Modern.az

Azərbaycanlı deputatlar Berlində Xocalı faciəsi ilə bağlı SİMPOZİUMDA

Azərbaycanlı deputatlar Berlində Xocalı faciəsi ilə bağlı SİMPOZİUMDA

24 Fevral 2018, 12:34

Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar Almaniya Bundestaqının nəzdində fəaliyyət göstərən Alman Parlament Cəmiyyətində “Cənubi Qafqazda təhlükəsizlik və sabitlik: Azərbaycan-Almaniya əməkdaşlığının perspektivləri” mövzusunda altıncı simpozium keçirilib. Simpozium Azərbaycanın Almaniyadakı səfirliyinin, Alman-Azərbaycan Forumunun və Alman-Atlantik Cəmiyyətinin birgə təşkilatçılığı və SOCAR-ın Almaniya nümayəndəliyinin dəstəyi ilə keçirilib.

 

Alman-Azərbaycan Forumunun sədri Hanns-Eberhard Şleyer tədbirin 26 il əvvəl Xocalı şəhərində azərbaycanlı əhaliyə qarşı törədilmiş qətliamın qurbanlarına həsr edildiyini bildirib. O, çıxışında Almaniya-Azərbaycan münasibətlərinə də nəzər salıb, Almaniya İqtisadiyyatının Şərq Komitəsinin xətti ilə alman iş adamlarının bu günlərdə Azərbaycana səfər etdiklərini simpozium iştirakçılarının diqqətinə çatdırıb.

Səfir Ramin Həsənov çıxışında Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və Xocalı soyqırımının mahiyyəti, həmçinin bu münaqişənin mümkün həlli yolları barədə simpozium iştirakçılarını məlumatlandırıb. O, ölkəmizin həyata keçirdiyi qlobal layihələr nəticəsində regional gücə çevrildiyini, məhz bu layihələrin regional inkişafa və sabitliyə böyük töhfə verdiyini, lakin Ermənistanın həyata keçirdiyi işğalçılıq siyasətin bölgənin inkişafına böyük maneə olduğunu vurğulayıb.

Səfir 2017-ci ilin Almaniya-Azərbaycan əlaqələrində əlamətdar hadisələrlə yadda qaldığını, diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə ölkələrimiz arasında ən yüksək siyasi səviyyədə məktub mübadiləsinin həyata keçirildiyini, habelə Azərbaycanda alman məskənlərinin salınmasının 200 illiyi ilə əlaqədar çoxsaylı tədbirlərin təşkil olunduğunu deyib. O, Almaniya-Azərbaycan münasibətlərinin bütün sahələrdə inkişaf etdiyini və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində Almaniyanın daha fəal olacağına ümid etdiyini bildirib.

 

 

Almaniya Xarici İşlər Nazirliyinin Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya üzrə müvəkkili, səfir Andreas Peşke Xocalı faciəsinin insanların yaddaşında dərin izlər buraxdığını, bu faciənin münaqişə dövründə baş vermiş ən ağrılı hadisə olduğunu, regional əməkdaşlığın Qafqazda sülh və əmin-amanlığın bərpa olunması üçün mühüm rol oynadığını, bunun üçün münaqişə tərəfləri arasında qarşılıqlı etimadın yaradılmasının vacib olduğunu vurğulayıb. O, Almaniya-Azərbaycan münasibətlərinin bütün sahələr üzrə ardıcıl şəkildə inkişaf etdiyini, siyasət, iqtisadiyyat, mədəniyyət, elm və təhsil sahələrində ölkələrarası əməkdaşlığın dinamik inkişaf etdiyini, 2017-ci ilin dekabr ayında Bakıda Göte İnstitutunun təntənəli açılışının olduğunu bildirib. A.Peşke Azərbaycanın həyata keçirdiyi uğurlu layihələr nəticəsində regionun nəqliyyat dəhlizinə çevrildiyini deyib, ölkəmizi regionda Almaniyanın ən mühüm tərəfdaşı adlandırıb.

Daha sonra tədbir panellər çərçivəsində təşkil edilən müzakirələrlə davam edib.

Birinci paneldə Azərbaycanın Ştutqart şəhərindəki fəxri konsulu Otto Hauzer, Milli Məclisinin deputatları Rövşən Rzayev və Fuad Muradov, Alman Federal parlamentinin CDU/CSU fraksiyasının deputatları Mark Hauptman və Yoaxim Pfayfer iştirak ediblər.

Otto Hauzer Dağlıq Qarabağ münaqişəsinin yanlış olaraq “dondurulmuş münaqişələr” kateqoriyasına şamil edildiyini, bununla da artıq uzun illərdən bəri bu münaqişənin həll olunmamış vəziyyətdə qaldığını diqqətə çatdırıb.

Rövşən Rzayev doğulduğu Şuşa şəhərinin Ermənistan tərəfindən işğalından sonra doğma Vətəninə geri qayıda bilmədiyini, Dağlıq Qarabağın azərbaycanlı icmasının erməni icması ilə dialoq istəməsinə və bununla bağlı çoxsaylı çağırışlar etməsinə baxmayaraq, bu çağırışların cavabsız qaldığını bildirib.

 

 

Yoaxim Pfayfer Avropa İttifaqının “Şərq tərəfdaşlığı” proqramı çərçivəsində Qafqaz regionunda cərəyan edən münaqişələrin həllində daha yaxından və intensiv şəkildə iştirak etməsinin vacibliyini vurğulayıb.

Fuad Muradov “Azərbaycanın Avropa İttifaqının aparıcı dövlətlərindən sayılan Almaniya ilə əməkdaşlığa önəm verdiyini, lakin işğalçı siyasət aparan və Avropa İttifaqına tamamilə əks bloka üzv olan Ermənistanın Aİ tərəfindən sərt şəkildə tənqid edilməməsinin başadüşülən olmadığını bildirib.

Deputat Mark Hauptmann Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində Azərbaycanın mövqeyinin haqlı olmasına və beynəlxalq hüquqa söykənməsinə baxmayaraq, bu münaqişənin hələ də həll olunmamasının acı təəssüf hissi doğurduğunu vurğulayıb. O, özünün də təmsil olunduğu Bundestaqda “erməni genosidi” aktının qəbul olunmasına baxmayaraq, Ermənistanın işğalçılıq siyasətinin üstündən sükutla keçilməsinin başadüşülən olmadığını diqqətə çatdırıb.

İkinci paneldə publisist Rixard Kizler, “Deutsche Bank”ın Mərkəzi və Şərqi Avropa üzrə regional direktoru Peter Tils, Uniper şirkətinin vitse-prezidenti Mixael Hilmer və Almaniya İqtisadiyyatının Şərq Komitəsinin Şərqi Avropa üzrə regional direktoru Martin Hofman çıxış ediblər.

Publisist Rixard Kizler tədbirin Xocalı soyqırımının qurbanlarına həsr edildiyini, özünün isə illər öncə Azərbaycana səfər etdiyini, Azərbaycanın torpaqlarının işğalı nəticəsində böyük qaçqın problemi ilə üzləşdiyini, bununla belə bu ölkənin iqtisadiyyatının 2000-ci illərdən etibarən durmadan inkişaf etdiyini bildirib. O, son illərin qlobal iqtisadi böhranının Azərbaycan iqtisadiyyatına göstərdiyi təsirlərə baxmayaraq, ölkəmizin böhrandan çıxmaq üçün uğurlu addımlar atmaqda davam etdiyini vurğulayıb.

 

Almaniya İqtisadiyyatının Şərq Komitəsinin Şərqi Avropa üzrə regional direktoru Martin Hofman Azərbaycanın qeyri-neft sektorunun inkişafının doğru yolda olduğunu, habelə kənd təsərrüfatı, nəqliyyat və turizm sektorlarının xüsusilə inkişaf etdiyini diqqətə çatdırıb.

“Deutsche Bank”ın Mərkəzi və Şərqi Avropa üzrə regional direktoru Peter Tils Azərbaycanın qlobal maliyyə böhranından uğurla çıxdığını, bank sektorunda islahatları davam etdirdiyini, habelə regional layihələrin, xüsusilə yeni tikilən Bakı Beynəlxalq Dəniz Limanın istifadəyə verilməsinin qədim İpək Yolunun bərpası istiqamətində mühüm addım olduğunu qeyd edib.

Uniper şirkətinin vitse-prezidenti Mixael Hilmer Cənub Qaz Dəhlizinin tam şəkildə istifadəyə verilməsi istiqamətində işlərin sürətlə davam etdirildiyini və ilk qazın 2020-ci ildən etibarən Avropa bazarına çıxarılmasının nəzərdə tutulduğunu iştirakçıların diqqətinə çatdırıb.

Simpoziumda Alman Federal Hökumətinin təmsilçiləri, Bundestaqın deputatları, Berlində yerləşən diplomatik korpusun rəhbərləri və üzvləri, Almaniyadakı Azərbaycan diasporunun və KİV-lərin nümayəndələri iştirak ediblər.

 

 

 

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...