Modern.az

UNEC-in magistrantı: “Rektor Ədalət Muradov tələbənin ən yaxın dostudur” - MÜSAHİBƏ  

UNEC-in magistrantı: “Rektor Ədalət Muradov tələbənin ən yaxın dostudur” - MÜSAHİBƏ   

Ədəbi̇yyat

3 Mart 2018, 14:19

Gənc nəslə qayğı, onların sağlam, bacarıqlı, təhsilli yetişdirilməsi Azərbaycanın dövlət siyasətinin əsas prioritetlərindən birini təşkil edir. Təhsil sisteminin düzgün təşkili, gənclərin müasir elmi-pedaqoji biliklərə yiyələnməsi, müasir texnologiyaları mənimsəməsi, istedadlı gənc kadr potensialının formalaşması və onlardan səmərəli istifadə məqsədilə dövlət fəaliyyəti həyata keçirilir.

 

Bu gün ölkədə müasir təhsil sistemi ilə fərqlənən ali təhsil ocaqlarımızdan biri Azərbaycan Dövlət İqtisad Universitetidir (UNEC).

 

Müsahibimiz UNEC-in Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin magistrantı Mahmud Sadıqovdur:

 

           
- Öncə təhsil aldığınız İqtisad Universiteti haqqında məlumat verərdiniz. Universitet tələbələrə hansı üstünlüklər verir? Tələbə-müəllim münasibəti hansı səviyyədədir?

           
- Sizə əminliklə deyə bilərəm ki, tələbələrin illərlə arzuladıqları təhsil mühiti artıq İqtisad Universitetində qurulub. Sözün həqiqi mənasında bu belədir. Bu fikrimi bir çox tələbə və müəllimlər də təsdiqləyəcəklər. Dövlət İqtisad Universiteti Azərbaycanın ən reytinqli universitetlərindən biridir. Mən burada, əsasən, tələbə-müəllim münasibəti üzərində dayanmaq istərdim. İftixarla vurğulaya bilərəm ki, müəllim və tələbələr arasında çox sıx bir münasibət var. Bu münasibət heç bir şəxsi marağa söykənmir. Bir məqsəd var ki, müəllim tələbəyə ən yüksək təhsil verməyə çalışır, tələbə isə bundan yararlanaraq həmin təhsili mənimsəməyə başlayır. Bunun üçün də tələbə-müəllim platformasında çox isti münasibət qurulub. Hər bir müəllim tələbəsi üçün bütün imkanlarını səfərbər edir. Tələbə isə bu imkanlardan maksimum yararlanmağa başlayır. Bunu tədris və imtahan prosesində görə bilərik. Bir tələbə kimi arzulayardım ki, bütün universitetlərdə İqtisad Universitetinin təcrübəsi öyrənilsin və tətbiq edilsin. Mən Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin magistrantıyam. Bizim Mərkəz olduqca perspektivlidir. Təsəvvür edin ki, bizdə kəsiri olan tələbələr növbəti tədrisə keçmək üçün heç bir ödəmə etmir. Hətta imtahanda kəsilən tələbəyə belə, növbəti dəfə bir də imtahan vermək üçün şans verilir. Düşünürəm ki, bu imkanlardan bütün tələbələrimiz yararlansa, daha yaxşı olar.

           

- Bizə Universitetinizdəki rəhbərliyinizlə olan ünsiyyətinizdən söhbət açardız. Rektor-tələbə münsabətləri necə inkişaf edir?

           

- Professor Ədalət Muradov Azərbaycan təhsilində o alimlərimizdəndir ki, tələbənin ən yaxın dostu, sirdaşı və güvənc yeridir. Həqiqətən biz tələbələrin bu baxımdan bəxti gətirib. Tarixin qısa bir zaman kəsiyində artıq gənclər arasında böyük sevgi, məhəbbət qazanan professor Ədalət Muradov təkcə UNEC tələbələri arasında yox, bütün universitetlərin tələbələri arasında hörmətlə qarşılanır. Şübhəsiz ki, bu məhəbbətin qaynağı professor Ədalət Muradovun rəhbərlik etdiyi UNEC-də müəllim-tələbə birliyi arasında olan əlaqənin möhkəm və sarsılmaz olmasından irəli gəlir.

           
Təhsildə tələbə üçün ən gözəl addım onun rəhbərliyi ilə olan sıx ünsiyyətinin formalaşmasıdır ki, bu təhsilalanların inkişafına təsir edən başlıca amildir. Dünya təhsil sistemi göstərir ki, universitetlərdə yaradılan sivil idarəetmə üsulları tələbələrin elmi mənimsəmələri üçün əvvəzsiz rola malikdir. Bir çox problemlərin həllinə kömək olan idarəetmənin asanlaşdırılması və iyerarxiyanın demokratik prinsiplərlə qurulması təhsil mühitinin dirçəlməsinə səbəb olur. Azərbaycan təhsil sistemində artıq bu cür idarəetməyə əsaslanan universitetlər yaradılır. Buna misal üçün UNEC brendi ilə tanınan doğma universitetimizi ən parlaq nümunə kimi göstərə bilərik. Professor Ədalət Muradovun rəhbərliyi altında UNEC olduqca lazımi uğurlara imza ataraq bir brendə çevrilir. Tələbə - Universitet arasında sıx bir ünsiyyət və möhkəm əlaqələrin qurulması təhsil mühitinin daha da sağlamlaşmasına təkan verir. Professor Ədalət Muradov genişmiqyaslı islahatlar apararaq, qısa zaman kəsiyində UNEC-də təhsil mühitini Avropa universitetləri səviyyəsinə qaldıraraq, tələbələrimizin müasir biliklərlə silahlanmasına yardımçı olur.

           
Ədalət müəllimin bir alim kimi şəxsiyyətinə tək tələbələr yox, bütövlükdə UNEC ailəsi hörmətlə yanaşır. Hər bir şəxs professorun Azərbaycan Dövlət İqtisad Univeristetində yaratdığı təhsil mühitinə heyran qalmaqlaraq onun atdığı bütün adımları təqdirəlayiq hesab edirlər. Rektorumuzun “Facebook” sosial şəbəkəsi ilə tələbərlə ünsiyyətə daxil olması Azərbaycan təhsili üçün ən yüksək səviyyədə atılan addımlardan biri hesab edirəm. Tələbə-rektor yaxınlaşması baxımından bu addımın təhsilimizə əvəzsiz xidmətləri var. Bir növ “Facebook”da rektor-tələbə yazışması təhslimizin inkişafını təmin etməklə yanaşı, bir sıra problemin vaxtında həllinə imkan verir. Bu gözəl təşəbbüsdən məndə yararlanmışam.

           
Uca Allahdan professor Ədalət Muradova can sağlığı arzu edirəm.

           

- Bir tələbə kimi universitetdə təhsilin keyfiyyəti ilə bağlı nə deyə bilərsiniz? İmtahan prosesi sizi qane edirmi?

           
- Öncə vurğulayım ki, imtahan prosesi qurtardıqdan sonra tələbələrin qiymətləndirilməsində heç bir qeyri-qanunilikdən söz gedə bilməz. Həqiqətən, bu belədir. Bu isə, sözsüz ki, bir tələbə kimi məni sevindirir. Amma imtahan prosesi ilə bağlı öz şəxsi mülahizələrimi deyə bilərəm. Belə ki, burada imtahan suallarına diqqət yetirmək istərdim. Suallar müəllimlər tərəfindən hazırlanır. Bəzən elə suallar olur ki, tələbə onu cavablandırmaqda çətinlik çəkir. Bunun üçün tələbədən qeyri-adi istedad tələb olunur. Biz bunu hər bir tələbədən tələb edə bilmərik. Sadəcə, bu mümkünsüzdür. Belə ki, bəzi imtahan sualları çox çətin variantlarda təqdim edilir. Yəni sovetlər dönəmində imtahan sualları kafedrada müzakirə edilirdi və hansı suallar düzgün deyilsə, o sual dərhal çıxarılırdı. Bax, bu mexanizm çox gözəl idi. Biz bunu burda görə bilmirik. Həmçinin imtahan sualları da verilmir. Bu kimi çətinliklərə baxmayaraq, çox savadlı müəllimlərimiz var. Biz iqtisadi təhsil alırıq. Bizim fakültənin müəllimlərinin bir çoxu xaricdə təhsil alıb və müasir bazar iqtisadiyyatını çox yüksək bilir. Nəticədə biz tələbələr isə bazar iqtisadiyyatını dərindən mənimsəyirik.

           

- Bəs tələbələrin təhsilə münasibətini necə şərh edərdiniz? Bu baxımdan irəliləyişlər varmı?

 

- Çox yüksək səviyyədədir. Amma oxumayan tələbələr də var. Bilirsiniz, düşünürəm ki, oxumaq deyəndə tək ixtisas fənləri nəzərdə tutulmamalıdır. Paralel olaraq digər kitablar da oxunmalıdır. Universitetdə tələbələr arasında çox az bədii ədəbiyyat mütaliə edən görürəm. Sanki bu ildən-ilə azalır. Bu isə yaxşı hal deyil. Ancaq imtahan prosesində çox fəal və aktivdirlər. Dərslərə yaxşı çalışırlar. Bu, bir tələbə kimi məni də sevindirir. Bir məqamı da xüsusi vurğulamaq istərdim ki, tələbələr universitet dövrü başa çatdıqdan sonra çalışdıqları müddətdə öz ixtisaslarını artırmaq üçün oxumurlar. Bunu mən gündəlik həyatda belə, hiss edirəm. Mən istərdim ki, bizim tələbələr öz ixtisasları üzrə çalışdıqları sahələrdə mütləq kitab oxusunlar və hətta təhsil aldıqları universitetlərlə əlaqə saxlasınlar ki, hər yeniliyi öyrənə bilsinlər. Düşünürəm ki, bununla bağlı kütləvi maarifləndirici tədbirlər görmək lazımdır. İnsan oxumasa, heç zaman mükəmməl bir ixtisasa və işə yiyələnə bilməz. Tələbələr arasında məni üzən bir məqam da var. Bu, tələbələrin elmi işlərin yazılmasında fəal iştirak etməmələridir. Universitetdə bir qrupda araşdırma aparılsa, çox az tələbə deyə bilər ki, mənim filan qəzet, jurnal və ya saytda məqaləm, ya da müsahibəm işıqlandırılıb. Bunu mən, sadəcə olaraq, faciə adlandırıram. Bir insan, xüsusilə də təhsil alan şəxs yazı mədəniyyətinə yiyələnə bilmirsə, yaxud fikirlərini ağ kağıza köçürə bilmirsə, onun peşəkarlığından danışmaq olmaz.

           

- Çox yaxşı bir məsələyə toxundunuz. Tələbələr niyə elmi, publisistik yazılarla çıxış etmirlər? Bu məsələdə müəllim və tələbələrin üzərinə hansı vəzifə düşür?

           

- Bunun bir çox səbəbləri var. Amma əsas günahkar qismində tələbələri görürəm. Çünki öz üzərlərində az işləyirlər və bu sahəyə maraq göstərmirlər. İndiki dövrdə ölkəmizdə kifayət qədər qəzet, sayt və jurnal var. Onların hər birinin isə yaxşı yazılara qapıları açıqdır. Sadəcə, tələbələr vaxt ayırmırlar. Bunun səbəbini qismən də universitetdə görmək olar. Çünki hər bir universitet tələbələrdən belə bir yazı tələb etsə, onda maraq yaranacaq. Ancaq müəllimlər də heç bu sahədə tələbələri həvəsləndirmirlər. Hətta elə müəllimlər var ki, onların özlərinin belə, yazıları çap olunmur. Heç kitabları çap olunmayan müəllimlər də var və bunlar auditoriyaya mühazirə oxumağa daxil olurlar. Biz həmin müəllimlərdən tələbələrdə belə bir həvəs oyatmağı gözləyə bilmərik. Çünki özləri də yazmırlar. Amma bizim universitetdə və mərkəzimizdə belə şey yoxdur. Tələbələrdə həvəs yaradılır. Müəllimlər bizi konfranslara dəvət edirlər. Məqalə yazmaq üçün maarifləndirirlər. Buradan da göründüyü kimi, tələb olan yerdə fəaliyyət də olar.

           

- Bəs tələbələrin sosiallaşması necə gedir? Gənclər ölkədə yaradılan gənclər təşkilatları ilə əlaqə qururlarmı?

 

- Bilirsiniz, bu elə bir sahədir ki, insanları məcbur etmək olmaz. Tələbələrin maraq dairəsinə aid olan bir sahədir. Elə tələbə var ki, bəli, çox fəaldır və həmin təşkilatlarla əlaqə saxlayır, layihələr həyata keçirir və s. tədbirlər yerinə yetirir. Bəzi tələbələr də var ki, bunlara maraq göstərmirlər. Ancaq sizə deyə bilərəm ki, gələcək karyeranın qurulmasında aktivlik təhsillə paralel olan bir məqamdır. Biz görürük ki, bir çox aktiv tələbələr cəmiyyətdə daha tez mövqe tuturlar. Bunu cəmiyyətin özü tələb edir. Müasir dövr üçün belə tələbələrin sayı çoxluq təşkil edir. Hər bir universitetdə Tələbə Gənclər Təşkilatı və Tələbə Həmkarlar İttifaqı fəaliyyət göstərir ki, bunun da ətrafına xeyli tələbə toplaşır. Bu, çox yaxşı haldır. Dövlət isə gənclərə kifayət qədər dəstək olur. Onların layihələrinə dəstək verir. Sadəcə, savadlı və bacarıqlı tələbələr lazımdır ki, yaradılmış şəraitdən düzgün istifadə etsinlər.

           
- Tələbələrin kitabla təminatı hansı səviyyədədir?

           

- Bu baxımdan ürəkaçan sözlər demək olmur. Xüsusilə də bu, İqtisadiyyat fakültəsində oxuyan tələbələrə aiddir. Çünki bizim öyrəndiyimiz fənlər ölkəmiz üçün tam yenidir. Yeni olduğu üçün kitab dükanlarında belə kitablar satışda olmur. Satışda olan kitabların qiyməti bir çox zaman bahalı olur. Düzdür, universitet kitabxanalarında kitablar var. Düşünürəm ki, özümüzün stolüstü iqtisadi kitablarımız olmadan iqtisadiyyatı öyrənmək çətin olur. Xüsusilə də xarici dillərdə oxuyan tələbələr bu sahədə çox əziyyət çəkirlər. Biz türk dilində təhsil alırıq və bütün kitablarımız türkcədir. O kitablar bizim ölkədə yoxdur. Həmçinin bizim alimlərin o sahələr üzrə əsərləri çox azdır. Bəzən isə, demək olar ki, yoxdur. Bu isə tələbələrdə bir çox çətinliklər yaradır. Ümidvaram ki, bu cür problemlər yaxın vaxtlarda öz həllini tapacaq.

           

Nigar Abdullayeva

 

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü