Modern.az

Danimarka Azərbaycan Evi BAĞLANDI – Ermənilər sevinir

Danimarka Azərbaycan Evi BAĞLANDI – Ermənilər sevinir

Mədəni̇yyət

9 Dekabr 2017, 12:49

Danimarkada fəaliyyət göstərən və bu ölkədə yaşayan azəbaycanlıların yeganə yığışdığı məkan olan Danimarka Azərbaycan Evi bağlanıb. Səbəb isə maliyyə çatışmazlığıdır.

 

Bu barədə Modern.az-a açıqlama verən Danimarka Azərbaycan Evinin rəhbəri Səfər Sadiqi bildirib ki, Azərbaycan Evi bir müddət əvvəldən fəaliyyətini dayandırmışdı:

 

“Danimarkada Ermənistan səfirliyi və iki güclü erməni cəmiyyətləri “Ararat” və  “Danimarka Ermənistan Dostluq Cəmiyyəti” var. Onların qarşısında duran ancaq azərbaycanlıların yığışdığı Danimarka Azərbaycan Evi və Danimarka Vətən Cəmiyyəti idi.

 

Həmin Azərbaycan evində biz uşaqlarımıza ana dilində məktəb açmışdıq, musiqi məktəbimiz fəaliyyət göstərirdi. Şahmat məktəbimizə danimarkalılar da gəlirdi. Hətta biz orada gənclərə toy da etmişik. Orada Danimarkanın önəmli adamları, millət vəkilləri, iş adamları ilə görüşlər keçirirdik. Sadəcə yerimiz olmalıdır ki, biz yenidən belə görüşlər  keçirək və Azərbaycanımızı təbliğ edək. Burada yeganə yığışdığmız yeri bağladılar. Əslində bir ildən çoxdur ki, Danimarka Azərbaycan Evi bağlanıb, amma biz yenidən açılacağı ilə bağlı  ümidli idik”.

 

Səfər Sadiqi  qeyd edib ki, Danimarka Azərbaycan Evinin bağlanması orada yaşayan erməniləri xüsusilə sevindirir:

“Bu bizə mənəvi zərbədir , uşaqların, gənclərin üzünə baxa bilmirik. Azərbaycan kimi dövlət necə 80 kvadrat metrlik yer verə bilmir? Bəs biz  bayrağımızı  harada yüksəldək? Azərbaycan gəncləri assimilyasiya olmamalıdır, inteqrasiya olmalıdır. Bunları Danimarkada toplaşmağa yer olmadan necə edək? 

 

Sağ olsun, Diasporla İş üzrə Dövlət Komitəsi indiyə qədər bizə yardım edib. Sentyabrda Bakıya gələndə, həmçinin bu yaxınlarda  Brüsseldəki beynəlxalq forumda Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovla görüşdüm. Nazim bəy  dövlət tərəfindən komitəyə pul ayrılmadığı üçün bizi maliyyələşdirə bilmədiklərini bildirdi. Mən onu da başa düşürəm.

 

Amma Danimarkada ermənilər sevinir ki, azərbaycanlıların  yığışdığı və ermənilərə qarşı mübarizə apardığı yeganə yer bağlanıb. Halbuki, ermənilərin qeyd etdiyim kimi burada səfirliyi, yerləri var  və çox gözəl inkişaf ediblər.

 

Biz dəfələrlə burada Azərbaycanın regionda ən güclü dövlət olduğunu vurğulamışıq. Bu cür ölkənin Danimarkada yeri, yəni ofisi yoxdur, amma  acından olan Ermənistanın bir yox, bir neçə ofisi var. Bunu başa düşmək olmur.

 

Danimarka parlamentində Xocalı faciəsi məsələsini qaldırmaq istəyirik. Bu baxımdan hər dəfə millət vəkillərini dəvət edib görüşlər keçiririk.  Dediyim kimi, bizə sadəcə ofis lazımdır və buna görə də dövlət tərəfindən maliyyə ayrılmalıdır”.

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü