Modern.az

Yaddaşlara həkk olunan ömür: Əməkdar müəllim Göyçək Məmmədova

Yaddaşlara həkk olunan ömür: Əməkdar müəllim Göyçək Məmmədova

Ədəbi̇yyat

28 Sentyabr 2017, 20:31

Müəllim özünü o vaxt xoşbəxt sanır ki, illər boyu çəkdiyi  gərgin əməyinin bəhrəsini görür, təhsil verdiyi şagirdlərinin xoş sorağını eşidir. Ömrünü, bütün əmək fəaliyyətini məktəbə, müəllimlik peşəsinə həsr etmiş Göyçək Məmmədovanı da həmin xoşbəxt müəllimlərdən saymaq olar.

1932-ci ildə Ağstafa rayonunun Eynallı kəndində dünyaya göz açan Göyçək Məmmədova hələ məktəb illərindən müəllim olmaq arzusu ilə yaşayıb. Müqəddəs müəllim adını daşımaq ən böyük arzusuna çevrilib. Müharibədən sonrakı illərin çətinliyinə baxmayaraq o, orta məktəbi bitirdikdən sonra Qazaxda pedaqoji təhsil alıb, həmyaşıdları arasında oxumağı, ictimai işlərdə fəallığı ilə fərqlənib.

Göycək Məmmədova ixtisaslı filoloq kimi ilk təyinat aldığı Şəmkir rayon Şeyidlər kənd orta məktəbində də qısa müddət ərzində öz biliyi, təşkilatçılıq qabiliyyəti, pedaqoji fəaliyyəti ilə rayonunu təhsil ictimaiyyəti tərəfindən bacarıqlı mütəxəssis kimi tanınıb. Və sözsüz ki, bu da rayon rəhbərliyinin diqqətindən yayınmayıb və bir neçə ildən sonra ona böyük etimad göstərilərək məktəb direktoru vəzifəsinə təyin ediblər .

Həyatını ilk təyinatını aldığı  Şəmkir rayonunun Şeyidlər kənd orta məktəbinə bağlayan Göyçək xanımın şəxsi həyatı da bu kəndlə bağlanıb. Məhz elə bu məktəbdə, eyni kollektivdə çalışan İslam müəllim öz sevgi etirafları ilə Göyçək xanımı həmişəlik bu kəndin sakini edib. Ailə həyatı quran müəllimlər yeddi övlad sahibi olublar, onlara yüksək tərbiyə, ali təhsil verib cəmiyyətimiz üçün dəyərli vətəndaşlar yetişdiriblər.  

Qısa müddət ərzində məktəbi öncül təhsil ocaqları sırasına çıxaran Göyçək Məmmədovanın gərgin əməyi  zaman-zaman dövlət tərəfindən qiymətləndirilib. Mükafat və təltifləri haqqında heç vaxt danışmağı sevməyən Göyçək xanım yalnız Əməkdar müəllim adını aldığı günləri qürur hissi ilə xatırlayıb. Bu adın ona müəllimlər qurultayında şəxsən Heydər Əliyev tərəfindən təqdim edilməsini Göyçək xanım həyatının ən yaddaqalan anı kimi dəyərləndirib.

Həm filoloq, həm də kövrək qəlbli bir xanım kimi Göyçək Məmmədovanın ən həssas hissləri Vətən mövzusu olub. Elə çalışdığı məktəbin Qarabağ savaşında qəhrəmancasına şəhid olmuş İsmayıl Tağıyevin adını daşıması da onun ürəyində qürür hissi ilə yanaşı həm də acılı-ağrılı izlər buraxıb. Şəmkirin qəhrəman oğlu məhz həmin məktəbin məzunu olub.

 

Göyçək Məmmədovanı tanıyanlar onun haqqında həmişə xoş təəssüratlarını bölüşüblər.

Maarifə Hüseynova: “Göyçək xanım ziyalı olmağı ilə bərabər, həm də el-oba adamı, qayğıkeş ana, vətənpərvər insan idi. Xeyirxahlıq, insana məxsus olan ən ali hisslər onun xarakterində çəmləşmişdi. Əsl Azərbaycan xanımlarına məxsus kübarlığı, alicənablığı, milli adət-ənənələrimizə hörmətlə yanaşmağı onu daha da gözəlləşdirirdi. Məktəbə, təhsilə bütün varlığı ilə bağlı idi. Şagirdlərinin ən adi uğurlarına belə qəlbən sevinirdi. Bax elə bunun nəticəsi idi ki, məktəbin məzunları harada yaşamalarından, harada işləmələrindən asılı olmayaraq tez-tez öz sevimli müəllimlərini ziyarət edirdilər...”

Şərəfli bir həyat yaşayan Azərbaycanın Əməkdar müəllimi Göyçək Məmmədova 2017-ci ildə ömrünün 85-ci payızında dünyasını dəyişib. Taleyini bağladığı Şəmkirin Şeyidlər kəndində dəfn olunan təhsil fədaisi Göyçək xanımın ruhu şaddır. Ona görə ki, bu gün də onu tanıyanlar, şagirdləri, el-oba Göyçək xanımı böyük ehtiramla xatırlayırlar...

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü