Modern.az

Nərimanovun kobud səhvi, soyqırımı başladan güllə

Nərimanovun kobud səhvi, soyqırımı başladan güllə

Ədəbi̇yyat

25 Noyabr 2017, 17:51

Gələn il Azərbaycan tarixində bir çox şanlı səhifələrin yüzüncü ildönümü ilə yadda qalacaq.

 

Bunun da əsas səbəbi 1918-ci ilin mayında yaranan Azərbaycan Cümhuriyyətidir. Dövlət qurulduqdan sonra bir çox vacib tarixi missiyaları həyata keçirdi ki, onların da əksəriyyəti elə 1918-ci ilə aiddir.

 

Amma 1918-ci il tariximiz üçün təkcə ağ səhifələrlə yadda qalmayıb.  Həmin ilin 31 Mart soyqırımının da yüzillik ildönümü gələn il tamam olur.

 

Modern.az bu səbəbdən,  mart qırğınları, azərbaycanlıların soyqırımı ilə bağlı silsilə yazılara davam edir. İldönümünə qədər bu tarixlə bağlı bir çox məsələləri oxucuların diqqətinə çatdıracağıq.

 

Budəfəki yazıda qırğınların başlanmasından bir neçə gün qabaqkı hadisələr öz əksini tapıb. O vaxt idi ki, bakılılar artıq onlara çatmaqda olan təhlükəni hiss edirdilər. Odur ki, din xadimləri, milyonçular, sayılıb-seçilən şəxslərin rəhbərliyi ilə bir neçə yerdə əhali ilə görüşlər keçirilir, onlara ailələrini qorumaq üçün daşnak-bolşevik birləşməsinə qarşı mübarizə aparmağın vacibliyini bildirirlər.

 

Bundan ötrü isə əhali təbii ki, silahla təmin olunmalı idi. Sadə müsəlmanda silah haradan olacaqdı ki?! 

 

Lakin əhali də düşməninin qarşısına az silahla da olsa, çıxmağa hazır idi. Məhz belə bir vaxtda Nəriman Nərimanov əhaliyə müraciət edir:

 

Bolşevik Həmid Sultanov 1924-cü ildə rus dilində qələmə aldığı məqalədə  bu barədə yazır:

“Nəriman Nərimanov Şaumyanın iştirakı ilə keçirilən iclasdan sonra, əhalini sakitləşdirmək üçün «Təzəpir» məscidinə gedib silahları geri qaytarmaq barədə olan qərarı bildirdi. Doktor camaata sadə bir dildə deyirdi: “Müsəlman qardaşlar, aldanmayın. Fitnə-fəsada inanmayın, qara-qışqırığa, mənəm-mənəm deyənlərə uymayın! Hökumətlə hökumətlik eləmək olmaz. Topu var. Çoxlu silahı var. Nizami əsgərləri var. Hərbi paroxodları, sursatxanası var. Ayaq altında tapdalanarsız. Sizdə nə var? Var-yox, beş-on dənə pas atmış dayan-doldurum berdanka, otuz-qırx köhnə, sınıq əfsər tapançası. Nişan almağı, atmağı da əməlli başlı bacarmırsız. Üzünüzü dala çevirib hara gəldi gülləni tolazlayırsız, kimə dəydi, dəydi. Nə nizam bilirsiz, nə intizam. Bir qədər səbr edin. Mən iyirmi yeddi tüfəng alıb gətirəcəyəm”.

 

Başda Şaumyan və Caparidze olmaqla fitnəkarlara inanan Nərimanovun bu çıxışından çox keçməmiş daşnaklar hərəkətə başlamışdılar. Onlar ilk olaraq, şəxsi evlərə hücum edirdilər:

 

“Hadisənin şahidi müəllim Ağa Məmməd Səlimxanov nəql edirdi ki, “Şamaxı yolunda, Üçüncü paralel küçəsinin tinində dayanmışdıq. On-on bir nəfər idik. Yuxarıda bir dəstə daşnak süvarisi göründü, yaxınlaşanda qabaqdakı dəstəbaşı bizə acıqlanıb, bərkdən dedi ki, dağılın! Hərə bir tərəfə üz tutdu; mülk sahibi qaldı darvazanın qabağında. Dəstəbaşı daşnak atı mahmızladı. At çıxdı səkiyə və süvari bağırdı: “Köpək oğlu müsəlman, demirəm çıx get!” Kişi dedi: “Evimin qabağından hara gedim. Köpək oğlu da sənsən, it oğlu da”. Dəstəbaşı daşnak şallağı işə salanda, səkidəki adam özünü yana verib yerdən bir daş qapdı. Süvarilərdən biri cəld tüfəngi çiynindən götürüb atəş açdı. Kişi sərildi yerə... Elə bil hər şey tüfəng lüləsinin ucunda, ordan çıxan gülləyə bənd imiş, şəhəri atışma bürüdü”.

 

Kommunanın maarif komissarı N. N. Kolesnikova (Bakıda Sovet hakimiyyəti uğrunda mübarizə tarixindən — avqust 1917-ci il, iyul 1918-ci il - xatirələr Azərnəşr, 1958) əsərində daşnakların 1918-ci il mart ayında şəhərdə azərbaycanlılara tutduqları divan barədə belə yazır:

 

“...daşnak dəstələri şəhərdə təcavüzə başladılar, evləri yandırır, şeyləri qarət edir, heç bir günahı olmayan dinc vətəndaşları qırır, əsasən azərbaycanlıları...”

 

E.Nihad

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü