Modern.az

Nazirin əmrilə peşə məktəblərinin builki qəbul planı dəqiqləşib

Nazirin əmrilə peşə məktəblərinin builki qəbul planı dəqiqləşib

Təhsil

22 İyul 2011, 14:37

Təhsil naziri Misir Mərdanov ilk peşə-ixtisas təhsili müəssisələrinin 2011-ci il üçün şagird qəbulu və buraxılış planları barədə əmr imzalayıb.
Modern.az-ın xəbərinə görə, əmrdə bildirilir ki, Azərbaycanda bazar iqtisadiyyatının tələblərinə uyğun olaraq dövlət və qeyri-dövlət müəssisələrinin ixtisaslı fəhlə kadrların hazırlanması ilə bağlı  sifarişlər, həmçinin Nazirlər Kabinetinin 27.06.2002-ci il tarixli 679 nömrəli qərarı ilə təsdiq olunmuş "Peşə təhsili sahəsində ixtisas və ixtisaslaşma klassifikatoru"na uyğun olaraq ilk peşə-ixtisas təhsili müəssisələrinin müvafiq peşələr üzrə kadrlara olan tələbat nəzərə alınacaq.

Nazirin əmrilə 2011-ci il üçün ayrı-ayrı ilk peşə-ixtisas təhsili müəssisələri üzrə şagird qəbulu planı ümumilikdə 16895 nəfər, o cümlədən dövlət vəsaiti hesabına 14190 nəfər, ödənişli əsaslarla 2705 nəfər, buraxılış planı 14468 nəfər, o cümlədən ödənişli əsaslarla 1793 nəfər olmaqla təsdiq edilib.

Ağdam, Qubadlı, Cəbrayıl, Zəngilan rayonlarının və Şuşa şəhərinin fəaliyyəti müvəqqəti dayandırılmış peşə məktəblərinə (24, 126, 131, 144, 72 nömrəli texniki peşə məktəbləri) şagird qəbulu məsələsinə həmin məktəblərin  fəaliyyəti tam bərpa olunduqdan sonra baxılacaq.

İlk peşə-ixtisas təhsili müəssisələri üzrə təsdiq edilmiş şagird qəbulu planı daxilində ayrı-ayrı peşələr üzrə şagird qəbulu planlaşdırılarkən aşağıdakı meyarlar əsas kimi götürüləcək :

- Ümumtəhsil fənlərindən buraxılış imtahanlarında müvəffəqiyyət səviyyəsi 50%-dən aşağı olan ilk peşə-ixtisas təhsili müəssisələrində ümumi orta təhsil bazası üzrə 3 illik təhsil qruplarının azaldılması;

- Məzunların məşğulluq səviyyəsi 60%-dən yuxarı olmayan ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbul planının artırılmaması.

Peşələr üzrə şagird qəbulu planında dəyişiklik edilməsi zərurəti yarandıqda, bu məsələ  təsdiq edilmiş ümumi qəbul planı  daxilində həll ediləcək.

Aidiyyəti ilk peşə-ixtisas təhsili müəssisələrinin rəhbərlərinə tapşırılıb ki, şagird qəbulu planının sentyabr ayının 15-nə qədər yerinə yetirilməsini təmin etsinlər.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı