21 avqust 2017, Bazar ertəsi
Ana Səhifə - MƏDƏNİYYƏT - Mənim kəndim - Tanrıverdi Mustafayev: “At məni belindən yerə  çırpdı,  6-7 saat özümdə olmadım” - FOTOLAR  
Mənim kəndim - Tanrıverdi Mustafayev: “At məni belindən yerə  çırpdı,  6-7 saat özümdə olmadım” - FOTOLAR   +
18.07.2017, 16:41

Modern.az saytında kövrək uşaqlıq xatirələri, ata yurdu həsrətinin ifadəsi ilə zəngin “Mənim kəndim” layihəsinə davam edirik. Bu dəfə cəmiyyətin tanıdığı insan, “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev özünün anadan olduğu, uşaqlığının keçdiyi Qərbi Azərbaycanın Qaraqoyunlu elinin Gölkənd kəndi və ora ilə bağlı  kövrək məqamlardan danışıb:

Göllər içində kənd

-Ətrafımda olan insanların demək olar ki, hamısı kənddə böyüyüb, boya-başa çatan, kəndin havasını  udan insanlardı. Bu xüsusiyyətləri ən çox şəhər yerində özünü göstərir.  Kənddə doğulub boya-başa çatanla şəhər insanları istər-istməz bir–birindən fərqlənir. Kənd demişkən, doğulduğum kənd haqqında bir neçə kəlmə deyim:

Çox gözəl kəndimiz var idi. Bəlkə dediyim sözlərdəki kənddən  də gözəl... Müəyyən müddət Azərbaycandan kənarda yaşamışam. Dünyanın harasında olmuşamsa, doğma kəndim Gölkənd kimi gözəl yer görməmişəm. Doğrudur, hər  yerin öz gözəlliyi var. Amma öz kəndimin füsünkarlığını heç yerdə tapa bilməmişəm. Yəqin ki, kəndimizə qayıdana qədər –mən buna ümidliyləm, Allah böyükdür – o gözəllikdə hansısa yeri görə bilməyəcəm. Mən bu gün də ora qayıdacağımın ab-havası ilə yaşayıram.

Kəndimiz göllərin əhatəsində yerləşir, adı da oradan götürülüb. Öz mənzərəsi- aranı, yaylağı, dağı ilə seçilir. Qardaşım şair ruhlu insandır, bu mənada rəhmətlik atamın davamçısıdı. Kəndimizdən danışanda həmişə ən birinci qardaşımın bu sətirlərini yada salıram:

Vətənim Gölkənddir, qəlbən bağlıyam.
Soruşsan, elimi-Qaraqoyunluyam.
Əslim  Nurulardır, şair oğluyam
Bəsləmiş qoynunda o mahal məni.

“Saflıq akademiyası”

-Oranın insanları da elə kəndimiz kimi olub-təbii, saf.  Tərbiyəmiz, əqidəmiz, doğru-düzgün olub. Bizdə 7-8 ay soyuq, qış  olardı. Səfalı yaylaqlarda soyuq aylar üçün azuqəmizi toplayardıq. Ümumiyyətlə, pul tanımazdıq. Özümüzün 45  keçi, 100-ə yaxın qoyunumuz, 10-15 iribuynuzlu heyvanımız var idi. Zəhmətin hesabına normal da yaşayırdıq. Amma bütün bu zəhmətin yanında hamı istəyirdi ki, övladı yaxşı təhsil alsın. Çox gözəl məktəbimiz var idi. Həmin məktəbin, əzəməti, nüfuzu insanı sövq edirdi ki,  dərslərini mütləq oxusun. Elə ailə tapmazdın ki, orada ali təhsilli kimsə olmasın. Hətta elələri  də vardı ki, övladlarının hamısı ali təhsil almışdı - bir evdə 6-7 nəfər...

Hər il iyulun axırlarında məktəbimizin məzunların attestatlarını alıb, Bakıya imtahan verməyə gələrdilər. Kiminsə övladı universitetə qəbul oluna bilməsəydi, o valideyn kənd içinə çıxmazdı. Əksinə, qəbul olunanlar, həmçinin,  bizlər də kənd içində alnıaçıq, üzüağ gəzərdik. Ən çoxu da ona görə ki, yaxşı nəticə ilə valideynlərimizin başını yuxarı etmişik. Bunun üçün isə iki səbəbə minnətdarıq: bir kəndimizin saflığına, bir də məktəbimizə. Hələ məktəbimiz haqda sonra danışarıq...

 

Bir teleqramın tarixçəsi

 

-Danışa-danışa universitetə imtahan verdiyim günlərə qayıdıram: O çağlar  indiyə qədər yadımdadır. Elə imtahan verdiyim günlər də  xatirimdən çıxmayıb: 1979-cu il, avqustun 4-ü, 9-u, 16-sı və 20-si...  

Kəndə çox bağlı insan olmuşam. İnanın, qəbula gəlmək istəmirdim. Məni zorla gətirdirlər ki, yaxşı deyil, qurtarmısansa, imtahan verməlisən. Dərslərimi yaxşı oxumuşam, amma kəndə, torpağa,  anama və təsərrüfata çox bağlı idim. Avqustun 20-si, ədəbiyyatdan sonuncu yazılı imtahanı verib bir gün sonra, Bakı-Krasnoselo avtobusu  ilə geri qayıtdım. Daha bilmədim,  qəbul olunacam, olunmayacam. Əsas o idi ki, kəndə qayıdım. Rahat idim ki, qəbul olunacam, çünki əvvəlki imtahanlardan yaxşı qiymət almışdım. Amma qəbul olunmaya da bilərdim, çünki o zaman güclü “konkurs” var idi. Lakin bunların heç birini düşünməyib, həmən kəndə qayıtdım. Sonradan da bilmədim ki, qəbul olunmuşam, ya yox. Bakıda da elə bir adam da yox idi ki, nəticəni soruşaq. Sentyabr ayının 4-də mənə kəndin poçtu vasitəsilə teleqram gəldi. Yazılırdı ki, “siz Politexnik İnstitutuna qəbul olunmusunuz, dərslərə niyə gəlmirsiniz?!”. Sevinə-sevinə Bakıya gəldim. Bu teleqrama qədər az qala, universitetə girmədiyimi qətiləşdirmişdim. Dedim, yəqin, “konkurs”a düşmüşəm. Elə kənddə də hamı bu cür bilirdi. Kənddə xəbər tez yayılır axı.

Ondan sonra sevincək Bakıya gəldim. 5 il yüksək səviyyədə universitetdə təhsil aldım. Həm də ictimai fəaliyyətimə görə də aktiv tələbə kimi tanındım.

Şəhərin ilk  “sınıqları”

-Universitetə gələndən sonra kənd ruhlu insanla şəhər ovqatlı insanların fərqini gördüm. “Çəkişməsən, bərkiməssən” deyirlər, bu fərqləri görə-görə bərkidik. Əvvəlcə, öyrəşə bilmirdim. Məsələn, dərslər təzə başlamışdı, birinci kursda idik. İdman dərsinə şəhərli tələbələr geyim dəstlərini çantaya qoyub gətirərdilər. Biz isə bəzən, elə idman geyimimizi  kitab-dəftərin arasına qoyardıq.  Gəncəli qrup yoldaşım vardı, idman dərsindən sonra ondan icazəsiz çantasını açıb öz paltarlarımı onun geyimlərinin üstünə qoydum. Bunu görəndə etiraz etdi. Hələ dərslər bir neçə həftəydi başlamışdı. Mən qrup yoldaşı kimi ərk edib paltarları qoymuşdum. O, isə bunu qəbul edə bilmirdi. İcazəsiz çantaya nəsə qoymağıma etiraz etdi. Onun düşüncəsində bu doğru deyildi. O özünə görə, mən də özümə görə haqlı idim. Bizi kəndimizdə hər zaman bu cür “icazəsiz” doğmalıqlar birləşdirib. Qonşuda çörək olmayanda, gəlib dəhnədən çörək götürüb gedərdi. Bu, çox normal idi və hamıya da ləzzət edərdi.. Amma şəhər... Nə isə, şəhərdə hələ belə ruhi sınıqlar çox olacaqdı... Çəkişməsən, bərkiməzsən...

İnsan – “Əmanət bankı”

-Yaddaşım, ilk xatirəm, elə o kəndin ruhundan doğan tərbiyədən başlayır. Allah rəhmət eləsin, bir babam vardı, o insanın yanında sanki bir akademiya keçdim. Onu görən kimi özümüzü yığışdırardıq. Uşaq idim, süfrə arxasında ayaqlarımı oynadanda babam maşa ilə dizimə vurub deyərdi  ki, dinc oturum. O əxlaq bizim hamımıza keçmişdi. 7 uşaq idik, amma evə qonaq gələndə heç birimizi görməzdi. Hərəmiz bir tərəfdə gizlənərdik, qonaqdan sonra üzə çıxardıq.

İkinci sinfə kimə çox gözəl xəttim vardı. Hüsnxətt dəftərlərində səliqə ilə yazıb atama göstərərdim. Bilirdik ki, o belə şeyləri çox sevir. Bizi mütləq nə iləsə mükafatlandıracaq. Bir dəfə də həmin dəftərdə çox səliqə ilə yazmışdım. Gətirib atama göstərdim, çox sevindi. Geri qayıdanda təsadüfən, dəftər əlimdən arxa düşdü. O vaxtdan bu yana mən gözəl xəttimi itirdim. Məndə sanki küskünlük yarandı. Adama uşaqlıqdan belə “əmanətlər” də qalır...

Amma tək belə şeylər yox... Böyük sevgilər də qalır. Yenə ikinci sinifdə oxuyurdum. Sinfimizdə qəşəng qız var idi, dəftərimin qulağından qoparıb ona yazdım ki, mən səni sevirəm. Bu məndən 4 yaş böyük bacım Pərinin əlinə keçdi. Əvvəlcə elə bildim ki, cırıb atdı. Amma sən demə, mənə o cür göstəribmiş, kağıza heç nə etməyib. Onu gülmək üçün atama da göstərmişdi. Uşaqlıqdan mənə ən böyük yadigar bu  sevgi  qalıb. Sevgi deyərkən, ancaq bir oğlanın gözəl bir qıza eşqini nəzərdə tutmuram. Burada hamıya; anaya, Vətənə, torpağa, suya, yaylağa, kəndə sevgini deyirəm. Hansı ki, elə o kəndin sayəsində mənə uşaqlıqdan sirayət etdi. İndi də elə bilirəm ki, hər işə, hər kəsə sevgi ilə yanaşmalıyam. Elə buna görə də Allahdan çox razıyam. Həyat yoldaşımla da 10 il eyni sinifdə oxumuşuq, eyni ildə, eyni gündə anadan olmuşuq...  Ailədə də eləyəm. İçimdəki sevgini hamıdan - övladlarımdan, dostlarımdan əsirgəmirəm.


“Mən dediyim o yaylaqlar...”

 

-Rəhmətlik Aşıq Alı bir mahaldan başqa mahala gedəndə, öz yaylaqları üçün qəribsəyəndə deyərmiş ki, qarşıma çıxan bütün yaylaqlar bizim yaylaqlara bənzər... Elə bil, dünən olmuşam orada. İndi də sizinlə danışa danışa-danışa uşaqlıqda qaçdığım bütün cığırlar, oynadığım otlaqlar, yatdığım dəyələr gözümün qarşısına gəlir. Bizlərdə ilin 7-8 ayı soyuq qış olardı. Yay aylarını isə yaylaqda keçirib qış üçün tədarük görərdik. Yağından yağ, pendirindən pendir tutardıq. Cavanlar kənddə qalardı, əsasən qocalar və uşaqlar yaylaqlara qalxardılar. Burada qoyun-quzunu otarmaqla yanaşı, sovxozun otunu da çalardılar. Yaylaqda dəyələr qurardıq. Yağışdan, gün istisindən bizi qoruyardı o dəyələr... Amma ən gözəl vaxt bilirsiz nə olardı? O dediyim ot biçinindən sonra yağış yağardı. Təzə çalınan otun qoxusu ilə yağışın səsi bir-birinə qarışardı. Sən də dəyədə uzanıb o şırıltını dinlərdin, o qoxunu duyardın... Bütün əsəblər sakitləşər, ağrılar azalardı. İndi xəyal edəndə belə, qismən də olsa sakitləşirəm. Bizi bu təbiilik böyütdü. Payızda yaylaqdan kəndə qayıdanda bütün uşaqların yanağından qan damardı. Otlaqlarda futbol oynardıq. Yorulub tərləyəndən sonra buz kimi bulaqların başına gələr, doyunca sudan içərdik. Bəzən, bir bulağı bəyənməyib, o birinə keçərdik. Nə qab, nə qacaq, nə parç, nə stəkan, elə başımızı aşağı əyib o buz kimi sulardan içərdik. Dəyələrin yanında isə bizi nənəmizin nehrəsi gözlərdi. Təzə bişmiş çörəklə, sac yuxası ilə təzə nehrənin yağından yeyib, ayranından içərdik. Biz heç ət yeməzdik... Həmişə evimizdə ət olardı, amma ancaq qonaqdan-qonağa bişirilərdi. Özümüz istəməzdik. Hər şey bizim üçün təbii idi. Pərtətöyün, əməköməci, yalotu, əvəlikdən hazırlanan yeməklər bizə daha doğma gələrdi. Bizə pul ancaq avtobusa minib kənddən harasa gedəndə lazım olardı. Yerdə qalan hallarda biz  pulu nə edirdik?! Kəndimizdə, o gözəl kəndimizdə hər şey təbii idi, saf idi. Bəzən, Qazaxdan, arandan bizim yaylaqlara da güzarı düşənlər olurdu. Onlar da dəyələrin xəzinəsindən dadardılar.
“Qarışsın Qazağa Dilcan dərəsi”, rəhmətlik Səməd Vurğun gözəl deyib. Elə onun özü də bizim yaylaqlarda, oylaqlarda at belində çox gəzib, nənələrimizin çalxadığı nehrənin, yağından, ayranından çox dadıb... Belə yerlər idi, bizim yerlər...

Bir dəfə də...

-Heç nə yaddan çıxmır, xatirənin acısı da, şirini də bu gün mənlədir. Bax, alnımda çapıq yeri var. O da yaylaqdan bir nişanədir. Uşaq idim, atı çox sevərdim. Bir dəfə də xam ilxının yanından keçəndə çılpaq, yəhərsiz-yüyənsiz atlardan birinin belinə qalxmaq istədim. Yalmanından tutub qalxdım da... Yuxarıya doğru qaçsa idi, özümü saxlardım. Amma at aşağıya tərəf götürüldü. Məni də belindən yerə çırpdı. 6-7 saat özümdə olmamışam. Bir kimsə də olmayıb ki, mənə yardım etsin. Sonradan huşum özümə qayıdıb. İndi də bəzən təzyiq problemi yaşayıram ki,  o da mənə həmin hadisədən yadigar qalıb.


“Yasaq edilmiş oyunlar”

-Elat adamlarının öz dünyası, öz qanunları olur deyirlər. Biz uşaqların da özünəməxsus oyunlarımız və o oyunların öz qanunları olardı. Təzə biçilən otlaqlarda voleybol oynardıq; hər komandada üç nəfər olmaqla... Oyun zamanı top yerə düşəndə, ya mübahisəli an yaşananda bir xalı rəqibə verirdik. Bu zaman oyun yoldaşım deyərdi ki, mən də bir xalı öz payıma sizə verirəm. (gülür). Bunlar yazılmamış uşaq qanunları idi. Düymə-düymə də oynardıq.  Oyun zamanı uduzanın düyməsinin qırılması şərt idi. Bir əmimiz oğlu vardı, o uduzduğu üçün köynəyinin, pencəyinin bütüb düymələrini qırdı. Axırda şalvarını bağlamağa düymə də qalmadı. Birtəhər evə gəldi. Biz də bunu izləyirik ki, görən, axırı necə olacaq. Evə gələndə bacısı Həyat qapını açdı. Bunu o vəziyyətdə görcək, üzünə möhkəm bir şillə çəkdi.

Başqa oyunlar da bilərdik, oynardıq; qabıq-qabıq, beşdaş. O oyunlar sanki bizi gələcək həyata hazırlardı. Ən birinci o oyunlar sayəsində qalib gəlmək duyğusunu yaşadıq. O oyunlar bizə həm də düzgün rəqabəti aşılayırdı.

Kəndimiz – Rəqabət meydanı

-Hə, bir az da o rəqabətdən danışım. Bizim kənddə insanlar arasında çox böyük rəqabət olardı. Amma yaxşı mənada. Bu rəqabət ən çox zəhmət və təhsildə özünü göstərərdi. “Niyə başqasının uşağı bu gün yaxşı qiymət aldı, sən pis” sözünü eşitməkdən qorxardıq. Çünki ən çox bu söz deyilərdi bizim kəndin uşaqlarına. Xeyli alimlər, ziyalılar  yetirən kəndimizin məktəbinin öz radioqovşağı var idi. Təsəvvür edin, hər növbənin sonunda dərsdən çıxandan sonra həmin radio “5” və “2” qiymət alanların adlarını səsləndirərdi. Məsələn, “Mustafayev Tanrıverdi, “Fizika”- “5”, Ədəbiyyat – “5”. Bütün kəndin qulağı o radioqovşaqda olardı. İndi təsəvvür elə ki, sən hansısa dərsdən “2” almısan və az sonra bunu bütün kənd eşidəcək...
İlk akademiyam, universitetim ailəm olub. Babam, nənən, ata-anamın yanında ilk “akademik təhsil”imi almışam. Ondan sonra isə həmin məktəbdə - mahalın ən çox ziyalı yetirmiş ocağında. Eyni ildə 90 nəfər məktəbi bitirirdisə, onların ən azı 60-ı ali məktəblərə daxil olurdu. Bakı, İrəvan, Tiflis, Moskva universitetlərindən soraqları gələrdi. Hərə bir tərəfə dağılsa da, həmin kəndin, həmin məktəbin onlarda formalaşdırdığı tərbiyə, xarakter həmişə “üstlərində olardı”. Görün üstündən nə qədər vaxt keçib, amma bu gün yenə də xeyirdə-şərdə yığışanda insanlarda kəndimizin və məktəbimizin ab-havasını görürük.

“Atamın kitabı”

-Atam Qiyas kişi beşinci sinifdə ikən ata-anadan yetim qalır. Çox yaxşı oxumasına baxmayaraq, kəndin qoyun sürülərini otarmağa məcbur olur. Amma hamı onu yüksək savad yiyəsi, sinədəftər insan kimi tanıyırdı. Üstündə həmişə balaca dəftərçə və karandaşı olardı. Ara-sıra, yeri düşdükcə ora şeir yazardı. Yazdıqlarını ilk dəfə bizə oxuyardı. Biz də təbii ki, “yaxşıdır”, “gözəldir” deyərdik. Çünki o zaman bilməzdik ki, bu sovet dövrüdür, nəyi yazmaq olar, nəyi yox. Hansı sözü demək olar, hansını yox. Məsələn, atam bir kiçik şeirində kolxoz sədrinə müraciətlə yazmışdı: “Ay Əsədov, insan olmaz. Belə yerdə, belə yerdə”.
Sovxozun qoyun-keçilərini atamla bərabər bir neçə çoban da otarırdı. Amma təəssüf ki, onların istirahəti, daldalanması üçün bir olacaq yox idi. Tikməyə də qoymurdular. Onda atam sədrə bu şeiri məktub kimi yazmışdı. Cibində həmişə iki kitab olardı: kiçik Quran kitabı, bir də Aşıq Ələsgərin əski əlifba ilə olan şeirlər kitabı. Bu arada deyim ki, əski əlifbanı mükəmməl bilərdi.

Özü təpədən-dırnağa zəhmət adamıydı. Qızılquş kimi cəld idi. Evə qonaq gələrdi, heç beş-on dəqiqə keçməzdi, görərdik ki, atam artıq ən yaxşı erkəklərdən birini kəsib, dərisini soyur, indi də şişə çəkir. Belə adam idi, atam...

Amma bizim oxumağımızı çox istəyərdi. Çox zaman yaylaqlarda, otlaqlarda olardı. Amma evə gələn kimi, istəyir gecə saat iki olsun,  bizi yuxudan oyadıb, dərslərimizi soruşardı. İstəyirdi ki, hamımız ali məktəbə daxil olaq. Təəssüf ki, bircə böyük qardaşımın universitetə girməyini gördü. Cavan yaşda, 1974-cü ildə dünyasını dəyişdi. Onda 12 yaşım vardı. İndi də  o günü yaxşı xatırlayıram. Çiskinli noyabr günü idi. 300-400 baş qoyunu mənə etibar etdi, dedi, zərər yoxdu, bu gün məktəbə getmə. Çünki bir qohumun qonşu kənddəki toyuna gedəcəkdi. Elə atamla sonuncu görüşümüz də o oldu. Həmin gün yolda onu kim görmüşdüsə, hamısı demişdi ki, getmə. Dağ yollarıdı, hava da tutqun. Amma heç kəsə qulaq asmamışdı. Həmin toyda aşıqla da deyişmişdi. Qayıdanda traktor qəzaya uğramışdı. Atam da orada dünyasını dəyişmişdi. 


Elə o vaxtdan...

-....Elə o vaxtdan anamız bizə həm analıq, həm də atalıq etdi. Çox əziyyətlərə qatlaşdı. Adi sağıcı idi, amma 7 uşağını ərsəyə gətirə bildi. Çünki o da həmin “akademiya”nı, atamın, babamın yanındakı böyük məktəbi keçmişdi. İndi 87 yaşı var, Allah cansağlığı versin. Soyuducudan çıxan buz kimi suları içir. Bilirsizmi niyə görə? Çünki indi də elə hesab edir ki, Gölkənddəki həmin buz kimi suları içir. Bir növ, onunla təsəlli tapır. İlk dəfə Bakıya qəbul imtahanlarına gələndə avtobusda dura bilmirdim. Anamdan ayrılmaq istəmirdim. Hətta qatara minəndə geri qayıtmaq, anamın yanına dönmək istəyirdim. Anamdan ilk dəfə ayrılanda ağladığımı Pəri bacım da gördü. Anama bu cür bağlı idim. İndi nə etsək də, onun bizim üçün çəkdiyi əziyyətlərin 1 faizini geri qaytara bilmərik. İndi də unuda bilmirəm: hər səhər nehrə yağı, kənd yumurtası ilə bizə qayğanaq bişirərdi. Biz hər səhər oyanan kimi görərdik ki, həyətimiz, darvazanın küçə hissəsi- hər yer tər-təmizdi. Anama o səliqə, təmizlik sevgisi də bu kənddən və “məktəb”dən  keçmişdi.

“Allah sizə rəhmət eləsin!”

-Biz az da nənəm və babamdan danışım. Babam haqqında yuxarıda bir neçə cümlə dedim. Onun yanında sanki bir akademiya keçdim. Çox nizamlı, intizamlı, dəqiq insan idi. Hər gün səhər beşdə durar, lazımı işləri görərdi. Nə bir anlıq gecikər, nə də tələsərdi. Ailədə əsl kişi xarakterinin göstəricisi idi. Biz nəvələr ondan çəkinərdik. Yemək yeyərkən bir qurtum su içmək istəsək, əlimizdən vurardı. Yəni, yemək yeyən zaman su içmək olmaz. Bu dərəcədə nizam-intizam sahidi idi. Bütün ömrü zəhmətlə keçdi. Bizə də bu zəhməti o, aşıladı. Cavanlığıda Sibirə sürgün edilib, Tayqa meşələrində çox çətinliklər yaşamışdı. Odur ki, onu heç bir ağır əmək, zəhmət qorxutmurdu.

Nənəm isə, Allah ona rəhmət eləsin, əsl Azərbaycan qadınını necə düşünürsünüzsə, o cəhətlər elə nənəmdə cəmlənmişdi. Gözümü açandan onun yanında böyüdüm, amma bircə dəfə görmədim ki, danışanda səsini yüksəldə... Nə qədər zəhmətə qatlaşsa da, hər zaman özünün evin xanımı kimi hiss etdirirdi. Bu onun nəvələrinə olan sevgisinə də duyulurdu.

 

Burnumun ucu göynəyir...

-.... o toylar üçün,  günlər üçün. Bizdə kimin qapısında  toy olardısa, ona bir ay qabaqcadan hazırlıq görülərdi. Heç qonşular qoymazdı ki, toy yiyəsi toy günü nəsə etsin. Hamısını özləri edər, qonaq-qaranı yola salardılar. Balaca dəvətnamələr tutulardı. Elə biz uşaqlar onları əllə yazardıq. Vay o günə, birini toya dəvət etməyəsən, səninlə düşmən olardı. Hansın deyəsən?! Üç gün toy olardı. Biz uşaqları heç mağara yaxın buraxmazdılar. Kənardan baxardıq. Biz az böyüyəndən sonra isə toylara olan marağımız başqa mənada dəyişdi. Hamının gözaltı etdiyi hansısa qız var idi. Hamı da bilirdi ki, onun sevdiyi qız toyda “Nazilə” rəqsini, ya başqa havanı oynayacaq. Həvəslə həmin havanın səslənməsini gözlərdi. Bircə cür yemək olardı. Amma dadı damaqdan getməzdi. İndi toylarda verilən 30 cür yemək onu əvəz edə bilmir.

Yas mərasimləri də, insanları birləşdirərdi. Rəhmətlik babam kənddə kimin ölməsindən asılı olmayaraq, həmişə halva çalardı. Yaxşı halva hazırlamağı var idi, biz nəvələr də kimsə rəhmətə gedəndə bilirdik ki, babamın halvasında dadacağıq.

Vallah, burnumun ucu göynəyir, o günlər üçün... Novruz üçün, “1 may” günü üçün. Novruzda çərşənbələri həvəslə gözlərdik. Məhəllələrlə yarışa girərdik, görək kimin tonqalı daha hündür olacaq. Bir az düyü, bir az yağ və yumurta götürüb, uşaqlarla ilk “yeməy”imizi bişirərdik. Əl məhsulumuz bizə başqa Novruz təamlarından daha dadlı gələrdi.

“1 may” günlərində uşaqlar kilkə balığı, pivə, şərab alıb bulağın yanına gələrdilər. Mən o zaman içki içmirdim. Amma dadına baxanlar tapılırdı...

 


Yaddaş ağrıları

-1980-ci illərin sonundakı məlum ağrılı günləri indi də unuda bilmirəm. Universiteti bitirən kimi Elmi Tədqiqat Əkinçilik İnstitutuna, oradan Moldovaya təyinat aldım. Ondan sonra ildə cəmi bir dəfə kəndə gedə bildim. Amma o ağrılı günlər indi də göz önümdədir. O ərəfədə kəndə getdim. Artıq hər şey məlum idi. Bircə gecəni də yata bilmədim. Baş verənləri qəbul etmək istəmirdim. Elə indi də qəbul edə bilmirəm. Nəinki mən, elə kəndimizin hamısı. Ona görə də yenidən ora gedəcəyimiz günə çox inanırıq.

 

İnanın ki...

-İndi də hər şənbə-bazar günləri olan kimi ürəyimdən o kəndə getmək keçir. 600 km-dən çox məsafə var. Amma ora getmək mümkün olsa, o məsafə mənə 100 km kimi görünər. Çox yox, cəmi bircə gün oranın havasını udsam, suyunu dadsam, daha beş il mənə istirahət lazım olmaz. Çünki tamamən yenilənərəm, dincələrəm.

Amma mən o günə mütləq inanıram. Kəndimizə qayıdacağım günü intuisiyamla hiss edirəm. İnanıram ki, bizim idarə - “Azərişıq” bu günlərdə Cocuq Mərcanlı kəndində öz stansiyasını tikdiyi kimi, Şuşa, Kəlbəcər, Laçın, Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, o cümlədən Göyçə, Qaraqoyunlu elində də tikəcək. Biz hamımız bu günü görəcəyik. O gün mütləq gələcək! Ulu öndərimizin dediyi kimi, Azərbaycan  möhtərəm prezidentimizin rəhbərliyi altında dünyaya Günəş kimi doğacaq!

 

Elmin Nuri


Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Hacıqabulda yük maşını aşıb, bir nəfər xəsarət alıb
21.08.2017, 18:58

Hacıqabulda yük maşını aşıb, bir nəfər xəsarət alıb

Rostovda fövqəladə vəziyyət elan edilib
21.08.2017, 18:46

Rostovda fövqəladə vəziyyət elan edilib

Mərkəzi Bankın qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək
21.08.2017, 18:36

Mərkəzi Bankın qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək

“Dövlət Departamentinin hesabatında həqiqəti əks etdirməyən məlumatlar var” 
21.08.2017, 18:26

“Dövlət Departamentinin hesabatında həqiqəti əks etdirməyən məlumatlar var” 

"İçərişəhər" Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinin sədri təyin edilib
21.08.2017, 18:21

"İçərişəhər" Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinin sədri təyin edilib

Samuxda çoxmənzilli binaların əsaslı təmirinə vəsait ayrıldı
21.08.2017, 18:14

Samuxda çoxmənzilli binaların əsaslı təmirinə vəsait ayrıldı

Prezident Göygölə 3 milyon manat ayırdı
21.08.2017, 18:07

Prezident Göygölə 3 milyon manat ayırdı

Ali məktəblərin boş qalan yerlərinə müsabiqənin nəticələri AÇIQLANDI
21.08.2017, 17:54

Ali məktəblərin boş qalan yerlərinə müsabiqənin nəticələri AÇIQLANDI

Türkiyədə fəaliyyədə olan təşkilat Milli Məclisin deputatını təltif etdi
21.08.2017, 17:52

Türkiyədə fəaliyyədə olan təşkilat Milli Məclisin deputatını təltif etdi

Jurnalistlər “İlham Əliyevin dostları” səhifəsi yaradıblar
21.08.2017, 17:48

Jurnalistlər “İlham Əliyevin dostları” səhifəsi yaradıblar

Şuşalıların müraciəti yayıldı
21.08.2017, 17:32

Şuşalıların müraciəti yayıldı

1993-cü ilin 21 avqustunda FÜZULİ: “32 tankdan 26-sı işləmədi” - Keçmiş tabor komandiri DANIŞIR
21.08.2017, 17:12

1993-cü ilin 21 avqustunda FÜZULİ: “32 tankdan 26-sı işləmədi” - Keçmiş tabor komandiri DANIŞIR

Avqustun 22-nə manatın məzənnəsi
21.08.2017, 17:12

Avqustun 22-nə manatın məzənnəsi

“Şəmkir Aqroparkı”nda beynəlxalq konfrans - FOTO
21.08.2017, 17:02

“Şəmkir Aqroparkı”nda beynəlxalq konfrans - FOTO

53 yaşlı baş redaktor: “Duyğulandım”
21.08.2017, 16:57

53 yaşlı baş redaktor: “Duyğulandım”

Dilqəmlə Şahbaz girovluqdan buraxılacaq?   
21.08.2017, 16:52

Dilqəmlə Şahbaz girovluqdan buraxılacaq?  

Ölkəyə hazırkı turist axını İslam Oyunları ilə bağlıdır – MONİTORİNQ
21.08.2017, 16:38

Ölkəyə hazırkı turist axını İslam Oyunları ilə bağlıdır – MONİTORİNQ

Azərbaycanda xalça fabriklərinin sayı 30-a çatacaq
21.08.2017, 16:31

Azərbaycanda xalça fabriklərinin sayı 30-a çatacaq

İlham Əliyev: Azərbaycan üçün heç bir problem görmürəm, heç bir risk, təhlükə yoxdur
21.08.2017, 16:22

İlham Əliyev: Azərbaycan üçün heç bir problem görmürəm, heç bir risk, təhlükə yoxdur

Prezident tapşırıq verdi – Azərbaycan Gürcüstandakı meşə yanğınlarını söndürmək üçün kömək göndərdi
21.08.2017, 15:59

Prezident tapşırıq verdi – Azərbaycan Gürcüstandakı meşə yanğınlarını söndürmək üçün kömək göndərdi

Məcburi köçkünü aldatdılar – məhkəmə isə obyektiv qərar çıxaracağına söz verdi
21.08.2017, 15:49

Məcburi köçkünü aldatdılar – məhkəmə isə obyektiv qərar çıxaracağına söz verdi

Barselona terrorunun 15-ci qurbanı
21.08.2017, 15:45

Barselona terrorunun 15-ci qurbanı

Bəzi savadsız məmurlar azəri sözündən istifadə edir – İTTİHAM
21.08.2017, 15:39

Bəzi savadsız məmurlar azəri sözündən istifadə edir – İTTİHAM

Açıq Hökumət Platforması jurnalistlər üçün təlim keçirib
21.08.2017, 15:34

Açıq Hökumət Platforması jurnalistlər üçün təlim keçirib

YAP-dan prezident seçkiləri vaxtı təxribat yaratmaq istəyənlərə XƏBƏRDARLIQ
21.08.2017, 15:28

YAP-dan prezident seçkiləri vaxtı təxribat yaratmaq istəyənlərə XƏBƏRDARLIQ

Prezident Vilyam Hacıyevi ordenlə təltif etdi
21.08.2017, 15:17

Prezident Vilyam Hacıyevi ordenlə təltif etdi

Qazaxıstanda azərbaycanlıya məxsus 2 milyon dollarlıq qaçaqmal zinət əşyası AŞKARLANDI
21.08.2017, 15:02

Qazaxıstanda azərbaycanlıya məxsus 2 milyon dollarlıq qaçaqmal zinət əşyası AŞKARLANDI

İsmayıllıda sürücü piyadanı vurub öldürdü
21.08.2017, 14:58

İsmayıllıda sürücü piyadanı vurub öldürdü

Türkiyə və İran PKK-ya qarşı birgə əməliyyat keçirəcək
21.08.2017, 14:37

Türkiyə və İran PKK-ya qarşı birgə əməliyyat keçirəcək

İlham Əliyev sabiq dövlət və hökumət başçılarını qəbul edib - YENİLƏNİB 
21.08.2017, 14:20

İlham Əliyev sabiq dövlət və hökumət başçılarını qəbul edib - YENİLƏNİB 

Mədəniyyət və Turizm İdarəsindən oğurluq edən tutuldu
21.08.2017, 13:49

Mədəniyyət və Turizm İdarəsindən oğurluq edən tutuldu

Ermənistan ordusunun hərbçisi öldü - YENİLƏNİB
21.08.2017, 13:49

Ermənistan ordusunun hərbçisi öldü - YENİLƏNİB

Bakı sakinini sosial şəbəkə ilə şantaj edən şəxs yaxalandı
21.08.2017, 13:45

Bakı sakinini sosial şəbəkə ilə şantaj edən şəxs yaxalandı

Ölkədə istirahət günlərində 11 nəfər yol qəzalarında ölüb
21.08.2017, 13:42

Ölkədə istirahət günlərində 11 nəfər yol qəzalarında ölüb

Avropada növbəti avtomobil terroru: Ölən və yaralananlar var
21.08.2017, 13:32

Avropada növbəti avtomobil terroru: Ölən və yaralananlar var

ARXİV
SORĞU
Benzini hansı yanacaqdoldurma məntəqəsindən alırsınız?
Azpetrol-dan(50.8%)
SOCAR-dan(6.14%)
Lukoil-dan(18.4%)
Bunların heç birindən - başqasından(24.5%)