Modern.az

Azərbaycanlı jurnalistlər Türkiyədən qayıdıblar - Səfər TƏƏSÜRATLARI  

Azərbaycanlı jurnalistlər Türkiyədən qayıdıblar - Səfər TƏƏSÜRATLARI   

Aktual

18 Dekabr 2017, 14:22

Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun təşkilatçılığı ilə Azərbaycanın media təmsilçiləri 14-17 dekabr tarixlərində Türkiyənin İstanbul şəhərinə səfər ediblər.  Media təmsilçiləri Türkiyənin məşhur media qurumlarında görüşlər keçiriblər.

TURKUVAZ Media Qrupuna gedən nümayəndə heyətinə media qurupun mövcud durumu, tətbiq etdiyi texnologiyalar barədə məlumat verilib. Daha sonra görüş ingilisdilli "Daili Sabah" qəzetinin redaksiyasında davam etdirilib. Qəzetin redaktoru Mehmet Çelik xəbər əldəetmə və yayma imkanları, ümumilikdə mediaya münasibət barədə fikirlərini çatdırıb. O, nümayəndə heyətini maraqlandıran sualları cavablandırıb. Turkuvaz Media Qrupunun yayımladığı xəbərlərdə Azərbaycana aid informasiyaların kəmiyyəti və keyfiyyəti barədə xüsusi müzakirələr aparılıb.

Daha sonra nümayəndə heyəti üzvlərinin İstanbul Aydın Universitetində görüşü keçirilib. Universitetin direktor müavini Selman Arslanbaş nümayəndə heyətinə Universitetin fəaliyyəti, Azərbaycanla bağlı proqramları barədə məlumat verib. Universitetdə təhsil alan azərbaycanlı tələbələrlə də görüş keçirilib.

Nümayəndə heyətinin üzvləri İstanbulda tarixi abidələrlə tanış olub, mədəniyyət obyektlərində görüşlər keçiriblər. Azərbaycan media təmsilçilərinin İstanbula səfər proqramı dekabrın 17-nə qədər davam edib. Səfər proqramı Fondun “Beynəlxalq media təcrübəsinin öyrənilməsi və tətbiqi”  layihəsi çərçivəsində keçirilib.


Səfər barədə Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli Modern.az-la təəssüratlarını bölüşüb:


“Bu cür səfərlər hər il həyata keçirilir. Səfərin əsas məqsədi jurnalistlərin beynəlxalq media təcrübəsindən faydalanmasıdır. Zaman-zaman belə səfərlər dünyanın müxtəlif ölkələrinə edilib. Amma hər zaman Türkiyəyə yer ayrılır. Çünki Türkiyə böyük dövlətdir və orada inkişaf etmiş media qurumları var. Həmçinin Türkiyə bizə qardaş ölkədir və Azərbaycanın ən yaxın strateji müttəfiqlərindən biridir. Media işçiləri adətən səfər zamanı media qurumları ilə yanaşı, Türkiyənin iqtisadi, siyasi, mədəni qurumlarında da görüşlər keçirir. Məqsəd isə həm Türkiyə cəmiyyətini daha yaxından tanımaq, həm də Azərbaycan barədə oradakı qurumlara məlumatlar verməkdir. Bu dəfəki səfərdə də belə oldu”.

Nümayəndə heyətinin üzvlərindən olan, “Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli də Modern.az-a Türkiyə səfəri ilə bağlı təəssüratlarından söz açıb:


“Görüşlər, aparılan müzakirələr hər iki tərəf üçün faydalı oldu. Müxtəlif çərçivələrdə görüşlər keçirdik. Onlardan daha çox yadda qalan “Daili Sabah” qəzetində olan görüş idi. Azərbaycan-Türkiyə iş adamları birliyi ilə keçirilən görüşdə də həmçinin ətraflı müzakirələr aparıldı və qarşılıqlı əlaqələrin genişləndirilməsi ilə bağlı müəyyən fikirlər irəli sürüldü. Ümumiyyətlə səfərin yüksək səviyyədə keçdiyini düşünürəm”.


Qeyd edək ki, nümayəndə heyətinin tərkibinə KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının sədri, "Xalq qəzeti"nin baş redaktoru Həsən Həsənov, Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli, "İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, “APA holdinq”in prezidenti Vüsalə Mahirqızı, "Teleqraf” Media Qrupunun rəhbəri Aynur Camalqızı, "Kür” qəzetinin baş redaktoru Əminə Yusifqızı, "Həftə içi” qəzetinin baş redaktoru Sevinc Seyidova, "Kaspiy” qəzetinin baş redaktoru İlqar Hüseynov, "Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev, "Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli, "Bizim yol” qəzetinin baş redaktoru Bahəddin Həziyev, "Palitra” qəzetinin baş redaktoru Namiq Əliyev, "Mövqe” qəzetinin baş redaktoru Rasim Bayramov, "AzərTAC” İnformasiya Agentliyinin müxbiri Səlim Rəhimzadə daxil idi.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü