Modern.az

Heydər Əsədov “John Deere” şirkətinin nümayəndələrilə görüşdü

Heydər Əsədov “John Deere” şirkətinin nümayəndələrilə görüşdü

Aktual

26 İyul 2017, 18:29

Bu gün kənd təsərrüfatı naziri Heydər Əsədov “John Deere” şirkətinin nümayəndələri ilə görüşüb.

Görüşdə əsas məqsəd “John Deere” şirkəti ilə Kənd Təsərrüfatı Nazirliyi arasında əməkdaşlıq istiqamətləri haqqında müzakirələrin aparılması olub.

Qonaqları salamlayan nazir Heydər Əsədov “John Deere” şirkəti ilə əməkdaşlığa böyük önəm verdiyini, bu əlaqələrin daha da inkişaf etdirilməsi üçün böyük potensial imkanların olduğunu nəzərə çatdırıb. Nazir “John Deere” şirkətinin fəaliyyəti üçün ADAU-da xüsusi otaq ayrılmasını, servis xidmətinin yaradılması, texnika üçün kadr hazırlığı və kadrların şirkətdə təcrübə keçməsinin məqsədəuyğun hesab edib.

Nazir həmçinin “John Deere” şirkəti ilə bağlanmış müqavilələrə əsasən qısa zamanda, pambıq yığımı mövsümünün başlanmasına qədər pambıqyığan kombaynların respublikaya gətirilməsinin sürətləndirilməsinin vacibliyini şirkət nümayəndələrinin diqqətlərinə çatdırıb.

“John Deere” şirkətinin regional nümayəndəsi Maximilian Pauge səmimi qəbula və əməkdaşlığa görə minnətdarlığını bildirərək təmsil etdiyi şirkətin baş icraçı direktoru Sam Allenin salamlarını çatdırıb. Bir şirkət olaraq Azərbaycanla əməkdaşlığı yüksək dəyərləndirdiyini və bundan sonra da əməkdaşlığa önəm verdiyini vurğulayıb. Bildirib ki, artıq yaxın günlərdə 140-a yaxın pambıqyığan kombayn respublikamıza daxil olacaq. Cənab Dirk Stratmann və İdarə Heyəti ilə gələcək imkanları müzakirə etmək və Almaniya Federativ Respublikasında traktor, kombayn istehsalı, Avropa Ehtiyyat Hissələri Mərkəzi və kənd təsərrüfatı texnologiyaları ilə yaxından tanış olmaq məqsədilə nazir Heydər Əsədovu Manhaym şəhərindəki Avropa Qərargahına dəvət edib. 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü