Modern.az

Qərb Universitetində Unibook – təhsilin informasiya sisteminin tətbiqinə başlandı

Qərb Universitetində Unibook – təhsilin informasiya sisteminin tətbiqinə başlandı

23 Avqust 2017, 11:12

Bu gün Qərb Universitetinin ən müasir səviyyədə qurulmuş yeni tədris binasında Azərbaycanın qabaqcıl texnologiya şirkəti “Neuron Technologies” ilə müqavilə imzalandı. Bununla da mütərəqqi dünya texnologiyalarına əsaslanan “Unibook” – təhsilin informasiya idarəetmə sisteminin tətbiqinə start verildi.  Müqaviləni Qərb Universitetinin rektoru Andris Leitas və “Neuron Technologies” şirkətinin baş direktoru İsmayıl Ələkbərov imzaladılar. 

Qərb Universitetinin rektoru professor A.Leitas universitetin son dövrlərdə həyata keçirdiyi layihələr və əldə etdiyi nailiyyətlər barədə məlumat verdi və bu sistemin tətbiqinin də infrastrukturun möhkəmləndirilməsi istiqamətində aparılmış işlərin davamı olduğunu diqqətə çatdırdı.

“Unibook” – elektron təhsil platformasının universitetdə tətbiqi çərçivəsində tələbələrin və müəllimlərin elektron məlumat bazasının yaradılması, tədris prosesinin və təhsilin məzmununun elektron idarəedilməsi, elektron qiymətləndirmə, elektron imtahan, interaktiv forum və kommunikasiya, insan resurslarının idarə edilməsi, təqaüd hesablanması və digər alt-sistemlərin tətbiqi nəzərdə tutulur.  “Unibook” elektron təhsil sistemi vasitəsilə tələbələr tədris strukturlarını, avtomatlaşdırılmış alt sistemləri özündə birləşdirən vahid informasiya mühitində istənilən fənn üzrə materialları onlayn qaydada əldə edəcək, müəllimlərin mühazirələri ilə tanış ola biləcəklər.

Bütün tələbələrə və müəllimlərə onlayn sistemə giriş imkanı veriləcək və bunun üçün hər bir istifadəçinin xüsusi şifrəsi olacaq. Tələbələr “Unibook”a daxil olmaqla istənilən məlumatı öyrənə biləcəklər. Onlayn sistemdə universitet haqqında bütün məlumatlar, dərs cədvəlləri, fənn proqramları, elektron vəsaitlər yerləşdiriləcək.

Elektron məlumat və idarəetmə sisteminin tətbiqi Qərb Universitetində son informasiya texnologiyalarına əsaslanan yeni təhsil idarəetmə sisteminin formalaşdırılmasına töhvə verəcək. 

“Neuron Technologies” şirkətinin ərsəyə gətirdiyi “Unibook” – təhsilin informasiya idarəetmə platforması artıq Azərbaycan Təhsil Nazirliyi sistemində geniş tətbiq olunur və nüfuzlu ali təhsil müəssisələri, universitetlər təhsil proseslərinin idarə edilməsində məhz bu sistemə üstünlük verir.  Azərbaycan şirkətinin “Unibook” elektron təhsil sistemi ölkəmizin ali təhsil müəssisələrində geniş tətbiq edilməklə yanaşı, həm də “made in Azerbaijan” brendi altında bir sıra xarici ölkələrə ixrac edilməyə başlanıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü