünyaya üzünü tutaraq Türkçülük ideyaları ilə şaxələnir və şahlanır.  Mən o günü  görməyəcəyəm, yaşım uyğun deyil, ancaq XXI yüz ilin sonuna türklüyün şahlanma əsri deyəcəklər.

Görüşlərimiz başa çatdı,lakin həmin görüşlərdə baş verən anları tədbir iştirakşıları bu gün də biri-biri ilə bölüşür, kimsi dəyərli dost, kimsi qiymətli kitab , kimsi də köhnə dostu ilə yenidən görüşmək imkanı qazanmağının  sevincini  yaşamaqda  davam edir. II Böyük Çöl Forumundan hər kəs könlündə bir işıq apardı. O işığın astanası  Yeni yüzilliyin  gənc və nazlı , gözəl libasla bəzənmiş qızı Astana şəhərindən başlayır. 

Aida Eyvazlı,
Bakı-Astana-Bakı
May 25-26, 2017.

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü