Modern.az

Sözün işığında parlayan sənətkar - Nizami Rəmzi  

Sözün işığında parlayan sənətkar - Nizami Rəmzi   

Mədəni̇yyət

18 Dekabr 2017, 12:55

 

Nizami Rəmzi reformator kimi meyxananın məzmununu, bədii obrazlarını daha da zənginləşdirmiş, insanları, cəmiyyəti düşündürən, sosial problemləri əhatə edən mövzularla rövnəqləndirib.    

Ağaxan Abdullayev
Xalq artisti

 

Sevilən meyxana ustadı, şair-qəzəlxan, “Meyxana” folklor ansamblının yaradıcısı, ilk musiqili meyxananın təməlçisi Nizami Rəmzi (Nizami Rza oğlu Baxşıyev) 70 il öncə- 1947-ci il dekabr ayının 20-də Bakı şəhərində sadə bir zəhmətkeş ailəsində dünyaya göz açıb. Yasamaldakı 158 №li orta məktəbi bitirib. Sonradan təhsilini Bakı Ticarət texnikumunda davam etdirib. Uşaqlıqdan el şənliklərində, toy məclislərində meyxanaçıların ifa etdiyi meyxanaları daim maraqla izləyən, onlardan ilhamlanan , fitri istedad sahibi olan Nizami çevrəsində olan həmyaşıdlarını öz ətrafına toplayaraq onlar üçün meyxanalarını oxuyardı... Beləcə günlər, aylar, illər keçdi. Nizami tanınmış, peşəkar meyxana ustadına çevrildi.Nizami Rəmzi şifahı xalq ədəbiyyatının inkişafında, meyxana janrının tərəqqi edərək, sevilməsində, eləcə də musiqi ilə meyxananın sintezinin yaranmasında əvəzsiz xidmətlər göstərib. Onun sayəsində meyxana adi toy, el şənliklərindən yüksək sənət zirvəsinə qalxdı. Nizami Rəmzi ilk dəfə olaraq bu qədim janrı, dünyanın bir çox ölkəsində- İran, Türkiyə, Almaniya, Gürcüstan, Özbəkistan, İsrail və s. özünə məxsus tərzdə təbliğ etdi. Nizami Rəmzi xeyli şeir, qəzəl, meyxana, yanıltmac, qaravəlli, siyasi pomflet, mənzum felyeton və s. müəllifidir. Novator sənətkar olan Nizami Rəmzi özünə məxsus bir tərzdə məktəb yaratmaqla bərabər, eyni zamanda tamaşaçıların qəlbində “Qəzəlxan” bədii filmində, “Göy qurşağı” sənədli filmindəki obrazları ilə də yadda qaldı.                     
Nizami ruhunu öz varlığına köçürən, Füzuli poeziyası ilə nəfəs alan,bəlkə, elə adının mənasını ulu torpaqdan-Xızı yurdundan onun sərin, həzin bulaqlarından, yamaclarından, dağlarından alan Nizami Rəmzi öz zəngin poeziyasında, qəzəllərində, meyxanlarında Azərbaycanı gülüstana bənzədərək, onun odlar yurdu kimi söz sərrafları yetirən ölkə kimi tərənnüm edib.


Nizami Rəmzi ötən əsrin 90-cı illərinin əvvəlində respublikamızda baş verən siyasi və iqtisadi böhranı, hərc-mərcliyi görürdü.Respublikamız, xalqımız üçün bu vəziyyətdən çıxış yolunu hamı kimi Nizami Rəmzi də Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışında görürdü.Onun gəlişini səbirsizliklə gözləyirdi.O, həmişə söyləyirdi ki, bizim nicat, xilas  yolumuz yalnız o böyük şəxsiyyətin siyasi rəhbərliyə gəlməsindədir:


Yurdumuzun sahibi gəldi, çıxdı,       
Siyasətin qalibi gəldi, çıxdı.
Haqq yola ibadət edən dəstələr,     
Var belə, şücaət edən dəstələr        
Eşitsin, xəyanət edən dəstələr        
Yurdumuzun sahibi gəldi, çıxdı,        
Siyasətin qalibi gəldi çıxdı.            
İstər bəyaz, istərsə səmra deyir,
Doğrudan da, ümmani-dərya deyir
Mən demirəm, bunu bütün dünya deyir:       
Siyasətin qalibi gəldi, çıxdı,          
Yurdumuzun sahibi gəldi, çıxdı.   
İnsanlar bir-birinə yar deyir,      
Doğrudan da bax onu aşkar deyir    
Bu gün məktəbdə də uşaqlar deyir:   
Yurdumuzun sahibi gəldi, çıxdı             
Siyasətin qalibi gəldi, çıxdı. 


Bəli, tanınmış şer, söz ustası, şair-qəzəlxan Nizami Rəmzi, daim şəxsiyyətinə pərəstiş etdiyi Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə respublika hakimiyyətinə yenidən qayıdışından ilhamlanaraq, sevinclə özünəməxsus tərzdə bu şeiri Ulu öndərə həsr etmişdir. Bu şeir onun Ulu öndərə olan sonsuz məhəbbətinin təzahürüdür.                                       


Filologiya elmləri namizəti Lalə Əlizadə
:”Meyxana janrı əruz vəznində yazılan janrdır. Bəlkə də onun şirinliyi, ürəyə yatımlığı,onun əsrlərcə davam edib gəlməsi meyxananın əruzla bağlı olmasındadır.Məhz,əruzda qəzəlin ali nümunələri yaranıb. Amma bu vəznə meyxananı gətirən, meyxana janrında bu vəzni bir daha oxuyan, məhək daşına çəkən Abşeronun böyük ziyalıları, sənətkarları olub. Azərbaycan milli-mədəni mentalitetinin inkişafında digər ədəbi-məktəblər kimi, XIX əsrdə yaranan ədəbi-məktəblər kimi Bakı ədəbi məktəbinin də bu sahədə öz yolu, xidməti vardır. Həmin bu ədəbi məktəbin üzvləri sırasında məhz Nizami Rəmzi də vardır. O öz şeirlərinin mövzusunu xalqından aldı, xalqının böyük liderinə ünvanladı. Nizaminin bədiyələri, meyxanaları öz əxlaqi-tərbiyəvi, estetik gözəlliyi ilə hələ də illərlə xalqımızın könlünü oxşayacaqdır”.


Nizami Rəmzi doğma Bakı şəhərini çox sevir, şeirlərində tərənnüm edirdi. Tez-tez xarici ölkələrdə, ayrı-ayrı bölgələrdə qastrollarda olarkən Bakı üçün çox darıxardı:

 

Yer də, göy də ziynətə dönsə,

Bütün aləm cənnətə dönsə,

Mən Bakısız qala bilmərəm,

Heç Bakısız qala bilmərəm.

 

Hicran, həsrət bağrımı dələr,

Bakı, Bakı deyib inləyər,

Ölsəm, cismim qürbətdə qalsa,

Ruhum dilə gələr, söyləyər


Nizami Rəmzi əsərlərində cəsarətlə çəkinmədən dövrün eybəcərliklərini, bürokratik ab-havanı bir sözlə cəmiyyətə yad ünsürləri qələminin gücü və sözü ilə qamçılayırdı. Əyri nəyi görürdüsə mərdi-mərdanə, açıq-açkar satira atəşinə tuturdu. Onun üçün həyatda bir meyar vardı. Haqsızlığa, əyriliyə qarşı amansız olmaq, vətəndaş kimi, şair kimi qəzəllərinin, meyxanalarının dili ilə onları ifşa etmək, mübarizə aparmaq.

 
Ədəb-ərkan, yüksək estetik mədəniyyət  mənəviyyat  yaraşıq, gozəl, məlahətli musiqili səs, istedad, bədahətən soz demək qabiliyyəti sanki bu uca boylu Nizaminin boyuna biçilmişdir. O, meyxananı küçələrdən, tinlərdən, toy məclislərindən daha mədəni səviyyəli cəmiyyətə, ayrı-ayrı mədəniyyət ocaqlarına transfer etdi. Başqa sözlə, meyxanaya özündə bütün etik normaları ehtiva edən mədəniyyət gətirdi. Meyxanalarında etikaya zidd deyimlərə, söyüşlərə, vulqar fikirlərə yol vermədi. Bədiilik, mədəni frazalar meyxanalarında üstünlük təşkil edirdi. Elə buna görə idi ki, bütün kateqoriyadan olan insanlar, uşaqdan-böyüyə kimi hamı Nizamini sevirdi.



Əməkdar incəsənət xadimi şair Eyvaz Borçalı
:”Öz şəxsi həyatını faciəvi şəkildə sənətdə ikən başa vuran Nizami Rəmzi xalqımız, millətimiz üçün qoyub getdiyi zəngin yaradıcılığı, mənəvi dünyası onu bu gün öz işığına toplayır. Onun ən böyük xidmətlərindən biri odur ki, uzun müddət müəyyən dairələrdə unudulmuş və bəyənilməyən ədəbiyyatımızın gözəl bir qolu Nizami Rəmzi kimi fədəkar bir sənətkarın sayəsində ümumxalq istəyinə, ümumxalq tələbatına çevrilə bildi. Meyxana janrı xalqın içərisindən gələn, cövhərindən gələn bir janrdır ki, o, uzun illər bizim şənliklərimizi, toy məclislərimizi bəzəyib. Onlar aşıq sənəti kimi xalq müdrikliyinin, xalq ağlının, çevikliyinin təzahürü olub”.         


Nizami Rəmzi klassik ədəbiyyatı şifahi xalq ədəbiyyatını, milli folklorumuzu, aşıq sənətini dərindən bilirdi. Mütaliəni çox sevirdi. Odur ki, söz ehtiyatı zəngin idi. Söz üçün kasadlıq çəkməzdi.


Nizami Rəmzi monoton, yeknəsək, bəzəndə primitiv meyxananı daha da təsirli, maraqlı, oxunaqlı, sevilən etməyi bacardı, özünü novator kimi təsdiq edə bildi.

          
Nizami Rəmzinin sayəsində meyxana janrı Bakı-Abşeron mühitindən çıxaraq Azərbaycanın bütün bölgələrində və ondan kənarda populyarlıq qazandı. Bədahətən deyilən söz isə dünyanın hər yerində çox qiymətlidir.


Nizami Rəmzi böyük çətinliklərlə ilk dəfə olaraq meyxananı Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filormaniyasının, daha sonralar o zamankı Respublika, indiki Heydər Əliyev adına sarayda geniş auditoriyaya təqdim etməyi bacardı.O, ilk dəfə olaraq meyxanaya ekran-televiziya həyatı bəxş etdi.İlklərə imza ataraq, meyxana ilə musiqini sintez edərək tamaşaçı, dinləyici rəğbəti, sevgisi qazananan ustad sənətkar oldu. 


Nizami Rəmzi milli-mənəvi dəyərlərimizə, dinimizə bağlı olan iman əhli idi. O, hər zaman üzünü Ulu Yaradana, Allaha tutar, ondan dilərdi:

Ey İlahim, ey İlahim,

Keç əgər varsa günahım.

Haqq yolunda səyyah oldum,

Sənsən eşqim, həm pənahım.

 

Bizə verdin iki dünya,

Biri məlum, biri röya.

Tövrat, İncil, Zabur, Quran,

Çoxdur sirrin, ey Xudaya.

 

Sözün təmiz, müqəddəsdir,

Nəzarətin bizə bəsdir

İnsafından qaçanlara

Böyük Allah insaf kəsdir.


Əməkdar müəllim Ənvər Vəliyev
: “Söz qüdrətdən, Tanrıdan insana bəxş olunan elə bir nemətdir ki, onu yalnız Nizami Rəmzi kimi fitri istedad sahibləri deyə bilərlər.Nizami Rəmzini təkcə şair-qəzəlxan kimi deyil, həm də mahir bədiii qiraət ustadı kimi də yüksək dəyərləndirirəm”.


Zaman-zaman “Ana” mövzusu ədiblərimizin yaradıcılığında xüsusi yer tutub. Cəfər Cabbarlının, Hüseyn Cavidin, Mikayıl Müşfiqin, Cabir Novruzun “Ana” şeirlərindən təsirlənən Nizami Rəmzi bu mövzuya müraciət edərək, anaya sevgisini tərənnüm edib:

Bu cür şən həyata yetirdin məni,

Söylə, heç unutmaq olarmı səni!?

Neçə min əzabla keçdi illərin,

Ağ dumana döndü qara tellərin.

 

O şirin ömrünü sərf etdin mənə,

İndi həyat boyu borcluyam sənə,

Mənim kədərimə gözlərin doldu,

Hər sevincim isə sevincin oldu.

Hərdən bir kənara çəkilib, səssizlikdə dünyadan şikayətlənərdi:

Kimi aldadıb, kimi güldürürsən dünya,

Kimi yaşadıb, kimi öldürürsən dünya.

Gülü öz bağında xəzan edirsən, dünya,

Pərvanəni niyə viran edirsən, dünya?

 

Dostu-dostlarından ayrı salırsan, dünya,

Birini verib, birini alırsan, dünya.

Var səfan sənin, yox vəfan sənin,

Söylə neylirsən, dünya.

Dünyanın bir çox məmləkətlərini gəzən Nizami üçün Azərbaycan gözəli onun üçün ən ideal idi:

Dilin şirin, söhbətlərin məzəli.

Dağılmış tellərin payız xəzəli,

Gülər üzlü Azərbaycan gözəli.

 

Şairin doymazsan səxavətindən,

Alovlanib eşqin hərarətindən,

Rahatlığım yoxdur məhəbbətindən

Azərbaycan gözəli, Azərbaycan gözəli,.

 

Dürdanədir söylədiyin sözlərin,

Günəşisən nəğməli gündüzlərin,

O ceyran baxışlı ahu gözlərin.

Azərbaycan gözəli, Azərbaycan gözəli.

Klassik ədiblərimizin qəzəllərindən bəhrələnən, əruzu mükəmməl bilən Nizami Rəmzi ədəbiyyatımızın çox yayılmış qəzəl janrında da qələm çalmış, öz duzlu, məzəli, maraqlı, könül sızıldadan qəzəlləri ilə də qəlb oxşayıb:

Mən şirin sözlərimi daima canana dedim,

Əsil eşqin sorağı səs salıb hər yana dedim.

Şəst ilə ərk eləyib, mən bağı seyr eyləmişəm,

Əl atıb yetməliyəm ətirli reyhanə dedim.

 

Daxilən eşqin əlindən elə bil xəstə idim,

İndi də ərz eləyim dərdimi loğmana dedim

 

Tərifə layiq olan dostlara tərif demişəm,

El sevən kimsələri mən də arifanə dedim

 

Leylinin surəti məftun eləmiş Məcnunu,

Meyl edib Leyliyə Qeys, düşdü biyabanə dedim.

 

Asudə qoymadılar, puç edibən dövranımı,

Nizami Rəmzi gəlib tarixi-dövrana dedim.

 

 
Nizami Rəmzi istər qəzəllərində,istərsə də meyxanalarında çox məharətlə təkrirlərdən, təkrarlardan istifadə edirdi.Mən onu bu sahədə  Xalq şairi Süleyman Rüstəmlə müqayisə etmək istəyirəm.Belə ki, Nizami Rəmzi Süleyman Rüstəm sənətinə, şəxsiyyətinə daim böyük rəğbət bəsləyirdi.Şübhəsiz ki, S.Rüstəmin yaradıcılığı Nizami Rəmzi sənətinə də sirayət etmişdi.Süleyman Rüstəm deyirdi:

Can deyək,can eşidək,
Can evinə can gəlsin.


Nizami Rəmzi isə ustadından təsirlənərək yazırdı:


Can necə tərk eyləsin, ey can səni,               
Çünki canın canısan ey, canımız.”

           
Çox maraqlı müqayisədir, deyilmi?.

           
Yaxşı xatırlayıram, Az.TV-də “Dəyirman” adlı yeni veriliş yayımlanırdı. Həmin verilişin ilk qonaqlarından biri  məhz Nizami Rəmzi olmuşdu.O, verilişdə “Dəyirman” haqqında bədahətən bir meyxana söyləmişdi:

                                  
Gəlin, təbrik edək “Dəyirman”mızı,
“Dəyirman” üyüdər güzəranmızı.


Nizami Rəmzi “Leyli və Məcnun”, “Əcəb Miyanə”, “Nəcibə”, “Görəsən dünyaya nöş gəlib insan”, “Simuzərim”, “Dilbərim”, “Dünya”, “İlahim”, “Canım Bakı”, “Ürəyim”, “Oyan ürəyim”, “Vəfa”, “Sevgilim”, “Sevdalı Dilbər”, “Lalə”, “Diləmişdim”, “Dağlı balasıyam”, “Altıağac” və s. mahnıların müəllifidir. Onun bu mahnıları sağlığında özünün, eləcə də “Baloğlan Əşrəfov”,  “Yusif Mustafayev”, “Səyyad Əlizadə”, “Firuzə İbadova”, “Cavanşir Məmmədov”, “Abbas Bağırov”, “Namiq Qaraçuxurlu” və digərlərinin repertuarını bəzəyib. Əksər mahnılarının sözləri və musiqisi, ifaçısı Nizami Rəmzi özü olub.

  
“Neftçi” futbol komandasının qələbələrindən ruhlanan Nizami Rəmzi sevinc hisslərini öz misralarında bildirir:

“Neftçi” hücumdadır qoy bilsin aləm,

Azarkeşlərimiz çəkməsinlər qəm,

Şöhrətimiz yayılsın bütün cahana,

Kuboku gətirin Azərbaycana.

 

Bizim komandamız gəlməsin gözə,

Hər oyun göstərsin təzə möcüzə,

Azarkeşlər uğur diləyir sizə,

Qızıl medal yaraşır döşünüzə.

 

Nizami Rəmzi həyatda çox istiqanlı, ünsiyyətcil, olduqca təvazökar idi.Uşaqla uşaq, böyüklə böyük kimi davranardı.Kimsənin xətrinə dəyməz, qəlbl qırmazdı. Kimsə ondan incisəydi, dərhal öz gözəl misraları ilə onun könlünü alardı. Xeyirdən,hüzr məclislərindən qalmazdı.Tale elə gətirib ki, Nizami Rəmzini şəxsən tanıyırdım. Onunla canlı ünsiyyətdə olmuşam. Çox həyatsevər, həyata nikbin baxan, mehriban, sadə, səmimi, qayğıkeş bir insan idi.

        
Xöşbəxtəm ki, Nizami Rəmzinin 2007-ci ilin dekabr ayında R.Behbudov adına Mahnı teatrının binasında keçirilən 60 illik Yubiley mərasiminin ssenari müəllifi və aparıcısı mən olmuşam. Həmin tədbir Azərbaycan Milli Televiziyası tərəfindən bütövlükdə videolentə alınmış və fonda daxil edilmişdir. Bu sənətkarın ruhuna göstərilən ehtiramın təcəssümü idi.

 
1997-ci il, yanvarın 19-da faciəli avtomobil qəzasında həlak olaraq, əbədiyyətə qovuşan Nizami Rəmzinin vaxtilə yaxın dostu Baləmini son mənzilə yola salan zamanı yazdığı “Rekviyem”i bu ölməz sənətkarın özünə aid etmək olar:

Göylərə sığmayır ahu-fəryadım!

Sındı qolum, sındı mənim qanadım,

Köçdü dünyamızdan igid övladım.

 

Fələk heç vermədi ona bir aman,

Bir gün gələn, bir gün gedər dünyadan,

Sanki bir anlığa dayandı zaman.

 

Gör bir nələr olur qoca dünyada,

Elim qalxıb, durub indi fəryada,

Əl dəyməyin, qoyun qalım Röyada.

 

Düşdü budağımdan mənim bir yarpaq,

Ürəyimə çəkildi sağalmaz dağ,

Uddu səni nə tez bu qara torpaq.

 

                                                                 
Sənətkarın ruhunu şad etdi:                                                                                   


QAFAR  ƏSGƏRZADƏ
Əməkdar jurnalist,
Pedaqogika üzrə fəlsəfə doktoru 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır