Modern.az

Yaponiya GUAM-a niyə maraq göstərir? - SƏBƏBLƏR

Yaponiya GUAM-a niyə maraq göstərir? - SƏBƏBLƏR

Aktual

23 Yanvar 2018, 09:45

Yaponiya keçmiş SSRİ məkanında və ya ayrıca Cənubi Qafqazda xüsusi fəallıq nümayiş etdirmir. Yaponiyanın xarici siyasətinin əsas maraqları Uzaq Şərqdədir. Bura Çin, ABŞ və Rusiya ilə münasibətlər, o cümlədən Koreya yarımadasındakı durumun monitorinqi daxildir.

Buna baxmayaraq, son illər Tokionun GUAM-a da (Gürcüstan, Ukrayna, Azərbaycan və Moldova) marağı artıb. Yapon diplomatlar GUAM-ın beynəlxalq təşkilatlarda keçirilən toplantılarında müşahidəçi qismində iştirak edirlər. Bundan baqşa illərdir GUAM+Yaponiya formatı mövcuddur. Bu format çərçivəsində GUAM ölkələrinin xarici işlər nazirləri yaponiyalı həmkarıyla birgə görüşür və fikir mübadiləsi aparırlar. Son belə görüş 2017-ci ilin sentyabrın 22-də olub. BMT Baş Assambleyasının builki 72-ci sessiyası çərçivəsində GUAM-Yaponiya Nazirlər Şurasının iclası keçirildi. İclasın yekununda “GUAM-Yaponiya Mətbuat Açıqlaması” qəbul olundu. Mətbuat açıqlamasında tərəflər BMT Nizamnaməsində əks olunmuş prinsiplər də daxil olmaqla, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş norma və prinsipləri, xüsusilə dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmət prinsiplərini bir daha təsdiqlədilər.

 

Yaponiyanın GUAM-a marağı nə ilə bağlıdır?

 

Birincisi, Yaponiya bununla demək istəyir ki, GUAM-a üzv ölkələrin hər birinin ərazi bütövlüyünü dəstəkləyir və separatizmi pisləyir. GUAM-ın hər bir üzvündə separatçı və işğal olunmuş bölgələr var.Yaponiyanın bu dəstəyi GUAM ölkələri üçün vacibdir.

İkincisi, Yaponiya GUAM-a üzv olan ölkələrlə əlaqələrini ayrı-ayrılıqda inkişaf etdirməklə yanaşı GUAM-a üzv 4 dövlətlə bir təşkilat çərçivəsində də dialoqunu genişləndirmək imkanı qazanır. Yaponiya 4 dövlətin ümumi maraqlarını və həyata keçirdikləri layihələri daha asan yolla özü üçün müəyyənləşdirmiş olur.

 

Üçüncüsü, Yaponiya GUAM-a maraq göstərməklə balanslaşdırılmış xarici siyasətə üstünlük verdiyini göstərir. Məsələn, Yaponiya ABŞ-ın müttəfiqidir, ancaq Qərb ölkələri kimi Rusiyaya qarşı sanksiyaların hamısına qoşulmayıb, Kremllə dialoqu davam etdirir. Digər tərəfdən Yaponiya Rusiya ilə dialoqunu genişləndirməklə yanaşı Qərbin dəstək verdiyi GUAM-la da əlaqələrini gücləndirir, Tokio Rusiya ilə gərgin münasibətləri olan Ukrayna və Gürcüstanla dialoq qurur.

 

Azərbaycan siyasi, iqtisadi və hərbi gücünə görə GUAM-ın əsas ölkələrindən biridir. Buna görə də Yaponiya Azərbaycanla da əlaqələrə önəm verir.

 

Yaponiya şirkətləri müxtəlif layihələrdə SOCAR-la əməkdaşlıq edir, Azərbaycan rayonlarında müxtəlif tutumlu layihələri maliyələşdirirlər. Azərbaycanın həyata keçirdiyi böyük regional layihələr Yaponiyanın diqqət mərkəzindədir.

 

Doğrudur, Yaponiya Azərbaycandan birbaşa neft və qaz almır, nəqliyyat xətlərindən istifadə etmir. Buna baxmayaraq, Azərbaycanın Qərblə Şərq arasında körpü rolu oynaması və bu statusunu artırması, gələcəkdə Çin mallarının Bakı-Tbilisi-Qars dəmir yolu ilə Avropaya çatdırılması Yaponiyanın Azərbaycana marağı artırır, diplomatik təmasların intensivliyi artır. Yaponiya Azərbaycanın türk dünyasında oynadığı rolu da nəzərə alır.

 

“Atlas” Araşdırmalar Mərkəzi

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır