Modern.az

Sumqayıtın İcra Hakimiyyətindən 6 nəfərin ölümü ilə bağlı AÇIQLAMA: “Məcburi köçkün deyillər”

Sumqayıtın İcra Hakimiyyətindən 6 nəfərin ölümü ilə bağlı AÇIQLAMA: “Məcburi köçkün deyillər”

5 Mart 2018, 13:24

Xəbər verdiyimiz kimi, Sumqayıtda bir mənzildən 6 nəfərin meyiti tapılıb. Bir ailədən olanların hamısı dəm qazından boğulub.

Sumqayıt Şəhər Prokurorluğunun məlumatına görə, Sumqayıt şəhərində yaşayanlar - 1961-ci il təvəllüdlü Rafiq Hüseynov, 1965-ci il təvəllüdlü Yeganə Hüseynova, 1987-ci il təvəllüdlü Sara Rafiq qızı Hüseynova, 2009-cu il təvəllüdlü Fərid Qüdrət oğlu Abbasov, 2010-cu il təvəllüdlü Zenfira Qüdrət qızı Abbasova və 2012-ci il təvəllüdlü Yeganə Qüdrət qızı Abbasova dəm qazından boğularaq ölüblər.


Hadisə ilə əlaqəli Sumqayıt şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Eyvaz Qocayev Modern.az-a bunları deyib:

“Hadisə ilə bağlı artıq prokurorluq açıqlama verib. Gün ərzində Sumqayıt Şəhər İcra Hakimiyyətinin  nümayəndələri, rəsmi şəxslər hadisə yerində olublar. Hazırda araşdırma aparılır”.


E.Qocayev qeyd edib ki, ölənlərdən heç biri məcburi köçkün deyil:

“1987-ci il təvəllüdlü Sara Hüseynova Bakı qeydiyyatındadır. Digər şəxslər isə Sumqayıt qeydiyyatındadırlar”.

İcra Hakimiyyətinin rəsmisi onu da əlavə edib ki, ölənlər ata, ana, onların qızları və 3 nəvədir (Sara Hüseynovanın uşaqları).

Qeyd edək ki, faktla bağlı Cinayət Məcəlləsinin 314.3-cü (səhlənkarlıq - ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü