Modern.az

İlham Əliyev BMT-də çıxış etdi: Hərbi cinayətkarlardan biri Ermənistanın indiki prezidentidir - YENİLƏNİB-3

İlham Əliyev BMT-də çıxış etdi: Hərbi cinayətkarlardan biri Ermənistanın indiki prezidentidir - YENİLƏNİB-3

Aktual

20 Sentyabr 2017, 21:03

"Ötən ilin aprelində Ermənistan şəhər və kəndlərimizə hücum edərək, təmas xəttində növbəti hərbi cinayət törətdi. Bu hücum nəticəsində 6 dinc azərbaycanlı qətlə yetirildi, onların sırasında bir uşaq da var idi. Bundan əlavə, 26 mülki şəxs yaralandı. Yüzlərlə evlərimiz dağıdıldı. Azərbaycan öz vətəndaşlarını müdafiə etməli oldu. Uğurlu əks-hücum nəticəsində Azərbaycan 3 işğal olunmuş rayonda - Ağdərə, Füzuli və Cəbrayılda bir neçə əraziləri azad etdi və öz bayrağını azad edilmiş ərazilərdə qaldırdı. Ermənistan rəhbərliyi bu dərsi yaddan çıxarmamalıdır. Əks təqdirdə, Ermənistanın növbəti təxribatının nəticələri onlar üçün daha ağrılı olacaq". Modern.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Nyu Yorkda BMT Baş Assambleyasının 72-ci sessiyasında çıxışı zamanı deyib.

Dövlət başçısı qeyd edib ki, döyüş meydanında məğlub olan Ermənistan şəhərlərimizə və kəndlərimizə hücum çəkmək kimi məkrli siyasətindən istifadə edir: "2017-ci il iyulun 4-də Ermənistan 82 və 120 millimetrlik mina və qumbaraatanlardan istifadə edərək, Füzuli rayonunun Alxanlı kəndinə məqsədli hücum etmiş, 2 dinc sakini - 2 yaşlı Zəhra Quliyevanı və onun nənəsini qətlə yetirmişdir.

2017-ci il avqustun 7-də Ermənistanla sərhəddə yerləşən Tovuz rayonunda 13 yaşlı oğlan erməni əsgərləri tərəfindən yaralanmışdır. Beynəlxalq ictimaiyyət erməni faşizminə və terroruna son qoymalıdır. Azərbaycan münaqişənin sülh yolu ilə həllinə sadiqdir, lakin, eyni zamanda, Ermənistanın hərbi təxribatı davam edərsə, ölkəmiz BMT-nin xartiyasına uyğun olaraq, öz vətəndaşlarını qoruyacaq və lazım gələrsə, təcavüzkarı 2016-cı ilin aprelində olduğu kimi yenidən cəzalandıracaq".

Prezident deyib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələri əsasında həll olunmalıdır. Azərbaycanın ərazi bütövlüyü tam şəkildə bərpa olunmalıdır.

İlham Əliyev daha sonra bildirib ki,  Azərbaycanın siyasətinin əsas məqsədi ölkə vətəndaşlarının rifah halının daha da yaxşılaşdırılmasıdır: "2004-cü ildən etibarən ölkəmizdə əmək haqları 5,6 dəfə, pensiyalar 8,2 dəfə artmışdır. Xarici maliyyə dəstəyi olmadan biz erməni işğalından əziyyət çəkən qaçqın və məcburi köçkünlər üçün təxminən 100 yeni qəsəbə və şəhərcik salmışıq. Bu günə qədər 250 mindən artıq insanın həyat şəraiti yaxşılaşdırılıb, onlara yeni evlər və mənzillər verilib. Həmin şəhərcik və qəsəbələrdə 152 məktəb, 59 tibb mərkəzi və 60 bağça tikilmişdir.

Ümumilikdə, 2004-cü ildən başlayaraq 3000-dən artıq məktəb, 600-dən çox xəstəxana və tibb mərkəzləri tikilmiş, yaxud təmir edilmişdir. Azərbaycanda savadlılıq səviyyəsi 100 faizə yaxındır. Hər il 5 milyondan artıq insan, yəni ölkə əhalisinin yarısı tamamilə dövlət büdcəsindən maliyyələşən tibbi yoxlamadan keçir".

Dövlət başçısı bildirib ki, Azərbaycan qlobal enerji bazarında mühüm rol oynayır: "Beynəlxalq bazarlarda etibarlı neft və qaz təchizatçısı olan Azərbaycan dünyanın bir çox ölkələri üçün enerji təhlükəsizliyini təmin edir. Bu gün Azərbaycan öz beynəlxalq tərəfdaşları ilə birlikdə “Cənub Qaz Dəhlizi” layihəsinin başa çatdırılmasına çox yaxındır. Sərmayələrinin həcmi 40 milyard dollara çatan bu layihə dünyanın ən iri infrastruktur layihələrindən biridir.

Digər mühüm prioritet nəqliyyatdır. Avropa ilə Asiya arasında yerləşən Azərbaycan Avrasiyada aparıcı nəqliyyat qovşaqlarından birinə çevrilmək istiqamətində öz coğrafi mövqeyindən müdrikcəsinə istifadə edir. Son illərdə Azərbaycanda 6 beynəlxalq hava limanı tikilmiş, 11 min kilometr müasir şosse və yollar çəkilmişdir. Xəzər dənizində Azərbaycanın 270 gəmidən ibarət ən iri ticarət donanması var. Azərbaycanda müasir gəmiqayırma zavodu bütün növ və ölçüdə gəmiləri tikməyə qadirdir. Azərbaycan özünün dəmir yol infrastrukturunu müasirləşdirir. Ərazimizin tam əksəriyyəti dəmir yolları ilə əhatə olunur. Gələn il biz Xəzər regionunda ən iri beynəlxalq ticarət dəniz limanını istismara verəcəyik. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinə böyük sərmayələr yatırır. Ölkəmizdən keçən hər iki marşrut Şərqdən Qərbə, Şimaldan Cənuba gedən ən qısa yollar olacaq".

 

17:55

 

Azərbaycan Prezidenti İlham Əliyev bir qədər öncə BMT Baş Assambleyasının 72-ci sessiyası çərçivəsində çıxış edib.

 

İlham Əliyev bildirib ki, Ermənistan 25 ildən çoxdur ki, Dağlıq Qarabağ və ətraf 7 rayon daxil olmaqla, Azərbaycan ərazilərinin 20 faizini işğal altında saxlayır.

 

Modern.az-ın məlumatına görə, Azərbaycan Prezidenti Nyu Yorkda BMT Baş Assambleyasının 72-ci sessiyasında çıxışı zamanı xatırladıb ki, Dağlıq Qarabağ Azərbaycanın tarixi ərazisidir və onun işğal altında qalması yolverilməzdir.


“Erməni təcavüzünün nəticəsi olaraq Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin təqribən 20 faizi işğal altındadır. Bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib. Ermənistan tərəfindən bu ölkədə, Dağlıq Qarabağda və ətraf 7 rayonda azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparılıb”.

Prezident İlham Əliyev ermənilər tərəfindən törədilmiş Xocalı soyqırımı haqqında da danışıb:

“Ermənistan Xocalıda azərbaycanlılara qarşı soyqırım törədib. Xocalı soyqırımı artıq 10-dan çox ölkə tərəfindən rəsmi olaraq tanınıb. 1992-ci il fevralın 26-da Ermənistan 613 dinc sakini qətlə yetirərək hərbi cinayət törədib”.

 

Dövlət başçısı bildirib ki, bəşəriyyətə qarşı bu dəhşətli cinayətləri törətmiş hərbi cinayətkarlardan biri Ermənistanın indiki prezidentidir.

İlham Əliyev xatırladıb ki, aparıcı beynəlxalq təşkilatlar erməni qoşunlarının Azərbaycan ərazilərindən çıxarılmasını tələb edən qətnamələr qəbul ediblər: “1993-cü ildə BMT-nin Təhlükəsizlik Şurası erməni qoşunlarının Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamə qəbul edib. İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, ATƏT, AŞ PA və Avropa Parlamenti kimi digər təşkilatlar da oxşar qərar və qətnamələr qəbul ediblər. Ermənistan bu qərar və qətnamələrə riayət etmir”.

Azərbaycan Prezidenti vurğulayıb ki, Ermənistan artıq 24 ildir BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əhəmiyyət vermir və təəssüf ki, buna görə cəzalandırılmır.

Dövlət başçısı əlavə edib ki, bəzi hallarda BMT Təhlükəsizlik Şurasının qətnamələri bir neçə gün ərzində yerinə yetirilir:

“Bizim vəziyyətdə isə bu qətnamələr 24 ildir ki, icra olunmur. Bu, ikili standartlardır, qəbuledilməzdir. Ermənistana beynəlxalq sanksiyalar tətbiq edilməlidir. BMT-nin vacib islahatlarından biri Təhlükəsizlik Şurasının qətnamələrinin icra mexanizminin yaradılması olmalıdır. Ermənistan hər şeyi edir ki, status-kvo dəyişməz qalsın və substantiv danışıqlara mane olur. ATƏT-in Minsk qrupunun həmsədrləri – Fransa, Rusiya və ABŞ dəfələrlə bəyan edib ki, status-kvo qəbuledilməzdir. Məsələ ondadır ki, bu cür müstəbid, orta əsr rejimi tərəfindən idarə olunan korrupsiyalaşmış, uğursuz dövlət necə olur ki, bu illər ərzində beynəlxalq hüququ poza bilir, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə və dünyanın aparıcı ölkələrinin bəyanatlarına məhəl qoymur? Cavabı – ikili standartlardır”.

İlham Əliyev qeyd edib ki, təcavüzkara beynəlxalq təzyiq göstərilmir, Ermənistan diktaturası beynəlxalq sanksiyalara məruz qalmır: “Bu siyasət dayandırılmalıdır. Təcavüzkara münasibətdə bu cür siyasət yalnız ədalətsizliyin nümayişi deyil, həmçinin elə illüziya yaradır ki, Ermənistan diktaturası öz terror siyasətini davam etdirə bilər”.

 

Prezident qeyd edib ki, təcavüzkara qarşı beynəlxalq təzyiq yoxdur, Ermənistan diktatorluğuna qarşı sanksiyalar tətbiq olunmur: "Bu dayandırılmalıdır. Ötən ilin aprelində  Ermənistan daha bir cinayət törədib. Nəticədə Azərbaycanın 6 dinc sakini öldürülüb, cavab hücumu ilə Azərbaycan Ordusu işğal olunmuş ərazilərin bir hissəsini azad edib və bayrağını həmin ərazilərdə ucaldıb. Ermənistan rəhbərliyi bu dərsi unutmamalıdır. Əks halda, növbəti təxribatın  cavabı daha ağrılı olacaq.

Döyüşdə itirən Ermənistan yenidən Azərbaycanın kəndlərinə hücum edib. Bu ilin iyulunda hədəfli hücum nəticəsində Alxanlı kəndinə edilən hücum zamanı 2 nəfər öldürülüb. Bunlar 2 yaşlı Zəhra Quliyeva və onun nənəsidir. Beynəlxalq ictimaiyyət erməni terrorizmini və faşizmini dayandırmalıdır. Azərbaycan münaqişəsinin sülh yoluna sadiqdir. Lakin erməni hərbi təxribatı davam edərsə, Azərbaycan öz əhalisini müdafiə edəcək. Lazım gəlsə, ötən ilin aprelində olduğu kimi, Ermənistan yenə cəzalandırılacaq. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüququn prinsipləri əsasında həll olunmalı, Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir". 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü