Modern.az

Cümhuriyyətin aşağılandığı Azərbaycan filmləri - TƏHRİF OLUNMUŞ TARİX

Cümhuriyyətin aşağılandığı Azərbaycan filmləri - TƏHRİF OLUNMUŞ TARİX

Mədəni̇yyət

4 Oktyabr 2017, 17:26

Qarşıdan Azərbaycan tarixinin ən şanlı səhifələrindən olan, milli kimliyimizi müəyyən edən bir tarixin - Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi gəlir. Təəssüf ki, bu möhtəşəm tarixi hadisə ilə bağlı müstəqil olduğumuz 26 il ərzində bircə dənə də olsun irimetrajlı bədii film çəkilməyib. Bu, həqiqətən də, acı haldır. Düzdür, başda “Əbədi ezamiyyət” olmaqla, bir neçə sənədli filmin adını çəkə bilərik. Amma mövzusu birbaşa Cümhuriyyət olan bədii filmimiz konkret olaraq yoxdu.

Lakin kinonun yaxşı inkişaf etdiyi sovet dövründə çəkilən bir neçə bədii filmdə Cümhuriyyət dövrü birbaşa olmasa da, dolayısı ilə ayrıca bir xətt kimi keçir. Və çox təəssüflər olsun ki, həmin filmlərin hər birində Azərbaycan Xalq Cümhuriyyəti və onun fədailəri öz layiqli qiymətini almayıblar. Biz indi həmin filmləri tənqid edib, onun rejissor, ssenari müəllifi və aktyor heyətinə irad tutmaq fikrində deyilik. Burada təbii ki, dövrün diktəsi öz sözünü deyir. Əks addım atan yaradıcı qrup təbii ki, Mərkəzin “təriflərinə” tuş gələcəkdi. Həmçinin, filmdən də  müəyyən hissələr kəsilib atılacaqdı.

Modern.az saytı Azərbaycan Xalq Cümhuriyyətinin “qara lentlərlə” əks olunduğu filmləri təqdim edir:

 

“Qatır Məmməd” - 1974-cü ildə istehsalata verilən filmdə təəssüflər olsun ki, Cümhuriyyət hökuməti tənqid olunur. Filmdə 1919-cu ildə Gəncə quberniyasında Qatır Məmmədin başçılığı ilə hökumət əleyhinə başlanan üsyandan bəhs edilir. 1919-cu ildə hökumət isə təbii ki, Azərbaycan Xalq Cümhuriyyətinin idi. Filmdə İsmayıl Dağıstanlının canlandırdığı Fətəli Xan Xoyski (hökumət rəhbəri) və Rasim Balayevin oynadığı Əziz (AXC əsgəri) əsas mənfi rollar kimi göstərilib. Bolşeviklərin nümayəndəsi Qatır Məmməd isə əfsanələşdirilir. Bir daha təkrar edirik ki, burada nə filmin rejissorunu, nə də Qatır Məmmədi canlandıran Şahmar Ələkbərovu günahlandırmaq olmaz. Təbii ki, vaxt gəlib - vədə ötdü və həqiqət öz yerini tapandan sonra tamaşaçılar Qatır Məmmədin dəstəsinə casus kimi daxil olan Rəsulzadə əsgəri Əzizi mənfi yox, müsbət planda görməyə başladılar. Rasim Balayevin özü də sonradan bu fakta çox sevindi.

Filmdə Qatır Məmmədi ustalıqla ölümə aparan Əziz xətti ilə yanaşı, Cümhuriyyətin imicinə ləkə vuran başqa məqamlar da var. Məsələn, film tarixin əksinə gedərək, ifrat şəkildə Cümhuriyyət hökumətini pisləyir. Guya, AXC parlamenti baş verən hadisələrə görə Gəncə quberniyasını ciddi cəzalandırır. Halbuki, 23 aylıq AXC hökuməti dövründə hansısa qurumun cəzalandırması faktı olmayıb. Özünü təzəcə bərpa etmək istəyən, xarici qüvvələrin təsirindən yaxa qurtara bilməyən hökumət bütün iş-gücünü buraxıb bolşevik sevdalısı Qatır Məmmədlə mübarizə aparası deyildi. Görün bu ifrat tənqidlər nə həddə çatmışdı ki, hətta sovet dövrünün qəzetlərində belə, filmin Müsavat Partiyası və AXC hökumətinə etdiyi ifrat tənqid pislənirdi:

“Qatır Məmməd” filmində nöqsanlar az deyildir. Filmdə Müsavat “irtica”sının “yırtıcılığı”, xalq üsyanını doğuran “səbəblər” səthi və yalnış şəkildə əks etdirilmişdir. Müsavatın parlament nümayəndəsinin Gəncə qubernatoruna verdiyi ittihamlar da inandırıcı deyil. Həmçinin, bu ittihamlar filmin əsas ideyası ilə bağlanmır”.

“26-lar”- Filmin adı artıq hər şeyi deyir. Əgər 1966-cı ilə belə bir adda film çəkilibsə və 26 Bakı komissarı orada canlandırılıbsa, təbii ki, burada Azərbaycan Xalq Cümhuriyyəti təriflənəsi deyildi. Uğurlu ekran taleyi yaşamayan filmdə (haqlı olaraq!!!) Cümhuriyyət birbaşa yox, dolayısı yolla tənqid edilir. Tarixi az-maz bilən insanlar, tənələri hiss etməmiş deyillər.

Maraqlı bir detalı deyək ki, filmin ssenari müəllifi, mərhum xalq yazıçısı İsa Muğanna hətta müəyyən təqibləri gözə alaraq, əvvəlcə ssenari yazmaqdan imtina edib. Rejissor Əjdər İbrahimov da onu fikrindən döndərə bilməyib. Lakin İsa Muğanna onsuz da başqa birisinin ssenari yazacağını və orada xeyli ifrata, tarixi təhriflərə varacağını bilib yenidən ssenarini yazmaq və tarixi hadisələri daha dərindən öyrənmək istəyib. Bu səbəbdən Dövlət Arxiv İdarəsində uzun müddət araşdırmalar aparıb. Özünün də sonradan etirafına görə, 26 komissar haqqındakı həqiqətləri o axtarışlardan sonra üzə çıxarıb və ssenariyə əlavə edib. Təbii ki, Moskva 1966-cı ildə özlərinə sərf etməyən bu həqiqətləri qayçılayıb. Amma yenə də İsa Muğanna və filmin rejissoru çoxsaylı təzyiqlərlə üz-üzə qalıb.

 

“Səmt küləyi” - Bu film də uzun müddətdir ki, göstərilməyib. Demək olar ki, istehsalata buraxıldıqdan sonra mavi ekranlarda cəmi bir neçə dəfə göstərilib. Cümhuriyyət tarixindən məlumatlı olanlar Biçeraxovun kimliyindən xəbərdardılar. Artıq iflasa uğramış Çar ordusunun polkovniki olan Biçeraxov özünün 1500 nəfərlik dəstəsi ilə gənc Cümhuriyyət üçün əsl başağrısına çevrilir. Denikinin ordusuna tabe olan Biçeraxov coğrafi baxımdan Azərbaycana daha yaxın yerdə qərar tutmuşdu. Bu səbəbdən, onun proseslərə həmlə etmək imkanı daha çox idi. O isə yol kəsmək kimi müəyyən qara işlərlə məşğul idi. 1981-ci ildə çəkilən “Səmt küləyi”ndə isə həm Biçeraxov, həm də 1918-ci il Bakı Kommunasının ləğvindən sonrakı hadisələr ön plana çıxarılıb.

 

(ardı var)

N.Nihad 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır