23 noyabr 2017, Cümə axşamı
Ana Səhifə - MEDİA - Elmira Əmrahqızının efirdəki hıçqırtıları - Radiojurnalistin portret cizgiləri
Elmira Əmrahqızının efirdəki hıçqırtıları - Radiojurnalistin portret cizgiləri
06.11.2017, 10:52

Təyyarə lazımi yüksəklik alıb özünə gəlmişdi, sanki heç uçmurdu. Səmanın sükuta dalmış bu boşluğunda “donub” qalmış ağ bulud topalarının içərisindən keçməsəydik, hərəkətsiz olduğumuzu zənn edəcəkdim. Təzə “Boinq”in geniş və boş görünən salonunda hamı yerini rahatlamışdı. Bir az əvvəl prezidentin bu salona keçməsi, sualları və zarafatları ilə yaratdığı qaynar ab-hava da yavaş-yavaş sükutun içərisində əriyirdi. Heç kim qımıldanmırdı, danışan da yox idi, sükutu yalnız təyyarə mühərrikinin aramsız səsi və bir də azsaylı sərnişinlərin arabir şirin-şirin əsnəməsi pozurdu. Qarşıda beş saatlıq yol vardı. Bir az mürgüləmək, gözlərin acısını almaq üçün əla fürsət idi. Çünki təyyarə enəndən təxminən bir saat sonra getdiyimiz Londonda prezidentin dalbadal üç görüşü olacaqdı. Bunları dərhal hazırlayıb Bakıya ötürmək lazım idi.


Səhər saat 5-də hava limanına hamıdan tez gəlmiş və artıq indi yorğun düşərək yatmış  operatorlarımızın mışıltısı yuxunun şirin havasını asta-asta mənə tərəf qovurdu. Getdikcə yuxunun iradəmi əlimdən aldığını, müqavimətin zəiflədiyini, göz qapaqlarımın ağırlaşdığını, yumularaq xoş duyğulara təslim olduğunu, yavaş-yavaş hansısa bir boşluğa tərəf uçduğumu hiss edirdim.


Elə bu vaxt kiminsə ehtiyatla qoluma toxunub məni astaca səslədiyini eşitdim:


-Boy, ay Qulu, sən də bunlara qoşulmusan? Ay Allah, bilmirəm ki, bu televiziya işçiləri nə yaman yatağan olurlar, ey?!


Bu, Elmira Əmrahqızının həmişə xoş əhval yaradan gümrah və bir az da cingiltili səsi idi. Yanımdakı boş yerdə ərklə oturdu və üzünü səsdən heç qımıldamayan operatorlara tərəf tutub zarafatla “bunlara nə olub belə, əməlli-başlı qocalıblar”, sonra da eyni əda ilə mənə “sən Allah, neyniyirsən elə, amma  sən bunlara oxşama” dedi və ürəkdən güldü.


Biz ordan-burdan danışdıq, işdən-gücdən söz saldıq, ailədən-uşaqlardan hal-əhval tutduq. Təbii ki, işlərin çoxluğundan, gərginliyindən gileyləndik. Sonra Elmira mətləb üstünə gəldi. Radioda bir vaxtlar yanında çalışıb-əməkdaşlıq etdiyi, mənə də çox yaxşılıqları dəymiş Məryəm Zöhrabovanı soruşdu, onun işi-gücü, dolanışığı barədə suallar verdi. Özündən asılı olmayaraq arada bir az qüssələndiyini, gözlərinin yol çəkdiyini hiss etdim. Mən bunu ötən günlər üçün xiffət hissi kimi anladım, amma deyəsən, Elmira ürəyində kiminləsə tamamilə başqa bir şey barədə danışırdı və sanki xəyalən etdiyi söhbətin sonuncu cümləsini mənə də söylədi: “heç bilirsən o, necə gözəl insandı, çətin vaxtlarımda mənə nə qədər yaxşılıqlar edib!?”.


Əlbəttə, mən bunları bilirdim, Məryəm xanımın Elmiraya bir övlad münasibəti göstərməsini şahidi idim, çünki hər şey gözümün qabağında olmuşdu. Odur ki, indi Elmiranın bütün bunlar barədə belə sevgi ilə danışması ürəyimə yağ kimi yayılırdı.


Belə qərara gəldik ki, səfərdən qayıdan kimi zəngləşək və sürpriz edib xəbərsiz-filansız gedib radioda Məryəm xanımla görüşək. Hətta, göyün yeddinci qatında həmin görüşün bir yüngülvari ssenarisini də cızdıq....


***



Elmira Əmrahqızını ilk dəfə Azərbaycan radiosunda Məryəm Zöhrabovanın yanında görüb tanımışdım. Təbliğat baş redaksiyasında şöbə müdiri olan Məryəm xanım təbiətcə çox mülayim, xeyirxah, adamlarla tez dil tapan, ünsiyyətcil, şirin dili ilə ilanı yuvasından çıxarmağı bacaran bir qadın idi. Şux və çevik davranışları ilə həmişə xoş əhval yaradardı, daim hərəkətdə idi, bir yerdə oturmazdı. Radionun tarixində ilk qadın redaktor olması ilə qürrələnir və bir də insanlara yaxşılıq etməkdən xüsusi zövq alırdı. Sevdiyi, xatirini istədiyi adamları elə müdafiə edir, elə ürəkdolusu tərifləyirdi ki, heyran olmaya bilmirdin. O, Elmira Əmrahqızını da beləcə çox istəyirdi, öz övladı kimi sevirdi. Hər kəsin yanında Elmiranın gözəl xasiyyətindən, xanımlığından, bacarığından, jurnalist istedadından, qələminin gücündən, yazılarının dilinin şirinliyindən danışırdı.


Mən tələbə idim, radio ilə təzə əməkdaşlığa başlamışdım. “Cavansan” deyib məni uzaq obyektlərə göndərirdilər, reportaj və müsahibələr hazırlayır, rus dilindən tərcümələr edirdim.  Məryəm xanım hesab edirdi ki, formalaşmağım üçün mən hələ çox yazmalı, o cümlədən Elmira kimi jurnalistlərdən nə isə öyrənməli idim. Odur ki, Elmiranın makinadan çıxmış yazılarının ən son variantlarını mənə oxutdururdu ki, həm orfoqrafiyasını  düzəldim, həm də yaradıcılıq təcrübəsi toplayım. Sözün düzü, Elmira o qədər maraqlı və həm də cazibədar üslubda yazır, elə poetik ifadələr işlədirdi ki, mən onda 3-cü kurs tələbəsi kimi nə vaxtsa babat jurnalist olub belə materiallar yazacağıma əməlli-başlı şübhə edirdim....

 
Elmira xanımı tanıyıb üzbəüz görüşənə qədər artıq təsəvvürümdə onun parlaq bir obrazı var idi: ağıllı, istedadlı, zəhmətkeş və zirək. O nədən yazırdısa, yaxşı alınırdı, çox şirin təhkiyəsi vardı, sanki yazarkən heç bir çətinlik çəkmirdi. Həmin dövrün – 70-ci illərin publisistikası üçün səciyyəvi olan poetik tərz də Elmiranın yazılarında öz yerində idi. Daha çox təbliğat-təşviqat üzərində köklənmiş sovet publisistikası pafossuz keçinmirdi, amma Elmiranın bulaq suyu kimi adamın qəlbinə süzülən şirin dili, ifadə tərzi təbliğatdan çox uzaq idi, onun üslubu hadisə, obraz və situasiyanın mahiyyətinin açılmasına xidmət edirdi. Bu üslub onun radio oçerklərinə ayrıca bir səmimilik, xoş ovqat və cazibə gətirirdi. O yadımda qalıb ki, Elmira iri həcmli oçerklər, reportajlar və müsahibələr hazırlayırdı, daha çox sadə əmək adamlarından, alimlərdən, tibb sahəsindəki məşhur simalardan yazırdı. Çox nadir hallarda istehsalat mövzularına üz tuturdu, onun bu “ağır” mövzunu belə öz şirin yazı tərzi ilə “insaniləşdirməyi” radio işçilərinə ləzzət verirdi. Çünki çoxlarına elə gəlirdi ki, zavod və fabrikdən yazanda mütləq “dəzgahların nəğməsindən”, ağır zəhmətin, toz-torpağın, nəfəsi qarsan istinin, çirkin-pasın “romantikası”ndan yazmalı, samballı cümlələr, cürbəcür istehsalat terminləri işlətməlisən ki, veriliş yaxşı alınsın. Elmiranın yanaşması isə başqa idi, o, bütün bunları əmək adamlarının taleyindən, ətraf mühitlə təmasından, fikir və düşüncəsindən keçirərək yaddaqalan insan mənzərələri yaratmağa çalışırdı.


Bir şey də diqqətimi cəlb etmişdi ki, Elmira müəllifi olduğu mətnlərin heç də hamısını özü efirə oxumurdu, onların bəzilərini diktorlara həvalə edirdi. Yalnız təhsil və tibb ocaqlarından olan reportajlarını, elm və sənət adamları haqqında oçerklərini mikrofon qarşısında özü oxuyurdu, həm də sözləri, bütöv mətnləri elə şövqlə canlandırırdı ki, dinləyən adam onun səsinə biganə qalmırdı. Bir dəfə sadəlövhlüklə ondan bəzi materialları niyə özünün oxumamasının səbəbini soruşdum. Çox maraqlı cavab verdi: “bilirsən, radioda səs adamın müəyyən bir obrazını yaradır, gərək yaxşı jurnalist dinləyici şüurunda bu obrazın bütöv və parlaq olmasının qayğısına qalsın. Mən yalnız yaxşı hesab elədiyim və ürəyimcə olan materialları özüm efirə oxuyuram”.


Elmiranın bu sözləri beynimə çox batdı və sonradan da müşahidə etdim ki, həqiqətən, bu yanaşma, artıq özünü dərk etmiş jurnalistlərin bir növ peşə prinsipidir. Məhz bu prinsipə sadiqliyinin sayəsində o vaxtlar Azərbaycan radio jurnalistikasının tarixinə unudulmaz bir səs yazıldı, milyonlarla insanın şüurunda, təxəyyülündə Elmira Əmrahqızının parlaq, heç vaxt yaddan çıxmayacaq jurnalist obrazı yarandı. Amma bu obrazı uzun illər boyu ləngərli səsi ilə dinləyicilərinə bəxtəvərlik aşılayan Azərbaycan radiosu yox, 1990-cı illərin sonlarında bizlər və eləcə də bütün dünya üçün həqiqətin səsi kimi tanınan “Azadlıq” radiosu yaratdı.


***


Hər bir jurnalistin bioqrafiyasında özünü ifadə edib auditoriyaya tanıda bildiyi unudulmaz bir məqam olur. Bu məqam jurnalisti əməlli-başlı sınağa çəkir, onun bütün yaradıcılıq potensialını üzə çıxarır, peşəkarlığını və mənəvi gücünü göstərə bilir, tanıdıb yaddaşlarda saxlayır. Elmira Əmrahqızı üçün bu məqam, bu dövr, şübhəsiz ki, qanlı 20 yanvar günləri idi. Sovet ordusunun təcavüzünə məruz qalmış, paytaxtı qana boyanmış, dəyərli övladlarını itirmiş yaralı Azərbaycanın xəbər aclığı yaşadığı, gerçək sözə, təsəlliyə ehtiyac duyduğu o günlərdə “Azadlıq” radiosu ümid yerinə çevrilmişdi. Həmin radionun dalğalarından ürəklərə təsəlli kimi çilənən bir neçə səs yaddaşlarda dərin iz salıb: Mirzə Xəzərin, Elmira Əmrahqızının, tarixçi Mehdi Məmmədovun səsi...


Azərbaycanı öz istiqlalına qovuşmağa doğru aparan 20 yanvar günlərində Elmira bir reportyor kimi ekstremal şəraitdə çalışırdı. Hadisələrlə bağlı məlumat toplamaq çətin idi, xəbər mənbələri susurdu, Bakıda hər yerə və hər şeyə qorxu hissi, qan-qada hakim kəsilmişdi, fövqəladə vəziyyətin hökm sürdüyü paytaxtda adamlar danışmaqdan çox gizlənməyə yer axtarırdılar. Bu vəziyyətdə hər şey reportyorun peşəkarlığından, bacarığından, fərasətindən, onun görmə, duyma, məntiqi nəticə çıxarma, müşahidə və ümumiləşdirmə qabiliyyətindən asılı idi. Mən hələ onun şəxsi cəsarətini, hərbiçilərin və yerli hakimiyyət orqanlarının qəzəbindən yayına bilməsini demirəm. Elmira bütün bunların öhdəsindən məharətlə gəlir, gün ərzində böyük əziyyətlə topladığı məlumatları “Azadlığ”ın dalğaları ilə bütün dünyaya çatdırırdı.


Mən həmin günlərdə efirdə jurnalist kimi, sanki başqa bir Elmiranı görür, tamamilə başqa bir səs eşidirdim. Bu, bir vaxtlar ana dilimizin ən incə çalarları ilə dinləyiciyə xoş ovqat bəxş edən, fikirlərini təmkinlə çatdıran, sözlərdən ilmələr hörən qələm sahibinə oxşamırdı. Səsi də dəyişmiş, sanki bir az codlaşmışdı. İndi bu səs tarixinin keçid dövrünü yaşayan, imperiyanın caynaqlarından qurtulmaq üçün çarpışan bir xalqın azadlıq hayqırtılarını ifadə edir, bu yolda üzləşdiyi qanlı faciənin miqyasından, sovet ordusunun törətdiyi vəhşiliklərdən danışır, Moskvanın yürütdüyü təcavüzkar siyasətin qanlı nəticələrini təhlil edirdi.



Elmira “Azadlıq” radiosunda Azərbaycan xalqının hünərindən, faciəsindən və kədərindən danışırdı, hər şeyi də açıq, aydın, dəqiq, öz adı ilə deyirdi. Azərbaycan dinləyicisi onun reportaj və hesabatlarında indiyədək ideologiya pərdələri altında gizlədilmiş bir çox həqiqətləri ilk dəfə eşidirdi. O, 20 yanvarın Azərbaycan cəmiyyətində, vətəndaşların şüurunda yaratdığı psixoloji mənzərəni bütün detalları ilə cızır, hər şeyi cəsarətlə təhlil edirdi. Bəzən təsvir etdiyi mənzərəni, insan ürəyini dağlayan epizodları təsvir edərkən göz yaşlarını boğa bilmirdi, bu zaman sözlə deyə bilmədiklərini hıçqırıqları ilə çatdırırdı, ürək dağlayan, yanıqlı hıçqırıqları ilə...


Həmin günlərdə jurnalistikanın bütün qaydaları, sanki həqiqəti işıqlandırmaq üçün bütün enerjisini səfərbər etmiş reportyor Elmira Əmrahqızının iradəsinə tabe idi. Mən indi də bu fikirdəyəm ki, həmin qanlı-qadalı günlərdə auditoriyanı məlumatlandırmaq üçün onun göstərdiyi fədakarlıq bir peşəkar reportyorun ekstremal şəraitdə necə işləməsinə gözəl nümunədir.


Sonralar da Elmira “Azadlıq” radiosunun Azərbaycan redaksiyasının təcrübəli əməkdaşlarından biri kimi maraqlı reportaj, müsahibə və təhlillər hazırladı. Efirdə Qarabağ problemi, Qafqazda yeni geopolitika, Cənub mövzusu ilə bağlı silsilə materialları səsləndi. Azərbaycanın müstəqilliyə qovuşması, yeni cəmiyyət quruculuğu, bu yoldakı çətinliklər, ölkəmizin Qərbə inteqrasiyası, xarici siyasətimizdə Rusiya və İran amili kimi mövzular daim Elmiranın diqqət mərkəzində idi. Onu dinləyirdilər, səsi gələndə diqqət kəsilirdirlər, axı bu, həmin səs idi...                                                                          

  
İş elə gətirdi ki, jurnalist taleyi vaxtilə Azərbaycan radiosunda ayrıldığımız Elmira xanımla bizi təxminən on il sonra yenidən görüşdürdü. 1993-cü ildə hakimiyyətə yenidən qayıtmış Heydər Əliyevin xarici səfərlərini işıqlandıran qrupda müəyyən müddət birgə çalışdıq. Dövr çox maraqlı idi, çox şeyi ilk dəfə görürdük, siyasət kərpiclərindən necə divar hörüldüyünün şahidi olurduq, dünyanın məşhur siyasi xadimlərini müşahidə edir, onlara suallar verirdik. Bəzən vaxt olanda ölkə prezidenti biz jurnalistlərlə də qısa söhbətlər edir, nəsə soruşur, nələri isə aydınlaşdırırdı. Mən bu söhbətlərdə H.Əliyevin bir jurnalist kimi E.Əmrahqızına və bir də Elmira Axundovaya  olan xüsusu rəğbətini, bir də o dövrdə Azadlıq radiosunun fəaliyyətinə yüksək dəyər verdiyini aşkarca hiss edirdim. Təkcə mən yox, ətrafdakıllar da prezidentin bu rəğbətini aydınca görürdülər. Duyulan bu idi ki, böyük siyasətçi təkcə Elmiranın 20 yanvardakı jurnalist fəaliyyətini, onun çəkdiyi zəhməti deyil, həm də Azadlıq radiosunun vaxtilə blokadada qalmış Naxçıvana və onun özünə olan diqqətini unutmamışdı...


***





Jurnalistika tariximizdə parlaq iz qoymuş Elmira Əmrahqızı haqqında keçmiş zamanda danışmaq çox ağırdır, çünki o, çoxlarının təsəvvüründə diridir, canlıdır, həmişəyaşardır. Səsində, sözündə, davranışlarında həmişə bir şuxluq duyulurdu, tükənməz və sönməz həyat eşqi var idi. Qaynar jurnalistika həyatı da onun özünü, həyat enerjisini və təbii ki, unudulmaz səsini bu dəyişməz ritmə kökləmişdi...


London səfərindən qayıtdıqdan bir neçə gün sonra Elmiraya zəng edib Məryəm xanımla görüş məsələsini xatırlatmaq istəyəndə də onun həminki şux və gümrah səsini eşidəcəyimə əmin idim (heç sonuncu səfərimizdə qadın jurnalistlərin kədərli bir pıçıltı ilə “deyəsən, Elmiranın xəstəliyi çox ağırdır” sözlərinə də əhəmiyyət verməmişdim). Lakin xəttin o başında zəif, bir az yorğun və sanki rəngi getməkdə olan ümidsiz bir səs gəldi qulağıma:


-Üstünə sağlıq, ay Qulu bir az xəstələnmişəm, həkimə gedib-gəlirəm, babatlaşan kimi mütləq xəbər edəcəm – dedi və sonuncu sözlərdə səsinin incə bir telinin bilinər-bilinməz titrədiyini hiss etdim.


Heç təsəlli verə bilmədim, əslində deməyə söz də tapmadım, çünki onun səsinin titrəməsi məni çox qorxutmuşdu. Bu səsin ilk dəfə necə titrəməsini, onun püskürtüsünün hansı fəlakətin əlaməti olduğunu 20 yanvar günlərində “Azadlığ”ın efirində görmüşdüm. Odur ki, indi də Elmiranın ürək dağlayan səsindəki titrəyişin ardınca gələn hıçqırığı və bu hıçqırığın hansı kədəri ifadə etdiyini bütün varlığımla duyurdum...

 

 Qulu Məhərrəmli


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Yaponiyada qrip əleyhinə dərmanlar qadağan edilə bilər - ilginc SƏBƏB
23.11.2017, 09:25

Yaponiyada qrip əleyhinə dərmanlar qadağan edilə bilər - ilginc SƏBƏB

İlham Əliyev bu gün Brüsselə gedir
23.11.2017, 09:19

İlham Əliyev bu gün Brüsselə gedir

Bu gün AvroLiqada 5-ci tur keçiriləcək - TƏQVİM   
23.11.2017, 09:09

Bu gün AvroLiqada 5-ci tur keçiriləcək - TƏQVİM  

Milli Məclis büdcə müzakirələrini bu gün yekunlaşdıracaq
23.11.2017, 09:07

Milli Məclis büdcə müzakirələrini bu gün yekunlaşdıracaq

Çempionlar Liqasında 5-ci tur yekunlaşdı - NƏTİCƏLƏR
23.11.2017, 09:03

Çempionlar Liqasında 5-ci tur yekunlaşdı - NƏTİCƏLƏR

Şamaxı Astrofizika Rəsədxanasının direktoru: “Asrtoloqların hamısı cəfəngiyyat danışır”
23.11.2017, 08:54

Şamaxı Astrofizika Rəsədxanasının direktoru: “Asrtoloqların hamısı cəfəngiyyat danışır”

Onun özü yox, əməlləri danışır...   
23.11.2017, 08:38

Onun özü yox, əməlləri danışır...  

Yol polisinin “pərdə-plyonka tələbi”nə məhəl qoymayan 796 sürücüyə cərimə kəsildi   
23.11.2017, 08:30

Yol polisinin “pərdə-plyonka tələbi”nə məhəl qoymayan 796 sürücüyə cərimə kəsildi  

Manat və dolların bugünkü MƏZƏNNƏSİ   
23.11.2017, 08:28

Manat və dolların bugünkü MƏZƏNNƏSİ  

Türkiyədə güclü zəlzələ oldu
23.11.2017, 01:22

Türkiyədə güclü zəlzələ oldu

Terrorçulara aid silah laboratoriyası məhv edilib
23.11.2017, 00:56

Terrorçulara aid silah laboratoriyası məhv edilib

Kapitanın hakimdən penalti xahişi
23.11.2017, 00:36

Kapitanın hakimdən penalti xahişi

Jurnalist Natiq Qədimov dünyasını dəyişib
23.11.2017, 00:21

Jurnalist Natiq Qədimov dünyasını dəyişib

"Meydanda məğlub olsaq da, mübarizədə uduzmadıq" - Qurban Qurbanov
23.11.2017, 00:12

"Meydanda məğlub olsaq da, mübarizədə uduzmadıq" - Qurban Qurbanov

Ukraynada otelə silahlı hücumda azərbaycanlılar döyüldü
22.11.2017, 23:56

Ukraynada otelə silahlı hücumda azərbaycanlılar döyüldü

Baş məşqçi penalti ilə bağlı sualdan yayındı
22.11.2017, 23:41

Baş məşqçi penalti ilə bağlı sualdan yayındı

Mühafizə polisinin avtomobili qəzaya düşdü
22.11.2017, 23:22

Mühafizə polisinin avtomobili qəzaya düşdü

Qapısı açıq vəziyyətdə sərnişin daşıyan avtobuslar - Video
22.11.2017, 23:07

Qapısı açıq vəziyyətdə sərnişin daşıyan avtobuslar - Video

"Qarabağ" "Çelsi"yə məğlub oldu: 0:4,  Yenilənib
22.11.2017, 22:49

"Qarabağ" "Çelsi"yə məğlub oldu: 0:4,  Yenilənib

Azərbaycanda “premium klass” mühərrik yağı istehsal ediləcək
22.11.2017, 22:21

Azərbaycanda “premium klass” mühərrik yağı istehsal ediləcək

Azərbaycanda bu canlı balıqlar gömrük idxal rüsumundan azad edilir
22.11.2017, 22:10

Azərbaycanda bu canlı balıqlar gömrük idxal rüsumundan azad edilir

Yuxunuz ərşə çəkilibsə, SƏBƏBİNİ MƏTBƏXDƏ AXTARIN
22.11.2017, 21:53

Yuxunuz ərşə çəkilibsə, SƏBƏBİNİ MƏTBƏXDƏ AXTARIN

Əfqanıstanda üç Gürcüstan hərbçisi yaralanıb
22.11.2017, 21:45

Əfqanıstanda üç Gürcüstan hərbçisi yaralanıb

Soçidə Rusiya, Türkiyə və İran prezidentlərinin görüşü yekunlaşdı
22.11.2017, 21:14

Soçidə Rusiya, Türkiyə və İran prezidentlərinin görüşü yekunlaşdı

Uzunömürlü olmağın yeni sirri – Həm asan, həm də sərfəli...   
22.11.2017, 20:54

Uzunömürlü olmağın yeni sirri – Həm asan, həm də sərfəli...  

Tərtərdə zəlzələ məktəb və uşaq bağçasını qəzalı vəziyyətə salıb
22.11.2017, 20:43

Tərtərdə zəlzələ məktəb və uşaq bağçasını qəzalı vəziyyətə salıb

Sürücülərə şad xəbər: Hərəkət bərpa olunur
22.11.2017, 20:26

Sürücülərə şad xəbər: Hərəkət bərpa olunur

Bu rayonlara qar yağdı
22.11.2017, 20:16

Bu rayonlara qar yağdı

"Qarabağ"la "Çelsi"nin start heyəti açıqlandı
22.11.2017, 20:02

"Qarabağ"la "Çelsi"nin start heyəti açıqlandı

Tbilisidə antiterror əməliyyatı
22.11.2017, 19:51

Tbilisidə antiterror əməliyyatı

Qızılgül və qərənfilin kiloqramı üçün 1 dollar idxal rüsumu alınacaq
22.11.2017, 18:59

Qızılgül və qərənfilin kiloqramı üçün 1 dollar idxal rüsumu alınacaq

Nazir: Bakı-Astara dəmir yolu köçürüləcək
22.11.2017, 18:43

Nazir: Bakı-Astara dəmir yolu köçürüləcək

Ramiz Mehdiyev MDB təhlükəsizlik şuraları katiblərinin görüşündə çıxış edib
22.11.2017, 18:31

Ramiz Mehdiyev MDB təhlükəsizlik şuraları katiblərinin görüşündə çıxış edib

Baş bankir: “Manatın məzənnəsi və onun taleyi ...”
22.11.2017, 18:21

Baş bankir: “Manatın məzənnəsi və onun taleyi ...”

Nazir ev təminatı HAQDA: “5 il ərzində problem həllini tapacaq”
22.11.2017, 18:17

Nazir ev təminatı HAQDA: “5 il ərzində problem həllini tapacaq”

ARXİV