Modern.az

Tanıdığım Hüseyn Əfəndi

Tanıdığım Hüseyn Əfəndi

20 Fevral 2018, 09:28

Qatar oraq kimiydi,

Biçə-biçə gedirdi gecəni,

Balaca bir kəndi biçə bilmədi,

kənd də nə qədər elədi, ancaq

Bu oraq qatarı keçə bilmədi...

Tutdu yaxasından bir düymə kimi

Qopardı məni,

Çıxarıb özümdən apardı məni,

Hər şeyini yığmaq istədim

Ürəyimə,

Toyuqlarına “kiş” deməyə

dilim gəlmədi,

Yuxulu quşlarına daş atmağa

əlim gəlmədi...

Qızlarını bacım bildim,

Oğullarını qardaşım,

Qarılarını elçim...

Ürəyimi gətirmişdim,

Içində sevinc,

Həsrət,

Qəm.

“Gəldim, gördüm, gedirəm”

Çayında balıq o qədərdi ki,

Yadında qalacağammı,

Görən, bu kəndin?!

 

1978-ci ilin mart ayı idi. Tələbə yoldaşım Ağaşirinin dəvəti ilə onların kəndinə-Böyük Mərcanlıya gedirdim. Dağ rayonundan olduğuma görə Aran mənə cansıxıcı görünürdü. Hər tərəf boz..boz, ağac adına kiçik kol-koslar, dəmiryol relsləri, təkərlərin taqqıltısı...

Daşburun stansiyasında əsgərlər vaqonlara qalxıb sənədləri yoxlamağa başladılar. Mənim pasportuma baxıb:

-Haraya gedirsən? –deyə soruşdular.

- Böyük Mərcanlıya...

- Düş, gedə bilməzsən...


Ağaşirin gəldi, arayışını göstərdi:


-Mənim tələbə yoldaşımdı, bizə gedir,-dedi.


Tələbə biletlərimizə baxıb, çətinliklə də olsa, icazə verdilər.Deməli, mən balaca biclik eləməliydim, ən azından Mincivana gedirəm, deməliydim. Səhər saat neçə olardı,yadımda qalmayıb, kəndə çatdıq.

Bizimlə görüşənlərin isti münasibəti kəndə çox tez isinişməyimə səbəb oldu.

Və kəndin arasına çıxdıq. Məni Hüseynlə rəhmətlik Mürvət müəllim tanış elədi, dedi, - ikiniz də şeir yazırsınız, söhbətiniz tutar...

Hüseyn kənd sovetində hərbi çağırış işlərinə baxırdı.Belə vəzifənin olduğunu mən orada eşitdim. Bizi hərbi çağırışa kənd sovetinin katibi aparmışdı.

Hüseynlə tez ünsiyyət bağladıq, şeirdən danışdıq, şeir oxuduq, gözəl şeirlər yazırdı, şeir duyumu da yüksək idi. Elə Mərcanlıda, yazdığım bir neçə sərbəst şeirimi dinləyəndən sonra, “sənin sərbəstin çox axıcıdı, elə bil hecada yazırsan”,-dedi.

Böyük Mərcanlıda tut bağı vardı, kənd cavanları bura toplaşırdılar. Burada futbol oynayan kim, qumar oynayan kim, yeyib-içən kim... Hamı Hüseynlə hörmətlə görüşürdü. Hüseyn məni müəllimi Çərkəz Məcidlə tanış elədi.Onda Çərkəz müəllimin kitabı çıxmışdı, tanınan şair idi.


Çərkəz müəllimin danışığı, şeirlərinin səliqəli qafiyələnməsi, bütövlüyü məni ovsunlamışdı. Elə bil şeiri xalı toxuyan kimi toxumuşdu, nə bir ilmə artıq, nə də əskik idi...Söhbətdən kənara çıxsam da, qeyd etməliyəm ki, Çərkəz müəllimlə də söhbətimiz (yaş fərqimizə baxmayaraq) tutdu.Çərkəz müəllim Ağaşirinin qardaşı Sevindik müəllimlə dost idi, bu ailəyə yaxın adam sayılırdı. Sonra Qubaya elçiliyə də getdik, “Venesiya”da bizə qonaqlıq da verdilər. Hətta Çərkəz müəllim məni qardaşı Abdulla müəllimin toyuna da çağırdı, hörmətlə mənə söz verdi, şeir oxu, -dedi.

Bu söhbətə bir də qayıdacağam.



Hüseynin kəndində İsmayıl İmanzadə, Musa Mərcanlı, Vaqif Cəbrayılzadə kimi şairlər yetişmişdi. Yeri gəlmişkən, Vaqif Cəbrayılzadənin qardaşı Telman müəllimlə də orada tanış oldum. Hətta onu da eşitdim ki, uşaq vaxtı pul-pul oynayanda Vaqif pullarını uduzur, gedir anasının boxçasından köhnə beşqəpiklər gətirir, oynayır, onları da uduzur, sonra məlum olur ki, bunlar Nikolay beşlikləri imiş, qapı-qapı düşür, kimdə var yığırlar...


Bu o vaxt idi ki, sarı rəngli “Azərbaycan” jurnalı qapısını taybatay gənclərin üzünə açmışdı, Hüseyn, ondan bir neçə nömrə sonra mən jurnalda çap olunduq. Şüvəlanda gənc yazıçıların Respublika toplantısında iştirak etdik. Düzdü, mən çox az getdim, amma o qaynarlıqdan dada bildim. Hüseyn Universitetin Filologiya fakultəsinə qəbul olundu. Bakıya tez-tez gəlməyə başladı. Gələndə bizim kirayə qaldığımız evdə qalırdı. Bir dəfə gəldi ki,müəllim kurs işi vermişdi, yazdım bəyənmədi.

-Ədəbiyyat vermişdimi?- deyə soruşdum.

-Hə, Afat Qurbanovun “Müasir Azərbaycan ədəbi dili” kitabını...

Getdik Sabir kitabxanasında oturduq, 12 vərəqli dəftər olmalıydı, köməkli yazdıq, sabah gülə-gülə gəldi ki, eyni şey yazmışdıq, amma bunu bəyəndi...


Hüseyn çox təvazökar idi, səmimi idi, özü Çələbilərdən olduqlarını deyirdi, onda bu sözə o qədər də fikir vermirdim. Sonralar öyrəndim ki, Çələbilər imanlı, inamlı adamlar olublar, hətta Cəbrayılda məşhur Çələbilər kəndi də olub və Molla Vəli Vidadi bu kənddə məktəbdarlıqla məşğul olub, bir sözlə bu kəndin adamları Tanrı adamı olublar.


İş elə gətirdi ki, mən Mərcanlı kəndinə daha tez-tez getdim.Sevindik müəllim qəflətən rəhmətə getmişdi, Ağaşiringilin diplomlarını da mən alıb apardım.Hətta təsadüfən Hüseynin toyunda da iştirak etdim (hamının içki içdiyi bir kənddə barmaqla sayılacaq adam olardı ki, dilinə içki dəyməsin. Onlardan biri Hüseyn idi. Toyunda da içki verilmədi və içki içməkdə rekord qıran bu kənddə bir sifətini də turşudan olmadı.Çün bu ocağa hörmətləri böyük idi), xanım –xatın anasının bişirdiyi yeməyi də yedim.Özündən kiçik qardaşını da gördüm...


Hüseynlə İmişlidə də görüşdük, evlərində toxunan gəbəni satmağa gətirmişdi... Əsl ailə başçısı olmuşdu.


Yenə şeirlər yazırdı, hərdənbir çap olunurdu,tələbəlik də sona yaxınlaşırdı...Məmməd İsmayılın “Yaşıl budaqlar”ında bir yerdə şeirlərimiz çap olunmuşdu.


Mən deyərəm ki, Məmməd müəllimin redaktorluğu ilə çap olunan “Gənclik” jurnalı Hüseynin potensialının tam üzə çıxmasında əvəzsiz rol oynadı. Jurnalda texniki işçi kimi çalışmağa başlayan Hüseyn ürəyinin oduyla yazdığı yazılarla oxucuların da, qələm yoldaşlarının da hörmətini qazandı. Mən Bakıya təzə köçmüşdüm, iş axtarırdım, iş hardaydı. Belə vaxtlarda məni Türk radiosunun işçisi Kamil Məmmədovla tanış elədi, yaz, qonorar al,-dedi.

Cahangir Cahangirovdan Pişəvəri hökumətinin himni ilə bağlı, Arif Əfəndiyevdən familiya sonluqları ilə bağlı müsahibələr almağıma şərait yaratdı, bir neçə aktual yazımın çap edilməsinə kömək elədi.


Hüseyn operativ adam idi. Gürcüstanda seldən uşaqları xilas edərkən həlak olan 19 yaşlı Rahib Məmmədov haqqında poema yazdı, poema “Azərbaycan" jurnalında dərc edildi.


Böyük Şorda, türmənin yaxınlığında kiçik bir ev almışdı, sonra “Şanxay” publisistik yazısında yazdığı kimi, “qızım səhər yuxudan qalxıb türmənin iri pəncərələrinə baxdı və bizim də belə işıqlı evimiz olsa, nə olar”,-dedi. Ölkənin türməsi yaşayış evindən yaraşıqlı olanda belə olur. Qazaxıstana, Çu rayonuna getdi, (ailəsinin sürgündə olduğu yerlərə) “Sürgün” adlı təsirli bir yazı yazdı. Çalışqanlığı, istedadı həmişə köməyinə çatırdı, Məmməd İsmayıl da Hüseynə daha çox qayğıyla yanaşırdı. İki qızdan sonra 1988-ci ildə atasının adını qoyduğu oğlu Vəli doğuldu...Hüseyn sevinirdi, vaxtsız itirdiyi atasını yenidən tapmışdı.


Belə bir vaxtda sevimli müəlimi Çərkəz Məcid vəfat elədi. Məmməd İsmayılla birlikdə “Vida sözü” yazdılar: “Birimizin tələbə yoldaşı, birimizin müəllimi, istedadlı şairimiz vəfat etdi...” Yazı "Ədəbiyyat və incəsənət" qəzetində çıxmışdı.


Hadisələr də dəyişən məcrada gedirdi, mili münaqişə,Ermənistandan gələn qaçqınlar, Meydan hərəkatı, hamısı hökumətə inamı azaldırdı. Uzun zaman mitinqlərdə bir yerdə olduq, bütün ölkə nicatı mitinqlərdə görürdü.


Sonra qanlı 20 Yanvar, xalqımızın başına gətirilən müsibətlər... Heç nə yaxşılığa doğru getmirdi...


Sonra Jurnalın qəzet variantı, bütün ağırlığı Hüseyn çiyninə götürmüşdü elə bil... Qarabağda da gərginlik artmışdı, hər gün igid oğullarımızın ölüm xəbəri, kənd və rayonların işğalı barədə xəbərlər gəlirdi.


Şuşa getmişdi, Laçın getmişdi, Kəlbəcər, Ağdam... və Cəbrayıl... Hüseyn nə edəcəyini bilmirdi...Kənd dərbədər düşmüşdü.


Hüseynlə 1995-ci ildə Səməd Vurğunun heykəlinin yanında görüşdük, “Xalq qəzeti”ndə işlədiyini dedi, amma çox könülsüz... Deyəsən, işləri elə də yaxşı getmirdi. Amma heç nə demədi. Bir də kimin işləri yaxşı gedirdi ki... Nə həyatda, nə yaradıcılıqda, hər şey baş—ayaq olmuşdu. Hər keçən gün bir bədlik gətirirdi. Yusif Səmədoğlu demiş, “dərd də gələndə batmanla gəlir”.Sonralar Hüseyni görmədim, çünki ədəbiyyat deyilən nəsnə mənə yad görünürdü,heç nəyə uyğunlaşa bilmirdim.


2004-cü ilin sonu idi. Qəşəm Nəcəfzadənin kitabı haqqında məqalə yazmışdım. Məqalə Faiq Balabəylinin nəşr etdiyi “Yeni xəbər” qəzetində çıxmışdı.Faiq elə təsadüf kimi təəssüflə Hüseyn Əfəndi rəhmətə gedib,- dedi.Bu ayrı-ayrı redaksiyalarda dost itkisi barədə eşitdiyim ikinci bəd xəbər idi...Birincini, "Səhifələr" redaksiyasında eşitmişdim-- Akif Səmədin ölümünü...Belə-belə işlər, Hüseyn Əfəndi...dünyanın pəncərəsindən deyil, bacasından baxıb getdin.

 

Bir ömür də axıb getdi,

Bir daş da düşdü divardan.

Bir göz ağlar dərdli-dərdli,

Gözünü yığar yollardan.

 

Sən kimsən, ay gedən adam,

Sənin gedişinə matam...

Qəbir-qəbir, adam-adam

Hardan gəlirsən, de,hardan?

 

Bir yuvan var idi darda,

İtkin düşdü uzaqlarda...

Nə tapmışdın ilk baharda,

Nə umasan son bahardan.

 

Heç gələrdimi ağıla,

Ağıl da su tək dağıla.

Inanmaq olmur nağıla,-

“Çıxıb getdin buralardan”.


16 fevral 2018.



Osman Fərmanoğlu

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü