Modern.az

Xalqın  parlaq gələcəyi təhsildən keçir

Xalqın  parlaq gələcəyi təhsildən keçir

29 İyun 2017, 10:36

“Xalqın  parlaq gələcəyi təhsildən keçir”. Bunu Modern.az saytının əməkdaşı ilə söhbətdə təhsil sahəsində müətəxəssis Almara Novruz qızı Hümbətova deyib.               
Müsahibimiz Azərbaycan təhsilinin inkişafı və gənc nəslin təlim-tərbiyəsindəki xidmətləri, yüksək pedaqoji fəaliyyəti, ictimai fəallığı, müqəddəs müəllim və Ziyalı Qadın adını şərəflə doğrultduğuna görə dəfələrlə təltif olunub.

Əslən Ağdam rayonundan olan Almara Hümbətova 1983-cü ildə BDU-nun Kimya fakültəsini bitirib. 1980-1992-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasında, görkəmli alim, professor Xudu Məmmədovun rəhbərlik etdiyi laboratoriyada işləyib. 1993-1995-də “Sintez” Elm – istehsalat müəssisəsində mühəndis, 1995-dən indiyə kimi isə kimya müəllimi (Suraxanı rayonu 282 saylı orta məktəb, Səbail rayonu 6 saylı intellekt lisey, Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidən Hazırlanma İnstitutu) işləyir.

“Pedaqoji fəaliyyətimdə Azərbaycanı dünyanın inkişaf etmiş demokratik dövlətlərindən birinə çevirməyə nail olan insan tərbiyə etmək, yəni dərin və hərtərəfli biliyə, yüksək mədəniyyətə, xalqının milli, əxlaqi, mənəvi və mədəni dəyərlərinə yiyələnən, onu qoruyan, daim inkişaf etdirən, Vətənini, millətini sevən, daim ucaltmağa çalışan, müstəqil və yaradıcı düşünən sağlam gənclər yetişdirmək üçün öz bilik və bacarığımı əsirgəməmişəm”,-deyə A.Hümbətova bildirib.                

O, respublika səviyyəsində olimpiadalara tələbələr hazırlayıb. Hazırladığı şagirdlər (kimyadan ən yüksək bal toplayaraq) ən qabaqcıl universitetlərdə təhsil alırlar. Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Təhsil Nazirliyinin “Təhsildə keyfiyyət ili” çərçivəsində keçirdiyi “Pedaqoji mühazirələr”də fəal iştirak etdiyinə və fərqləndiyinə, təhsilin keyfiyyətinin yüksəldilməsi ilə bağlı əhəmiyyətli ideya və təkliflər irəli sürdüyünə, müasir təlim metodları və pedaqoji texnologiyaların təcrübədə tətbiqinə səy göstərdiyinə, fikir və təkliflərinə görə dəfələrlə diplomlarla təltif olunub.

               
A.Hümbətova 1996-cı ildən Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının qəbul imtahanlarında nəzarətçi olub.

              
2005-də 31 saylı Suraxanı ikinci seçki dairəsindən və 2010-da Səbail rayonu 29 saylı seçki dairəsindən deputatlığa namizəd olub.

                
O, Dünya Azərbaycanlıları Konqresi Qadınlar Şurasının və bir sıra digər ictimai təşkilatların üzvü kimi də müxtəlif məsələlərdə fəallıq nümayiş etdirir.


Almara Hümbətovanın təşəbbüsü ilə “Xocalıya ədalət”  beynəlxalq kampaniyası çərçivəsində Səbail rayonunda 10 mindən çox insanın iştirak etdiyi imzatoplama aksiyası keçirilib.

Onun təşəbbüsü ilə müxtəlif aksiyalar çərçivəsində köməyə ehtiyacı olan yaşlı insanlar ziyarət olunub, problemləri dinlənilib və köməklik göstərilib.

A.Hümbətova Azərbaycan təhsilinin inkişafı və gənc nəslin təlim – tərbiyəsindəki xidmətlərinə, yüksək pedaqoji fəaliyyətinə, ictimai fəallığına, müqəddəs müəllim və Ziyalı Qadın adını şərəflə doğrultduğuna görə, “Sülhün səfiri” diplomu ilə də təltif olunub.

O, Təhsil Nazirliyinin dəvəti ilə ümumtəhsil məktəblərinin “Kimya dərslik komplektinin” qiymətləndirilməsində ekspert qrupunun üzvü, TQDK-da bu nəşrlər üzrə rəyçi, Təhsil İnstitutunda “Kimya” fənn kurrikulumunda işçi qrupunun üzvüdür.

 
Təhsil İnstitutunun dissertantı olan A.Hümbətova 50-dən çox məqalə və tezislərin müəllifi kimi də tanınıb.

Təhsil Nazirliyi tərəfindən bir sıra elmi və tədris-metodiki əsərləri dərc olunub ki, bunlar da məktəbdə təhsilin keyfiyyətinin yüksəldilməsi yollarından, Kimyanın tədrisində müasir və interaktiv təlim metodlarının tətbiqindən, müəllim-şagird münasibətlərinin təlimin keyfiyyətinə təsirindən, tədris prosesində şagirdlərin yaradıcılıq fəaliyyətinin yüksəldilməsindən, Kimya fənninin təkmilləşməsindəki  yeni təlim metodlarından, müəllimlərin dünyagörüşü, milli, mədəni dəyərlərə münasibəti və onların şagirdlərə təbliğindən, eləcə də digər istiqamətlərdən bəhs edib.

A.Hümbətova deyir:

“İnsan bu dünyaya yaşamaq, yaratmaq və yaxşı ad qoymaq üçün gəlib. Bütün vəzifələrdən ucada bir vəzifə durur: insanlıq vəzifəsi. Hər adam bu vəzifəni layiqincə yerinə yetirə bilmir. Çünki bütün insanlar həyat adlı qatarın sərnişinləridir. İnsan bütün əməlləri ilə bu qatarla yol gedir. O qatar kimini mənzil başına çatdıra bilər, kimini də yarı yolda qoyar. İnsan bütün ömrü boyu gördüyü xeyirxah əməllərlə qəlblərdə özünə sevgi ünvanı qazana bilər. İnsan gözəlliyinin zirvəsi isə onun etdiyi yaxşılıqlar, savab işlərdir. Məhz bu əməllər insanı alı mərtəbəyə çatdıra bilər. Xoşbəxtlikdən bu gün cəmiyyətimizdə belə insanlar var və onların varlığı dünyanı saxlayır. Onların əkdikləri yaxşılıq toxumları adamların qəlbində zaman – zaman cücərir və yeni pöhrələr verir. Aqillər deyir ki, qayğının qapı – çəpəri yoxdur, o, əbədi bir ehtiyacdır ki, həmişə hər yerdə onu hiss edirsən”.

Azərbaycan xalqının adət-ənənələrində onun tarixi keçmişi, qədim mədəniyyəti, zəngin dili, yaşam tərzinin əks olunduğunu deyən təhsil müətəxəssisisnin sözlərinə görə, bunları qoruyub saxlamaq, yaşatmaq hər kəsin borcudur.  

“Suyun və havanın insan üçün daha vacib olması kimi, elm və sənət insan mədəniyyətini yüksəklərə qaldıran  qoşa qanaddır”, -deyə müsahibimiz elmin inkişafının vacibliyindən danışarkən bildirib.

“Həyata, gözəlliyə bağlılığı gücləndirən, insanda işığı, özünə inamı, ümidi artıran sənəti daha çox sevirəm. Xalqa böyük tarixin – onu ucaldan,  şərəfli qəhrəmanlıq  tarixinin öyrədilməsi  tərəfdarıyam”.

Almara xanım bir pedaqoq kimi ömrünü-gününü insanların mənəvi cəhətdən zənginləşməsinə, gənc nəslin tərbiyəsinə, onların savadlı böyüməsinə həsr edib. İşıq daim  qaranlığı qovduğu kimi, Almara Hümbətoba da öz ziyası, elmi, biliyi hesabına mümkün qədər cəhaləti pisləyib, işığın bol olmasına çalışıb.


O, sözün əsl  mənasında, cəmiyyətdə gedən haqq-nahaq prosesləri doğru-dürüst qiymətləndirməyi bacaran, təhrifləri qəbul etməyən ziyalılardandır. Onun mənəvi dünya olan mənalar aləmində ölçü vahidi insanlıq, doğruluq, irəliləyişdir.



Almara Hümbətovanın mənəvi dünyası da həyatı kimi rəngarəng, zəngindir. O, tədris və təlimlə bağlı ciddi praktik və elmi əhəmiyyət kəsb edən fikirlərin sahibidir..


“Təbii ki, yaxşıya yaxşı demək, tərifəlayiqi tərifləmək pis deyil!”,-deyən Almara Hümbətova ailədə gözəl ana, pedaqoji kollektivdə  nümunəvi müəllim kimi tanınır. O hamının hörmət – izzətini qazanıb. Öz sənətinin incəliklərini bildiyinə, qəlbən – ruhən çalışdığına, peşəsini sevdiyinə görə hamı da onun xətrini istəyir.


“Sənət, ixtisas sahibi olmaq şərəfdir, gözəl qəlb sahibi olmaq isə daha şərəfli işdir”,-deyir Almara Hümbətova. Və əlavə edir:

“Yüksək bəşəri hissləri özündə birləşdirərək, Azərbaycan naminə işləmək, başqa xalqlara Azərbaycanın mədəniyyəti və tarixi haqqında həqiqətləri çatdırmaq, xalqımızın adət və ənənələri ilə tanış etmək, ümumtürk ideyalarını yaymaq və öz vətəninə xeyir gətirmək hər bir ziyalı Azərbaycan qadınının borcudur”.


Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü