Modern.az

Çingiz Qənizadə Qənirə Paşayevanı müdafiə etdi: “Bunlar qarayaxmalardır...”

Çingiz Qənizadə Qənirə Paşayevanı müdafiə etdi: “Bunlar qarayaxmalardır...”

Aktual

2 Mart 2018, 13:21

Ötən gün bəzi saytlar və sosial şəbəkə istifadəçiləri millət vəkili Qənirə Paşayevanın Avropada mühacirətdə yaşayan və Azərbaycan iqtidarına qarşı mütəmadi çıxışlar edən videoblogger Orduxan Teymurxanla birgə şəklini yayaraq, deputatı haqqında bəzi ittihamlarla çıxış ediblər.

Milli Məclisin deputatı Çingiz Qənizadə bununla bağlı Modern.az saytı ilə fikirlərini bölüşüb. O qeyd edib ki, millət vəkilinə qarşı müşahidə edilən kampaniya qarayaxmadan başqa bir şey deyil:

“Çox təəssüf edirəm ki, bəzi sosial şəbəkələrdə və saytlarda millət vəkili Qənirə Paşayevaya yönələn qarayaxma kampaniyasının şahidi olduq. Xüsusilə Qənirə xanımın Avropa Şurasında olarkən Orduxan Teymurxan adlı birisi ilə  şəkil çəkdirməsini əsas götürərək ona qarşı hücumlar başlayıb. Bunu qətiyyətlə pisləyirəm. Qənirə xanım olduqca çalışqan, xalqına, dövlətinə, millətinə bağlı  millət vəkilidir.

Qeyd edim ki, biz də xairici səfərlərdə olarkən azərbaycanlı gənclər, vətəndaşlar yaxınlaşaraq şəkil çəkdirmək istəyirlər. Lakin biz onlardan hansısa sənəd tələb edib ya da kim olub-olmadığını soruşa bilmirik. Əgər bu insanların içində sonradan  dövlətinə, onun siyasi hakimiyyətinə, siyasi liderlərə qarşı qəlbində kini, nifrəti olan adamlar varsa, bu onların öz işidir. Şəkil çəkdirən zaman bunun Qənirə xanıma və ya başqalarına heç bir aidiyyatı yoxdur. Hesab edirəm ki, bu cür qarayaxmaları dayandırmaq lazımdır”.

Deputat bildirib ki, mövcud yanaşmalar düzgün deyil:

“Məsələn, fevralın 21-23 dövründə Bosniya və Herseqovinada Xocalıya həsr olunmuş tədbirdə iştirak etmişəm, dövlət rəsmiləri ilə görüşlərim olub. Orada da müəyyən adamlarla şəkil çəkdirmişik. Ayın 25-i isə prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun rəhbərliyi ilə Azərbaycan nümayəndə heyətinin tərkibində İstanbulda Dostluq Parkının və Xocalı abidəsinin açılışında olmuşuq. Orada da həmçinin bir çox azərbaycanlı ilə şəkil çəkdirmişik. Onlardan biri hansısa formada Türkiyəyə sığnıbsa, Azərbaycanla bağlı neqativ düşüncələri varsa, bu şəklə görə sabah bəlkə bizi də ittiham etməyə başlayacaqlar?

Ona görə bu cür yanaşmaları düzgün hesab etmirəm.  Gələcəkdə də bu şəkildə kimlərəsə qarşı – istər millət vəkili,  adi vətəndaş, istərsə də ictimai xadimlər olsun - hücumları qətiyyətlə pisləyir və dayandırılmasını tələb edirəm”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü