Modern.az

“Komsomolskaya Pravda”nın redaktorundan azərbaycanlı jurnalistlərə: “Yaxşı jurnalist dərhal başlıq barədə düşünməlidir” - MÜSAHİBƏ  

“Komsomolskaya Pravda”nın redaktorundan azərbaycanlı jurnalistlərə: “Yaxşı jurnalist dərhal başlıq barədə düşünməlidir” - MÜSAHİBƏ   

Media

19 Mart 2018, 11:40

Bakı Dövlət Universitetinin Rus Mərkəzində “Real jurnalistika məktəbi” adlı beynəlxalq layihə həyata keçirilib. İki gün davam edən təlim-seminarlar rusiyalı məşhur jurnalistlər tərəfindən aparılıb. Təlimçilərdən biri, “Komsomolskaya Pravda” qəzetinin redaktor müavini, kp.ru portalının baş redaktoru Olesya Nosova Modern.az-a verdiyi müsahibəsində Bakı şəhəri, Bakı Dövlət Universiteti barədə təəssüratlarını paylaşmaqla yanaşı, gənc jurnalistlərə tövsiyələrini verib, rəhbərlik etdiyi portalın liderliyinin sirlərini açıqlayıb:
 

- İki gündür ki, Bakıdasınız, hansı yerlərə baş çəkmək imkanınız olub?

 

-Bakı çox gözəl şəhərdir. Biz İçərişəhərdə olduq. Burada qədimliklə müasirliyin vəhdəti məftunedicidir. Mən bir çox ölkələrə səyahət etmişəm, dünyanın heç bir yerində belə gözəllik görməmişəm. Təəssüf ki, hələ çox az yerlərdə olmuşuq. İçərişəhərdə xeyli şəkillər çəkdik. 

 

- Bakı Dövlət Universitetində təlimlər apardınız. Universitet barədə təəssüratlarınız maraqlıdır...

 

-Universitet çox xoşumuza gəldi. Buradakı yaradıcı mühit məni heyrətləndirdi. Кorpusların hər biri gözəldir, təhsil alan tələbələrin də çox ağıllı simaları var. Onu da deyim ki, universitetin yeməkxanalarında da olduq, yeməkləri də çox dadlıdır. Ümumiyyətlə, təəssüratlar çox yüksəkdir. Xüsusilə təlimdə iştirak edən tələbələr barədə fikirlərimi bölüşmək istərdim. Оnlar çox ağıllıdırlar, doğru sual vеrməyi bacarırlar. Hamı təlimlərdə fəal iştirak etdi, verdiyimiz tapşırıqları mükəmməl şəkildə tamamladılar. Jurnalistikaya hədsiz həvəslidirlər, biz çox şadıq ki, burada hədər yerə təlimlər aparmadıq. Təlimdə yalnız jurnalistika fakültəsinin yox, digər fakültələrin tələbələrinin iştirak etməsi də ürəkaçandır.
 


- 25 ildən artıqdır ki, jurnalistika ilə məşğul olursunuz. Jurnalistikaya yeni başlayanlara tövsiyələriniz nədir?
 

-Jurnalistika ilə məşğul olmaq istəyənlərə, ilk növbədə, hər hansı bir sahədə mükəmməl biliklərə yiyələnərək ekspert olmaqlarını tövsiyə edərdim. Bəziləri fikirləşir ki, jurnalistika həvəskar insanların peşəsidir. Mən isə deyərdim bu sahədə həvəskar olmaq başlanğıcda faydalı ola bilər, sonra isə jurnalistika ilə dərindən məşğul olmaq lazımdır. Bilirsiniz, həyatımız elə rəngarəngdir ki, yalnız siyasət və ya iqtisadiyyat sahəsində ekspert olmağa çalışmaq vacib deyil. Siz də qəbul edərsiniz ki, bu sahələrdə hər zaman ekspertlər tapmaq mümkündür. Ancaq yaxşı olar ki, insan hobbisi, yəni maraq dairəsi üzrə ekspert olsun. Мəsələn, filmlərə, seriallara indi hamı baxır. Bu sahə üzrə müəxəssis kimi yetişmək olar. Və ya musiqi sahəsində ekspert ola bilərlər. Demək istəyirəm ki, junralistin hansısa mövzuda dərin biliklərə malik olması, ixtisaslaşması olduqca mühümdür. Təbii ki, ətrafda baş verən hər bir şeylə maraqlanmaq lazımdır. Həm də peşəkar jurnalist ətrafda cərəyan edənlərdən xəbərdar olmaq üçün gözlərini və qulaqlarını hər zaman açıq saxlamalıdır. Bəlkə də, növbəti tövsiyəm bir qədər gülməli səslənə bilər. Amma təcrübə göstərir ki, jurnalist mütləq idmanla məşğul olmalıdır. Çünki idman iş qabiliyyətinə, beynin oksigenlə təmin olunmasına güclü təsir edir. Həm də ki, jurnalistikada “yüyrək ayaqlara” hər zaman ehtiyac var. Bütün bunlarla yanaşı, jurnalist həmişə yazmalıdır. Bəziləri yazmaq üçün yaradacı rejim və ya ilhamlanacaqları vaxtı gözləyirlər. Bu professional yanaşma deyil. Xüsusi “yaradıcı rejim” yaratmaq düzgün deyil, həmişə yazmaq lazımdır.

 

- Çoxillik təcrübələrinizə əsasən jurnalistika sahəsinə yeni başlayanlar daha çox hansı səhvlərə yol veririlər?

 

- Başlanğıcda hamı eyni səhvi edir: Qlobal əhəmiyyətli yazmağa çalışmaq. Onlar nə isə qlobal bir yazı hazırlamaq arzusunda olurlar. Düşünürlər ki, yaza bilmirəm, çünki qlobal əhəmiyyətli material təqdim etmək istəyirəm. Buna isə çox vaxt lazımdır. Məsləhət görərdim ki, ən kiçikdən başlasınlar. Məsələn, sizi və dostlarınızı narahat edən məsələləri təsvir etməyə çalışmaqla ilk yazılarınızı hazırlaya bilərsiniz. İkinci ən böyük səhv yaxşı şəkillər çəkmək üçün yeni, bahalı fotoaparata sahib olacaqları günü gözləməkdir. Bu isə cəfəngiyyatdır, düzgün yanaşma deyil. Təcrübələrimiz göstərir ki, əksər yaxşı şəkillər təsadüfən, mobil telefonlar vasitəsilə çəkilib. “Komsomolskaya pravda”nın ön səhifəsinin əksər şəkilləri mobil telefonlar vasitəsilə çəkilib. Unutmayın ki, telefon həmişə sizinlədir və siz istənilən vaxt rahat şəkildə ondan istifadə edərək uğurlu şəkillər çəkə bilərsiniz. Оdur ki, heç nəyi gözləmək lazım deyil, həvəs, ilham gəlməsini gözləməyə, ümumiyyətlə, lüzum yoxdur. Böyük mövzular barədə yazacağınız günü gözləməkdənsə, kiçik gedişlər etməyə başlasanız, mövzular özü sizi tapacaq. Nəzərlərinizi özünüzə və ətrafınıza cəmləyin. Dostlarınızı, yaxınlarınızı nə maraqlаndırırsa, öncə onlardan yazmağa başlayın. Əvvəlcə dostlarınız üçün yazmağa cəhd edin. Qəliz dildə yazmağa çalışmaq lazım deyil, əksinə maksimum asan dildə, anlaşılan tərzdə yazmağa çalışmalısınız. «Komsomolskaya pravda»da işləyən, görkəmli jurnalist Vasili Mixayloviç Peskovun çox gözəl bir devizi var idi: Primitiv yox, sadə yazmaq lazımdır.

 

- Jurnalistikada təcrübənin mühüm olduğunu, nəzəriyyəyə isə zaman ayırmağa ehtiyac olmadığını düşünənlər də var. Siz necə düşünürsünüz, yalnız təcrübə ilə kifayətlənmək nə dərcədə düzgündür?

 

- Sözsüz ki, təcrübə hər şey deməkdir. Amma mən hesab edirəm ki, nəzəriyyəni də dərindən öyrənmək lazımdır. Yeniliklərlə ayaqlaşmaq üçün nəzəriyyəni bilmək önəmlidir. Nə üçün? Çünki dünyadaki yenilikləri idarə etməkdən ötrü müəyyən vərdişlərə yiyələnmək lazımdır. Bizim peşədə bir çox şablonlar, eyni metodlar var. Bunların hamısını istifadə etməyi bacarmaqla istənilən stresli vəziyyətdən çıxış yolu tapmaq mümkündür. Axı, jurnalist hər zaman stressli vəziyyətdə olur. O, hər bir vəziyyətdə çıxış yolu tapmalıdır. Odur ki, peşəkər məhsul təqdim etmək üçün nəzəriyyəni bilmək vacibdir. Hər gün çalışmaq, öyrəndiklərini tətbiq etmək lazımdır.

 

- Bəzi jurnalistlər fikirləşirlər ki, təqdim etdikləri materiala başlıq yazmaq onların işi deyil. Bunu baş redaktor və ya redaktor yazmalıdır...

 

- Bəli, təəssüf ki, hələ də yazılarına başlıq və ya alt başlıq yazmamalı olduqlarını düşünənlər var. Bu tamamilə yanlış yanaşmadır. Bilirsiniz ki, başlıq cəlbedici, oxucuların diqqətini çəkən, ən önəmli elementdir. Yalnız yaxşı yazılmış başlıq oxucunu oxumağa vadar edə bilər. Ona görə də, yaxşı jurnalist dərhal başlıq barədə düşünməlidir. Başlığı müəyyən etdikdən sonra mətn yazılmağa başlayır.

 

- Jurnalistkanın ən önəmli janrlarından biri də müsahibədir. Gənc jurnalistlər suallar hazırlayarkən çox ciddi suallara meyl göstərir, hər hansı bir sadə sualı soruşmaqdan çəkinir, qarşısındakının həmin sualı mənasız hesab edəcəyindən ehtiyat edirlər...

 

- Əslində, jurnalistikada mənasız sual, ümumiyyətlə, mövcud deyil. Hətta müsahib ona mənasız sual verildiyini düşünürsə, bu onun düşüncəsinin yanlış olduğunu göstərir. Sizi narahat edən sualı dərhal verməlisiniz. Çox güman ki, bu sual növbəti dəfə sizi narahat etməyə bilər. Odur ki, o cür sualları mənasız yox, sadə adlandırmaq olar.

 

- Hər bir ölkənin insanlarının xarakterləri fərqli olduğu kimi, jurnalistləri də özlərinəxas cəhətləri ilə seçilirlər. Maraqlıdır, sizcə, rusiyalı jurnalistləri digərlərindən nə fərqləndirir?

 

- Məncə, rusiyalı jurnalistlərdə yüksək emosianallıq var. Ümumiyyətlə, emosianallıq çox mühüm məsələdir. Bəziləri söyləyirlər  ki, jurnalist neytral mövqedən çıxış etməlidir. Mənsə düşünürəm ki, jurnalistikanın bütün janrlarında neytral olmaq qeyri-mümkündür. Məsələn, köşə yazılarında müəllifin hansı mövqedə olduğunu bilmək olur. Rusiyalı jurnalistlərdə isə bu emosionallıq daha qabarıq nəzərə çarpır.

 

- Dünyada çap mediayaya marağın azaldığı bir dövrdəyik. Bəs, Rusiyada kağız qəzetlərin vəziyyəti necədir? Bunun qarşısını almaq üçün nə kimi tədbirlər həyata keçirilir?

 

- Bu suala cavab vermək, həqiqətən, çətindir. Dünyada, doğrudan da, çap mediaya olan tələbat azalmağa başlayır. Tirajlar aşağı düşür və düşəcək, bundan xilas olmaq mümkün deyil. Bu azalma hansısa bir səviyyə çatacaq. Amma qəzet oxumağa vərdiş edənlər, çox güman ki, bundan əl çəkməyəcəklər. Ümumilikdə qəzet oxucularının sayının azalmasını dayandırmaq mümükün deyil, bir qədər qarşısını almaq olar.Məsələn, bizim qəzetimiz 50 faiz federal, 50 faiz regionaldır. Biz nə qəzetlərin işçilərini çıxarırıq, nə də maaşlarını azaldırıq. Sadəcə çap medianı qorumaq istiqamətində çox səy göstəririk. Biz qəzetin yayım məntəqələrini artırırıq, Bir sıra yeni regionlarda, o cümlədən bu yaxınlarda Dağıstanda da qəzetimizi çıxarmağa başlamışıq. Bu isə, təbii ki, tiraja yaxşı təsir edir. 


- Qəzetinizin portalı 20 ildən, radiosu isə 9 ildən artıqdır ki, fəaliyyət göstərir və siz birincisiniz. Bu birinciliyi qorumaq üçün xüsusi olaraq nələr edirsiniz? 


- Qeyd edim ki, gündəlik olaraq 1200 material portalda, 60 material isə qəzetdə yayımlanır. Qəzetdəki materialların kəmiyyəti regionlar üzrə dəyişir. Elə şəhərlər var ki, orada, ümumiyyətlə, qəzetimiz yayımlanmır, sadəcə portalla kifayələnirlər. Doğrudur, biz liderik, daha çox izlənirik. Bunun isə yeganə səbəbi çox çalışmağımızdır. Yaxşı mütəxəssislərimiz, radiomuzda yayımlananları portal üçün hazırlayan peşəkar stenoqraflarımız var. Hazırladığımız materialların yayımına xüsusi diqqət göstəririk. Bunlar çox vacib məsələlərdir. Jurnalist yalnız materialı redaksiyaya təqdim etməklə kifayətlənməməlidir. Onu oxutmaq lazımdır. Sosial şəbəkələrdə, jurnalistlərin şəxsi səhiflərində paylaşımlar mühümdür, internet axtarışlarında hansı ifadələrin daha yaxşı göründüyü nəzərə alınmalıdır. Bilirsiniz, hər şeyə çox çalışmaqla nail olmaq mümkündür. Bir sözlə, “yaxşı elə, yaxşı olacaq”.

 


Anzulə Əmirova 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü